18.11.2011

İSTANBUL SEVDASI

Kənan Hacı

Təsəvvür edin ki, sizə İstanbula getmək üçün şans yaranır və siz bu təklifdən imtina edirsiniz. Yox, inana bilmərəm ki, bu təklifdən kimsə imtina edəcək qədər  “ağıllı” olsun.
Bakının can üzən istisi məni bəzən lap əməlli-başlı bezdirirdi, bununla belə İlhamə xanım deyəndə ki, İstanbula gedirik, özü də Qəmər də bizimlə gedir, özümü yorğun kimi göstərdim. İstanbula ilk dəfə 2009-cu ilin yayında getmişdim, ilk səfərin təəssüratları güclü olur, elə ordaca yol qeydlərimi yazmağa başlamışdım və Bakıya qayıdandan sonra yazını bitirib çap etdirmişdim.

Əlbəttə, İstanbul sevdasından doyulmayan bir şəhərdir. Bu möhtəşəm şəhərin hüsnünü öyməyə qələmin qüdrəti çox acizdir. Adını unutduğum hansısa şair  “ana kimi yar olmaz, İstanbul kimi diyar” demişdi. Bəs niyə bu ələdüşməz imkandan yararlanmaq istəmirdim? İstanbul kimi gözəlin görüşünə getməkdən hansı divanə vaz keçər?!
Əlimdə geniş bir yazı vardı və mən o yazını bitirməmiş hansısa uzaq səfərə çıxmaq istəmirdim. Yolda yazı yazmaq vərdişim yoxdur. Qızlar Naxçıvan-İqdır yolunu tərcih etmişdilər. İlhamə xanım Naxçıvan avtobusuna bilet almağa gedəndə dönə-dönə tapşırdım ki, mənə qətiyyən bilet almasın, hətta pasportlarımı da götürüb gizlətmişdim, çünki çox israr edirdi.
Amma sən saydığını say, gör qızlar nə sayırlar. Avtovağzaldan Qəmərin anası mənə zəng vurdu:
-Kənan, sən bu qızları uzaq yola tək buraxırsan?! İlhaməyə icazə ver, sənə də bilet alsın, yoxsa mən Qəməri buraxmayacağam.
Daha nə deyə bilərdim ki?
Evə gəlib yır-yığışa başlayıram. Çantamı kitablarla doldururam. Qəmər də zəng vurub xahiş edir ki, Paulo Koelyonun  “On bir dəqiqə”sini hökmən götür. Aqil Abbasın “Dolu”, Şərif Ağayarın  “Haramı” kitablarını(bu kitabı İstanbulda İbrahim Nəbioğlu məndən alacaqdı), bir də Yusten Qarderin “Sofinin dünyası”nı çantama yerləşdirdim. Qalın bloknot, iki-üç qələm və budur, çantanın ağzı bağlanmır. Amma heç bir ixtisar aparmadan kitabları səliqəylə düzdüm və çantanı axır ki, bağlaya bildim.
Səhər yuxudan qalxandan sonra da xanımım nələrisə təzədən götürür, qoyur, heç cür yekunlaşdıra bilmir, bu da məni əsəbiləşdirir. Saat onun yarısıdır, biz hələ evdəyik, on tamamda isə avtobus çıxır. Təcili taksi çağırtdırmalı oluruq. Avtobusun tərpənməyinə beşcə dəqiqə qalmış bizi avtovağzala çatdırır. Yolun gərginliyi indidən başlayır. Qəmərin valideynləri onu yola salmağa gəliblər. Mənim də getməyim onları arxayın edib, bu arxayınlıq üz-gözlərindən də sezilir. Mühafizəkar ailə olmasa da istər-istəməz Türkiyəyə gedən qadınlara qarşı yaranmış sürüşkən münasibət, mənfi rəy onların da altşüuruna yerləşib və qızlarının tək bir xanımla(ailəli və əxlaqlı bir xanım olsa belə) belə bir səfərə çıxması onları qeyri-iradi olaraq rahatsız etmişdi.
