04.12.2011

Film, film, film…


İbrahim Sel                                                

 İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün
                  
“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”

III yazı

 İndi isə sizi dünya kinosunun şedevrləri ilə tanış etməsək, insafsızlıq olardı. Əgər zövqlə çəkilmiş kino istəyirsinizsə, aşağıdakı rejissorların filmlərini hökmən prokatdan, ya da internetdən tapıb baxmağınız məsləhətdir.
1.KVENTİN TARANTİNO. Tamaşaçılar Tarantinonun hər yeni filmini səbrsizliklə gözləyir və gec-gec çəksə də, aydın səmada top atəşi kimi qarşılanır. Əsasən Con Travolta, Uma Turman, Harvi Keytl, Tim Rot, Samuel L.Cekson kimi aktyorları çəkir.

Bu aktyorların çoxu narkomaniya və alkoqolizm girdabına yuvarlanmış, onları məhz Tarantino xilas edərək ulduza çevirmişdir. Filmlərinə özü də çəkilir. “İşverən”, “Dörd otaq” filmləri yadda qalmışdır.
 Məşhurdan da məşhur “Kriminal qiraət” filminə baxmamaq günahdır, aşağısı dünya mədəniyyətindən bixəbər olmaq deməkdir (Adi onu götürək ki, bu filmdən sonra xanım Uma Turmanın saç düzümü bütün dünyada dəb düşdü). “Kriminal qiraət” (Pulp Fiction) Kventin Tarantinonun şah əsəri, adı 20-ci əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Samuel L.Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Uolles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribyutoru Miramax Films-dir. Filmdə Xarvey Keytl ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, əlamətdardır ki Tarantino özü də balaca “prikol” bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. 154 dəqiqə davam edir. Birinci fraqmentdə iştirak edən motiv sonuncu fraqmentdə aşkara çıxır, ikinci fraqment əks-sədasını sonuncudan əvvəlkində tapır və s. Əladır. Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazanmışdır. Ən yaxşı film mükafatına da namizəd göstərilmişdi. Büdcəsi 8,5 milyon, dünya gəliri isə 212,9 milyon dollardır. Hadisələr Los-Ancelesdə baş verir. Filmdən bir neçə epizod, xüsusən Veqa və Mianın tvist rəqsi, habelə pencəklərdə və tapançalarla dayanmış Veqa və Vinnfild məşhur olub. Saundtreki yoxdur, Tarantino rok-n-roll, soul və pop mahnıların eklektik qarışığını işlətmişdir.
 İki seriyalı “Billi öldürməli” filminin gedişində Uma Turmanın yaratdığı “Nişanlı qız” arxasınca qanlı izlər buraxır. Adətən nə vaxtsa Brüs Linin geydiyi kimi sarı kombinezon geyinib. O, rejissor Kventin Tarantinonun fəxri olan “Gürzə qatillər” sırasından olan aldadılmışlardandır. Filmdə Uma Turman 88 dəli banditi məhv eləyir və Deril Xanın oynadığı rəqibinin olan bir gözünü də çıxarır.
2.ROBERT RODRİQES. “Qoca öldü ki, cavan yaşasın. Ədalətli mübadilədir”. Modern yazıçı Nərmin Kamal öz köşələrində bu rejissorun filmlərindən bol-bol sitatlar verir. İspan mənşəli dahi rejissor neo-filmin yaradıcısıdır. Onun “Günahlar şəhəri” filminə baxmanız məsləhətdir. Əlbəttə, əgər əsəbləriniz yerindədirsə.
3.MARTİN SKARSEZE. Ənənəvi Hollivud filmlərinin ideal formasına baxmaq istəyirsinizsə, bu rejissorun filmlərinə müraciət edin. Epizodlarda əsl mafiozları çəkməsi ilə yadda qalıb. Məşhur “Kazino” onun məhsuludur. Roberto De Nironu, Al Paçino kimi “kinodiv”ləri filmlərinə dəvət edir.
