07.11.2011

Tehran Əlişanoğlu. Bu bir inqilabi ədəbiyyat proyekti idi


Mirzə İbrahimovun 100 illiyinə
Bir müddət əvvəl xeyli geniş auditoriyalar Elçinin “Sosrealizm bizə nə verdi?” məqaləsində irəli sürdüyü çoxmənalı suala pozitiv–neqativ cavab axtarışlarına çıxmışdı. Mənimcə, Ədəbiyyat müstəvisində cavabların ən sadəsi bu: sosrealizm bizə XX əsr ədəbiyyatını verdi. Artıq bir neçə ildir ki, ölkə başçısının fərmanı ilə klassik ədiblərimizin: Səməd Vurğunun, Süleyman Rüstəmin, Mir Cəlalın, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsən Ələkbərzadənin və bu gün – Mirzə İbrahimovun 100, 110 illik yubileylərini keçiririk. Tərəddüdsüz deyə bilərik: bu yazıçıları bizə məhz sosrealizm ədəbiyyatı vermiş.
Üstündən zaman keçir, Ədəbiyyat dövrün ideoloji və konyuktur yüklərindən azad olur, silkinib-çıxır və biz sosrealizm ədəbiyyatına da sənət kimi, XX əsr ədəbiyyatının yetirdiyi-yaratdığı sənət təzahürlərindən biri kimi baxmağı öyrənirik.

Bu vaxt sənətin, ədəbiyyatın əbədi tələblərinə hər yaradıcılıq dözmür. Bu mənada Mirzə İbrahimov XX əsrin inqilabi sənətlərindən sayılan sosrealizmi yüksək ideya-bədii örnəklər səviyyəsində təmsil edən az yazarlarımızdandır; hətta deyərdim, bu əsnada elə məqamlar-keyfiyyətlər vardır ki, yeganədir-təkdir-alternativsizdir. 
Mirzə İbrahimovun bir yazıçı kimi: nasir və dramaturq olaraq, 1930-cu illərdən 1990-cı illərəcən nəhəng bir dövrü ehtiva edən miqyaslı yaradıcılığı – üç epoxal romanı (“Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”), yeddi pyesi (“Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar”, “Bəşərin komediyası”), çoxsaylı hekayə və povestlərindən seçmələr bütövlükdə XX əsr ədəbiyyatımızın mərhələlərini, eniş-dönüş və yüksəlişini təcəssüm etdirir, bu ədəbiyyatın parametrlərini, səciyyə və keyfiyyətlərini yaxından duymağa-anlamağa, təhlil və dəyərləndirməyə vəsilə olur.
Mirzə İbrahimov zəngin və son dərəcədə konseptual yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatını nəinki təmsil və simvolizə edir, tipoloji mənada o, həmçinin XX əsr ədəbiyyatımızı yaradanlardandır. Bu gün bəşəriyyəti titrədən qlobal ziddiyyətlər və humanizm ideyalarının böhranı fonunda yenidən 1920-30-cu illərin inqilabi sənət təcrübəsinin öyrənilməsi, o cümlədən sosrealizm ədəbiyyatının təhlilinə maraq heç də təsadüfi deyil. 1910-cu – 1930-cu illərin inqilabi ədəbiyyatı da bütünlükdə dünyanı əhatə edən mədəniyyət və ideya böhranı üzərində gəlmiş, bəşəriyyəti dərin ictimai-siyasi və mənəvi kataklizmlərindən xilas edəsi ali niyyət və ideallar zəminində gəlişmişdi. Azərbaycan şəraitinə transfer olunanda üstəlik:  maarifçilik əsrindən qalma ictimai gerilik və sosial şüur problemləri, milli istiqlal və romantizm hərəkatının qabartdığı milli və sinfi savaş məsələləri də bir hədəf, bədii düşüncə predmeti olaraq bunun üzərinə gəlirdi.
