01.08.2011

Taleyin sürprizləri

Zaur Bayramlı                      http://milletim-az.com/


Bu da belə bir ömürdü yaşadıq! Ömrün son nöqtəsi hələ öz yerini gözləsə də mən "artıq yaşadıq!" demək istəyirəm. Ona görə ki, ən güclü vaxtımızda nəyəsə qadir olmaq istəklərimiz taleyin dolanbac sürprizləri ilə baş-ayaq düşəndə, daha nələrəsə nail olmaq üçün yenidən ayaqda duracağıma həm inamım, həm də gümanım itib.
Tale acılı-şirinli sürprizləri ilə qatıb qabağına dolanbac labirintlərə salanda belə pessimizmə qapılmadan sabaha bir ümid çırağı yandıra bilirdim içimdə. Hətta bütün acıları rahat həzm etmək üçün bunu bir alın yazısı kimi qəbul edərək, hələ güclü olan enerjimin sayəsində bu dolanbaclardan çıxa biləcəyimə ümid edirdim.
Ancaq deyəsən həyatın gerçəkliyi öz işini daha təsirli görürdü. Həyat özü ən böyük yönəltmək kimi coşan enerjinin təsirini, arzulanan istəyin arxasınca yürütmək hissini amansızcasına çığnamaqla mənə öz həddimi göstərdi. Ömür yolunda acılarla dolu tale sürprizləri məni qabağına qatıb öz istədiyi kimi sağa-sola çırpdıqda anlamağa başladım ki, istəklərim üçün tükənməz saydığım enerji heç də kifayət deyil. Axı kimsənin nə iş görməsi yox, gördüyü işinin necə təqdim olunması onun haqqında daha dolğun təsəvvür yaradır.
Artıq taleyimlə barışmışam, daha doğrusu həyatın diktəsini qəbul etməyə məhkum olmuşam. Çünki bu həqiqəti qəbul etməyə başladım ki, deyəsən haqq ədalətin ucuz tutulduğu, dəyər verildiyi zamanda onun arxasınca düşənlər yaxşı halda Don-Kixot, pis halda isə isə hər yerdə artıq hesab olunan avara kimi qarşılanır.
Bəlkə də gənclik enerjisinin ruhu və çılğınlığı idi ki, tarixdə yaşanan məlum həqiqətlərdən dərs çıxara bilməmişdir. Dövrünün böyük zəka sahibi olan, əvəzində zəmanənin dəyər verməməsi ucbatından cəmiyyətdə dəli kimi tanınan Bəhlul Danəndə əslində dünyanın gərdişinə etiraz edən həqiqət carçılarının tale yolları üstündə bir görk olmalı idi. Ancaq belə olmadığına görə, yəni dünyada ədalət axrtarışını hər şeydən inadla üstün tutmağa meyilli olanlar da bu səbəbdən taleyin acı sürprizlərindən yan keçə bilmədi. Yalanın həqiqətlərdən,şərin gerçəklikdən qat-qat güclü olduğu bütün zamanlarda insanlar ədalətin tərəfinə keçərkən ən azı öz acı sonluqlarını görməyi bacarmalıdır.
Təkcə son yüz ildə elə yüzlərlə haqq ədalət carçılarının taleyin hansı acılarını yaşadığınıanlamaq üçün böyük elm və dərrakə sahibi olmağa gərək yoxdur. İctimai haqsızlıqla qarşıanmaları bir yana, şəxsi həyatlarında məruz qaldıqları faciə və kasıblıq ömürlərinin sonunu həyatın dibində çabalamaqla məcbur edib.
Əğstəfürullah, mən heç də özümü böyük simalarla bir sırada təqdim etmək istəməzdim. Əvəzində milətimin uğurlu sabahı, müstəqilliyi və bütövlüyü naminə hər şeyi qurban verməyə hazır bir vəziyyətdə ayağa qalxmışam. Əvəzində qazanmaq arzusunda olduğum missiya uğurlu sonluqla nəticələnsə də, (hər halda bunu belə qəbul eləmək olar) sanki taleyin acısürprizləri məndən qisasını aldı. Şəxsi həyatımda yaşanan faciələr, taleyin sürprizlərdən çox, sığmaq istəmiyərək dəyişməyə çalışdığım zamənənin intiqamı kimi göründü. Çünki mühitə boyun əyməyənlərin boynunun qırılmağa məhkumluğu həyatın acı gerçəkliyidir.
İndi artıq yoluma çıxası heç nə mənə sürpriz kimi görünə bilməz. Zaman-zaman bu sürprizlər mənə heyrətamiz təsir bağışlasa da, indi nəyinsə məni heyrətə salacağı və yaxud sarsıda biləcəyi mümkün deyil. Həyata bu baxışı məndə formalaşdıran acılarla dolu bir həyat təcrübəsidir. Həm də itirəcəyim bir şey qalmadığı üçün heç nə məni heyrətləndirə də bilməz. Heyrət doğurmayan bir şey isə sürpriz hesab olunmaz. Ən heyrətamiz şeyi adi hadisə kimi görə bilməməyimiz bir dəstəyi də pərəstişkarı olduğum ölməz şairimiz M.Arazdan gəlir: "İti bazarında atından baha olan dünyada, nədən və niyə inciməyə haqqımız var?!"

Комментариев нет:

Отправить комментарий