09.12.2011

Türk tarixi -4


IV hissə: Qərbdəki qonşuları ilə araları yaxşı deyildi, şərqdəki qonşuları ilə də savaş halında idilər…

 OĞUZLAR. Oğuzlar türk ellərinin ən mühümlərindəndir. Bugünkü türklərin əksəriyyəti oğuz övladlarıdır. Onlar müsəlman olandan sonra İran və Anadoluya mühacirət edib, Səlcuqlar və Osmanlılar kimi böyük islam dövlətləri qurmuşlar. Oğuzlar islamın qorunub yayılmasında rol oynamış, islam maarifinin təşkilində kömək və iştirak etmişlər.
 Mülahizəyə görə, Oğuz sözü oklar mənasındadır, əski türkcədə ok el, uz isə uzlaşma, birləşmə deməkdir.

 Oğuzlar VI əsrdə Göktürklərin bir qismini təşkil edərək, Selenqa və Tula çayları bölgəsində yaşayırdılar və 630-cu ildən sonra müstəqil olub, Doqquz oğuz xanlığını təşkil etmişdilər. Başbuğlarına yabğu deyirmişlər. İkinci Göktürk xaqanlığı qurulduğu zaman İltərişə məğlub olub yenə Göktürk dövlətinin əsas qismini təşkil edərək, onlarla bir eldən hesab edilirdilər. Bu məsələ Orxon daş kitabələrində qeyd olunmuşdur.
*****
 İbn əl-Əsirin yazdığına görə, oğuzlar VIII əsrdə (775-785) Mavərənnəhrə gəlmişlər. Daha əvvəl Talas ətrafına girmişlər və əsrin ikinci rübündən bəri Ceyhun çayının məcrasında yerləşmişlər.
 İslam müəllifləri Qaraçuq (Fərab) dağları ilə Xəzər dənizi arasındakı bozqıra Dəşti Oğuz demişlər. X əsrin birinci yarısında oğuzlar dövlət qurdular. Bu dövlətin qışlaq mərkəzi Yenikənd olub, başlarında yabğu vardı. Yabğunun canişininə külarkin, ordu komandanına isə subaşı deyirdilər.
 Oğuzların qərbdəki qonşuları olan peçenq və xəzərlərlə araları yaxşı deyildi. Şərqdəki qonşuları olan qarluqlarla da savaş halında idilər. Xarəzmin yerli xalqı da oğuzların basqısı altında idi. Qızeydə isə qıpçaqlarla bəzən savaşıb, bəzən də barışırdılar. Bu oğuzlara türkmən də deyilirdi. İslam ölkələrinə mühacirət etdikdən sonra türkmən adı ilə tanındılar.
 Yabğu zamanında oğuzlar üç ok və buz oklar adı ilə dəstə və təşkilat halında yaşayırdılar. Oğuzlar 24 boydan (qəbilə) ibarət olub, hər qəbilənin özünəməxsus möhürü (tamğası) var idi. Onların adı Mahmud Kaşğarinin «Divani lüğət ət-türk» və Rəşid əd-Dinin «Came ət-təvarix» əsərlərində verilmişdir.
*****
 X əsrdə qıpçaqların basqısı nəticəsində yabğu dövləti süqut etdi. Bu hadisədə oğuzların mühüm bir qismini təşkil edən səlcuqların yabğudan ayrılıb cənuba köç etmələri də mühüm rol oynadı. Yabğu dövlətinin süqutundan sonra oğuzların bir qismi Xəzərin şimalından keçərək, Qara dənizin şimalından Avropaya üz tutdular. Bir qismi də Hind yolu ilə Xorasana, İrana və Anadoluya gəldilər. Kiçik bir qismi isə öz yerlərində qaldı. Bu günkü Orta Asiya türkmənləri onların övladlarıdır.
*****
 SABARLAR. Sabarlar və ya savirlər V-VI əsrlərdə Qərbi Sibir ilə Qafqazın quzey qismində mühüm tarixi rol oynamışlar. Bir mülahizəyə görə, Sabar sapar deməkdir, yəni yol dəyişdirən, azad. Onların köhnə yurdları Altay dağlarının qərbində İli çayı ətrafi olub, Asiya hunlarına bağlı idilər.
 İlk dəfə Bizans tarixçisi Periskos V əsrdə Sibir qövmlərinin böyük miqyasda köçləri münasibəti ilə sabarlardan bəhs etmişdir.