İranda yaşayan dostumuz Məhəmmədin xanımı da bizimlə gedir. Onunla Təbrizdə təsadüfən tanış olmuşduq, bu tanışlığın tarixçəsini  Təbriz qeydlərimdə yazmışam, indi təfərrüata varmaq istəmirəm. Sədaqət xanım dağlı qızıdır, qohumları, qardaş-bacıları Bakıda yaşayır, ara-sıra gəlib-gedir, əri İran vətəndaşı olduğu üçün o da İranın vətəndaşlığını alıb, hal-hazırda ikili vətəndaşlıq daşıyır. Məhəmməd azərbaycanlıdır, vətənini sevən bir insandır, biz Təbrizdə olarkən əsl qardaş kimi bizim qulluğumuzda durmuşdu, evində qonaq saxlamışdı, öz maşınında Təbrizi başdan-başa gəzdirmişdi.
İndi onun xanımı bizim yol yoldaşımız idi.
Avtobus tərpənən kimi mütaliəyə girişdim. Arada fasilələr olurdu; sənədlərimizi, biletlərimizi yoxlayırdılar. Qəmər  “On bir dəqiqə”nin sehrinə qapılmışdı. Avtobusun televizorunda  “Bu şəhərdə”ni göstərirdilər və sərnişinlər arasında yatmayanlar yatanları vecinə almadan ucadan qəhqəhə çəkib gülürdülər. Arada başım ağırlaşırdı və mütaliədən ayrılıb yola baxırdım, cansıxıcı mənzələr bitib-tükənmək bilmirdi, avtobusun aramsız uğultusu beynimi çox yormuşdu və düşünürdüm ki, hələ iki gün təkərlər üstündə uyumalı olacağam. Xanımların söhbəti mənə darıxdıcı gəlirdi və yenidən Şərifin  “Haramı”sına qapılırdım.
Biləsuvar Gömrük Məntəqəsində  az adam vardı, sərhədi çox rahat keçdik.İrana bütün səfərlərimdə Astara yolundan istifadə etdiyimdən bu yola o qədər də bələd deyildim. Əlbəttə, Biləsuvarda dəfələrlə olmuşam, söhbət sərhəd məntəqəsindən gedir. Sanki bir ölkədən o biri ölkəyə deyil, bir zamandan digər zamana –bu gündən dünənə adlayırsan.
 Görkəmindən pinitlik yağan bir kafedə müsafirlərə çay, yemək verilir. Biz çay sifariş veririk və yola götürdüyümüz yeməkləri masanın üstünə düzürük. Pomidor, xiyar, soyutma yumurta,katlet, kartof külləməsi, duz... Yol yeməyi belə olar da. Xanımlar başlarını bağladıqlarından çox rəncidəhaldırlar. Səbr edin, deyirəm, bir azdan Naxçıvana adlayacağıq. Amma avtobusda səbirləri çatmır, başlarını açırlar.
