13.09.2011

Aqşin Yenisey: “AYB üzvlərinin əksəriyyəti toylarda, el şənliklərində tamadalıqla məşğuldur”


“Əgər AYO-nun növbəti sədri şairələrimizdən biri olsa, bu təşkilat “Aşıq Pəri” məclisi olacaq, hərə qoltuğuna zırıldayan bir uşaq vurub şeir oxuyacaq”
Müsahibim AYO-nun sədri Aqşin Yeniseydir.
- Siz AYO-na sədri seçiləndən sonra Kamal Abdulla ilə ocaq üzvlərinin görüşünü təşkil etdiniz və buna cavab olaraq, dərhal Nərmin Kamal qurumdan istefa verdi. Sevinc Pərvanə isə bəyan etdi ki, Aqşin Yenisey AYO-nu idarə edə bilmir…
- Bu məsələ artıq mənim üçün çeynəlmiş mövzudur. Kamal Abdullanın AYO üzvləri arasında imzasına, istedadına hörmət bəslədiyi yazarlar var. Sonuncu romanı çap olunanda bu yazarlarla görüşüb söhbət etmək istədi və biz də bu görüşü keçirdik. Mən heç bir AYO üzvünü rektor Kamal Abdullanın iş yerinə dəvət etməmişəm, əksinə yazıçı Kamal Abdulla özü AYO üzvləri ilə görüşə getmək istədiyini bildirib və biz bu görüşü həmişə yığışdığımız Kitab Klubunda keçirmişik. Könüllülük prinsipi əsasında gələn gəlib, gəlməyənlər də oturub evdə. Bu görüşün təşkili zamanı məndə belə bir fikir var idi ki, belə görüşləri, xüsusilə AYO üzvlərinə öz səmimi münasibətini gizləməyən yaşlı yazarlarla mütəmadi təşkil edim. Ancaq AYO-nun xanım üzvlərinin deyingənliyini görüb fikrimdən daşındım. Mənim kiminləsə boş yerə çənə-boğaz olmağa nə həvəsim, nə də vaxtım var. Qaldı ki, idarəçilik məsələsinə, AYO nə dövlət idarəsidir, nə də hər hansı inzibati bir struktur. Burada sədr simvolik məzmunludur, indiki İngiltərə kral ailəsi kimi bir şeydir. Sadəcə, AYO-da baş verənləri cəmiyyətə çatdırmağa borclu odur üzvlər arasında. Mən də ki, maşallah, həftə səkkiz, mən doqquz mətbuatda üyüdüb tökürəm. Kim idarə olunmaq istəyirsə, yerini dəyişsin. Bu xanımlardan olsa, mən gərək hələ həftədə bir dəfə fərman da imzalayam ki, filan şairin istedadının artırılması haqqında AYO sədrinin fərmanı al gəldi.
- Bu yaxınlarda AYO-ya yeni sədr seçiləcək?
- Mən hələ istefa vermək fikrində deyiləm, vəzifədən doymamışam. Qəddafi kimi axıracan vuruşacağam, hətta artıq evdə onun çiynində gəzdirdiyi palaza oxşar bir palaz da hazırlamışam. Xanım üzvlərimizin mənə qarşı hədə dolu bəyanatları onu göstərir ki, AYO-nun növbəti sədrinin onlardan birinin olması üçün gizli planlar qurulur. Guya genderdir-menderdir nədir, onu AYO-ya da tətbiq etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Əgər AYO-nun növbəti sədri şairələrimizdən biri olsa, bu təşkilat “Aşıq Pəri” məclisi olacaq, hərə qoltuğuna zırıldayan bir uşaq vurub şeir oxuyacaq. Qəti olmaz. Sözsüz ki, bunlar zarafatdır. AYO-ya kimin sədrlik etməyinin heç bir ziyanı yoxdur. Kim olursa olsun, ayda bizi, heç olmasa, bir dəfə yığıb almansayağı olmaqla yeyib-içmək üçün fürsət yaratsın. Qalan işləri, onsuz da, AYO üzvləri sədr oldu-olmadı qaydasınca görürlər.
- Yaxşı, bu 1 il ərzində AYO üzvlərindən kimlərin uğurları oldu?
- Reytinq cədvəli tərtib eləsək, mənə görə, bu 1 ildə yaradıcı aktivliyinə görə Rafiq Tağı birinci yeri tutacaq. Yaşının 60-ı haqlamasına baxmayaraq, o, gənc üzvlərimizi xeyli geridə qoydu, Rasim Qaracanın yeni tərcümə kitabları, Seymur Baycanın “Quqark”ı yaddaqalan oldu. Səhv etmirəmsə, Həmid Herisçinin də “Konspiroloq”u da bu 1 il ərzində çap olundu. Üstəgəl, “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablar. Bərəkətli il hesab etmək olar.

