03.09.2011

Cənubi Qafqazda Təhlükəsizlik məsələləri


Mayis Güləliyev

Son günlər Azərbaycanın ictimai-siyasi həyatında Türkiyə ilə  Ermənistan arasındakı sərhədlərin açılması ilə bağlı geniş müzakirələr aparıldı. Təəssüf ki, digər məsələlərin müzakirəsində olduğu kimi bu məsələdə də fərqli düşüncələrə yer verilmədi. İki qonşu ölkə arasında sərhədlərin açılması regional təhlükəsizlik baxımından mühüm hadisə olduğundan fərqli nöqteyi-nəzərlərin müzakirəsi mühüm əhəmiyyət kəsb edə bilərdi. Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin eyni platformaya malik olan bir qrup siyasilərlə və ya yanaşma tərzləri eyni olan politoloqlarla müzakirəsi ictimai şüuru  ideoloji seçim imkanından məhrum edir.  Ciddi ictimai-siyasi əhəmiyyəti olan məsələlərin, o cümlədən regional təhlükəsizliklə bağlı olan məsələlərin müzakirəsi də bir qrup “ulduz politoloqların” müzakirəsindən çıxmalı və daha geniş ictimai müzakirəyə verilməlidir.

Son 15 ildə regional təhlükəsizliklə bağlı olan bütün tədqiqatlar Azərbaycanın region ölkələri ilə münasibətləri kontekstində aparılmışdır. Belə tədqiqat metodu qlobal miqyasda baş verən hadisələrin təsirini nəzərə almadığı üçün metodoloji cəhətdən xeyli qüsurlu, siyasi cəhətdən ziyanlıdır. Belə ki, regionda mövcud olan problemlərin əsas mahiyyətini açmadığı üçün  belə tədqiqatlar ictimai şüuru çaşdırır və siyasi mübarizə obyektini dəyişir. Odur ki, son 15 ildə ənənəvi  Azərbaycan müxalifəti siyasi motivasiya qıtlığı hiss edir.  Bu gün Gürcüstan müxalifəti də eyni problemlərlə üz-üzədir. 
         Regionda və ya hər hansı ayrıca götürülmüş ölkədə təhlükəsizlik deyəndə hər şeydən əvvəl real təhlükələr identifikasiya olunmalıdır. Başqa sözlə desək, “təhlükəsizlik” və “təhlükə” hadisələri qoşa tədqiq edilməlidir. Təhlükələr mövcud və ya gözlənilən problemlərlə bağlı ola bilər. Ayrıca götürülmüş ölkə üçün təhlükələr isə yerli, regional və qlobal kimi üç qrupa bölünə bilər. Adətən bir çox yerli problemlər  regional və qlobal problemlərin  yerlərdə və ya regionda inikasıdır. Lakin ictimaiyyətin geniş təbəqəsi qlobal problemləri yox, yerli və regional problemləri daha tez və asan hiss edir.
         Nəzərə almaq lazımdır ki, son yüzilliklərdə dünya ölkələrinin qlobal səviyyədə əlaqələrinin genişlənməsi və siyasi mənada Yer Kürəsinin “kiçilməsi”  həm qlobal problemləri doğurmuş, həm də yerli və regional problemləri ondan asılı etmişdir. XXI əsrdə 1)enerji çatışmazlığı, 2) ərzaq qıtlığı, 3)ekoloji balansın pozulması və 3)əhali artımı ilə bağlı problemləri qlobal səviyyədə ciddi təhlükələrin yaranmasına səbəb ola bilər. Bu təhlükələr istisnasız olaraq bütün ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə  ciddi təhlükələr vəd edir. Deməli, Azərbaycan cəmiyyəti üçün də eyni təhlükələr gözlənilir. Başqa sözlə desək, Cənubi Qafqazda təhlükəsizlik məsələləri qlobal miqyasda mövcud olan bu problemlərlə birbaşa bağlıdır. Odur ki, Azərbaycanın geniş mənada təhlükəsizliyi bu problemlərin həllindən və qlobal təhlükələrin qarşısının alınmasından keçir.