 Sabarlar avarların şərqdən basqınları səbəbi ilə qərbə köç etmişlər və Qazaxıstan bozqırlarının güney sahəsində yaşayan oğur türk boylarını yurdlarından çıxarıb, Tobol və İşim çayları ətrafında yerləşmişlər. Bu gün Sibirdə yaşayan Tobolsk xalqı buranın köhnə sakinlərini sibir və ya sivir adı ilə yad edirlər. Bu bölgədə (məntəqədə) XVI əsrdə Sibir xanlığı təşkil edildi, mərkəz də Sibir şəhəri oldu. Sonradan ruslar bura gəldiyi zaman Alasibir şəhərini aldılar və bu məntəqəyə Sibir dedilər. Ruslar şərqə getdikcə bu ad daha geniş məntəqəyə şamil olundu və nəhayət, bütün məntəqə Sibir adlandırıldı (XVI əsrin ikinci yarısı).
 Sabarlar 503-515-ci illərdə Qafqazın şimalında, Volqa və Don çayları arasında, Kuman çayı məcrasında yerləşdilər, bulğarların bir qisminə hakim olub, bizanslarla sasanilərə qonşu oldular. 516-cı ildə sabarların başbuğu Balak və ya Bələk sasanilərlə saziş bağlayıb, onların yardımı ilə bizanslılarla savaşdı. Sabar ordusu Ermənistana hücum edərək Anadoluya girdi və Konyaya qədər irəlilədi. Sabarların mükəmməl savaş silahları vardı və bu baxımdan qonşularından üstün idilər. 520-ci ildə Balak öldü və xanımı Buğarık, ya Buğarıq onun yerinə oturdu. Bu qadın çox gözəl təşkilatçı və savaşçı idi. Yüz min atlısı vardı. Bizanslar ona hədiyyə və xərac verərək öz tərəflərinə cəlb etdilər.
 545-ci ildə avarlardan şiddətli zərbə yedilər, sonra Göktürk hakimiyyətinə girdilər. 576-cı ildə Qafqazın cənubunda bizanslara məğlub olaraq, bir qismi Kür çayının cənubuna köçdü və VII ərdə Xəzər dövlətinin qurulmasında iştirak etdilər. Xəzər boyları olan belincir və cəməndər əslində sabarlardır.
*****
 QIPÇAQLAR. Qıpçaqlara bizanslılar və latınlar kumanos, ruslar isə poloves demişlər. Hər iki kəlmə sarışın mənasındadır, çünki bunlar göy göz, sarısaçlıdırlar. İslam mənbələrində bunlara qıpçaq və ya qıfçaq deyilir. Qıpçaq qəzəbli və ya əsəbani mənasındadır. Qıpçaqlar Qərbə köçməzdən əvvəl Orta Asiyada oğuzların şimalında, Tobolskda, İşimdə yaşayırdılar. Bu nahiyədən altaylara tərəf kımıklar yaşayırdılar. Qıpçaqlar kımıkların bir qoludur. Qıpçaqların cənubunda olan oğuzlar Volqa (İtil) çayı (qərbdə) ilə Ceyhan (cənubda) və İrtış (şimal-şərqdə) arasında yaşayırdılar. İssık dəryaçasının ətrafında da qarluqlar yerləşmişdi. Şərqdə Tyan-Şan nahiyəsində isə sarı uyğurlar vardı.
 Qıpçaqlar Göktürk toplumunun (cəmiyyətinin) bir qismini təşkil edirdilər.
 XI əsrin ikinci yarısında qıpçaqlar Balxaş dəryaçasından İrtışa qədər hakim olduqları halda, kitanların basqısı və otlaqların azlığı üzündən Volqadan keçib qərbə köçdülər. Onların qabağından uzlar da Balkanlara mühacirət etdilər. Qıpçaqlar Rusiyanın güney bozqırlarına gəlib yerləşdilər. Qıpçaqlar monqolların istilasına qədər yarım əsr Qara dənizin quzey bozqırlarına hakim oldular. 1055-ci ildə Pereyaslavl knyazı ilə bir müqavilə bağladılar. Lakin 1061-ci ildə rusları məğlub etdilər və 1068-ci ildə Kaçan özü peçenqləri xidmətə almaq bəhanəsilə, ruslara hücum edərək Kiyev yaxınlığında onların müttəhid qoşunlarını məğlub və pərişan etdi.
