Tarixi həqiqətlər tarixi sənədlər və faktlar işığında…
Aprel sosialist inqilabından 92 il keçir. Amma Aprel hadisələrinə ziddiyyətli münasibət var. Tarixi
kimlərsə məqsədli şəkildə, dolaşdırır, qarışdırır, insanları aldatmağa
çalışır. Lakin, tarix saxtakarlığı
sevmir, xüsusilə də yaxın tarix, ona görə ki, arxivlərdə hələ də sənədlər var,
sənədlər! Beləliklə əsas sual budur- Aprel hadisələri inqilabdır, yoxsa işğal?
Bu yazıda bu məqamlara tarixi faktlar və sənədlər əsasında aydınlıq gətirməyə
çalışacağıq.
92 il bundan əvvəl
1920–ci il aprelin 26-dan 27-sinə kecən gecə qəhrəman Bakı proletariatı ingilis
müstəmləkiciliyinin dayağı olan musavat-ingilis qaraguruhunun müstəmləkəcilik
siyasətinə qarşı silahlı üsyan qaldırdılar. Aprelin 26-dan 27-sinə kecən gecə
Qırmızı Komandan Cingiz İldrımın başcılığı altında Bakı polis hissələri
tutularaq tərkisilah edildi.
İnqilabi
qvardiyanın reydləri nəticəsində Bayıldakı silah anbarı ələ kecirildi və bütün
fəhlələr silahlandırıldılar. Bayıl yamacında qurulmuş ingilis səhra və sahil
topları inqilabcılar tərəfindən ələ kecirildi. Bakı qarnizonu tam tərkibdə
inqilabın tərəfinə kecdi. Bakı Yunker məktəbi tutularaq tərkisilah edildilər. Nargin
adasında yerləşən musavat-ingilis qüvvələriylə Bakı arasında əlaqə yaratmaq
ücün qurulmuş rabitə xətti şəxsən Cingiz İldrımın rəhbərliyi və iştirakı ilə kəsildi.
İnqilabcı fəhlə və
qırmızı qvardiya hissələri Bayıl həbsxanasını tutaraq bütün siyasi dustaqları
azad etdilər, Müsavatın “Bastilyası” və “Kronştatı” bir gecə icində
inqilabcılar tərəfindən cökdürüldü. Radio inqilabcıların tam nəzarətinə kecdi və
inqilabı boğmaq ücün Batumda və İranda hazır vəziyyətdə gözləyən ingilis-amerika
qüvvələrinə və Antanta tərəfindən qızışdırılaraq Azərbaycan üzərinə göndərilən
daşnak və gürcü hökumət qüvvələrini geri püskürtmək ücün XI Qızıl Ordudan və
Sovet Rusiyasından təcili yardım istənildi.
XI Ordu gələnə kimi
isə inqilabcı qüvvələr dəmir yol xəttini, donanmanı tam şəkildə nəzarətə
götürdülər. 27 aprel səhəri inqilabın hərbi rəhbəri Cingiz İldrımın göstərişiylə
donanmadakı toplar musavat parlamentinin üzərinə tuşlandı və qan tökülmədən
hakimiyyətin kommunistlərə verilməsi tələb olundu. Musavat xalq dəstəyindən və
hətta müsavatcılar tərəfindən belə müdafiə olunmadı.
Hərbi nazir
Mehmandarov “bolşeviklərə qarşı vuruşmayacağıq” deyərək inqilabın tərəfinə
kecdi. Musavat nazirlərinin coxu inqilaba səs verdi. İfrat islamcı İttihatcılar
belə kommunistlərin hakimiyəti ücün əllərindən gələni etdilər. Bir sözlə
müsavat qaraguruhu tərəfdarsız qalıb təslim oldu.
27 aprel axşama
yaxın Azərbaycanda Sosialist Respublika elan olundu, ölkəmiz Mudros müqaviləsinin
alcaldıcı və işğalcı şərtlərindən azad oldu. Azərbaycan İngilis imperializminin
əsarətindən xilas olan ilk şərq ölkəsi oldu. Müstəmləkəcilik sisteminin cöküşü
Azərbaycandan başladı.
Anadoluda təklənmiş
və ingilis musavat qaraguruhu tərəfindən mühasirəyə alınmış Türkiyə
inqilabcıları ücün yardım dəhlizi acıldı. Şərqdə bir günəş doğuldu, onun şəfəqi
şərq müsəlman xalqlarının azadlıq hərəkatına bir məşəl kimi işıq sacdı.
Həqiqət həmişə
faktlara söykənməlidir. Faktlar isə göstərir ki, 1920-ci ilin aprelində Azərbaycan
fəhlələrinin silahlı üsyanı olmasa idi, XI ordunun Bakıya gəlişi bu qədər rahat
baş verməzdi.
Bunu
«İnternasional» zirehli qatarının komandiri M.Q.Yefremov inqilabdan sonrakı illərdə
öz xatirələrində etiraf edirdi. O yazırdı: «Belə sürətli əməliyyatı yerinə
yetirərkən… XI ordu Bakıdan təxminən 300 km məsafədə idi, hərgah fəhlələrin üsyanı
olmasaydı biz XI ordu diviziyaları yaxınlaşanadək məhv edilmiş olardıq».