         Bəs qlobal təhlükələrin qarşısının alınması üçün hansı yolları seçmək olar? Son 150 ildə dünyada baş verən hadisələrin təhlili bunu deməyə əsas verir ki, qlobal təhlükələrin qarşısının alınması üçün beynəlxalq həmrəylikdən başqa alternativ yoxdur. Son 150 ildə Yeni Dünya Düzəni siyasətini həyata keçirmək ümidində olan böyük dövlətlər  bu iddiadan nə qədər tez əl çəksələr həm özləri üçün, həm də “qalan dünya” üçün yaxşıdır. Əməkdaşlıq, yoxsa Yeni Dünya Düzəni adı altında konfrontasiya?  Bu yollar bir-birini təkzib edən yollardır. Odur ki, dünya iki mümkün variantdan birini seçmək məcburiyyətindədir. Beynəlxalq həmrəylik beynəlxalq səviyyədə əməkdaşlığı tələb edir. Bu isə regional əməkdaşlığın möhkəmlənməsi və lokal  özünəməxsusluğun qorunması deməkdir. Adətən, Dünya Yaşılları beynəlxalq əməkdaşlığı təbliğ edərək, “qlobal düşün, lokal hərəkət et”  deyirlər. Regional və beynəlxalq səviyyədə əməkdaşlıq regional və beynəlxalq təhlükəsizlik üçün mühüm zəmin yaradır.
Son 20 ildə Azərbaycan ictimai-siyasi həyatında da “region ölkələri ilə əməkdaşlığa,  yoxsa  konfrontasiyaya üstünlük vermək” sualı mühüm yer tutur. Əlbəttə, bu sualı aydın tələffüz etməsələr də həm siyasilərin, həm də politoloqların əksəriyyəti bu sualın cavabı ətrafında mülahizə yeridirlər. Təəssüf ki, “əməkdaşlıq, yoxsa konfrontasiya” müzakirəsi   Azərbaycan mətbuatında, xüsusilə elektron KİV-lərdə, əksər hallarda, konfrontasiya meyllərinin ictimai şüura yeridilməsi ilə nəticələnir. Görəsən  Azərbaycan mediasında region ölkələri ilə konfrontasiya xarakterli proqramların geniş şəkildə nümayiş etdirilməsi və ictimai-siyasi həyatda konfrontasiya xarakterli fəaliyyətin daha geniş aparılması hansı səbəblərdən irəli gəlir? Axı Azərbaycan prezidenti region ölkələri ilə yaxşı münasibətlərin yaradılmasını dəfələrlə öz çıxışlarında bəyan edib. Azərbaycan prezidentinin rəsmi çıxışlarının heç birində heç bir ölkə haqqında, hətta Azərbaycan torpaqlarını  işğal altında saxlayan Ermənistan haqqında, qeyri-etik, qeyri-humanist bəyanatlar eşitmək mümkün deyil. Belə olan halda, nə üçün Azərbaycan mətbuatı, o cümlədən hakimiyyət yönlü   KİV-lər və teleproqramlar  region ölkələri ilə konfrontasiya təbliğ edirlər? Bu təsadüfdürmü?
 Bu əsasən üç səbəbdən ola bilər. Birinci, region ölkələri ilə konfrontasiya təbliğatı cəmiyyətin gərginlik altında saxlanmasına xidmət edir. Belə ictimai vəziyyət cəmiyyətin digər problemlərini prioritet kimi qabartmağa mane olur və hakimiyyətin “pis idarəçiliyi” ört-basdır edilir. İkincisi, region ölkələri ilə konfrontasiya regionda inteqrasiya imkanlarını kəskin azaldır. Bu isə ABŞ-ın “parçala hökm sür” siyasətinə xidmət edir. Üçüncüsü, cəmiyyətin konfrontasiyaya köklənməsi ölkə rəhbərliyinə beynəlxalq təşkilatlar qarşısında bəzi hallarda manevr etmək imkanı yaradır. Guya “Konfrontasiyaya meyllənən” cəmiyyət və “əməkdaşlığa köklənən”  prezident ölkədə siyasi balansın yaranmasını təmin edir. Lakin nəticədə nə real əməkdaşlıq həyata keçirilir,  nə də real konfrontasiya! Bu vəziyyət həm hökumətin, həm də Azərbaycanda iqtisadi marağı olan ABŞ-ın siyasətinə tam uyğundur və “Azərbaycan sayağı sabitlik” də adlandırıla bilər.
