12.10.2011

Yaşılımtıl


Rövşən Yerfi. Hekayə

Otağında oturmaqdan bezib həyətdə o baş-bu başa addımlayan növbətçini nəzarətçinin səsi düşüncələrindən ayırdı:
- Cənab baş leytenant, Məmmədyarovun anası gəlib, Eldar müəllimi görmək istəyir.
- Burax, gəlsin, – növbətçi zabit müəssisənin girişindəki qapının açılmasına icazə verdi.
O, həyətə girən yaşlı qadını görəcək ötən dəfəki növbəsində baş verənləri xatırladı. Qadının oğlu bu müəssisədə cəza çəkən məhkumlardan biri idi. 

Neçə vaxtdı rəhbərliklə razılığa gəlib kənarda işləməklə ailəsinə kömək olmaq istədiyindən aylığa çıxmışdı. Amma, son iki ayı işsiz qaldığından vəd etdiyi məbləği ödəyə bilməmişdi. Belə olanda, bu məsələlərə baxan reyim üzrə rəis müavini Eldar müəllim rəisin göstərişi ilə ləngimədən məhkumu müəssisəyə çağırıb, sonra da qəfəsə – intizam təcridxanasına salmışdı. Təcridxana otağına salınmaması üçün Məmmədyarovun yeni vədlərinin, yalvarışlarının xeyri olmamışdı:
- Cəzanın sonuna iyirmi üç gün qalıb. Borcunu ödəməsən buraxdı yoxdu, – bildirmişdi rəis müavini. – Səni yenə buraxsam, bir də nə vaxt gələcəksən? Yoxundu, qoy zəhmət çəkib qohum-əqrəban arxanca gəlsin, borcunu ödəsin. Ödəməyəcəklər “vozvrat” edəcəyəm, qaytaracam zona, gəldiyin yerə…

Məhkuma “daxili rejim qaydalarını” pozduğuna görə beş sutka elan edilmişdi. Sınanmış metod özünü çox gözlətməmişdi. Məmmədyarovun anası, hamilə gəlinini də yanına götürüb müavinin qəbuluna gəlmişdi.
Müavin gələnlərlə bir qədər söhbət edib, məhkumu gətirməyi göstəriş verdi. Gözlə qaş arasında onu kənara çəkib məhkumun qollarına mütləq qandal vurulmasını tapşırdı:
- Kabinetə girəndə qollarını qandalla.
- Eldar müəllim, eyibdi, niyə anasının, hamilə yoldaşının qarşısına qandalla çıxaraq? Neyniyib axı bu bədbəxt oğlu?
- Yerli, sən mənə qulaq as. Belə etməsək, sıxışdırmasaq bunlardan heç nə ala bilməyəcəyik. Məgər bizi “yuxarıdan” azmı sıxışdırırlar?…
- Yox, qandal mənlik deyil, nəzarətçiyə deyin.
- Elə isə, sən narahat olma, nəzarətçi edər.
Məhkum qolları qandallı, nəzarətçinin müşayiəti ilə kabinetə gətirilib söhbətə qoşulsa da müavin nə onun, nə ananın, nə də hamilə gəlinin xahiş-minnətinə əhəmiyyət verməyib dediyindən dönməmişdi:-Nisyə girməz kisəyə…
O, gəzişməyini saxlayıb yaxınlaşan yaşlı qadına tərəf getdi. Hər dəfə ağ saçlı, ahıl yaşlı qadın görəndə ürəyinə səmimi hisslər dolur, yadına mərhum anası düşürdü. Ona elə gəlirdi ki, cavan ikən rəhmətə gedən anası yaşasaydı o da elə bu görkəmdə olardı:
- Salam, ay ana…
- Əleykümsalam, oğlum.
- Bu dəfə tək özün gəlmisən.
- Hə, hamilə gəlini istəmədim incidəm. Başqa da kimim var? Olanlar da hər kişi özü üçün sağ olsun.
- Bir şey tapa bildin, yoxsa yenə əliboş gəlmisən?
- Ay bala, vallah, tapmaq çox çətindi. Bu gədəni birtəhər çölə çıxartdıq ki, bizə bir köməyi dəysin. Andıra qalmış iş də yoxdur. İş var e.., onda gərək bizi tamam atıb getsin, ona da mən razı deyiləm. İndi bir az borc, bir az pensiyamdan, bacardığımdan toplamışam.
O, qadınla danışa-danışa öz otağına – növbətçi otağına daxil oldular.
- Ay ana, soruşmaq ayıb olmasın, bu qoltuğundakı yaşılımtıl qutu nədir? Olmaya ora  yaşıl dollarlar  yığmısan?
- Bala nə gizlədim, pulu öhd eləyə bilmədim. Baxdım evə, pul əvəzi, təzə bir bunu tapdım…
- Baxım.
Maraq ona güc gəldi. Yaşılımtıl rəngli dördkünc qutuda bir cüt dikdaban qadın ayaqqabısı görüb təəccübləndi:
- Aa… deyirsən müavin bunları götürəcək?
Əlinə götürüb diqqətlə nəzərdən keçirdi:
- Anam, bunlar geyilib ki, bax, dabanlarını görürsən? Götürməyəcək.
Qadın əvvəlcə etiraz etmək istədi, sonra həqiqətən dabanlardakı sürtünmə izini görüb fikrini dəyişdi:
- Hə, düz deyirsən, köpəyin qızı, məndən gizlin bircə dəfə geyinib. Neynim, istəməz qaytarar.
- Yaxşı, indi mən müavinə gəlişini deyərəm səni qəbul edər.
Səhərdən kabinetindəki kompyuterdən gözünü ayırmayan müavin məhkumun anasının gəlməyini eşidib sevindi:
- Deynə, “gətir”…
Kabinetin aşağı başında qoyulmuş televizordan ətrafa “Azərbaycan təranələri”nin şən notları yayılırdı.
Yaşlı qadının müavinlə söhbəti yarım saatadək çəkdi. Uzun danışığın sonu nikbinliklə bitmişdi. Deyəsən, çətinliklə də olsa razılığa gəlmişdilər.
Qadın kabinetdən çıxanda qutusuz idi. Qarşılaşanda gözlərinin dərinliyində nifrət gizlənən baxışları ilə sanki, onu qınadı: bəs deyirdin götürməyəcək?
Birdən, o, bir dəfə metroda gedərkən bir qadının da onun əynindəki yaşılımtıl xidməti geyimini bu sayaq süzdüyü yadına düşdü. Həmin baxışların mənasını, elə bil, indi anlayan kimi oldu…
Müavin onu kabinetinə çağırdı:
- Yerli, o gədəni axşamtərəfi buraxarsız.
- Oldu, cənab mayor.
Otaqdan çıxanda televizoraltının rəfindəki gözünə dəyən yaşılımtıl qutunu tanıdı. Televizorda ombudsman ölkədəki insan hüquqları və azadlıqlarından danışırdı…
***
O, daha bundan sonra, işdən başqa hər yerdə,  yalnız mülkü paltar geyinəcəkdi…

kultaz.com

Комментариев нет:

Отправить комментарий