Dövrün digər yazıçıları kimi, Mirzə İbrahimov da yeni, inqilabi ədəbiyyata bilavasitə təcrübədən – şeirləri, ilk hekayələri, oçerkləri ilə qədəm qoydu. Proletar ədəbiyyatının aktuallaşdırdığı mövzular: ölkədə vüsət almış nəhəng yeni cəmiyyət quruculuğu prosesi (“Giqantlar ölkəsi” oçerklər kitabında), qadın azadlığı problemi və yeni insan axtarışları (“Zəhra”, “Mələk”, “Yol ayrıcında” hekayələrində), sinfi mübarizə və vətəndaş müharibəsi (“Üfüqlər qızaranda”, “Qaçaq” hekayələrində) motivləri M.İbrahimovun da 1930-cu illər yaradıcılığının leytmotivində duran məqamlar idi.
Dramaturq istedadının görükdüyü ilk “Həyat” pyesində (1935) M.İbrahimov bir yandan teatrda C.Cabbarlı yolunu – yeni cəmiyyət quruculuğunda rupor qəhrəman axtarışlarını davam etdirirdisə, eyni zamanda ideyalar savaşının, “yeni”yə münasibət, “yeni”nin qavranılması-dərki və əməli nəticələrinin səhnədən görünməsi, səslənməsi naminə səylər edirdi. Bu gün bir qədər sxematik təsir bağışlayan kolxoz kəndi uğrunda mübarizənin fonunda pyesdə həmçinin iç savaşları, həyata fərqli baxışların təcəssümü olan insan ehtirasları, fərdi-şəxsi eqoizmlə yeni insanın tapındığı ictimai məfkurə, altruizm sevdası arasındakı münaqişə də yer almışdır ki, bütövlükdə yazıçının ideya çırpınışlarına ayna tutur: “Kommunist ailəsi sənin başa düşdüyün kimi ola bilməz. Sən indi öz istirahətin, şəxsi zövqlərin, pianino, yaxşı döşənmiş evin xətrinə mənim rayona getməyimə qarşı çıxırsan. Bu ən azı xırda burjua meşşanlığından başqa bir şey deyildir. Kommunist hər şeydən əvvəl ictimai bir adamdır. Cəmiyyət qarşısında boynuna götürdüyü vəzifələr onun həyatının məzmununu təşkil edir. Rayon pisdir, rayon mədəniyyətsizdir. Sən yaxşı bilirsən ki, varlığı izah etmək yox, dəyişmək də lazımdır” (Həyatın əri Akifə dediklərindən).
1935-1936-cı il İspaniyada baş verən anti-faşist hərəkatından bəhs açan “Madrid” pyesində (1937) gənc Mirzə İbrahimovun ideya planında mövzuya varmaq hünəri daha da çox heyrət doğurur. Pyesdə dramaturji qanunlara rəğmən xeyli təsviri surət varsa da, yazıçı fərdi sevgi, Vətən məhəbbəti, Azadlıq eşqi və İdeal uğrunda savaş motivlərini toqquşdurmaqla gərgin süjetli səhnə əsəri yaratmış, üstəlik 1930-cu illərin faşizm abhavasını və buna qarşı duran kommunizm ideallarını əyani olaraq Azərbaycan səhnəsindən nümayiş etdirə bilmişdi. “Madrid” pyesi M.İbrahimovun beynəlxalq mövzuda ilk qələm təcrübəsi olsa da, dürüst hədəfə vuran, “dünyanı dəyişməy”ə yönəlik ideya ədəbiyyatının bariz bir nümunəsi idi. Bununla belə, yazıçı-dramaturqun 1930-cu illər əsərləri hələ sırf bədii təcrübə və axtarışların nəticəsi olub, stixiya ilə gəlişən sosrealizmin təzahürü sayıla bilər.
