09.11.2011

Aslan Quliyev. Payız dumanı


Yerli ustaların palıd taxtasından yonduqları, yağışdan və rütubətdən qaralmış oturacaqda oturmuşuq, qara buludlar qarşıdakı təpələr toxunur, qara buludların arasından bir parça mavi səma görünür. Kənd qadınlarının ağıları qəlbimi didir, qulaqlarımda isə: 
Yağacaq qəbrimə selləmə yağış,
Yağacaq yağışlar, yağacaq mənsiz
misraları təkrar-təkrar səslənir…
***     
Haqqında eşitmişdim, bəzi məclislərdə səslənən şeirləri də yaddaşımın hansısa küncündə ilişib qalmışdı. Onunla yaxın tanışlığım isə bir yerdə işlədiyimiz gündən başladı.  Siqareti bir-birinin oduna yandırırdı, otaqda tək oldumu,   otağa girəndə onu   tüstü dumanı arxasından görmək olmurdu. Yumoru sevsə də, gözlərininin dərinliyində gizli, güclü bir kədər gizlənmişdi, bircə dəfə olsun belə onun gözlərindəki kədər qatlarının sona qədər silindiyini görmədim.  
«Yazıçının savaşı» kitabımı oxumuşdu, tez-tez kitabdan söz salırdı. Mənsə onun şeirlərini bir yerə yığıb çap elətdirməsini istəyirdim. Hər dəfə də bu mövzuda söz düşəndə əllərini yelləyirdi. Axır şer dəftərlərini ondan aldıq, uşaqlar köməkləşib kompüterdə yazdılar, mən redaktə elədim. Qalırdı kitaba ad tapmaq, onun bir-birindən qəribə adlarını mən yaxın qoymurdum, mən  də ad tapmaqda bir qayda olaraq ciddi problem yaşayıram.
Pəncərənin qabağında dayanmışdıq,    payız günəşinin solğun qızılı şəfəqlərə boyadığı qayalara,   mənə yazıq, kimsəsiz görünən nəhəng qara daşların dibindən burularaq qalxan  və   aramsız yağışlardan sonra göyərən çöllərə tənbəlcəsinə yayılan, dərələrlə sürünən dumana baxırdıq.  Qəribə təbəssümlə gülümsəyirdi, təbəssümün arxasından da kədər boylanırdı. Olsun «Payız dumanı» dedi. Razılaşdım, olsun, qoy duman kimi çöllərimizə yayılsın. Beləcə Atabəyin ilk kitabı «Payız dumanı» işıq üzü gördü.
Payız xəzəlləri rəngində olan ilk kitabını bizlərə təqdim eləyəndə belə Atabəyin gözlərindəki kədər qatı silinməmişdi. Pəncərəsi payız çölünə baxan kababxanada kitabın çapdan çıxmasını qeyd də elədik. Payız çölündə kollar qızılı rənglərə bürünmüşdü, çöl göyərirdi.
Həqiqət acıdır, şirindir,  – faktdır,  hesablaşmağa məcbursan.  Bir qələm sahibinin əllini adlayandan sonra yazmaqla ciddi məşğul olması, çap olunmaq fikrinə düşməsi, elə də real səslənmir. Amma bu qeyri reallığı: «Minillik palıddan tökülən qoza, qaldı meşələrdə, donuza qaldı», «Sevdiyin dumanlar dağdan çəkildi, dumanı görməyim yaza qaldı» kimi misraların müəllifi ilə bir araya necə sığışdırasan?
Qələm sahibinin böyüklüyü onun adilikdə, sadə həqiqətlərdə böyük mətləblər, mənalar görməsidir. Hamının gördüyü, gündəlik rastlaşdığımız, hiss elədiyimiz, yaşadığımız məişət qayğılarından tutmuş mənəvi düşüncələrimizə, sarsıntılarımıza kimi, – bizə görmədiyimiz kimi təqdim olunanda çaşır, heyrətlənirik. 
Atabəy, gündəlik gördüklərini, müşahidə elədiklərini, rastlaşdıqlarını, yaşadıqlarını kağızlara köçürür və bu zaman onun yumorla zəngin olan istedadı müşahidələrini təxəyyülün süzgəcindən keçirir. Onun şeirlərində «Doğru yol qarışığa düşüb itir», «Dünyaya  şeytan da gərək olur», şair qaraçıyla dərdləşir, «Hamı üzə güləndən razı qalır, amma bir adam tapılmır şairi güldürə», «Güllərin üzünü küləklər öpür».
Son vaxtlar şeirlərimizdə kədər baş götürüb gedir, ancaq bu əsl kədər deyil, qondarmadır, sünidir, oxucunu çəkmir, cəzb eləmir, təsirləndirmir. Bu şeirdə isə kədər insanın qəlbinə hopur. Demirəm, həyatın faniliyini təlqin eləyir, amma mənalı təlqin eləyir. Məna da elə o təlqinin arxasındadır. Oxucu başa düşür ki, bu dünyada daimi olmayan bircə insandır, biz gedəcəyik, amma yağışlar da əvvəlki kimi yağacaq, günəş də əvvəlki kimi doğacaq, batacaq, küləklər əsəcək, sular axacaq.
                                       
