07.12.2011

Rosiyskiy paren e-mail göndərir

Hafiz Mirzə

( Hər kəsin e-mailinə Rusiyadan şanlı məktublar gələ bilər)

  * Bu yaxınlarda elektron poçt ünvanıma gəlmiş bir məktub diqqətimi daha çox cəlb etdi. Nöşün ki, bu “e-mail” Rusiyada yaşayan soydaşlarımızdan biri tərəfindən yazılmışdı. Mən onu rəsmən tanımırdım. Buna baxmayaraq, məktubu oxuyan kimi gözlərim önündə onun tipik obrazı canlandı: uzun bığlı, damağı siqaretli, köynəyinin yuxarıdan 3 düyməsi açıq, boynundan qalın qızıl zəncir asılmış, qollarında qızıl bilərzik, çiynindən üçqat xətlə uzanan “adidas” gödəkçə, parlaq parçadan şalvar, uzunburun ayaqqabı geyinmiş, gülərkən üst dişlərinin qızıl parıltısı gözə girən, qollarında “Mat Rossiya” tatuyajı diqqəti cəlb edən, qaraşın bir oğlan!

Kənd küçələrindən addımlayarkən qızlar ona sarı baxıb bir-birlərinə göstərir, yeniyetmələr həsədlə “Rosiyskiy paren” adlandırırlar. Amma daha kimsə beləsinə ərə getməyi bəxtəvərlik hesab etmir. Rusiyada “matoru matışkaların evində tökülən” belələri 30-35 yaşlarında kəndə evlənmək məqsədilə qayıdır və guya ki, təmiz qız tapmaq məqsədilə azyaşlılara üstünlük verirlər. Toyun “Üç gün” mərasimindən sonra isə gəlini ata-anasının yanında qulluqçu kimi saxlayıb, geriyə qayıdırlar. Bəydadaş kəndə və gəlinin yanına bir də Novruz bayramında gələcək!
Məktubunu göndərməkdə məqsədi qəzet vasitəsilə bunu hamının oxuması və Rusiyada yaşamağın daha asan olmadığını hamının bilməsi idi. Məktubun nöqtəsinə, vergülünə, nida və sual işarəsinə, hər yerinə toxunaraq, onu abıra salaraq təqdim edirəm:
* Salam, millət! Ursiyatda hələ ki, mənim işlərim əladır! Bazarda yaxşı pul qazanıb verdim oruslara, huquq fakultəsinə qəbul olundum. Sağ olsunlar, pulda bizimkilər kimi qiymət söhbəti eləmədilər. Dərslərə getmirəm. Getsəm, mənim əvəzimə meyvə alverini kim edəcək? Amma deyiblər ki, gələcəyin bir hüquqşünası kimi heç olmasa TV-də (yəni televizorda) xəbərlər proqramına baxım. Baxım ki, savadım artsın. İndi sizə son ayların məlumatını verim, siz özünüz görün ki, burada biz necə çətin şəraitdə yaşayırıq.
Sizin kimi kənddə əmin-arxayın yaşamağa nə var ki!
* Eşitmişik Azərbaycanda “qaişniklər” “aftoş”ların gününü qara edib. Rusiyada isə təyyarəçilər də “aftoşluq” edir. Sentyabrın 07-də Yaraslavldan havaya qalxan YAK -42 təyyarəsini sürənlər görünür təyyarəni iki təkər üstünə qaldırmaq istəyiblər və tormoz pedalını basıblar. Nəticədə təyyarənin qanadı bir qülləyə toxunub, sonra o parçalanıb və gül kimi təyyarə 42 sərnişinlə birlikdə burnu üstə girib çayın dibinə. Vaxtında quruda “aftoşluq” etsəydilər belə nəticə də alınmazdı.
*Rusiya dünya üzrə korrupsiyanın vəziyyətinə görə 1-ci yerə yüksəlib! İqtisadi sahədə çox böyük uğurdur, elə deyilmi? Deməli, Rusiya iqtisadiyyatı ilə çox istedadlı insanlar məşğul olur. Baş çox yaxşı işləməsə korupsiya variantlarını düşünə bilərmi?