Bir yazıçı kimi yaradıcılığının yetkin dövrünə Mirzə İbrahimov 1940-cı illərdən, daha çox II Dünya müharibəsindən sonrakı əsərlərində başlayır və heyrətamiz bir sabitliklə bir dəfə müəyyənləşdirdiyi ideya-bədii normalar daxilində onu daim inkişaf etdirir. 1940-cı ildə “Sosialist realizmi haqqında” məqaləsində Mirzə İbrahimov yazırdı: “Sosialist ədəbiyyatı və incəsənəti həm mündəricəsi, həm də forması etibarilə tarixdə yeni keyfiyyətli sənətdir. Onun tərənnüm etdiyi ideallar insan tarixinin yekunudur, bəşərin uzun axtarışlarından, ağır mübarizəsindən, yüksək və təmiz xəyallarından doğmuşdur. O, uzun əsrlər boyu yaranmış bəşər mədəniyyətinin və klassik bədii yaradıcılığın davamı, yeni yüksək mərhələsi kimi meydana çıxmışdır, sosializm qurucularına böyük zövq, sonsuz sevinc verir, yaradıcı insanı, azadlığı, xoşbəxtliyi və ədaləti tərənnüm edir. İnsanı böyüdən, ucaldan tarixi həqiqət onun mündəricəsidir. O, azad əməyə şərqilər demək, azad insanın əməllərini tərənnüm etmək, fikirlərdə köhnə, mühafizəkar və mürtəce qalıqları atəşə tutub öldürmək üçün yaranmışdır…”
Məqalədə səslənən fikirləri bütövlükdə yazıçının yaradıcılıq manifesti hesab etmək olar. Realizmi sosrealizmdən fərqləndirən xüsusiyyətlərin aydın və təfərrüatlı izahı  müəllifin yeni yaradıcılıq metodunun mahiyyətini dərindən idrak etdiyinə sübut idi: “…sosialist realizminə görə varlığa sadiq olmaq o deməkdir ki, hadisələrin daxilinə nüfuz etməyi, qabaqcıl meyli göstərməyi, inkişafa canlı təsir etməyi bacarasan”. Əlbəttə, həmin normativ prinsipləri qəbul və dərk etmək bir idi, bədii təcrübədə buna nail olmaq, örnəklərini yaratmaq isə daha çətin. Belə ki, İdeallar gerçəklərə hər yerdə uyğun gəlmirdi və bu zaman sosrealist sənəti idealın tərəfində durmaya bilməzdi. Çün yazıçıya görə: “Sosialist realizmi sənətkardan real varlığa sadiq olmaqdan başqa, ona fəal əlaqə bəsləməyi də tələb edir”.   
Gerçəklərin girdabında batıb-qalmağı sevməyən Mirzə İbrahimov qələmi məhz bəşəriyyəti zənginləşdirən, milli insana, xalqa, cəmiyyətə bilavasitə xidmət edən ideyalı əsərlər yaratmaq yolunu tutdu. Gerçəkləri olduğu kimi qələmə almaq bu zaman sənət üçün keçilmiş mərhələ sayılır, tənqidi realizmə qayıdış kimi qiymətləndirilirdi. “Sosialist realizmi dərin məzmunlu, yüksək ideyalı sənət yoludur. Hər bir əsərin qəhrəmanı o zaman böyük və əzəmətli bir dağ kimi yüksəlir ki, onun başı dərin fikirlərlə dolu olsun, uğrunda mübarizə apardığı ideallar xırda olmasın, ehtirasları bizim də qəlbimizi həyəcana gətirib qanımıza od salsın”.