 1080-cı ildə qıpçaqlar Balxaş dəryaçası və Talas hövzəsindən Danub ağzına qədər hakim idilər. Mərkəzləri daha çox Don-Dnestr arası idi.
 Qafqazla Kuban nahiyəsi, şimalda İtil (Volqa) bulğarlarının hüduduna qədər onların əlndə idi. Bu geniş məntəqə Qərbi Sibir bozqırları və Şərqi Avropa bozqırlarına şamil olub, bundan sonra Dəşti Qıpçaq və ya Qıpçaq bozqırı adlandı. Bu dövrədə ruslar, bulğarlar, alanlar, burtas, xəzər və ulalar qıpçaqların hakimiyyəti altında yaşamışlar. Qıpçaq ölkəsi 5 hissədə yerləşmişdi: Orta Asiya, Ural və Volqa-Don-Donets, Aşağı Dnepr, Danub məntəqələri. Bu məntəqələrdə yaşayan qıpçaq elinin hər biri öz başbuğu (xanı) idarəsində yaşayırdılar. Bu dövrlərdə başbuğlardan Altun apa və Sarı xan mühüm rol ifa etmişlər. Qıpçaqlar 1091-ci ildə Macarıstana, bir il sonra da Ləhistana girdilər. 1093-cü ildə yenidən Bizans torpaqlarına girdilər. 1093-94-cü illərdə ruslara hücum etdilər.
 Qıpçaqların bu hücumlarda məqsədi qonşuların torpaqlarını almaq deyil, bəlkə də bozqırların sakitliyi üçün qonşuları basqı altında saxlamaq istəyi idi. Qıpçaqlarla rusların arası yaxşı olmayıb, çox vaxt aralarında savaş olmuşdur. 1105-1111-ci illər arasında dörd dəfə savaşmışlar. Bu savaşların xatirələri xalq ədəbiyyatında iz buraxmış, onu zənginləşdirmişdi.
 1185-ci ilin baharında rus knyazı İqor rusların müttəhid qoşunu ilə Aşağı Don boyunda Qayalı (Kaqalnik) çayı sahilində qıpçaqlarla savaşda mühasirəyə düşmüş, ordusu məhv, özü əsir olmuşdu. Bu savaş rusların məşhur milli dastanı olan «İqor polku haqqında dastan»ın yazılmasını səbəb oldu. İqor dastanı ilk dəfə 1800-cü ildə çap və nəşr edilmişdir. Ondan sonra dəfələrlə çap olunmuş və vaqe olmayan hissələr ona əlavə edilmişdir. Dastanda qıpçaq türklərinin savaş texnikası və cəsarətlərindən bəhs edilir.
 Qıpçaqların Don və Kuban nahiyələrində olan hissəsinin gürcülərlə yaxşı münasibətləri olmuş və bu vasitə ilə Qafqazın güneylərinə gəlmişlər. Gürcüstana gələn qıpçaqların çoxu xristianlığı qəbul etmişlər.
 1123-cü ildə qıpçaqlar Tiflisi Gürcüstanın paytaxtı edib, Şirvanşahları xərac verməyə məcbur etdilər, eyni zamanda Azərbaycan Atabəyləri ilə mübarizəyə başladılar.
 Qıpçaqlar Gürcüstana mühacirət edəndən sonra, qıpçaq bozqırında azalıb zəiflədilər. Şərqdəki qıpçaqlar da Xarəzmşah ordusuna girdilər və yavaş-yavaş ordunun əsas qsmini təşkil etdilər. Lakin bu ordu 1220-ci ildə monqol hücumu qarşısında aradan getdi.
 Qara dəniz şimalandakı bozqır qıpçaqları da ruslarla birlikdə monqollarla savaşdılar. Lakin Cebe və Subutay tümənləri tərəfindən məğlub edilib, Cuçi ulusuna daxil oldular. Bu hadisədən sonra qıpçaqların bir qismi Macarıstana, mühüm bir qismi də Volqa bulğarlarının yanına gedib, orada yerləşdi. Bu qıpçaqlar Volqa bulğarlarının danışdığı türk ləhcəsini tədricən dəyişdirib, qıpçaq ləhcəsinə çevirdilər.
 Monqol istlasından sonra Dəşti Qıpçaqda Altın Orda dövləti quruldu (1256).