İranda cəmi bir yerdə avtobus insanların “təbii ehtiyac” məsələsi üçün əylədi, düşüb mağazadan su, çips və günəbaxan tumu aldım. Yol boyu bircə yol polisi də gözümə dəymədi, sürücümüzdən bu haqda soruşuram, deyir ki, İranda yol polisi ancaq şəhərlərin giriş-çıxış nöqtələrində olur, hərəkət zamanı yerli-yersiz sürücüləri narahat etmirlər. Qəribədir ki, bu ölkədə yol qəzaları da təsadüfi hallarda baş verir. Bu təzadın da yəqin ki, köklü səbəbləri var və yazımızda əsas konu bu deyil, İstanbul yolçuluğunda Culfa xətti bir fraqment kimi keçir.
Culfa yaddaşımda heç bir iz buraxmadan ötüşür. Ətraf mənzərələr də yeknəsəq, cansıxıcıdır. Ən yaxşısı, kitab oxumaqdır. Görək, Səməndər “koroğlu”luğundan nə vaxt əl götürəcək?
Yorğunluq qalib gəldi. Xanımım məni silkələyib yuxudan oyadanda artıq Naxçıvan sərhəddindəydik. Gömrük yoxlamaları zamanı qəribə bir hadisə baş verdi. Avtobusun baqajı möhürləndi və bildirildi ki, baqaj bir də Naxçıvan tərəfdə açıla bilər. Sədaqətin Bakıdan apardığı mallar da baqajdaydı və bu səbəbdən qısa bir gərginlik yaşandı. Yazıq qadın az qala başını itirmişdi, ajana yalvarırdı ki, mənim mallarımı verin, çıxım gedim, axı mən bunlara görə yenidən Naxçıvana keçsəm, qayıtmağa pulum qalmayacaq. Avtobusun sürücüsünü dilə tutdum, xeyri olmadı, axırda gömrük məntəqəsinin sorumlusuyla məsələni çözdük. İnsafən, pis adam deyildi, bizi başa düşməyə çalışırdı. Nəhayət, onu razı sala bildim. Məni arxayın etdi ki, xanımın mallarını özünə çatdıracağıq.
Bir də gömrük işçilərindən biri çantamı açdırdı. –Bunun içindəkilər nədir?-deyə soruşdu. Kitablardı,-dedim,-yol üçün oxumağa götürmüşəm. Soruşdu ki, dini kitablar deyil? Dedim yox. Kitablara bir-bir baxandan sonra keçməyimə icazə verdi.
Naxçıvana adlayanda hava qaralmaq üzrəydi, sonucu dəfə Naxçıvandan yeddi il bundan öncə çıxmışam. Ömrümün iki ilə yaxını bu torpaqda keçib, əsgərliyimi Məmməd Arazın doğulduğu Şahbuzda keçirmişəm. Torpağın havası elə həmin  havadır; dağlardan əsən hava. Bir anda Naxçıvan günləri xəyalımda canlandı. Əsgərliyə təzəcə gəldiyimiz günlərdə andiçmədən sonra bizi qısa müddətə Naxçıvan aeroprunun yaxınlığındakı Zenit Raket Artilleriya Briqadasına yolladılar. Naxçıvandan Bakıya uçan təyyarələrin ardınca baxmaq əməlli-başlı məşəqqət idi. O təyyarələrin uğultusu da əsəblərimə təsir edirdi, qulaqlarımı qapayırdım ki, uğultunu eşitməyim. Bakıdakı doğmalarım üçün möhkəm darıxırdım, bu təyyarələr də hər gün sanki yarama duz basırdı.
Amma  Batabata qalxandan sonra Naxçıvana vuruldum. Nursda qar kürüyən vaxtlarımız olub, onda fəxrlə düşünürdüm ki, Məmməd Araz bu kənddə doğulub, indi mən onun doğulduğu kənddə xidmət edirəm.
Bu, həmin Naxçıvan idi- nisgilimin, həsrətimin vətəni...

                                   *******************
  Naxçıvan avtovağzalı müasir standartlara uyğun tikilib. Gözləmə zalı, kafesi öz parlaqlığı ilə sakinlərinin yaşamını kölgədə qoyur. Bizə dedilər ki, İqdır-İstanbul avtobusu gecə saat 1-də çıxacaq. Hardasa 4-5 saat vaxtımız vardı, yolun yorğunluğunu çıxarmaq, növbəti uzun yola enerji toplamaq üçün ikinci qatdakı kafeyə qalxdıq, qızlar qəhvə içmək təklifimə etiraz etmədilər.
1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışına gəlmişdim. O zaman Naxçıvan indiki qədər ehtişamlı deyildi. Xəzan çağıydı və Naxçıvanın dağ yelini xatırladan təmiz havasını indi də xatırlayıram. Hava o qədər açıq və təmiz idi ki, uzaqdakı dağlar sanki önümüzdəymiş kimi apaydın görünürdü. Taksi sürücülərini  uniformada, qalstukda, yaxalarında birka görmək mənə bir qədər qəribə göründü. Bu səliqəli sürücülərin üzləri daim təraş vəziyyətdə olmalıdır, əks halda cərimə olunacaqları qaçılmazdır. Yaxşı qaydadır. Bakıda da belə qaydalar qoyulsa pis olmaz.
Həmin ilin noyabrında uzaq dağ kəndinə-Kələkiyə səfərimi xatırladım. Əbülfəz Elçibəylə tarixi görüş unudulmaz məqamlarıyla indi də məni duyğulandırır. Bu görüşlər haqda da nə vaxtsa geniş yazacam. İndi Naxçıvana dördüncü gəlişimdir və axşam düşdüyündən İlanlı dağı, Ağrı dağını doyunca seyr edə bilmirəm. Amma inanıram ki, nə vaxtsa tale yenə yolumu bu tərəflərdən salacaq.
Qızlara Naxçıvan xatirələrimi danışıram, qəhvə istisinə bürünmüş bu anıların donu açılıb, əriyib dilimdən süzülür.
Türkiyə sərhəddini gecə keçdik, səhərəyaxın İqdıra çatdıq.
Naxçıvan avtovağzalında cavan, şüvərək  bir oğlan yükümüzə kömək elədi və  gecə boyu avtobusumuzda maraqlı söhbətlərilə digər müsafirlərin də diqqətini cəlb etdi. Mən onu tanımışdım, Naxçıvanda eyni hərbi hissədə qulluq etmişdik. Ama  bu sirrin üstünü İlhamə səhərə yaxın İqdırda açdı. Maraqlıdır ki, yaşca məndən 6-7 yaş kiçik olsa da o, məni yox, mən onu tanımışdım. Adı da yadımda qalmışdı- Röyal.
İlhamə ciddi şəkildə ona  “indi sənin falına baxacağam”- dedi. İnandı:
-Doğurdan?
İlhamə: -Hə, sən lap yaxın zamanda əsgərlik yoldaşınla görüşəcəksən,- deyib mənə göz vurdu.
-Ola bilər,-dedi.
Bütün gecəni söhbət etmişdik. Röyal gözünə döndüyüm məni tanımamışdı. Axırda başını qaldırıb mənə baxdı və gülümsəd:
-Bude, əsgərlik dostum !
Axır ki, məni xatırladı. Bəzi epizodları yada saldı, gördüm ki, indi həqiqətən tanıdı. Cavan oğlansan,  amma indidən yaddaşın səni darda qoyur,- deyirəm. Sən demə, Röyal bütün gecəni avtobusda yol gələ-gələ fikirləşibmiş ki, axı mən bu adamı harda görmüşəm?  
İstanbula qədər birlikdə olduq. Avtobusdan enəndən sonra dostum Orxanı telefonla aradım, məlum oldu ki, evdə deyil, axşam gələcək. Dedi ki, şimdi çatmısınız, şəhəri doyunca gəzin, axşam beni ara, nerde olsanız, sizi ordan gelib alarım. Tamam. Röyal o dəqiqə kiməsə zəng vurdu və heç beşcə dəqiqə keçməmiş ağ rəngli  “İnfiniti” qarşımızdaydı. İkitelliyə gəldik. Röyalgilin kirayə qaldığı evdə azərilər qalır. İş üçün İstanbula gələn gənclər burda kirayədə qalırlar. Burada qohumumuzu tapıram. Rasim Buzovnadan olduğumu bilib məni qucaqladı: -Bir kənddənik ki!
Məlum oldu ki, həm də qohumuq; o, Murtuza dayımın qaynının kürəkəni imiş. Xanəndə Nəriman Əliyevin qardaşı qızı onun xanımıdır. Bu boyda İstanbulda tanımaza-bilməzə gəl qohumların yaşadığı mənzilə düş! Təsadüfə bax!
Borxes deyirdi ki, öz ölkəndə də ucqar bir vilayətə düşəndə özünü əcnəbi kimi hiss edirsən. Amma nədənsə mən İstanbula gələndə, günlərlə bu şəhərin küçələrini dolaşanda zərrə qədər də özümü əcnəbi kimi hiss etməmişəm. Bir çox ölkələrədə qısa və uzun müddətli səfərlərdə olmuşam, nə qədər başımı qatsam da darıxmaq hissi əvvəl –axır sinəmə çöküb məni məğlub edib, amma İstanbulda darıxa bilmirəm. Bu şəhərdə darıxmaq anlayışı mənim üçün bütün mahiyyətini itirir. İstanbul özünü hər kəsin üzünə açan, amma dərinliklərinə heç kimsənin tam olaraq nüfuz edə bilməyəcəyi bir şəhərdir.
Röyalgildə nahar edirik və axşam tərəfi hamımız Böyükçəkməçiyə-çimərliyə gedirik. Bizi aparmaq üçün Röyal iki maşın təşkil edib. Çalışır ki, bizim üçün xoş keçsin. İlk dəfə Mərmərə dənizinin sularına baş vururam... İlk dəfə! Xoş hissdir. Qızlar mayolarını(alt çimərlik geyimi) geyiniblər.