* Rusiyanın baş naziri Vladimir Putin Fobes jurnalının araşdırmalarına görə məşhurluq üzrə dünya ikincisi müəyyən edilib. Yəqin ki, prezident təyin edildikdən sonra 1-ci olacaq. Artıq yaraşıqlı qızlar yarıçılpaq vəziyyətdə onun reklamını edir, qeyri-rəsmi təbliğat kompaniyası aparırlar. Həmin bu Putin bəyan edib ki, ölkəyə bütün təklifləri gözüyumulu qəbul edən Dövlət Duması lazım deyil. Duma gərək hər təklifi qəbul etməsin, adına görə hərəkət - “dumat” eləsin, yəni fikirləşsin. Ona görə də indi Dumada oturub fikirləşməyə və şahmat oynamağa başlayıblar. Bəs Azərbaycan Milli Məclisində nə oynayırlar? Hər halda şahmat, domino, şaşki və “poker” oynamırlar. Əgər keçmiş “böyük qardaş”ımızın ağlı ilə hərəkət etsələr və bizim millət vəkilləri növbəti seçkidə seçilməsələr onda gedib millətin vəkili kimi ədliyyə orqanlarında işləyə bilərlər.
* Rusiyada 7-8 adam öldürmüş gillerə xuliqanlıq edərək və ya futbol fanatları arasında dalaşaraq adam öldürən qatildən daha az iş kəsilir. Məsələn, 20 illik həbsin müqabilində onlara cəmi 17 il verilir. Bu halda gillerlərin öz qatillərini futbol fanatları arasında dalaşma zamanı öldürməsi daha sərfəli görünmürmü? Ümumiyyətlə, Rusiyada hər il 10 mindən çox qatil həbs olunur, azadlıqdan məhrum edilir. Bu da yəqin ki, hamısı deyil və gör indi azadlıqda gəzib-dolaşan nə qədər qatil var! Qafqazlılar Rusiyada əski Sovetlər dövründə olduğu kimi keyf etmirlər; əvvəllər rus qızlarının yubkasının arxasınca süründükləri halda indi qatil gülləsinin arxasıyca sülənirlər. Rusiya şəhərlərində qafqazlıların qətli ölüm halı hesab olunmur.
* Rusiya öz gizli və köhnə dostlarını çox asanlıqla, arxasında dayanmadan güdaza verir və beləcə öz etibarını üç qara qəpiklik edir. İraqı işə saldı, sonra arxasından çəkildi. Əfqanistanı da hakaza. Onun çəkildiyi yerlərdə Beynəlxaq gizli qüvvələrin təhriki ilə Qərb dövlətləri ağalıq etməyə başlayır. Tunis də, Misir də, Liviya da elə getdi. Liviya lideri M.Qəddafinin ölüm kadrlarına baxan Putin təkcə burada yaxşı heç nə olmadığını bildirməklə kifayətlənmişdir. Satılmaq növbəsi Suriyanın və İranındır. Bu nə demək imiş? Məncə bu əslində Rusiyanın özünü də əsil rusların idarə etməməsi demək imiş! Sanki bundan kimsənin xəbəri yoxdur. Əslində isə bunu hətta qəbristanlıqlardan təzə gül oğurlayıb bazarlarda satanlar da danışır. Son sözü nəhayət ki, rus xalqı deyəcək. Onun isə hələ başı ayılmır.Sizcə nədən ayılmır?
*”Rosnano” şirkətinin başçısı Anatoliy Çubays bu yaxınlarda bir konfransda bəyan edib ki, Rusiyanın siyasi həyatında aşınma gedir. Guya ki, bu aşınma özü-özünə gedirmiş və bu kimi işlərdə Çubaysın özü kimi Qusinskinin, Xadarkovskinin və onlarca digərinin günahı heç yox imiş!
* “Spartak” futbol klubunun çılğın azarkeşini dalaşma zamanı öldürmüş qafqazlıya məhkəmə 20 il iş kəsdi. Amma indiyədək bircə nəfər rusa qafqazlını öldürdüyü üçün heç 10 il iş verilməyib. Sonra da rus xalqı hiddətlə fikirləşir ki, bu Doku Umarov (“Əmir Həmzət”) “Demodedovo” aeroportunun partladılmasına nə üçün əmr verib? Məncə təsir əks təsirə bərabərdir. Çeçenlər təkcə özlərinə görə yox, bütünlükdə bütün qafqazlılara görə mücadilə verir, məcbur olub terror həyata keçirdir, aksiyalar qurur, cəza kəsirlər. Onların ölənlərinə bir salavat düşür!