Bir gözəl sevmişdim eldən xəbərsiz,
Sevdim dünya boyda, sevdim qədərsiz,
Məzarım üstə, məndən xəbərsiz,
Yanacaq o pəri, yanacaq mənsiz                
deyən şairdə hisslər üsyan eləyir, yüksəyə qalxır, sonra isə hardasa sakitləşir. Uzaqdan gələn, gah eşidilən, gah da eşidilməyən, kəsilən musiqi kimi.
Onda məni özünə çəkən qəribə bir yumor var idi, sanki sətirləri sirli, hiss olunmayan bir yumor qatı ilə örtürdü. Toxunursan, yumor çiliklənib tökülür, misralar üzə çıxır. Şeirlərini özü oxuyanda yumor daha güclü hiss olunurdu, həm də bu yumor alışdığımız, eşitdiyimiz, bizim üçün doğma olan nəsnələrdən gəlsə də, biz heç də hər vaxt onu görə bilmirik. 
Onun şeirlərində «Başım əyilmədi yekə başlara», «Atabəy, onu da bilirsən yaman gündəsən», «Küçük tutdum, it elədim, özgəsinə hürə bilmir», «Fələk çoxuna göydələn tikir, mənə divar hörə bilmir», «Məhəbbət dəyişir, sevda dəyişir, Allahın ördəyi, qazı dəyişmir», «Qoyma nadan çıxsın başa, çıxsa başımız işləməz» kimi misralar çoxdur. Hətta onun gözələ müraciəti də adi deyil, sözünün arxasında yumor qatı var. «Ay hörmətli gözəl, ətirli gözəl» və ya başqa bir misal:
Desəm, ulduzu kəsim,
Ona əlim yetişməz,
Gəl sənə quzu kəsim,
Sənsiz günüm ötüşməz.
                                      
Ümumiyyətlə, onun bütün mövzularda şeirləri var, təbiət, məhəbbət, insanlıq,     dünya, adamlar başqa formatlarda, ölçülərdə onun şeirlərindən boy verir. Yaşadığı mühiti, çölü-çəməni, dağları təsvir eləyir, amma məncə o, məhəbbət şeirlərində daha səmimidir:
Gözünün atəşindən
Canım qurtara bilmir.
Qəlbim alovlanıbdır,
Yanıb qurtara bilmir.
                                           