            Budur, gəldik, gedirik,
            xoşca qal, qardaşım dəniz.
            Bir az çınqılından götürdük,
            bir az da mavi duzundan,
            sonsuzluğundan da bir az,
            işığından da bir azacıq,
            bir azacıq da kədərindən.
            Nələr anlatmadın bizə
            dəniz olmanın qəza-qədərindən.
            Bir az daha ümidliyik,
            bir az daha adam olduq.
            Budur, gəldik, gedirik...
            Xoşca qal, qardaşım dəniz!

Mərmərənin sərin sularına baş vurduqca Nazim Hikmətin misralarını xatırlayıram. Mənə elə gəlir ki, o, üfüqdə dayanıb  “Memet! Memet!” deyə hayqırır. Nazimin haqqını özünə qaytarsalar da, ömrü çatmadı ki, ədalətin bərpasını görsün, heç bir maneə olmadan uçaka oturub İstanbula uçsun.
Səhərisi gün Gülhanə parkını dolaşanda da elə bilirdim ki, Nazim yanımdadır, mənimlə yanaşı addımlayır.  O məşhur şeiri Nazimin öz səsiylə dinləmək istəyirəm.

Başım köpük-köpük bulud, içim, çölüm dəniz,
Mən bir ceviz ağacıyam Gülhanə parkında...

İstanbulda olduğum müddətdə ən çox xatırladığım iki insan oldu-Nazim Hikmət və Orxan Vəli. İstiqlal caddəsindəki kitab mağazasından Cemal Sürəyyanın bir kitabını aldım. İyirmi ildən çox müddətdə İstanbulda yaşayan Mayis Əlizadə ilə danışmışdıq ki, İstanbula gələndə bir-birimizlə əlaqə saxlayaq. Telefonuna zəng edirəm, çox şad olduğunu deyir, xahiş edir ki, Taksim meydanına gəlim. İlhamə xanımla Taksimə doğru yürüyürük. Çoxlu şəkillər çəkdiririk.
Nəhayət, Mayis bəy gəlib çıxır, hava isti olduğundan  təklif edir ki, bir yerdə oturaq. Öyrətmənlər Evinin rahat lokantasında oturub uzun-uzadı dərdləşirik, Azərbaycandan, onun ədəbiyyatından, tərcümə problemlərindən və sair çox maraqlı fikir mübadiləsi alınır. Mayis bəy olduqca maraqlı adamdır. Onun dediklərindən anladım ki, Türkiyədə kitab sənayesi böyük inkişaf yolu keçib və biz hələ bu yolun başlanğıcındayıq. İstanbulda keçirilən kitab fuarı öz nəhəngliyi ilə adamı heyrətə gətirir. Orada böyük Tərcümə İnstitutları fəaliyyət göstərir və dünyada nəşr olunan ən yeni ədəbi mətnlər qısa müddətdə tərcümə olunub türk oxucusuna çatdırılır. Bu sahədə nə qədər geridə qaldığımızı bütün çılpaqlığı ilə hiss edirsən.
Dostoyevskinin  “Karamazov qardaşları” kimi nəhəng əsəri bir-iki il bundan öncə bizim dilə tərcümə olundu. Halbuki Dostoyevskidən bizi yüz ildən də çox zaman məsafəsi ayırır. Eləcə də M. Bulqakovun, Platonovun əsərləri indi-indi tərcümə olunur. Pasternakın  “Doktor Jivaqo”su hələ də öz tərcüməçisini gözləyir. Bu əsərlər 50-60 il bundan əvvəl yazılıb. İndi vəziyyəti özünüz təsəvvür edin.
Deyəsən, mövzudan kənara çıxdıq. Mayis Əlizadə Azərbaycanın dəyərli ziyalılarındandır, ədəbiyyatımızın problemlərini dərindən bilir, dəyərli fikirlər səsləndirsə də onunla müsahibə etmək istəyimə yumşaq şəkildə etiraz edir:
-Sən Allah, Kənan bəy, məni işə salma! Zatən,müsahibəyə hazır deyiləm, başqa vaxta saxlasaq yaxşıdır.
Mayis bəylə söhbətimiz şaxələndi, müxtəlif konularda laf etdik.
Sonra xanımların İstiqlal caddəsində alış-verişi başlanır. Giley-güzarıma fikir verən yoxdu. Mayis bəyin də məsləhəti bu olmuşdu ki, nahaq yerə özümü yormayım, qadınların alış-verişinə müdaxilə etməyim, qoy azarlarını öldürsünlər.
Xanımlar geyim dükanlarını, mən isə kitab mağazalarını gəzirəm. Çox qiymətli kitablara rast gəlirəm. İmkanım olsaydı, bəs deyincə kitab alardım. Özümə lazım olan bəzi vacib kitabları almaqla kifayətlənirəm. Onların içindən Hıfzı Topuzun Nazim Hikmət haqda yazdığı “Hava kurşun kibi ağır” kitabını seçib ayırıram. İstanbulda olduğum müddətdə bu əvəzsiz kitabı ləzzətlə oxudum. Evində qaldığımız dostum Orxan mənə  “Çanakkala savaşı” kitabını hədiyyə etdi.
Orxan İstanbula gəldiyimiz günün axşamı mənə telefon açdı və harda olduğumuzu soruşdu. Dedim İkitellidəyik. Təəccüblə soruşdu ki, oraya nasıl gedib çıxmısınız? Olayları qısaca anlatdım, dedi ki, oturun taksiyə, gəlin Zeytinburnuya. Röyalla vədələşdik ki, səhər hökmən görüşək.
Beləcə, Bakıya dönüncəyə qədər Orxan bəyin evində qaldıq. Orxan bəyin xanımı Arzu bakılıdır, əslən Balaxanıdandır. Sən demə, Bakıdaymış, bizdən bir gün sonra da o gəldi.