* Rus hərbçiləri bir ayın əmək haqqını ala bilməyəcəklər. Çünki Rusiyanın Müdafiə Nazirliyində və ölkənin maliyyə nazrliyində qərara alınıb ki, zabitlərin əmək haqqı hesablanmasına əvvəllər olduğu kimi, ayın 20-də deyil, ay tamam başa çatdıqdan sonra başlanılsın. Bu isə o deməkdir ki, sentyabrın 20 –də əməkhaqqı almış zabitlər üçün növbəti əməkhaqqı oktyabr ayının 20-də deyil, ay başa çatdıqdan sonra hesablanacaqdır. Bu isə noyabrın 15-20-ədək davam edəcək. Deməli, bir ayın əmək haqqı aradan çıxır. Xatırlasaq ki, rus hərbçılərinin aldıqları əmək haqqı onların gündəlik tələbatını güclə ödəyir, onda məcbur olan zabitlər acından ölməmək üçün bazarlara satmaq məqsədilə tank, BTR, aftomat da çıxarda bilər və haqlı da olarlar. Su mollanın boğazına çıxanda Qurani ayaqları altına qoya bilirsə, ailəsi acından ölməsin deyə “Ruskiy İvan” qırıcı təyyarələri də, raketi də ayaqları altına qoya bilər. Heç bunsuz da... Bəs çeçen döyüşçülərinin silahları haradandır?
* Rusiyada satanizm geniş yayılmağa başlayıb. Onların keçirtdiyi aksiyalardan biri də asılmaq yolu ilə intihardır. Bu yaxınlarda Novosbirskdə bir neçə həftə ərzində 5 nəfər özünü asıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, üçü həyatını qeyb edib. Heç kəsə lazım olmayan həyat yəqin ki, özünə də lazım olmayıb. İslamda özünü öldürən günahkardır. Elə çıxır ki, Rusiyanın xilası İslamdadır?
* Rusiyanın Amur vilayətində bir qadın köhnə kitabxana binasınını qalıqları arasında özünün 6-cı uşağını doğmuşdur. Rəqəm Rusiya üçün qeyri-adidir. Lakin daha qeyri-adi olan odur ki, qadın özünü qaydaya saldıqdan sonra ayağı ilə vurub körpənin başını əzmiş və öldürmüşdür. Bu məsələ ifşa edildikdən sonra qadın barəsində cinayət işi açılmışdır. Məsələ orasındadır ki, əvvəlki 4 uşağına görə o, analıq hüququndan məhrum edilmişdi. Və bu uşaqların heç biri nigah əsasında doğulmamışdır. Əyyaş olan bu qadının doğmaq və öldürmək həvəsi ekspertlər tərəfindən araşdırılır. İndidən məlum olan odur ki, qatil ana heç də ruhi xəstə deyil.
Sonra da gəl Rusiyanı başa düş!
* Rusiyanın yenicə başlayan gənc müğənnisi, kosmetik təmirdən çıxmış yaraşıqlı bir qız özünün fotolarını livejurnal.com saytında dərc etdirir və ciddi münasibət qurmaqdan ötrü kişiləri dəvət edir. Amma o bu ciddi münasibətdən ötrü kişilərdən 20 min dollardan 40 min dollara kimi pul tələb edir. Əvəzində bir ay özünü bütünlüklə həmin kişinin ixtiyarına verəcək. Çox maraqlı elandır. Əvvəllər rus qadınları bu qədər bahalı deyildilər! Bu qiymətə bir vilayət dolusu rus qızı almaq olurdu! Ona görə də qafqazlı kişilər burada baş sındırırlar ki, görəsən bu qızın bədəninin müəyyən yerləri qızıldan, gümüşdən, almazdan, brilyantdan,.. nədəndir axı belə?!