Bu hansısa qərəzli
siyasətçi mövqeyi deyil, bu peşəkar hərbçi rəyidir. Yefremov yazırdı ki, hərb
tarixində bu yeganə hadisədir ki, ordunun qərargahı ordunun döyüş hissələrindən
300 km
öndə hərəkət edirdi, özüdə tamamilə müdafiəsiz və təcrid olunmuş halda.
Bu o deməkdir ki, əgər
aprel hadisəsi işğal olsa idi, əvvəlcə ordu gəlib şəhəri almalı idi, yalnız
bundan sonra qərargah gəlib təhlükəsiz şəraitdə şəhərə yerləşməliydi. Amma
bunun əksinin baş verməsi, yəni qərargahın «İnternasional» döyüş qatarında ordu
hissələrindən bir neçə gün əvvəl gəlib Yalamada oturması onun göstəricisi idi
ki, XI Qızıl Ordu Bakıya gəlməmişdən bir neçə gün əvvəl Bakı fəhlələri silahlı üsyan
qaldıraraq bütün sursat anbarlarını, hərbi məktəbləri, Bayıl həbsxanasını, Xəzər
donanmasını, səhra və sahil toplarını, bir sözlə, bütün strateji nöqtələri ələ
keçirmiş və hakimiyyəti parlamentdən təhvil almışdılar.
Xalq üsyanına Azərbaycan
İnqilab Komitəsi və şəxsən qızıl komandan Çingiz İldırım rəhbərlik etmişdi.
Yalnız silahlı üsyanın qələbəsinin yaratmış olduğu rahatlıq, qərargahın XI
ordudan bir neçə yüz kilometr öndə irəliləməsinə və həmdə heç bir ciddi müqavimətə
rast gəlmədən irəliləməsinə imkan vermişdir.
Sual doğur- Əgər
inqilabı Azərbaycan kommunistləri xalqa söykənib etmişdilərsə, onda XI Ordunun
gəlməsinə nə ehtiyac var idi? Kommunistlər sadəcə xalq narazılığına rəhbərlik
etmiş və inqilabın avanqardı qismində çıxış etmişdilər. İnqilabı isə kommunistlərin
rəhbərliyi ilə islamçısıyla, türkçüsüylə, müsavatçısıyla bütün Azərbaycan xalqı
etdi.
Radikal islamçılar
olan ittihadçılardan tutmuş Bakıdakı türk paşalarına (Ənvər paşa və Nuru paşa
da həmçinin), kamalçılara, müsavatçı Hacınskilərə, Məhəmməd Hadilərə qədər hər
kəsin Aprel sosialist inqilabını alqışlamaları inqilabımızın sosial bazasının
necə geniş olmasının bariz sübutudur.
Hələ silahlı üsyan
baş verməmişdən qabaq kommunistlər yaxşı bilirdilər ki, qırmızı inqilabın
sabahısı günü Antanta dövlətlərinin əksinqilabi müdaxiləsi ilə qarşı-qarşıya
qalacaqlar. ABŞ və Fransa qoşunları Batumdan, ingilis və İran şah qoşunları cənubdan,
daşnak Ermənistanı və menşevik Gürcüstanı isə qərbdən Qızıl Bakı üzərinə yürüşə
hazır idilər. Belə bir əksinqilabi cəbhənin qarşısında anacaq yerli fəhlə-kəndli
qüvvələriylə duruş gətirmək mümkün deyildi. 6 dövlətin təpədən-dırnağacan
silahlanmış orduları Azərbaycan Sosialist Respublikasını çəkmələri altında əzməyə
hazır idilər.
Bu isə o deməkdir
ki, XI Ordu Azərbaycanda inqilab etmədi, sadəcə Azərbaycan xalqının inqilabi
nailiyyətlərini qoruyub saxlamaqda milli Qızıl Ordu hissələrinə kömək etdi. Əks
təqdirdə, Azərbaycan Sosialist Respublikasının da taleyi Bavariya və ya Macarıstan
Sovet Respublikalarının aqibəti kimi faciəli olacaqdı.
Bakıya
köməyə gələn XI Qızıl Ordu əsasən müsəlmanlardan ibarət imiş…
Saxtakar tarixcilər
iddia edirlər ki, guya XI Qızıl Ordu əsasən erməni və ruslardan ibarət imiş.
Amma görün həmin dövrün etibarlı türk hərbi mənbələri XI Ordunun milli-dini tərkibini
necə xarakterizə edirlər: “Etibarlı mənbədən: 100.000 nəfərlik böyük əksəriyyəti
müsəlman olan XI Bolşevik Ordusu Bakıya catmışdır. Ayrıca Qırmızı Oduya mənsub
40.000 nəfərlik bir hərbi qüvvənin Vladiqafqazdan Bakıya doğru hərəkət etdiyini
erməni qəzetləri yazmaqdadırlar…” 15-ci ordunun komandanı Kazım Qarabəkir paşa
Böyük Millət Məclisini məlumatlandıracaq teleqramında belə yazırdı.