İstanbul haqda yazan həmkarlarımın əksər yazılarıyla  tanışam. Amma məncə, özündən əvvəl kimin nə yazdığı önəmli deyil. Bu, standart düşüncəyə gətirib çıxarır. Hansısa bir şəhər haqqında qeyri-standart  tərzdə düşünmək də adamı dalana dirəyir. Ən optimal variant düşüncələrin başını buraxmaqdır; qoy özü səni hara aparır, aparsın.
Qəmərin şəhəri gəzmək ehtirası gözlərindən aşıb-daşır. İkimiz özümüzü bu çoxmilyonlu şəhərin qoynuna atırıq, pay-piyada küçələri dolaşırırq, caddələrdən keçirik, Ayasofiya camesinə baş vururuq, ordan çıxıb sallanırıq üzü Topkapıya doğru.
Və Topkapının girişində şair dostum Qismətlə rastlaşıram! Nə xoş təsadüf! Bir-birimizə sarıldıq. Gənc dostum hələ də gözlərinə inana bilmirdi. Sən demə, Qismət on gün imiş ki, İstanbuldaymış. Bakıya qayıtdıqdan sonra onun İstanbul haqda çox gözəl yol təəssüratlarını oxudum, baxmayaraq ki, bizim görüşümüzü qeyd etməmişdi, mən ondan incimədim. Hətta Bakıda keçirilən  “Meqapolis hüznləri” kitabının təqdimat mərasimində iştirak etdim və ürək sözlərimi də dedim. Qismət öz yaşıdları arasında ən istedadlı və bütün imtiyazlara hamıdan çox mənəvi haqqı çatan bir yazardır. Yeri gəldiyi üçün deyirəm, hansısa ədəbi təşkilatla ilgili aramızdakı fikir müxtəlifliyinin  dostluq münasibətlərimizə heç bir aidiyyatı olmamalıdır. Hər halda, mən belə düşünürəm. Qismət haçansa lap AYB sədri olsa belə, mənim ona bir şair-esseist kimi, dost kimi münasibətim dəyişməyəcək. Bunu dəqiqliklə deyə bilərəm.
Bir az fasilə vermək, son vaxtlar məni tez-tez xəcil edən yaddaşımı təzələmək istəyirəm. Əvvəldə əsgərlik dostumun adını səhvən Ramal yazmışdım, özü də bir yerdə yox, bir neçə yerdə. İliş bunu mənə xatırladanda xeyli təəccübləndim, uzun illik yazı təcrübəmdə haçansa ad məsələsində yanlışlığa yol verməyim heç yadıma gəlmir. Yaddaşım nədən belə zəiflədi?
Payzı aylarının ağır sükutu düşünmək üçün yetərlidir. Düşünürəm. O şəhərdə bu payızdan heç nə yoxdu. Bəlkə buna görə yaddaşımda bəzi nəsnələr dolaşıq düşüb? İstanbulun payızını, qışını görmək istərdim. Bütün yazılarımız oxucuya ünvanlanır, yazarla oxucu arasında epistomoloji bağlılığı hiss edəndə daha coşquyla yazırıq. Bu yazıda oxucuların İstanbulu görə bilməyəcəklərindən əndişələnirəm. Mən sizə İstanbulu göstərə bilmirəm. Necə göstərim? 8 gün ərzində çox az yerlərdə oldum. O da Qəmərin inadı sayəsində. Bizimkilərin alış-verişdən başları ayılmırdı. Bilirəm, İliş bunu oxuyub əsəbiləşəcək ki, bu nədir yazmısan? Elə bilərlər alverçi-zadam. Cavabım bəri başdan hazırdır: mən də indi əvəzini çıxıram.
 Bax, İliş, zarafat edirəm ha! Sən doşikin canı, əsəbiləşmə!
 Bəzi məqamları yada salmaqdan ötrü fotolara baxıram. İstiklal caddəsində Santantonio kilsəsi var, ora baş çəkdik. Kilsənin girişində əlində göyərçin tutmuş bir keşişin heykəli önündə şəkillər çəkdirdik. Bu kilsə 1906-1912-ci illərdə inşa edilib, memarı Gulio Mongeridir. 1906-cı ilə qədər bu yerdə Konkordiya teatrı fəaliyyət göstərirmiş.
Hə, necə də yadımdan çıxıb(yaddaşsızlıq!), Eminönüdə balıq yeməyimizi tamam unutmuşdum! Gecə bütün şəhər qaynaşır, biz isə qayıqda bişən balıq sifariş verib masa arxasında əyləşirik. Yüngül dalğa qayığı yırğalayır, aşpazın umurunda deyil, öz işiylə məşğuldur. Adama elə gəlir ki, lap qasırğa da gəlsə onu qayıqdan ata bilməyəcək,  elə təmkinlə balığını bişirəcək. Doğrudan-doğruya acmışdıq. İstiqlal caddəsindən Eminönüyə piyada gəlib çıxdığımızdan həm də yol bizi yormuşdu.  O gecə doğurdan da gözəl gecəydi! Aşiqlər demiş, romantik bir gecəydi. “Fısh Bread” da,  ekmeklə balıq da eyni qiymətə- 4 lirəyədir. Biz balığı seçirik və gözəl bir yay gecəsinə balığın dəniz qoxan dadı qarışır. Dənizdən həzin rüzgar  əsir, mənə elə gəlir ki, bədirlənmiş ay heç kəsə yox, yalnız bizə baxıb gülümsəyir, bizim bu qədər məsud, bəxtiyar olmağımızdan məmnundur. “Rüzgarda mendil kibi savruluyor yüregim”...
Akmərkəzdə yerləşən  “Palmali” Şirkətlər Qrupunda İbrahim Nəbioğlu ilə görüşümüzü müsahibə şəklində yazmışdım, Azadlıq Radiosunun  “Oxu zalı” həmin müsahibəni yayımladı. İbrahim bəyin dediyinə görə, “Palmali”nin tarixində ilk dəfə idi ki, onun yerləşdiyi ofisdə bir neçə saatlıq maraqlı, gərgin ədəbiyyat söhbəti gedirdi! Bu şirkətdə həmişə iri layihələr haqda, biznes, iqtisadiyyat sahələri haqda söhbətlər olub. Bu görüşümüz haqda həmin müsahibənin girişində yazdığımdan təkrara hacət görmürəm.
İstanbul haqda nə vaxtsa yenə yazacam. Bütün düşündüklərimi bir yazıya xərcləmək istəmirəm. Nazim Hikmətin ruhundan üzr istəyib şeirinə yüngülcə dəyişiklik edirəm və İstanbul anılarına bu yerdə nöqtə qoyuram. Əlbəttə, yazıda. Ürəyimdə isə bu anılar şirin-şirin gizildəyir.

                      Budur, gəldik, gedirik,
                      Xoşca qal, İstanbulum!..

Комментариев нет:

Отправить комментарий