Odur ki, yazıçı İdeala yaxın yerlərdə olmağa çalışır, gerçəklər içindən İdealı görüb də, təcəssümləndirməyə, yaratmağa can atırdı. 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən demokratik hərəkat, Azərbaycan xalqının milli azadlıq mübarizəsi məhz belə bir amalı ifadə edən hadisələr idi. “Gələcək gün” romanında və əsasən 1946-47-ci illərdə qələmə aldığı “Cənub hekayələri” silsiləsində Mirzə İbrahimov bu hərəkatın canlı obrazını yaratmağa nail olur. Uğur ondadır ki, yazıçı bu hekayələrdə avtobioqrafik çizgiləri İdealı ifadə edən qəhrəman axtarışları ilə birləşdirə bilir. Belə ki, oxucu həm hadisələri yaxından müşahidə etmiş təhkiyəçi-obrazın bilavasitə yanaşması-bölüşməsi, düşüncələri fonunda, həm də onun təqdim elədiyi qəhrəmanların canlı mücəssəmində Cənub hadisələrinin birbaşa iştirakçısına çevrilir, fəci mündəricəsinə varır; eyni zamanda nisgil-kədər notları ilə yanaşı, romantik-qəhrəmanlıq pafosu bu məzmuna nikbin faciə səciyyəsi aşılayır. Mətn boyu Azərbaycan, Təbriz, Vətən vurğularının təkrar-təkrar qabarması məhz milli İdealın təcəssümünə xidmət edir və bu baxımdan  “Azad”, “Tonqal başında”, “On iki dekabr”, “İztirabın sonu”, “Salam sənə, Rusiya” kimi örnəklər bugün də bədii təsirini qoruyub-saxlayır.  
 
Roman – geniş panoram istəyən janrdır; ilk romanından Mirzə İbrahimov janrın tələblərini dürüst anladığını nümayiş etdirir, “Gələcək gün”də II Dünya müharibəsi ərəfəsindən başlayaraq Cənubi Azərbaycan və İran həyatında cərəyan edən hadisələrin mənzərəsini müxtəlif zümrələrdən: fəhlə-kəndli-ziyalı təbəqələrindən şah xanədanınacan seçdiyi obrazların mücəssəmində təqdim edir. Məqsəd – Vətənin sabahına açılan Gələcək günün konturlarını yaratmaq, perspektivlərini analiz etməkdir. “Gələcək gün”ün uğurunda, təbii ki, XX əsrin inqilabi romanlarının, xüsusən də Maksim Qorkinin “Ana” əsərinin təsiri rol oynamışdır. Romana “Ana”dan epiqraf verməklə, daha sonra əsas qəhrəman Fridunun “Ana”nı oxuması, ondan öyrənməsi və əsəri təbliğ etməsi səhnələrində müəllif özü də sanki həmin məqamı təsdiqləmiş olur. Amma 1949-cu ildə ilk nəşrindən sonra, yeni variantda günümüzəcən daha beş dəfə işıq üzü görmüş, ən müxtəlif nəsil oxucu auditoriyalarına sirayət etmiş “Gələcək gün”ün əsas müvəffəqiyyətini məlum inqilabi romanları təqlid etməsində aramaq gülünc olar.
Həyat həqiqətləri ilə sıxı bağlı olan roman genişliyi yalnız o zaman bəraətini tapır, orijinallıq qazanır ki, yazıçı mövzunun məğzini açır, mahiyyətinə vara bilir. Bu isə   çoxyönlü və daxili konfliktlərin yaratdığı dərinlərə girmək, mürəkkəb hadisələrin bədii dərkini-çözümünü vermək deməkdir. Belə ki, hadisə-süjet planında hərəkətverici amil kimi sinfi mübarizədə israr olunsa da, mahiyyətcə romanda bu cəhd İran həyatının ziddiyyətlərinə ayna tutmaqla nəticələnir. Fridunun geneoloji şəcərəsi Pavel Vlasovdan çox, milli ədəbiyyatdakı maarifçi qəhrəmanlara gedib çıxır; çün romançının səylərinə rəğmən, milli varlığın özündə məhz maarifçi səviyyə qabarıqdır; o da təsadüfi deyil ki, bütün Azərbaycan inqilabi romanlarında proletar sinfinin işini mündəricə etibarilə məhz maarifçi qəhrəmanlar həyata keçirir. Maraqlıdır ki, “Gələcək gün” romanında rupor qəhrəmandan çox, yazıçı başlanğıcı işləyir; bir paradiqm kimi: İranın taleyinə içdən baxış və beynəlxalq aləmdə İran ətrafında oynanılan oyunların üz-üzə gətirilməsi yazıçının mövzunu necə də səhih bildiyini, dürüst və düzgün qiymətləndirdiyini ortaya qoyur. Romanın bu gün də oxunaqlığının sirri, yəqin ki, elə bundadır.
Mirzə İbrahimovun böyük romançılıq istedadı eyni qədər də ikinci – 1952-57-ci illərdə qələmə aldığı “Böyük dayaq” romanında görünür. Romanın zamanında, Stalinizm və şəxsiyyətə pərəstiş dövrünün əyintilərinə qarşı aktuallığı, ideya-məzmun təzəliyi, qoyulan xalq və rəhbər probleminin önəmi, kənd həyatının və milli insanın təsvirində yenilikçilik ruhu barəsində çox fikirlər söylənmişdir. Ədəbiyyat tariximizdə təkrarsız yeri barəsində akademik Bəkir Nəbiyevin sözlərini xatırlatmaq kifayətdir: “1950-60-cı illər Azərbaycan nəsrinin inkişaf meyllərindən, onda əmələ gələn yeni keyfiyyət dəyişikliklərindən söhbət gedərkən bu dövrün ilk sanballı romanları sırasında M.İbrahimovun “Böyük dayaq” əsəri nəzərimizdə canlanır. Bu əsər cəmiyyətimizin həyatında, xüsusən Azərbaycan kəndində, onun insanlarının şüurunda və xarakterində özünü göstərən əhəmiyyətli yenilikləri geniş epik planda əks etdirən ictimai-psixoloji romandır”. 
Bugünün müstəvisindən baxanda “Böyük dayaq” romanının yaşarı keyfiyyətləri daha bariz görünür. Doğrudur ki, roman Stalinizm qalıqlarının aradan qaldırılması fonunda Azərbaycan kəndinin, kolxoz həyatının ziddiyyətlərinə ayna tutur. Amma başlıca uğur ondadır ki , yazıçı mövzunu sadəcə aktual gündəmdən almaqla qalmır, xalq həyatının mündəricəsinə köklənərək, romanı, necə deyərlər, xəlqi realizm üzərində qurur. Və bununla da o zamanlaracan təsərrüfat darıxdırıcılığından sıxılan “istehsalat romanı” janrını birbaşa mənəvi konfliktlər üzərinə keçirir.
Belə ki, 1950-ci illərdən başlayaraq Azərbaycan həyatında həm də  milli dəyərlərin, əxlaq və münasibətlərin növbəti dəfə müasirlik sınağına çəkildiyi dövrdür. Bu işıqda yazıçı məxsusən Ağsaqqallıq kultunu təhlilə cəlb edir, romanın baş qəhrəmanı Rüstəm kişi sosializm və təsərrüfat münasibətləri müstəvisində nə qədər büdrəyirsə də, eyni qədər də milli-mənəvi səbatı ilə sarsılmaz olub, hər cür ifrat yenilikçilik mərəzinə tutulanlar qarşısında bir sipərə çevrilir. Heç təsadüfi deyil ki, romanın sonrakı taleyində bədii uğurun rəhni olaraq “böyük  dayaq” rolunu heç də Rüstəm kişinin, ətrafında uğraşdığı sosializm quruculuğu savaşı  deyil, məhz saf-mənəvi xarakteri, əsl kişi, ata, patriarx simvoluna çevrilməsi oynayır. Bu mənada Rüstəm kişi obrazı həqiqətən də sonradan, 1960-80-ci illər nəsrində yaranan çoxsaylı Kişi və patriarx obrazlarının önündə durur, hətta örnək məqamında həmin ziddiyyətli xarakterləri üstələyə də bilir. Yazıçının ssenarisi ilə roman əsasında çəkilmiş “Böyük dayaq” filminin bu gün də milli həyat barəsində ən gözəl ekran əsərlərindən biri kimi seyr edilməsi bunun əyani təzahürüdür.
“Böyük dayaq”da roman konfliktini uğurla əlində cəmləyən obrazlardan biri də Yastı Salmandır; ətrafında olan Yarməmməd, Lal Hüseyn, Kələntər, Nazlı ilə birgə romanda o, gerçək-qara-qaranlıq qüvvələri təmsil edir. Bu obrazı ayrıca qabartmağımın səbəbi var. Məsələ burasındadır ki, sosializm realizmi sənəti dəyişən həyatın fonunda hər dəfə qara-qaranlıq qüvvələrə qarşı duran müsbət idealı yenidən, bir daha, zaman konkretliyi zəminində kəşf etməli olurdusa (Rüstəm kişi də bunun timsalıdır), mənfi ehtirasların məxrəcini həyatdan-gerçəklərdən, məhz olduğu kimi alır-götürürdü. Əgər əməl dostları birmənalı olaraq bu və ya digər əxlaqi naqisliyin: ikiüzlülüyün, hiyləgərliyin, yaltaqlığın, mənəm-mənəmliyin, zorun, mənəvi pozğunluğun və şəhvətin, böhtan və şərləmənin mücəssəmidirsə, Yastı Salman cəmisini birdən xarakterində toplayır. Üstəlik, əsl buqələmun kimi bütün bunları daxilində gizləyərək, müsbət pozisiyada çıxış edir, öz adını başqalarına qoyaraq, başqalarına xas müsbət keyfiyyətləri həyasızcasına özünə yaraşdırır, bu ad altında oynamağa başlayır.
Şərtən “Yaqo sindromu” adlandırdığım bu cəhətə diqqət ümumən Mirzə İbrahimovun yaradıcılıq poetikasında mühüm yer tutur, dramaturji və nəsr əsərlərinin konflikt əsasını müəyyən edir. Hələ 1930-cu illərin repressiya-təzyiq-təqiblər mühitində həssas yazıçı müşahidəsi ilə Mirzə İbrahimov Şekspir ehtiraslarına xas bu xarakteri günün insan mənzərələri içrə görüb qeydə ala bilmişdi. “Həyat” pyesində Yaqo qolçomaq Süleyman qiyafəsində peyda olur və  rupor qəhrəman Həyatın plakat-çağırışlarından daha çox, pyesin dramaturji mündəricəsinə təkan verir. “Madrid” pyesində o, faşist Almaniyasının casusu Henrixin simasında təzahür edir, anti-faşizm düşərgəsinə soxularaq, təxribatları ilə ispan xalqının müqavimətini qırmağa çalışır. Onu tanımaq çətindir, çün sözdə hamıdan çox vətənpərvər və mübariz, mənimsədiyi ada layiq görünür.
“Etibar” hekayəsində (1940) yazıçı “Yaqo sindromu”nu daha yaxın məsafədən, sevgi, dostluq, xəyanət və sədaqət münasibətləri zəminində seyr edir. Hekayədə sosializm cəmiyyətinin üstünlüyünü təsbit edən sadə bir azərbaycanlı ailəsinin tarixçəsi diqqət hədəfindədir. Ta o zamanacan ki, ailəyə Yaqo xislətli bir “dost” müdaxilə edir; saf sevgi və etibar üzərində qurulmuş ocağı birbaşa söndürə bilməsə də, ictimai gerçəklərdə yuva salmış qara niyyətli dostlarının köməyi ilə gənc ailəni min bir məşəqqətə sürükləyir. Beləliklə, yazıçı keçərilikdə əbədi insan motivlərini görür-qabardır, günün mövzuları içində mənalandırmağa çalışır. Xəbislik, paxıllıq, böhtan özlüyündə deyil, – çün bu mərəzlər insan xislətində əsrlərcə olmuşdur, – ona qarşı dura biləsi müsbət alternativin, idealların olmadığı halda daha qorxuludur.
Ailə-məişət mövzusunda qələmə alınmış “Kəndçi qızı” (1962), “Yaxşı adam” (1963-64) pyeslərində qoyulan məsələlər əbədiyyət sınağı baxımından nisbətən maraqsız, xırda problemlərdir. Halbuki komediya janrında olan bu əsərlərdə də yazıçı-dramaturqun niyyəti müasir insanın həyatında yer almış saxta ehtiraslara gülmək, müsbət örnəklər işığında onu islah etməkdir. Daha bir – “Bəşərin komediya”sında (1978) Mirzə İbrahimov yenidən əbədi mövzulara üz tutur, bu dəfə dahi gülüş ustası Molyerdən aldığı motivlər əsasında bu gün də korşalmaq bilməyən, əksinə, daha da şiddətlənən Don Juanlıq xislətini təşrih və ifşa edir. 
Danılmaz bir həqiqətdir ki, XX əsr Azərbaycan həyatının sabah perspektivlərinə işıq saçan, yol açan iki tarixi yanaşma olmuşsa, birisi böyük ictimai-siyasi xadim və ədib Nəriman Nərimanova məxsusdur. Bütün eniş-yoxuşlarına, səhvlər və yanlışlara, faciə və qurbanlara baxmayaraq, Azərbaycan cəmiyyəti bu layihə hesabına 70 ilə qədərlik bir məsafə qət etmiş, irəliləmişdir. Nəriman Nərimanov ideallarına inananlardan və bu yola axıracan sadiq qalanlardan biri də Mirzə İbrahimov olmuşdur. 1971-ci ildə ilk hissələrini bitirdiyi iri həcmli “Pərvanə” roman-trilogiyasında yazıçı qəhrəmanı Nəriman Nərimanovun həyatı fonunda XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın taleyini məhz həmin tarixi layihə işığında bədii tədqiqə cəlb edir. Trilogiyanın əvvəli yalnız milli keçmişə dair, XX əsrin başlanğıcına qədər olan dövrü ehtiva edir; sonrakı hissələri bitirməyə, görünür ki, yazıçının iradəsindən daha çox, kommunist ideallarla bağlı layihənin özünün tədricən iflasa uğraması mane olmuşdur. 
Eləcə də “Közərən ocaqlar” pyesində (1967), proloq və epiloqda “Azərbaycanı Şərqdə nümunəvi Sovet respublikasına çevirmək” ideyası ani işıqlansa da, yazıçı-dramaturq ictimai-siyasi mübarizələrin mürəkkəb çulğaşığına baş vurmağa ürək eləmir, N.Nərimanovun inqilabi fəaliyyətinin ilkin, saf  və hələ ziddiyyətlərdən uzaq maarifçi ideallar dövrünü səhnəyə çıxarır.
Mirzə İbrahimovun yaradıcılıq üslubunu yüksək ideya, aydın qayə və sənət bitkinliyi xarakterizə edir. O, sosializm ideyalarına, kommunizmin sabahına inanaraqdan qələm işlədir. Həm də bu ideyalar yazıçının yanaşmasında lokal səciyyə daşımır, o, qəhrəmanlarını sosial zülmə, əsarətə, müstəmləkəçiliyə qarşı mübarizənin qalxdığı hər yerdə axtarır. Hindistan həyatından bəhs açan “Çandranın üsyanı” (1953) və yaxud İran həqiqətlərindən söz açan “Fırtına quşu” (1966) povestlərində olduğu kimi. İdealın gerçəkləşməsi, ideal uğrunda çarpışma romantik qəhrəman istəyir. Əcnəbi ağalığına qarşı üsyan qaldırmış Çandra və bütün varlığıyla sosial ədalətsizliyə meydan oxuyan Xosrov Ruzbeh məhz ömrünü mübarizəyə vermiş insanlardır. Hər iki povestdə dürüst tapılmış təhkiyə planı, ideal və gerçəkçi baxışların dramatik dialoqu mübarizənin xarakterini, qəhrəmanların qeyri-adi gücünü, hünərini yaxından duymağa-görməyə vəsilə olur.   
