01.04.2012

Yalanın Həqiqət Günü



Anar Yusifoğlu


Məkkədə təhlükədən qurtarmaq üçün Məhəmməd peyğəmbər şəhərdən gizli çıxmağa məcbur olur. İmam Əli peyğəmbəri xurcuna qoyub çiyninə alır və Məkkə qapılarına yaxınlaşır.
Hər yerdə peyğəmbəri axtaran müşriklər İmam Əlinin çiynində ağır bir yük yaxınlaşdığını görüb soruşurlar:
- Ya Əli, nə aparırsan?
Həzrət Əli tərəddüd etmədən deyir:
- İslam peyğəmbəridir, sizdən gizlətmək üçün xurcuna qoymuşam.
Müşriklər bunu zarafat sayıb gülürlər və darvazanı açıb İmam Əlini şəhərdən kənara buraxırlar.

Gözdən itəndən sonra Həzrət Əli yükünü yerə qoyub, peyğəmbəri xurcundan çıxarır. Peyğəmbər Həzrəti Əlidən soruşur:
- Məkkə müşriklərinə mənim xurcunda olduğumu dedin. Birdən, onlar inansaydılar və xurcuna baxmaq istəsəydilər, necə olacaqdı?
Əli ibn Abu Talib cavab verir:
- Deməli, Allahın məsləhətiymiş, şəhid olacaqdıq. Ancaq mən öz canımıza görə Allahın qadağan etdiyi yalanı dilimə gətirə bilməzdim, hətta müşriklərin yanında belə…
Bu hekayətin tarixi həqiqət, ya da rəvayət olmasıyla bağlı nəsə deyə bilməyəcəm. Çünki burda janrın o qədər də əhəmiyyəti yoxdur. Məsələ ondadır ki, çox ibratamiz hekayətdir və mən bu hekayəti hər gün xatırlayıram, ona görə ki, yalan artıq həyatımızın bir parçasına çevrilib.
Hərdən üstü açılan bu yalanlara bəraət də qazandırırıq: «Ziyansızdır, heç kəsə xətəri yoxdur, sadəcə, vəziyyətdən çıxdım» sözlərində elə «səmimi» oluruq ki, bizi bağışlamayanı yox, hətta bağışlayıb-bağışlamama tərəddüdünü ağlından keçirənləri də anlamamağa hazırıq. 
Guya başqasına ziyan vurmayan yalanı dilə gətirməkdə heç bir qəbahət yoxdur. Guya bu cür yalanlar cəmiyyətə heç bir mənfi təsir etmir, mənəviyyata kölgə salmır.
Halbuki Dostoyevski bunu çox gözəl anladırdı – bir anda rahibə çevrilən əyyaşın timsalında. Dəhşətli bədbinliyə qapılan əyyaş başına naqan dirəyib atəş açır və bir ayrı aləmə düşür. Burda qurd quzuyla otlayır, insanlar hamısı sevinc içində - varlısı yox, kasıbı yox, dərdi-səri, qayğısı yox.
«Əyyaş» onlarda yalanın olub-olmadığını soruşur. Anlamırlar, yalanın nə demək olduğunu başa düşmürlər. Belədə «bizim dünyanın» adamı deyir: baxın, siz meşədən gəlirsiz, sizdən soruşanda isə deyirsiz ki, mən bulaq başından gəlirəm.
Bunu məzəli oyun kimi anlayan yerli əhali bir göz qırpımında «ziyansız yalana» başlayırlar. O qədər «ziyansız» yalanlar danışılır ki, bir müddətdən sonra həqiqət büsbütün itir, artıq inamsızlıq mühiti yaranır…
Uzun hekayətdir. Sonda belə bitir ki, qısa müddətdən sonra o aləmin ağsaqqalları nəhayət bu cəmiyyəti yaşatmağın yolunu düşünməyə başlayırlar, çünki artıq qətllər, qarətlər meydana gəlib və elm yaranır, qanunlar qəbul olunur, başçı seçilir, həbsxanalar tikilir…
Əyyaş nə qədər özünü didib tökürsə ki, siz belə deyildiz, qayıdın əvvəlki görkəminizə, hamısı ona dəli kimi baxırlar və deyirlər ki, biz elə həmişə belə olmuşuq – yalan «dünənini» belə o cəmiyyətə büsbütün unutdurur…
Hə, dostlar, hər şey «ziyansız yalanlardan» başlayır. Mobil telefonlar, virtual əlaqələr bu yalanların «işləkliyini» daha da çoxaldıb. «Hardasan?» sualına ağlımıza gələn cavabı verməklə telefonun o başında olan adama hansı xətəri toxundururuq ki? Heç bir! Deməli, «ziyansız yalandır», söyləmək olar.
Söyləmək olarmı? Öz canı naminə, bahasına olsa belə, yalanı dilinə gətirməyən Həzrət Əli nümunəsi qarşısındamı? Yoxsa qayğısız, şən, cənnətməkan bir yurdu tar-mar edən Dostoyevski məntiqi qarşısında?
Bu «ziyansız yalanlar» həyat tərzimizə çevrilir, bütün ətrafımızı sarır. İl boyu yalan danışır və bu yalanları həzm edə-edə fərd olaraq yaşayışımızı psixoloji baxımdan cəhənnəmə çeviririk.
364 gün belə keçir. Aprelin 1-də isə «Zarafat günü» adıyla həyatımızı cəhənnəmə döndərən «ziyansız yalanların» təntənəli mərasimini qeyd edirik. 
1 Aprel. Yalan günü! Niyə həqiqətin yox, «yalanın günü» olmalıdır? Azmı yalan danışırıq ki, hələ dilimizi bir az da yalana öyrədirik?
Əslində, 1 Aprel – gülüş günü, yalan günü deyil, illik həyat tərzimizə gülüşümüz, məişətimizə daxil olan yalanlara ironiyamızdır.
Ona görə 1 Apreli həmişə Yalanların Həqiqət Günü kimi gördüm. Yalnız bu gün biz yaratdığımız inamsızlıq mühitinin yalanlarını həqiqət olaraq dilə gətiririk…

Комментариев нет:

Отправить комментарий