Bir qrup ölkə üçün qlobal təhlükələrin qarşısının alınmasına xidmət edən ikinci yolun, yəni Yeni Dünya Düzəninin mahiyyətində enerji resurslarının nəzarətə alınması, ekoloji problemləri üçüncü Dünya ölkələrinin üzərinə qoyulması və Dünyanın  bir mərkəzdən (daha doğrusu, ABŞ-dan) idarə edilməsinə durur. Bu yol qlobal təhlükələrin hər yerdə və hamı üçün, o cümlədən Azərbaycan üçün  qarşısının alınmasını  nəzərdə tutmur. Nəinki Yeni Dünya Düzəni, hətta onun reallaşması prosesi üçüncü dünya  ölkələr üçün, o cümlədən Azərbaycan üçün daha ciddi regional və lokal təhlükələri yaratmaqdadır. Belə ki, Yeni Dünya Düzəninin “reallaşdırılması” prosesi inkişaf etməkdə olan ölkələrin iqtisadi sahədə qloballaşmasını, o cümlədən maliyyə qloballaşmasını, region ölkələrin inteqrasiya imkanlarının zəiflədilməsini və  suveren dövlətlərin “müştəri ölkələrə” çevrilməsini nəzərdə tutur. Bu proses region ölkələrinin əməkdaşlığının məhdudlaşdırılmasını və regional konfrontasiyanın güclənməsini tələb edir. Başqa sözlə desək,  bu prosesi idarə edən “böyük güclər” regional əməkdaşlığa hər vəcdlə mane olmağa və yerli KİV-lərdə, xüsusilə elektron KİV-lərdə konfrontasiya meyllərinin təbliğinə mühüm əhəmiyyət verirlər. Əməkdaşlığı və regional inteqrasiyanı dəstəkləyən siyasi partiyalar və ictimai təşkilatlar ya ləğv edilir, ya da KİV-nə buraxılmır. Son 50 ildə dünyada baş verən hadisələr təqribən bu ssenari üzrə davam etmişdir. Bu proses hələ də davam edir. Təəssüf ki, Cənubi Qafqaz ölkələri də bu prosesdən kənarda qala bilmir. Çünki hər üç respublikanın cəmiyyəti lokal problemlərə daha həssasdır və daha asan idarə oluna bilirlər.
 Cənubi Qafqaz ölkələrində son 15 ildə aparılmış siyasi islahatlar idarə oluna bilən siyasi müxalifətin yaradılmasına, ölkə daxilində vətəndaş birliyinin zəifləməsinə,  müxtəlif tipli potensial etnik münaqişələr  təhlükəsinin  yaradılmasına hesablanmışdır. Hər üç ölkədə onların birgə sərhədi olan ölkələrlə  və ya tarixi əlaqəsi olan ölkələrlə  münasibətlərinin zəifləməsi istiqamətində ciddi işlər aparılır. Hər üç ölkədə “pis idarəçiliyin” qurulması və dəstəklənməsi baş vermişdir.
Deməli, qlobal problemlərin regionda, sonra isə lokal səviyyədə yaratdığı təhlükə sonda  “pis idarəçilikdə” öz təzahürünü tapır. Başqa sözlə desək,  insan hüquqlarına həm dövlət səviyyəsində , həm də ictimaiyyətdə etinasızlıq və insanların dövlət orqanlarının özbaşınalığından müdafiə imkanlarının olmaması, qanunların icrasının mümkünsüzlüyü və məhkəmə hakimiyyətinin müstəqil olmaması heç də ayrıca götürülmüş ölkələrin problemi deyil.  “Vətəndaş cəmiyyəti”, “demokratikləşmə”, “söz azadlığı”, “açıq cəmiyyət” və sair gəlişi gözəl ifadələrin üçüncü ölkələrdə  imitasiyasının yaradılması dolayısı ilə Yeni Dünya Düzəni siyasətinin tərkib hissəsidir. Dövlət idarəçiliyində, ictimai maliyyələrin idarə edilməsində və dövlət qulluğu sahələrində korrupsiya və özbaşınalıq da qlobal problemlərin yerli səviyyədə yaratdığı ciddi təhlükələrdir. Başqa sözlə desək, ictimaiyyətin gündəlik həyatına dəxili olan “pis idarəçilik” və region ölkələri ilə konfrontasiya təbliğatı qlobal təhlükələrin yerli səviyyədə təzahürüdür. Belə “pis idarəçilik” yerli səviyyədə təhlükələrin mənbəyinə çevrilir. Məsələn, iqtisadi və siyasi hakimiyyətin bir qrupun əlində cəmləşməsi, dövlət məmurlarının marağını müdafiə edən hakimiyyət piramidasının yaradılması, cəmiyyət üzərində ciddi dövlət nəzarətinin qurulması, kütləvi miqrasiya, yerli iqtisadiyyatın dağılması, sənayenin, təhsilin, elmin və mədəniyyətin, səhiyyə sisteminin zəifləməsi dövlətin varlığına ciddi təhlükələr yaradır.
         Bir qrup dövlətlərin, xüsusilə ABŞ-ın təhlükəsizliyi üçün düşünülmüş “Yeni Dünya Düzəni”  qlobal  təhlükələrin qarşısını hamı üçün və hər yerdə nəinki ala bilməz əksinə üçüncü dünya ölkələri üçün yeni regional və yerli təhlükələr yaradır. Belə təhlükələr siyahısında  kiçik dövlətlərin hərbi nəzarətə alınması, “yaxşı idarəçiliyin” qurulma imkanının itirilməsi, iqtisadi suverenliyin və müstəqilliyin təmin edilməsinin mümkünsüzlüyü və sair aid ola bilər.  Bu siyahıya regional münaqişələrin gizli dəstəklənməsini, daxili siyasi sabitliyə mane olan tədbirlərin görülməsini, milli özünəməxsusluğun itirilməsi üçün KİV-lərdən istifadəni, ekoloji tarazlığın pozulmasını, etnik və dini konfliktlərin qızışdırılmasını, separatçılıq meyllərinin gücləndirilməsini və mütəmadi terror aktlarının həyata keçirilməsini də daxil etmək olar. Odur ki, hər hansı ölkənin, o cümlədən Azərbaycanın təhlükəsizliyi dedikdə hər şeydən əvvəl qlobal təhlükələrin inikası olan yerli və regional təhlükələrin aradan qaldırılması nəzərdə tutulmalıdır. 
Bu gün  Cənubi Qafqaz ölkələrinin hər üçünün başı üzərində olan təhlükələr eynidir. Hər üç respublika getdikcə bu və ya digər ölkənin hərbi nəzarətinə keçir. Hər üç respublikada  “yaxşı idarəçiliyin” qurulma imkanı getdikcə itirilir. İqtisadi suverenliyin və müstəqilliyin təmin edilməsi isə getdikcə daha da çətinləşir. Region ölkələr ilə sülh şəraitində yaşamağın və inteqrasiya imkanlarının çətinləşdiyi artıq hiss edilir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına Azərbaycanda edilən etirazlar bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti regional təhlükələrin nədən ibarət olduğunu hələ tam dərk etmir. Belə vəziyyət Ermənistan və Gürcüstan cəmiyyətlərində də hökm sürür. Odur ki, yaxın gələcəkdə regional konfliktlərin həllini gözləmək ən azı sadəlövhlükdür.
Cənubi Qafqazın təhlükəsizliyinin prioritet siyasi məsuliyyət  olduğunu nəzər alaraq bütün siyasi partiyaların, ictimai təşkilatların bilik və bacarıqları səfərbər edilməlidir.  Cənubi Qafqaz bu ərazidə yaşayan,  dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq  hər bir kəsin ümumi EVİdir. Min illərdir bu EV  bütün Qafqazlılara  əmanətdir.


mayis_gulaliyev@yahoo.com

Комментариев нет:

Отправить комментарий