- AYO üzvləri haqqında cəmiyyətdə belə bir fikir yayılıb ki, çox açıq-saçıq yazırlar, sizi belə yazmağa nə vadar edir?
- Bu yaxınlarda İranın rəsmi məmurları elan etdilər ki, Tehran əhalisi dünyada ən çox porno-saytlara baxanlar arasında öndədirlər. Seymur Baycan da bir yazısında buna yönəlik yazmışdı ki, qadağan olunan meyvə ağız sulandırır. Nə insanın, nə də yazının başına çadra bağlamaq olmaz, qapadınsa, mütləq bir fəsadı çıxacaq. Bizi açıq-saçıq yazmaqda ittiham edənlər təsadüfi oxuculardır. Yəni onlar kitab əhli deyillər və belə adamların arşınları ilə ədəbiyyat yaratmaq günahdır. Ömründə bir kitab oxuyub və bu kitabda hansısa vulqar bir ifadəyə rast gələn kimi “mənəviyyatımız əldən getdi” deyərək çığır-bağır salmaq gülüncdür.
- AYB ilə münasibətlər nə yerdədir, bir dəyişiklik varmı?
- AYB ilə küsülüyük, barışmaq fikrimiz də yoxdur. Artıq bu təşkilat gənc yazar üçün Ölü dəniz kimi bir şeydir. Orada nə baş verdiyi heç kimi maraqlandırmır. Məsələn, bu yaxınlarda bəyanat verdilər ki, üzvlüyə qəbulu dayandırırıq. Bir kimsənin tükü də tərpənmədi. Guya bu gün əyalətdə yaşayan, şora-pendirə poema həsr eləyən sinədəftərlərdən başqa, bu təşkilata üzv olmaq istəyən bir kimsə varmı? Hə, paytaxtda yaşayan 20-25 yaşlı qocafəndi gənclər istisnadır. Bu gün AYB üzvlərinin əksəriyyəti toylarda, el şənliklərində tamadalıqla məşğuldurlar. Allah haqqı, o gün şairlərlə bir toya getmişdik, bizi tamadanın qulağına şair qonaqlar kimi təqdim etmişdilər. Xanəndə zəngulə vuranda tamada bekarçılıqdan istifadə edib bizə yaxınlaşdı. Özünün də şair olduğunu bildirdi və əl atıb ürəyinin üstündəki cibindən AYB-nin biletini çıxardı, adama da bir dənə öz kitabından verib, növbəti sağlığı söz xəzinəsinin inciləri ilə bəzəməyə yollandı. Bu da səs AYB.
- Səncə, bu parçalanma ədəbiyyatımıza nə xeyir verəcək?
- Xeyri o olacaq ki, nəhayət ki, yaxşıyla pisin sərhədi bilinəcək, ədəbi mühitiin ayran aşı kimi qarışıqlığı aradan qalxacaq. Belə parçalanma təkcə bizim ölkədə deyil, bütün dünyada normal ədəbi münasibətlərin yaranmasına xidmət edir. Hətta mən razıyam ki, ədəbi estetika, yaradıcılıq fərqliliyi baxımından AYO-da da qütbləşmələr yaransın. Bunun bəlkə də dostluğa, nə bilim, yoldaşlığa ziyanı dəyə bilər, amma ədəbiyyata mütləq xeyiri olacaq. O pisdir ki, biz ədəbi ayrılığımızı dərhal şəxsiləşdiririk. Yəni mən kimin şeirini tərifləmirəmsə, demək, onun özü ilə problemim var. Bu doğru deyil. Yazıçı ilə yazıçının deyil, əsərlə əsərin rəqabəti olmalıdır. Biz isə əsərləri bir tərəfə tolazlayıb imzaları şallaqlayırıq.
Tural Türk                      merkez.az

Комментариев нет:

Отправить комментарий