Bu fakt bir daha təsdiq
edir ki, XI Qızıl Ordunun əsas şəxsi heyyəti müsəlmanlardan ibarət idi və bir
cox mənbələrdə müsəlmanlardan ibarət Qırmızı Ordudan “Yaşıl Ordu” deyilərək də
bəhs edildiyi məlumdur. Aprel inqilabının rəhbəri Cingiz İldırım hələ Rusiyada
olarkən “İldrımiyyə” adlanan müsəlman Qırmızı Ordu hissələri təşkil edirdi ki,
Bakı inqilabcılarının köməyinə gedərkən müsəlman qızıl ordusundan geniş istifadə
olunsun.
Yenə həmin tarixdə
Mustafa Kamal Atatürk bir gizli toplantıda Bakıya daxil olan bolşevik
ordularının müsəlmanlardan ibarət olmasını bu sözlərlə ifadə edirdi: “Qızıl Ordu
adı altında xidmət edən islam bolşevik ordusu Bakıya girdikdən sonra Ermənistan
sərhədlərinə qədər irəliləmiş və Ermənistan üzərinə hücum etmək ücün Qarabağ ətrafında
və Gəncə istiqamətində toplanmaqdadırlar”.
1920-ci il aprelin
13-də Kazım Qarabəkir paşa Atatürkə məktubunda yazırdı: “Görünməkdədir ki,
Qızıl Ordu Azərbaycan və hətta Dağıstanın icərilərinə girmək ücün həm əllərindəki
təlimata, həm də axacaq müsəlman qanının və yaxud yanlış bir hərəkət üzündən
Türkiyənin və müsəlman dünyasının və öz ordularının önəmli hissəsini təşkil edən
müsəlman qüvvələrinin üzüntü, əsəb və etirazına səbəb olmamaq ücün planlarını
pozmamaq məqsədilə ağırbaşlılığı və bizim tərəfimizdən dəstəklənən təlimat əldə
etməyi lazım bilirlər. Bu lap yerindədir.”
Burada diqqət cəkən
əsas məqam yenədə XI Ordunun əsas hissəsinin müsəlmanlardan ibarət olduğunun
vurğulanmasıdır.
Mandatlı tarixcilər
iddia edirlər ki, XI Ordu Bakıya daxil olarkən onları gül-cicəklə qarşılayanlar
guya erməni və ruslar olublar. Lakin türk mənbələri bolşevizmin yerli əhalinin
coxluğu tərəfindən rəğbətlə qarşılanması barədə belə xəbər verirdilər: “Azərbaycan
və Gürcüstanda hakimiyyətdə burjua sinfinə mənsub hökumətlər mövcuddur…lakin
cox böyük əksəriyyətinin bolşevikliyin tərəfdarı olan xalqın bir daxili inqilab
ilə bolşevikliyi qalib edəcəkləri görünməkdədir. Azərbaycanda millət və ordunun
bolşevizim əlehinə cıxacağını zənn etmirəm”.
Burada diqqəti cəkən
əsas məqam xalqın əksəriyyətinin bolşevizmə olan rəğbətinin etiraf olunması və daxili
inqilabı potensialın mövcudluğunun qabardılmasıdır. Deməli hətta türk mənbələri
belə Aprel inqilabının daxili inqilabi potensialdan doğduğunu və kənardan
Qafqaza ixrac olunmadığının fərqindəydilər….
Xalqı
inqilaba gətirən səbəblər nə idi və ya üsyan niyə baş verdi?
Xaricə qaçıb
imperialist qüvvələrə sığınan Müsavat rəhbəri xalq inqilabını ləkələmək üçün
böhtan yazmaqda davam edib. Lakin tarixi faktlar Rəsulzadənin ittihamlarını
saxta sabun köpüyü kimi partladıb yox edir.
Məsələ burasındadır
ki, Aprel inqilabı göbələk kimi birdən-birə ortaya çıxmadı, 1917-20-ci illərdə
Azərbaycanda baş vermiş saysız-hesabsız kəndli üsyanları, fəhlə tətilləri, ordu
hissələrində baş qaldıran hərbi qiyamlar əslində yaxınlaşmaqda olan qırmızı
inqilabın ayaq səsləriydi.
Əgər Rəsulzadə və
onun kimiləri bu amili görə bilmirdilərsə, bu artıq onların siyasi səriştəsizliyi
idi. Necə olur, ingilis kəşfiyyatı hələ Aprel inqilabından 9 ay əvvəl Londona
Azərbaycanda qırmızı inqilab üçün böyük potensial olduğu barədə məlumatlar
ötürülürdü, amma M.Ə.Rəsulzadə və komandası ölkədə cərəyan edən proseslərə sadəcə
gözlərini yumaraq baxırdılar və heç nə görmürdülər.
Bəs Azərbaycan
xalqında Müsavat rejiminə qarşı baş qaldıran narazılığın səbəbləri nə idi? Bu
suala da yenə həmən dövrün mənbələri əsasında cavab vermək olar. Budur 1920-ci
ilin fevralı; “Azərbaycan firqəsi” qəzeti yazır: “Hansı bir kənddən keçilərsə,
ağlaşmadan qulaq tutulur, ən kiçik bir kənddə gündə 10-15 kəndli tələf olur”.
Bəli, Müsavat
hakimiyyəti zamanı Azərbaycanda əhalinin sayı 400 min nəfər azalaraq 2,3 milyon
nəfərdən 1,9 milyon nəfərə düşdü; on minlərlə insan aclıqdan və xəstəlikdən tələf
oldu. Müsavatın törətmiş olduğu süni aclıq minlərlə ailəni acından ölümə məhkum
etmişdi. Bu azmış kimi digər tərəfdəndə Müsavat məmurları xalqı soyub talan
edirdilər.
1918-20-ci illər Azərbaycanın
gerçək mənzərəsi budur, hansıki Müsavatın rəsmi sənədlərində də etiraf
olunurdu: «…özbaşınalıq, qanunsuzluq, ən ifrat və qabarıq formalarda rüşvətxorluq
yerli hökumət idarələrində adi haldır» (Müsavat Daxili İşlər Nazirinin
imzaladığı sənəddən).
Qızılhacılı kəndlilərinin
1919-cu il 21 aprel tarixli parlamentə ünvanlanmış məktublarında açıqca bəyan
edilirdi: “…Yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq
üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər
çıxış yolu yoxdur”.
Kimlər ki Aprel
sosialist inqilabının səbəblərini ölkə sərhədlərindən kənarda axtarırlar,
onlara məsləhət görərdik ki, Aprel inqilabının səbəbini məhz bu cümlələrdə
axtarsınlar, 1918-20-ci illər Azərbaycan insanının əhval-ruhiyyəsinə tərcüman
olmuş bu sətirlərdə.
Təbii ki belə bir
rejim artıq özü-özü barədə ölüm hökmü çıxarmışdı, Azərbaycan xalqına və
kommunistlərə isə sadəcə bu hökmü icra etmək qalırdı. Məhz Aprel sosialist
inqilabı bu əhval-ruhiyyənin məntiqi yekunu idi.
Müsavat
xalqın hökuməti idi, yoxsa milyonçuların?
Müsavat üçün
“millilik” sadəcə bir pərdəydi. Nərimanov Müsavat baş naziri Nəsibbəy Yusfbəyliyə
1919-cu ildə yazdığı məktubda bunu belə dilə gətirirdi: “…İslam və millət sözləri
sizin üçün yalnız bir pərdə imiş, Sovet hökuməti əleyhinə ağzı köpüklənə-köpüklənə
çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonerlərinin mənafeyi məcbur
edirmiş”.
Bu faktı, yəni
Müsavatın milyonçular və bəylər tərəfindən maliyyələşdirilməsini M.Ə.Rəsulzadə
özü də etiraf edirdi. O, 1918-ci il yanvarın 24-də çıxışı zamanı etiraf edirdi
ki, “…müsəlman polkları müsəlman burjuaziyasının… vəsaiti ilə təşkil edilir” və
təbiiki onların milyoncuqlarını qorumaq üçün təşkil edilirdi.
Parlamanın (əslində
milyonçular klubunun) son iclasında milyonçu Ağa Aşurov çıxış edərək əslində
müsavatçılığın kimlərə xidmət etdiyini belə dilə gətirirdi: “Orada fəhlə-kəndli
hakimiyyəti var. Biz isə burada dövlətli, tacir və o şəxslərik ki, hərəsi bir
yerdən gəlibdir”.
İnqilabdan əvvəl Azərbaycanda
əkilən torpaqların 98,2%-i, yəni demək olar ki, hamısı əhalinin cəmi 1%-ni təşkil
edən bəy və xanların mülkiyyətindəydi. Ölkə əhalisinin 78%-ni təşkil edən kəndlilərin
əlində isə əkilən torpaqların cəmi 1,8%-i qalmaqdaydı. Əkinə yararlı 1 milyon
hektar torpaq cəmi 195 bəy ailəsinin əlində təmərküzləşmişdi.
Müqayisə üçün deyək
ki, Sovet hakimiyyəti zamanı Azərbaycanda sovxoz və kolxozların balansında
olmuş sahəsiylə müqayisə edilə biləcək qədər böyük ərazi deməkdir, hansı ki
inqilabdan əvvəl ölkə əhalisinin səmi 0,01%-nə məxsus idi.
Ömrü boyu ailəsiylə
birlikdə bir qarın çörəyə beş-on nəfər bəy-xan ailəsinin qapısında muzdurluq,
nökərçilik edən bir millətin «vətənpərvərlik, millətçilik ruhundan» bəhs etmək
tarixə istezadan başqa bir şey deyil.
Aprel sosialist
inqilabından qabaq Azərbaycan kəndlisinin bəy və xanlara 600 milyon manat borcu
var idi. Bu borc kəndiri elə bir şey idi ki, bəylə bu vasitəylə kəndliləri ürəkləri
istəyən kimi əhliləşdirir, onunla qul kimi rəftar edirdilər. Belə ki, borcu
olan kəndli ağasından icazəsiz evlənə, hətta lazım gəlsə ağa kənliləri də kəndlə
birlikdə başqa bir bəyə sata bilərdi.
Elə belə də edirdilər.
Məsələn, Talışxanlar 12 kəndi əhalisiylə birlikdə rus Şeremetyevə satmışdılar.
Bu, Azərbaycan kəndlisinin inqilabdan əvvəlki qul vəziyyətinə bir nümunədir. Kəndli
əşya kimi alınıb-satılırdı. Bəy kəndlini döyə, söyə, atın quyruğuna bağlayıb kəndin
içiylə sürütləyə, həbs edə, mütə heç bir haqq vermədən istədiyi qədər işlədə, hətta
sürgünə də göndərə bilərdi.
Rəsmi statistikaya
görə 1870-ci ilə kimi Bakı neft rayonunun torpaqları demək olar ki, bütövlükdə
azərbaycanlıların əlində olduğu halda, iki il sonra bu göstərici cəmi 13% təşkil
edirdi. Hətta milyonçu Tağıyev 1898-ci ildə özünün neft mədənlərini 5 milyon
manata ingilislərə satmışdı.
Nəticədə isə artıq
1914-cü ildə Bakıda çıxarılan neftin 51,5%-i, neft məhsullarının ticarətinin isə
75%-i üç inhisarçının- Nobel, Şell və Standart Oil kompaniyalarının əlinə
keçdi. Yerdə qalan faizdə isə azərbaycanlıların payı çox kiçik idi.
Bu isə o deməkdir
ki, bizim milyonçular, torpaq və mədən sahibləri tərəfindən ingilislərə,
isveçlilərə, amerikalılara, ermənilərə satılmış və ya qumarda uduzulmuşdu. Çünki
bəylər, ağalar, tacirlər, milyonçular Azərbaycana öz mülkiyyətləri, kommersiya
obyektləri kimi baxırdılar, onu satada bilirdilər, qumarada qoyurdular, kefi
istəyənə bağışlayırdılar da.
Bu gün bizlərə
“demokratik” respublika kimi sırınmağa çalışılan Müsavat rejimi mövcud olduğu
23 ay ərzində heç 1 dəfə də olsun seçki keçirmədi. Azərbaycan parlamanı da
seçki əsasında yox, ingilis generalı Tomsonla sövdələşmə əsasında təşkil
olunmuşdu.
AXC-nin
ordusu harda idi və ya Müsavatın süququna nə rəvac verdi?
Artıq 1920-ci ilin əvvəllərində
milyonçular, varlı tacirlər, iri torpaq sahibi bəylər Müsavatın xalq inqilabı
qarşısında acizliyini dərk edib Antanta qoşunlarının Azərbaycana gətirilməsini
tələb edirdilər.
Müsavatçı mənbələr
göstərirlər ki, guya ordu Qarabağda ermənilərə qarşı vuruşduğundan Aprel hadisələri
zamanı Bakını müdafiə edə bilmədi. Əslində isə, bu yalandır.
Ordunu Bakıya gətirmək
üçün Müsavatın kifayət qədər vaxtı var idi. Belə ki, hələ 1920-ci ilin
fevralından hökumətə bəlli idi ki, kommunistlər xalqı üsyana hazırlayırlar. Bu
vaxt ərzində əgər ordu Bakıya gətirilmədisə, bunun sadəcə bir izahı var-
ümumiyyətlə ordu yox idi!
Müsavatçılar iddia
edirdilər ki, guya ordu Qarabağda vuruşurmuş. Halbuki, Müsavat partiyasının rəhbərlərindən
biri olmuş Məhəmməd Hacinski parlamentdəki çıxışında etiraf edirdi ki, “hökumətin
laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq
buraxılmışdı”…
Bu, Müsavatın guya 25
(bəzi mənbələrə görə 40) minlik nizami orduya sahib olması barədə deyilənlərin əslində,
bir mif olduğunun bariz sübutu idi.
Müsavat Hərbi
naziri Mehmandarovun yazılarından bir neçə kiçik epizod:
- General Səməd ağa
Mehmandarovun Baş nazirə raportundan: “…Vətən müdafiəsi ağırlığını çəkmək istəyən
zadəgan və tacirlərə qarşı xalqın şikayət və narazılığı getdikcə artmaqdadır”.
- General Səməd ağa
Mehmandarovun parlamentdəki çıxışından: “…Hər yerdə kasıblar əsgər alınırlar,
heç yerdə qoşun içində bir dövlətli, bəy, ya xan oğlu görmədim” (Azərbaycan qəzeti,
№131, 7 mart 1919).
Müsavatçılar top və
pulemyot atəşləri ilə kəndləri yer üzündən silir, kəndliləri ot tayasına
doldurub diri-diri yandırır və hətta Yusifbəylinin fəxrlə dediyi kimi 1000-dən
çox adamı Bakıdan sürgün edə bilirdi, amma bunların heç biri sosialist
inqilabının qarşısını ala bilmədi.
1920-ci ildə
Müsavat rejimi elə bir vəziyyətə düşdü ki, onu heç müsavatçılar özləri də müdafiə
etmirdilər; parlamentdə 2-ci böyük fraksiya olan islamçı ittihadçılar bəyanat
verib kommunistlərin tərəfinə keçdilər, Müsavatın adlı-sanlı nazirləri, rəhbərləri
inqilabla əməkdaşlıq yolu tutdular, Müsavatın hərbi haziri Mehmandarov
kommunistlərə güllə atmaqdan imtina edərək Qızıl Ordunun tərəfinə keçdi.
Hətta, vəziyyət o qədər
dramatik hal aldı ki, müsavatçılardan təşkil olunmuş (Rəsulzadə sədr olmaqla)
kart-blanş (fövqəladə komissiya) belə hakimiyyətin kommunistlərə verilməsinə səs
verdi.
Müsavat lideri Rəsulzadə
çıxışında müəyyən şərtlərlə hakimiyyətin kommunistlərə təhvil verilməsinə razı
olduğunu bildirdi. Baş nazir Nəsibbəy Yusifbəyli isə kürsüdən “ölərik, ancaq
istiqlalı əldən vermərik, bolşeviklər ancaq mənim cəsədim üzərindən keçə bilərlər”
desə də, kürsüdən düşüb pərdənin arxasına keçən kimi “mənim çamadanım hanı” deyərək,
şələ-şüləsini yığıb aradan çıxmışdı.
Bu, öz xalqına yox,
Antantalı ağalara sığınan, ingilis süngüsünə arxalanaraq hökumət qurmaq istəyənlərin
ibrətamiz sonluğu idi, həm də rüsvayçı sonluğu…
İddia edirlər ki,
Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat
kilometr olduğu halda, 1991-ci ildə müstəqillik elan olunarkən ölkə cəmi 86,6
min kvadrat kilometr əraziyə sahib idi.
Lakin, bu
ittihamlar heç bir tarixi sənədlərdə öz təsdiqini tapmır. Ən əsası isə Sovet
hakimiyyəti qurularkən Azərbaycan Respublikasının mübahisəsiz ərazisi 114 min
kvadrat kilometr yox, təqribən elə indiki qədər, yəni 87,3 min kvadrat kilometr
olmuşdur və Azərbaycan özünün ən böyük torpaq itkilərini 1918-20-ci illərdə Müsavat
hakimiyyəti zamanında yaşamışdır.
Əsil tarixi həqiqət
ondan ibarətdir ki, Azərbaycan cəmi 23 ay hakimiyyətdə olmuş milli hökumətin
(Müsavat) hakimiyyəti zamanında ərazisinin təxminən 1/4-ni itirmişdir. Müsavat
hökuməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmədzin, Sürməli
və s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı və Sığnax
olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə 7 min kvadrat kilometr əraziyə
malik olan Dərbəndi - hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi
güzəştə getmişdir.
1500 ildən sonra Azərbaycan
torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyan və bütün İrəvan mahalı da
daxil olmaqla İrəvan şəhərini də erməni hökumətinə paytaxt kimi hədiyyə edənlər
də məhz Müsavat rəhbərləri olub.
ADR 1919-cu ilin
noyabrın 23-də Ararat Respublikasıyla bağladığı biabırçı separat sazişlə Azərbaycanın
daha 10 min kvadrat kilometr ərazisini (Zəngəzur və ətrafı) mübahisəli ərazilər
siyahısına daxil etmiş və bununla da avtomatik surətdə ADR-in mübahisəsiz dəqiq
ərazilərini 87,3 min kvadrat kilometrə qədər azaltmış və Zəngəzurun ermənilərə
verilməsi üçün hüquqi baza yaratmış oldular.
Həmçinin, bu
separat sazişlə milli hökumət nə qədər acı olsa da de-yure Zəngəzurun Azərbaycan
torpağı olması faktını şübhə altına almış və sərhədlər dəqiqləşdirilənədək
milli ordunu Zəngəzurdan çıxarmışdır.
Təbii ki, bundan
istifadə edən ermənilər də Zəngəzuru işğal edib talanlara başlamışdılar. Artıq
ermənilər buranı öz torpaqları kimi tanıtmışdılar. Sovet hakimiyyəti vaxtı
bunun qarşısını ala bilməyən Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin
dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ,
Naxçıvan Azərbaycanın tərkibində saxlanılsın.
Ümumilikdə isə bəylərin
1918-20-ci illər hakimiyyəti Azərbaycan xalqına 44 min kvadrat kilometr ərazinin
itirilməsinə, 600 min azərbaycanlının İrəvan və ətraf mahallardan deportasiya
olunmasına, 400 min azərbaycanlının isə məhvi hesabına başa gəldi.
Milli
hakimiyyət, yoxsa ingilis müstəmləkəsi?
Müsavatçı bəylərin
1918-20-ci illərdə Osmanlı və ingilis mandatı altında keçən «hakimiyyət» dövrləri
əslində Azərbaycanın əcnəbilər tərəfindən işğalı tarixi olmuşdur.
Həmən bu tarixdə
Dağlıq Qarabağ daşnakların, Lənkəran və Quba-Xaçmaz da daxil olmaqla şimal bölgələri
denikinçilərin tapdağında can verirdi. Bakı və Naxçıvan birbaşa ingilis işğal
qüvvələrinin idarəsi altındaydı.
Naxçıvanın ingilis
komandanlığının nəzarəti altına keçməsi barədə 1919-cu ilin yanvarında
yayımlanmış mayor Qibbona məxsus əmrdə deyilirdi: “Araz çayı boyu rayonlar müvəqqəti
Britaniya baş komandanlığının himayəsinə keçirilir. İngilis ordu dəstələri
Naxçıvan, Culfa, Ordubad, Şahtaxtı və s. məntəqələrdə yerləşəcəklər. Vilayətin
bütün siyasi, iqtisadi, hərbi məsələləri İngiltərə hökuməti tərəfindən həll
ediləcəkdir. Yeni hakimiyyətə tabe olmayanlar qəti surətdə cəzalandırılacaqlar”.
Bu əmrdən cəmi bir
neçə ay sonra ingilislər Araz-Türk Respublikasını ləğv edərək onun ərazisini, o
cümlədən Naxçıvanı daşnakların idarəsinə verdilər. Bu barədə daşnak komandari
Ararat daxili işlər nazirinə 1919-cu il 10 mart tarixli məktubunda yazırdı: “Polkovnik
Tempeley dünən mənə dedi ki, ingilis komandanlığı daşnak hissələrinin Şərur-Naxçıvan
üzərinə yeni hücumuna qarşı etiraz etmir, hətta bu hücuma ingilis zabitlər rəhbərlik
edəcəklər”.
Bizə bu gün
“xilaskar” kimi təqdim edilməyə çalışılan Osmanlı sultanları 1922-ci ildə vətən
xaini kimi Türkiyədən qovulmuşdular. Osmanlının işğalçı missiyası 1918-ci il
sentyabrın 15-də Bakını ələ keçirdikdən sonra bütün çılpaqlığıyla üzə çıxdı. Bu
ana qədər özlərini Azərbaycanın istiqlalını tanıyırmış kımi göstərən Osmanlılar
Bakını tutduqdan sonra bəyan etdilər ki, onlar cümhuriyyət-filan tanımırlar,
qoşun guya əzəli Osmanlı torpaqlarını azad edib və Osmanlı imperiyasının
pozulmuş sərhədlərinin bərpasına nail olub.
Onlar bir neçə ay
Azərbaycanda sözün əsl mənasında ağalıq etdilər; asdıqlarını asdılar, güllələdiklərini
güllələdilər, gözlərinə “birtəhər” dəyənlərin hamısını zopadan keçirdilər, əllərinə
keçəni qarət edib taladılar. 1918-ci il oktyabrın 30-da (Bakını aldıqdan cəmi
45 gün sonra) Azərbaycanı bütün yeraltı və yerüstü sərvətləriylə birlikdə
(oyuncaq Müsavat hökuməti qarışıq) ingilis imperiyasına bağışladılar. “Mudros”
müqaviləsinin 11-ci və 15-ci maddələrinə əsasən Azərbaycan İngiltərə
kraliçasının müstəmləkəsi elan olunurdu.
Heç bir qanuni
haqqı olmadan, sanki öz əyalətiymiş kimi Osmanlı Azərbaycanı ingilis
imperialistlərinə təslim etdi. Bundan sonra Azərbaycan özünün yeraltı və
yerüstü sərvətləriylə, neft yataqları və dəmiryol xətləriylə birlikdə tamamilə
ingilis imperiyasının müstəmləkəsi elan edildi. Bununlada ingilislərin Azərbaycanda
ikinci işğal dövrü başlanmış oldu və bu işğal de-fakto Azərbaycanda Aprel
sosialist inqilabının qələbəsinə qədər davam etdi.
1918-20-ci illəri əhatə
etmiş bu işğal mərhələsində Azərbaycanda müstəqil dövlət idarəçiliyindən və
suveren hakimiyyətdən danışmaq yersiz bir hərəkət olardı, baxmayaraqki bu gün
bu işğal dövrünü bizə «istiqlal» tarixi kimi sırımağa çalışırlar. İngilis
generalı Tomson Bakıya 1918-ci il noyabrın 17-də gəlsə də onun mövcudluğu Azərbaycanda
“Mudros” müqaviləsindən dərhal sonra noyabrın ilk ongünlüyündə hiss olunmağa
başladı. Beləki Müsavat hökuməti noyabrın 9-da qəbul etdiyi qərarla Azərbaycanın
qırmızı rəngli, üzərində aypara və səkkiz guşəli ulduz təsviri olan bayrağını dəyişdirərək,
bu gün də rəsmi dövlət bayrağı hesab olunan üçrəngli bayrağı qəbul etmək məcburiyyətində
qaldı. Çünki əvvəlki qırmızı ay-ulduzlu bayraq Türkiyənin bayrağına bənzədiyindən
Tomsonu qıcıqlandırırdı. Bu səbəbdən də dövlət bayrağı dəyişdirildi.
Bu faktlar bir daha
sübut edir ki, Müsavat dövründə Azərbaycan əcnəbilərin, ingilis generallarının
tapdağı altında olub. Yalnız Aprel sosialist inqilabından sonra Azərbaycanın
işğalına son qoyulmuş, daşnak hərbi hissələrinin fəaliyyəti dayandırılmış, Balakən,
Zaqatala, Qax, Naxçıvan, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü
təmin edilmiş, 1921-ci il Moskva müqaviləsiylə isə ölkə sərhədləri beynəlxalq
hüquqi müstəvidə tanınmışdı.
Müsavatçıların
xalqa xəyanəti Aprel Sosialist inqilabından sonra da davam etdi. Mülkiyyətçilik,
sahiblik instinkti ilə alışıb yanan müsavatçı bəylər «hansı dövlət olur-olsun,
təki mülküm məndə qalsın» tezisiylə çıxış edərək Zaqatala, Balakən, Qax, Qazax ərazilərinin
Gürcüstan tərəfindən işğalına razılıq verdilər.
Onlar Sovet Azərbaycanından
ayrılaraq menşevik Gürcüstanına birləşmək üçün hər cür təxribata əl atdılar. Sərhəd
kəndlərin əhalisini dilə tutaraq bir çox kəndliləri inandırmağa çalışırdılar
ki, sosialist Azərbaycanda yaşamaqdansa, kapitalist Gürcüstana birləşmək daha
yaxşıdır. Bəzi avam kəndlilər bu təxribata uyaraq Gürcüstan hökumətindən xahiş
edirdilər ki, onları öz himayələrinə götürsünlər.
Nərimanov başda
olmaqla Azərbaycan Sovet hökumətinin qətiyyətli siyasətindən sonra Azərbaycan bəylərinin
bu təxribat planı fiaskoya uğradı; Qax, Balakən, Zaqatala, Qazax mahalları Azərbaycanın
tərkibində saxlana bildi.
Azərbaycan
Sosialist Respublika dövründə nələr əldə etdi nələr itirdi?
Rəsulzadə başqa
olmaqla Müsavat rəhbərləri xalqa xəyanətlər içində olduqlarını öz sonrakı fəaliyyətləri
ilə də sübut etdilər. Məsələn, Rəsulzadə Böyük Vətən Müharibəsi dövründə
Hitlerin faşist legionunda qarşı cəbhədə olan öz xalqına qarşı yer aldı. Onun
doğma xalqı isə cəbhənin bu biri üzündə Vətəni uğrunda döyüşərək bəşəriyyəti
faşizmdən qurtarmaq üçün yüz minlərlə şəhid verdi….
Türk və ingilis
müstəmləkəçiliyi altında keçən 2 il ərzində 400 min insanın ölümünə səbəb
olmuş, Azərbaycanı ingilis, İran, Denikin, Osmanlı Türkiyəsinin, daşnak Ermənistanının
terror poliqonuna çevirmiş, 1500 il sonra Azərbaycan torpaqlarında erməni dövlətinin
yaradılmasını tanımış, İrəvan mahalını daşnak dövlətinə paytaxt kimi vermiş,
devriləndən sonra belə Azərbaycanın qərb bölgələrini Gürcüstana birləşdirməyə cəhd
göstərəcək qədər tarixi cinayətə əl atmış bir firqənin rəhbərindən bundan fərqli
nə gözləmək olardı ki?
Azərbaycanda Sovet
hakimiyyətinin qurulmasını təhqiramiz şəkildə təqdim etmək, bu tarixi hadisəni
və onu həyata keçirən xalqın uğurlarını rusların, Qızıl Ordunun adına çıxmaq
tariximizə xəyanətdir. Gənc nəsli aldatmaq lazım deyil, onlara həqiqəti söyləyək-
Azərbaycan Sovet hakimiyyəti dövründə öz tarixi ərzində ən böyük naliyyətlər əldə
edib, əksər xalqların hələ də nail ola bilmədiyi xarüqələr yaradıb.
Pisi ilə yaxşısı ilə
bu bizim tariximizdir. 1920-ci ilin aprelində bu xalqın azadlığı uğrunda minlərlə
insan canını qurban verdi, bu ölkənin xoşbəxtliyi naminə mübarizə apardı. Məhz
Aprel inqilabından sonra Azərbaycanda xalqın adi nümayəndələrinin hakimiyyətdə
olduğu müstəqil respublika yaradıldı, xalqımız Şərqdə, hətta Qərbdə o qədər
ilklər gerçəkləşdirdi ki saymaqla bitməz.
Qısa müddətdə təhsil,
elm, iqtisadiyyat, mədəniyyət sürətlə inkişaf etdi. Azərbaycan qaranlıqdan
işığa çıxdı- Nərimanovun dediyi kimi Şərqdə bir Günəş doğdu. Bunu anlamaq üçün
İran azərbaycanlılarının elmi, mədəni, sosial, iqtisadi.. səviyyəsini bizimlə
müqayisə etmək kifayətdir.
Tarix unutqanlığı və
saxtakarlığı sevmir. Biz ikisindən birini seçməliyik- ya tarixi gerçəkləri bilməliyik,
yada özümüzə saxta tarix yazmalıyıq. Bu zaman biz də dönüb olarıq erməni. Biz
isə azərbaycanlıyıq- dünyanın ən sivil, mədəni, elmli xalqlarından biri. Bizim
saxta tarixə ehtiyacımız yoxdur- öz şərəfli tariximizi bilsək kifayətdir...
Elçin Bayramlı
Elçin Bayramlı
“Altay” Strateji
Araşdırmalar Mərkəzinin sədri
Комментариев нет:
Отправить комментарий