Hər nədirsə Atabəyin şeirlərini oxuyanda misralarının arxasında onun özünü görürəm, əlini çənəsinə söykəyib oturub, sifətində kədərli, nədənsə istehzalı bir təbəssüm dolaşır. Qarabasma, ya təxəyyülün şıltaqlığı deyil, bəlkə də hissiyatın, müşahidəçilik qabiliyyətinin güclü olmasından irəli gəlir. Mən normal qəbul eləyirəm, şairin uğurudur, ancaq bu təsəvvür eləmənin pis cəhəti də var, sanki şair şeirini oxuyanlara diqqətlə baxır, görsün şeir xoşlarına gəlirmi? Yox, o tənqidə dözümsüz deyildi, bu sətirlərin müəllifi onu eninə, uzununa, geninə, boluna bəs qədər tənqid eləyib, zərrəcə inciməyib, hətta çox məqamlarda mənimlə razılaşıb, qəzəbə tuş gələn hissələri yenidən işləyib gətirib. Elə isə bu təsəvvür illüziyası hardandır?
Yaxın tanışlığımızın ömrü az olsa da mən onu çox müşahidə eləmişəm, şeirlərində də, həyatda da, adamlara münasibətində də. Şeirlərində olduğu kimi, həyata munasibətində də səmimi olduğunu görmüşəm.
Payızın əvvəlində, hələ çöllərdən yay yır-yığış eləməmiş yuxarı, dağlara getmişdik. Bulaqotu və çayırla örtülmüş çayın sahilində manqal yandırdıq, ocaq qaladıq, samovara köz saldıq, gündüz kölgə axtarırdıq, gün günortadan dönəndə  ocağın başına yığışırdıq. Artıq hava qaralır, havadan yağış qoxusu gəlirdi. Mən onun çayın sahilində, əzəli şırıltısıyla axan gömgöy sulara, o taydakı mamır bağlamış qara daşlara, sanki bir növ unudulmuş, iztirablı görünən kollara baxaraq necə şeir dediyini  xatırlayıram. Göy suların, qara-ağ buludların hələ tam örtmədiyi mavi səmanın, yaşıl yerin, tüstülənən ocağın fonunda şeir ecazkar səslənir. Ya mənə belə gəlir. Yox, belədir, sadəcə o ecazkarlığı görmək üçün, əvvəlcə suyu, yeri, göyü görməli, duymalısan.
Qayıdanda yağışa düşdük, Atabəyin dediyi kimi, bizdən sonra da yağacaq payız yağışı bir göz qırpımında yayı unutdurdu, yığışdırıb harasa tulladı və utanıb eləmədən, əsla çəkinmədən,  razılığımızı  soruşmadan soyuq, solğun payızı gətirib bizə təqdim elədi. Buyurun,   yaşayın.
Atabəydə hər şey rəvan deyildi, bütün şeirləri də püxtələşmiş, cilalanmış istedadın məhsulu deyildi, şeirlərinin hamısının eyni çəkidə, eyni tutumda olmadığı da şübhəsizdir. Lap çoxdan yazmaq bir başqa, tənqidçilərlə, oxucularla münasibətdə olmaq, ədəbi mühitin havasıyla nəfəs almaq bir başqa və təbii ki, bunlar təsirsiz ötüşmür, özünü hiss elətdirir.
***
Yenə də «Yazıçının savaşı»ndan söz salmışdı, keçmiş döyüşçüdən danışırdı, mənsə toya tələsirdim. Qonşunun qızının toyu idi,  uzun müddət görüşə bilmədiyim adamlar gələcəkdilər, zəngləşmiş, toyda sona qədər iştirak eləməyi qərarlaşdırmışdıq. Ancaq yerimi təzəcə rahatlayıb oturmuşdum ki, özümü nəsə narahat hiss eləməyə başladım, başa düşə bilmirdim, mənə nə olmuşdu? Çox çalışsam da, otura bilmədim, qonşuya indicə gələcəyimi deyib ayağa qalxdım, hara gedəcəyimi bilmirdim, amma ayaqlarım məni iş yerimizə doğru aparırdı.
İçəri keçən kimi də matəm havası vurdu məni, iş yoldaşlarım hərəsi bir tərəfdə donub qalmışdılar, kimsə dinib danışa bilmirdi. Məndən dərhal sonra Atabəy özünü pis hiss elədiyini deyir, qoluna girib aşağı yola düşürürlər ki, evə yola salsınlar, bir siqaret çəkir və birdən yolun kənarındakı pilləkənə yıxılır. Çağrılan həkimlərin də bir köməyi dəymir.                                 
***
Ayakdayım, desə də, yıxıldı.  Yıxıldı və bir daha   qalxa bilmədi. Günlərin birində biz də yıxılacağıq. Vətəndəmi, qürbətdəmi, kim bilir? Küləklər belədən əsməyə başlayıb, qürbət yolçuluğu görünür. Hər necə olmuş olsa, son dəfə öz torpağımızın qoxusunu duymaq, çöllərdə dolaşan holavarlarımızı eşitmək istəyirəm. Başımın üzərində öz səmamız olsun,   öz buludlarımız ötüb keçsin, öz küləklərimiz əssin, öz sularımız axsın, öz torağaylarımız oxusun. Lap elə Taras Bulbanın dediyi kimi, gözlərimi oyacaqlarsa, qoy öz qartallarımız oysun.
*** 
Onun şeirləri unudulmuş və kimsəsiz Yardımlı dağlarından,  balaca çobanların mahnıları dolaşan kədərli çöllərdən payız dumanı kimi qalxaraq bütün Azərbaycana yayılacaq.  Mən buna inanıram.
İnanmaq istəyirəm.

kultaz.com

Комментариев нет:

Отправить комментарий