* Moskvanın meri Sobyanin müəllim bəyan edir ki, buradakı cinayət faktlarının əksəriyyətini gəlmələr törədir. Və “gəlmələr” dedikdə daha çox qafqazlıları nəzərdə tutur. Xub, tutaq ki, Moskvadakı bütün cinayətləri biz törədirik. Biz bunu etiraf edə bilərik, amma Moskva da qoy, Qafqazdakı bütün hərbi cinayətləri özünün törətdiyini etiraf eləsin! Sən gəlib mənim evimin içində açıq-aşkar cinayətlər, zorakılıqlar törədə bilərsən, mən gəlib sənin ölkəndə gizli də olsa heç nə edə bilmərəm?! Bilərəm axı! Amma etmirəm, çünki biz əslində Moskvaya onun zəlil günə qoymaq istədiyi köhnə müttəfiq respublikaların iqtisadiyyatını elə onun öz əli ilə qaldırmaq məqsədilə gəlmişik. Burada bizə sataşan olmasa qapaz yeyən də olmaz!
* Moskvada cazibədar gözəlçələrin xit-paradı keçirilib. Onların hamısının müxtəlif pozalarda şəkillərinə baxdıq, amma heç birimizin ürəyi getmədi. Çünki hamısı “polnı kopremontdan “ çıxmış əxlaqsız qadınlar idi. Belələrini bizdə fermada sağıcı da götürməzdilər, çünki inəklərin südü kəsilə bilərdi. Burada isə elələrinə gözəl hesab olunur.Əgər bunlar əsil gözəldirsə, day dünyada kifir yoxdur!
* Rusiyanın Başqırdıstan Vilayətində bir təqaüdçü qadın məhkəmə pristavını dişləyib! Bəli-bəli dişləyib! Ona görə yox ki, məhkəmə pristavı olan kişi çox yaraşıqlı imiş, o səbəbdən ki, artıq Rusiya təqaüdçüləri dişləyib yeməyə bir şey tapmırlar. Zavallı qadına düz iki il həbs verdilər. Deməli, düz iki il rahatca həbsxana yeməyi ilə təmin olunacaq. Bu halın kütləviləşə biləcəyi çoxlarını narahat etməyə başlayıb. Bundan sonra məmur kişilər gərək mühafizə jileti geyinsinlər, başlarına dəmir kaska qoysunlar.
* Prezidentinin köməkçisi Arkadi Dvorkoviç bəyan edib ki, Rusiya Avropanı iqtisadi böhrandan çıxartmaq üçün hərəkətə keçə, hətta İspaniyanın borclarını ala bilər. Əhsən, Ruskiy İvan! Bax belə, özün məhrumiyyət içində yaşa, amma səni bu kökə salmış Qərbi Avropanın məhrumiyyətlərə düçar olmasına imkan vermə! YUKAS-ın köhnə şefi, böyük biznes siçovulu Xodorkovski həbsxanada oturub xarici ölkə jurnalistlərinə müsahibə verir və Rusiyanın özü-özünü məhv edəcəyini bildirir. Utanmır heç! Bu qədər humanist, fədakar, uzaqgörən ölkə də dağılarmı?!
* Rusiyanın huquq müdafiəçiləri ölkə prezidentinə Orduya çağırışı dayandırması xahişi ilə müraciət ediblər. Məqsəd orduda baş alıb gedən əsgər ölümünün qarşısını almaq, hər şeyi qaydasına qoymaq,sonra daha sivil ordu quruculuğuna başlamaqdır. Düşünürəm ki, bu işdə onlara Azərbaycandan olan Hərbi komissarlar ço-o-o-x yaxşı köməklik göstərə bilər. Axı bizimkilər həm valideyni, həm də hərbi hissələri razı salmağın bütün incəliklərinə yaxşı bələddirlər! )))
* Hə, əziz həmvətənlər, mənim siyasi savadım necədir? Rusiyanı öyrənməkdə bu minvalla davam edərəmsə məndən nə vaxtsa yazşı hüquqşünas çıxarmı? Bədəbəddə yəni heç Dövlət Dumasına da seçilə bilmərəm? İçmirəm, çəkmirəm, oğurlamıram,.. Yəqin demək istəyirsiniz ki, onda mənim orada nə işim var?))) Ümumiyyətlə, mənim Rusiyada nə işim var axı?

                                                                                                         Hörmətlə: Qarabala Mamed”

Комментариев нет:

Отправить комментарий