 XII əsrdən sonra Dəşti Qıpçaq xalqının iqtisadi vəziyyəti pozuldu, qıtlıq və xəstəlik epidemiyaları onların heyvanlarını aradan apardı. Qıpçaqlar başqa xalqların adətlərinə uyaraq öz oğlanlarını pula satmağa başladılar. Satılan cavanların çoxu Misirə aparıldı və orada Əyyubilərin ordusuna alındılar. Yavaş-yavaş bunların sayı və nüfuzu orduda artdı. Nəhayət, 1250-ci ildə İzz əd-Din Aybək Əyyubi sultanının yerinə oturaraq, Misirdə türk səltənətini qurdu. Ondan sonra sultan Qovtuz və sonra sultan Bəy Bars taxta oturdular. Sultan Bəy Bars özündən çox bacarıq və ləyaqət göstərib monqolları Suriyadan qovdu və İslam xilafətini bərpa etdi. Bəy Barsdan sonra onun yerinə keçən sultan Kalavun da qıpçaq idi (1279-90). O Misirdə məmlük sülaləsini yaratdı və monqol-erməni-firəng ordularını məğlub etdi. Onun övladları çərkəzlər hakimiyyəti ələ alana qədər (1382) Misirdə sultanlıq etdilər.
 Məmlük hökmdarları Altın Ordu hökuməti ilə dostluq qurdular. Bu zaman Misir məmlük dövlətinə Türk hökuməti, Misir ilə Suriyaya isə Türkiyə deyilirdi. 1517-ci ildə Misir Osmanlı türkləri tərəfindən fəth edildi.
 Peçenq, uz və qıpçaq elləri IX-XIII əsrlərdə rusların Qara dənizə gəlmələrinə mane olub, Dağıstan ətrafının Terek çayı boyu və qonşu yerlərin türkləşmələrinə səbəb oldular.
 Bu gün peçenqlərin bir qismi Qafqazda, bir qismi isə Orta Asiyada Ceyhun ağzına köçüblər, orada yaşayan qaraqalpaqların əsli peçenq, uz və berendey qarışığıdır. Belə hesab edilir ki, Rumıniya qaqauzları da uzların övladları olub, XIII əsrdə Rumıniyada yerləşib və xristian olmuşlar.
 Qıpçaqların bir qismi monqolların qarşısında geri çəkilib Bizans imperatorluğuna keçdilər, Türkiyə, Makedoniya və Qərbi Anadoluda yerləşib, Bizans ordusuna girdilər. 
 Qıpçaqların digər qismi Macarıstana köçüb, orada yerləşdi və bu hadisədən sonra bir çox qıpçaq sözləri macar dilinə keçdi.
 Bu tarixlərdə qıpçaq türkcəsi çox yayılmışdı. Bu dilin və ya ləhcənin ən mühüm nümunəsi «Kodeks kumanikus»dur. Bu kitab qıpçaq dilinin lüğət və qrammatika kitabıdır, Qərb missionerləri tərəfindən qıpçaqları daha asan xristianlaşdırmaq məqsədilə yazılmışdır (1303). Kitab iki hissədən ibarətdir. Birinci hissə qıpçaq-latın və fars lüğət qrammatikasıdır ki, italiyalı missionerlər tərəfindən yazılmışdır; ikinci hissə isə qıpçaq-alman lüğət və qrammatikasıdır, almanlar tərəfindən yazılmışdır.
*****
 XIII əsrin ilk yarısında Volqa Bulğar dövləti monqol ordusu tərəfindən yıxıldı. Batu xan (Çingiz xanın nəvəsi) ordusu Bulğar şəhərini 50 min əhalisi ilə xarabaya çevirdi (1236). Bu hadisədən sonra bulğarlar dağıdılmış şəhərlərini bərpa etməyə çalışdılar, lakin 1361-ci ildə Polad Teymur xan tərəfindən ikinci dəfə olaraq dağıdıldılar. Üçüncü dəfə isə 1391-ci ildə Əmir Teymur Altun Ordu xanı Toxtamışa qarşı hücum etdiyi zaman yerli-yeksan oldu. Bundan sonra xalq dağıldı. Bir qismi Kamanın şimalına Qazan nəhri boyuna köçdü. XV əsrin ortalarında buralarda bulğar-qıpçaq qarışığı müsəlman xalq yaşayırdı ki, sonrakı Qazan xanlığının əsasını bunlar təşkil etdilər.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий