09.11.2011

Əlini qaldıran kimi...


Akif Abbasov. Hekayə

Şura hökumətinin vaxtları idi. Bədəl Rzayev institut rektoru  işləyirdi. Başı ali məktəbin iş-gücünə qarışdığından onun dərslərini Araza tapşırmışdılar ki, o aparsın. Araz Nuh əyyamından qalma konspektlərini götürüb mühazirələrə başlamışdı. Az keçdi, çox keçdi, axır ki,  tələbələrin ürək döyüntüsü ilə gözlədikləri və arzulamadıqları imtahanların vaxtı gəlib yetişdi. Araz müəllim qrup nümayəndəsi Naziləni çağırıb ona dedi: 

-Bilməmiş olmazsan. Mən rektorun – Bədəl müəllimin mühazirələrini aparıram. İmtahanlar ağır keçəcək. Gərək kişinin adına layiq imtahan götürək. Tələbələri başa salmaq sənin işindir. Öz imtahanım olsaydı, yəni mənə qalsaydı on manatla, uzağı iyirmi manatla da kifayətlənərdim. Bədəl müəllim tapşırıb ki, imtahana görə hər uşaqdan əlli manat yığaq.
Nazilə içini çəkdi:
-Əlli manat? Çox deyil?
Araz müəllim başa salmağa başladı:
- Qızım, Bədəl müəllim mən deyiləm ha... Mən hara, o hara? Bədəl müəllim buranın yiyəsidir. Avtoritetdir.
Nazilə xəbəri qrup yoldaşlarına çatdırmağa getdi.
Kimsə Bədəl Rzayevə xəbər verdi ki, 54-cü qrupda vur-çatdasındır. Araz müəllim onun adından hər tələbədən əlli manat yığır. Təcili məsələni araşdırdı və Arazı işdən çıxartdı.
Bədəl Rzayev Azneft meydanının yaxınlığındakı binaların birində yaşayırdı. Həmin hadisədən bir müddət keçmişdi. Axşamüstü idi. Bədəl müəllim xidməti maşınından düşüb, dənizkənarı bulvarda gəzişməyə başladı. Adət etmişdi. İşdən sonra yarım saat, qırx dəqiqə evinin həndəvərində gəzişir, sonra mənzilinə qalxırdı.
Heç beş dəqiqə belə keçməmişdi  Bədəl müəllim hiss etdi ki, kimsə ona yaxınlaşır. Çevriləndə Araz müəllimi gördü. Araz  tez:
-Axşamüstünüz xeyir, Bədəl müəllim!
Qəribə salamlaşma tərzi idi: “Axşamüstünüz xeyir!”
O biabırçı hadisədən sonra Araz Bədəl müəllimin gözündən düşmüşdü. Rektor onunla rastlaşmaq  istəməzdi. Bu görüş təsadüfi idi, yoxsa Bədəl müəllimin hər gün buralarda var-gəl etməsindən Arazın xəbəri vardı. Bəlkə də Araz  qəsdən buraya gəlmiş, yaxud dayanlb Bədəl müəllimin gəlişini gözləmişdi.
Bədəl müəllim candərdi onun salamını aldı. Lakin dayanmadı, onun daha nə deyəcəyini gözləmədi, yoluna davam etdi. Araz əl çəkmək fikrində deyildi. Bədəl müəllimin qabağına keçib Bəhrəmgurun heykəlini ona göstərdi:
-Bədəl müəllim, sizə bir ciddi sualım var...
Bədəl müəllim ürəyində fikirləşdi: “Görəsən nə soruşacaq?”
Araz sözünə davam etdi:
-Bədəl müəllim, fikir verirsiz, Bəhrəmgur qılıncı qaldırıb, əjdaha da dayanıb gözləyir ki, Bəhrəmgur nə zaman qılıncı endirəcək və onun başını kəsəcək. Bəlkə siz deyəsiniz: o, əjdahanın başını niyə kəsmir?
Bədəl müəllim Arazı başdan eləmək üçün dodaqucu, güclə eşidilən bir səslə dedi:
-Mən bilmirəm, Araz.
Bədəl müəllim bu sözləri deyib addımlarını yeyinlətdi. Araz da ondan geridə qalmamağa çalışaraq,  onun ardınca düşdü:
-Siz biməsəniz də, mən bilirəm. Bir baxın.
Araz bu dəfə dağüstü parkda qərar tutaraq, Bakıya meydan oxuyan Kirovun heykəlini Bədəl müəllimə göstərərək dilləndi:
-Kirov əlini yuxarı qaldırıb. Bəhrəmgur dayanıb Kirovun işarəsini  gözləyir. O, əlini aşağı salan kimi Bəhrəmgur qılıncı endirəcək, əjdahanın başını kəsəcək.
Araz bunu deyib çıxıb getdi. Bədəl müəllim  onun dalınca baxa-baxa qaldı.

                                          Akif Abbasov,
                              pedaqoji elmlər doktoru, professor,
                      Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü

Комментариев нет:

Отправить комментарий