4.BARON LARS FON TRİER. Danimarkalı aristokrat film çəkmək qərarına gəldi və dünya kinosunda inqilab etdi. Onun adi həvəskar əl kamerasıyla və əyalət aktyorlarının köməyilə çəkdiyi “Dalğaları dəf edərək” («Рассекая волны») filmini tapsanız, bir qucaq göz yaşı axıdacaq və aldadıldığınızı düşünərək hind filmlərinə bir də baxmayacaqsınız. Film bütün mümkün olan mükafatlara layiq görülüb. Sonunda zəng səsləri eşidilir, ona diqqətlə qulaq asın və düşünün.
5.CİM CARMUŞ. Yazarlar, bu məşhur Qərb rejissorunun “Kabus it: Samurayın yolu” filmini siz hökmən tapın. Aktyor Forest Uitakerin oynadığı “Kabus it” hər şeydən yaxşı xəlvətcə evə girməyi və oradan getməyi bacarır. Amma trillerin qəhrəmanı çardaqda göyərçinlərlə gün keçirəndə və “Samurayların kitabı”nı oxumaqla da özünü rahat hiss edir, eləcə də ancaq fransız dilində danışan dondurma satanla boş-boş şeylər haqqında danışanda.
 Bu rejissorun digər maraqlı filmi “Nəzarətin son həddi”dir. Bu film andeqraund Qərb kinosunun ən maraqlı filmidir desəm, yəqin ki yanılmaram. Filmdə çağdaş Qərbin mənəvi kommunikasiya sistemi, təfəkkür siqnallarının süqutu çox gözəl təsvir olunur. Qısaca məzmunu belədir ki, qaradərili peşəkar aktyor İsaak De Bankolenin canlandırdığı baş qəhrəman yüksək səviyyəli killerdir. Parisin Şarl de Qoll hava limanında onunla iki nəfər söhbət edir. Tapşırıq çox məxfi olduğundan
onunla əlaqə adi kommunikasiya vasitələri ilə deyil... mistik bir yolla həyata keçiriləcək.
 Bəli, Qərb dünyasında bütün kommunikasiya xətləri- telefon, internet şəbəkəsi, otellər, nəqliyyat yolları, bir sözlə, nə varsa tam nəzarət altındadır. Hünərin var onlardan yan ötüb düşmənini qətlə yetirməyi bacarasan. Qaradərili aktyor De Bankolenin canlandırdığı peşəkar killer, məhz ən müasir kommunikasiya sistemlərindən yan ötə bilsə, tapşırığı həyata keçirəcək.
 Bax burda! Kinorejissorun əlinə gözəl bir fürsət düşür ki, bütün Qərb aləmini, onun oturuşmuş ənənələrini inkar etsin. Qaradərili adsız killer, ənənəvi dedektiv qəhrəmanları kimi, otel foyelərində gəzişmir. Agent 007 Ceyms Bond kimi qadınlara özünü sevdirmir. De Bankole orta əsrlərin dastan qəhrəmanı kimidir. Rastlaşdığı mənzərələri ona göndərilmiş rəmzi işarələr kimi qəbul edir. Dastan qəhrəmanlarına rəmzlər Allahdan gəlirdisə, De Bankoleyə bu işarələri onun sifarişçiləri göndərir sanki. Qaldığı kimsəsiz mənzillərdə o, həmişə bir qəsr qülləsinin kiçik modelini görür... Sifarişçilər ona həmişə müxtəlif vasitəçilər yoluyla bir kibrit
qutusu göndərirlər. De Bankole qutudakı kağız parçasına həkk olunmuş şifrələri oxuyub sonra onları ağzına atıb udur. Rejissor öz qəhrəmanını film boyu bircə dəfə də olsun belə yedirtmir. Biz onu ancaq kafelərdə görürük. İçdiyi isə bir deyil, iki fincan kofedir. Yalqız qəhrəmanın kafelərdə həmişə özünə bir deyil, iki fincan kofe sifariş etməsi, kafe qarsonlarının ənənəvi qavrama kodunu pozur. Lakin bununla qəhrəman təkcə qarsonların beynində deyil, həm də adi kinotamaşaçılarının zehnində də qısa qapanma yaradır. Məntiq pozulur. Əvəzində mistika yaranır. Həmin mistikanın köməyilə qəhrəman axırda gedib öz qurbanını tapır. Bu, yüksək rütbəli bir Amerika məmurudur. O, televerilişlərə heç vaxt baxmır, ancaq müşahidə videokamerasına zillənir ki, birdən, sığınacağına De Bankole kimi bir killer girdi!