Mirzə İbrahimovun yazıçı istedadı hər bir zəmanə ilə ayaqlaşmasında da görünür; zamanın tələbləri ilə barışdığı kimi, hər zaman ondan yüksəkdə durmağı da bacarır. Ədibin əsərlərini nəzərdən keçirərkən, məsələn, belə paradoksal faktlarla rastlaşmaq olar. Eyni bir 1960-cı ildə o, üç hekayə qələmə almışdır: “İnsan ürəyi haqqında”, “Pəri xala və Lenin”, “Mədinənin ürəyi”. Birinci hekayə istehsalat mövzusunda, neft mədənlərində çalışan insanların həyatından bəhs açan, əslində, publisistik oçerkdir. İkinci hekayə təbliği səciyyə daşıyır, ədəbiyyatda proletar rəhbəri obrazına diqqət cəlb etmək üçündür. Və yalnız üçüncü hekayə yüksək sənət səviyyəsində olub, mənəvi insan probleminə toxunur. Bununla da sanki yazıçı istedadının gücü ilə normativləri təyin etməyə, necə yazmaq olar – prinsiplərinə (eləmi?, beləmi?, ya da: qoy olsun belə!) cavab verməyə səy edir.
Axı 1960-cı illərdən başlayaraq, milli ədəbiyyatda köklü dəyişmələr hiss olunur. Ədəbiyyatın mövzu-problematika, hətta ideya planı dəyişir. Bu zaman yeniləşmə, müasirlik axtarışları ilə bahəm, milli insanın özəl keyfiyyətlərini kəşf və təsbit etmək də vacib idi. “Mədinənin ürəyi” məhz bu ideya dalğası üzərində yaranmış əsərlərdəndir. Ümumən, Mirzə İbrahimovun bədii yaradıcılığında qadın mövzusu, həyata ən zərif nöqtədən – qadın-kişi münasibətlərinin incəldiyi məqamdan nəzər salmaq motivi çox işləkdir. Bunu biz yazıçının ilk hekayələrində də görürük, “Həyat”, “Məhəbbət” pyeslərində də, “Böyük dayaq” romanında da. Hekayədə Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı olan Mədinə ürəyində ani olaraq yad kişiyə, bir zaman bir yerdə oxuduğu rəssama qarşı baş qaldırmış sevgi duyğularını boğub, ailə sədaqətini qoruya bilir. Çox mənalıdır ki, gərgin psixoloji yaşamlara səbəb olan bu duyğuları faş edən məhz sənət əsəri – rəssamın çəkdiyi portret olur; qəhrəman həmin portreti tamamlamağa fürsət vermir. Bugün yad təsirlərlə qadınlığın və qadının keşiyində dura bilməyən kişi əxlaqının ifrat aşındığı nöqtələrdə milli xarakterin üstünlüyünü nümayiş etdirən bu növ örnəklər necə də vacibdir!
Ümumən, düşünürəm ki, Mirzə İbrahimovun romanlarının təkrar nəşri, habelə seçmə hekayə və povestlərindən ibarət toplusunun çapı bu gün çox vacibdir. İlk növbədə yazıçının Millət və Ədəbiyyat qarşısında xidmətlərini görükdürmək üçün. Həm də elə həmin irsdən Oxucu auditoriyalarının gərəyincə bəhrələnməsi üçün.

kultaz.com

Комментариев нет:

Отправить комментарий