 Lakin həmin killer De Bankolenin simasında nəhayət gəlib onu tapır. Bütün məntiq dünyasını, bütün kommunikasiya sistemlərini tam nəzarət altında saxlayan bu amerikanlı otağa girincə parikini çıxarıb onu skeletin kəlləsinə
atır. Lakin məntiq dünyası qarədərili qəhrəman tərəfindən dəf edilib. Əcəli yetişib həm bu məntiq dünyasının, həm bu gizli Amerika məmurunun. Amerikalı məmur, De Bankoleni görüncə yenə çaşmır- axı o oturuşmuş məntiqə, öz cangüdənlərinə çox güvənir, inanmır ki kimsə gəlib onu qətlə yetirə bilər. Hətta qatil onu violençel simiylə boğanda belə bu amerikalı öləcəyinə inanmır. O həmin an öz qatilinə bir söz deyir:
-Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz...
 Buna cavab olaraq De Bankole:
-Mən televizora baxmıram,- deyir. Əlindəki violençel simini məmurun boğazına keçirib sıxır. Bu sim, elə belə sadə sim deyil, onun da tarixçəsi var- İspaniyada bir cür səyyar skripkaçılar varmış, “uiçelli” adında. Bütün digər simləri qıraraq, bircə sim saxlayarmışlar öz skripkalarında. Bircə... bəli, bircə sim üzərində ifa edərmişlər öz ürək çırpıntılarını. Sonra bu teli killerlərə verərlərmiş ki... ən əclaf zalımin boğazına onu dolasınlar. Beləliklə, başdan ayağa mistika!
 HAŞİYƏ: Bu sözü yuxarıda təkrarlardım ki, bizim TV tamaşaçıları dünyanı nədi, heç Azərbaycanı dərk edə bilməzlər.
6.AYS KYUB. Dünyada ən çox sevilən zənci rejissorudur. Baş rolu özü oynayır. “Cümə günü” filminə baxsanız, tipik zənci rayonunun problemləri ilə tanış ola bilərsiniz. Əlbəttə ki əgər gülməkdən başınızı qaldırıb düz tuta bilsəniz. Başqa bir filminin isə uzun və qəribə adı vardır: “Öz məhləndə oturub meyvə şirəsi içərkən cənub mərkəzinə hədə-qorxu gəlmə”.
 Daha bir neçə film vardır ki, onlar haqqında danışmaq yerinə düşərdi.
 Aktyor Jan Renonun baş rolu oynadığı, 1994-cü il istehsalı olan “Leon” filminə baxın. Qatillik və tənhalıq illəri Nyu-Yorklu yorulmuş qatil Leonun xarakterində izlər buraxır. Onun ən yaxşı dostu fikusdur, boş vaxtlarında isə 12 yaşlı yetim Matildanın zülmünə dözür. Amma bunlara baxmayaraq, Leon öz qurbanları ilə çox “effekili” işləyir, onları professionallıqla məhv edir. Onun tavandan sallanaraq iki pistoletdən atəş açması səhnəsinə valeh olacaqsınız.
 1990-cı il istehsalı olan “Onun adı Nikita idi” filmi də dəyərli sənət əsəridir. Bütün silahlı qız-qatillərin xələfi, hamının onun izi ilə getdiyi Nikita aktrisa Ann Pariyonun ifasında post-pankt epoxası üçün əsl tapıntı oldu. Filmin əvvəlində o, ağılsız sağalmaz narkoman olsa da, sonradan möcüzəli superagent Genri Xiqqins (Ceki Kario) onu qətl üçün zərif və seksual maşına çevirir. Onun daha az dinamik olan “boyfrendi” Marko (Jan Yuq Anqlad) adətən bu gözəl qızın güclü snayper tüfəngi ilə hansısa xarici məmuru ayaqyolunun qapısında öldürdüyü vaxt səbrsizlikdən deyinə-deyinə onu gözləyir. Obrazlı desək, Nikita gələcək məşhur “şər mələkləri”nin anası olmuşdur. 

(Ardı var)

КРИМИНАЛЬНОЕ ЧТИВО - Pulp Fiction

part 1
part 3
part 4
partt 7
part 8
part 9
part 10
part 11
part 12
part 13
part 14
part 15

Комментариев нет:

Отправить комментарий