01.05.2012

28 aprel- işğal, yoxsa xalq inqilabı?


Tarixi həqiqətlər tarixi sənədlər və faktlar işığında…

Aprel sosialist inqilabından 92 il keçir. Amma Aprel hadisələrinə ziddiyyətli münasibət var. Tarixi kimlərsə məqsədli şəkildə, dolaşdırır, qarışdırır, insanları aldatmağa çalışır.  Lakin, tarix saxtakarlığı sevmir, xüsusilə də yaxın tarix, ona görə ki, arxivlərdə hələ də sənədlər var, sənədlər! Beləliklə əsas sual budur- Aprel hadisələri inqilabdır, yoxsa işğal? Bu yazıda bu məqamlara tarixi faktlar və sənədlər əsasında aydınlıq gətirməyə çalışacağıq.


Kommunistlər 1920-ci il aprelin 27-də Bakıda baş verənləri necə izah edir?

92 il bundan əvvəl 1920–ci il aprelin 26-dan 27-sinə kecən gecə qəhrəman Bakı proletariatı ingilis müstəmləkiciliyinin dayağı olan musavat-ingilis qaraguruhunun müstəmləkəcilik siyasətinə qarşı silahlı üsyan qaldırdılar. Aprelin 26-dan 27-sinə kecən gecə Qırmızı Komandan Cingiz İldrımın başcılığı altında Bakı polis hissələri tutularaq tərkisilah edildi.
İnqilabi qvardiyanın reydləri nəticəsində Bayıldakı silah anbarı ələ kecirildi və bütün fəhlələr silahlandırıldılar. Bayıl yamacında qurulmuş ingilis səhra və sahil topları inqilabcılar tərəfindən ələ kecirildi. Bakı qarnizonu tam tərkibdə inqilabın tərəfinə kecdi. Bakı Yunker məktəbi tutularaq tərkisilah edildilər. Nargin adasında yerləşən musavat-ingilis qüvvələriylə Bakı arasında əlaqə yaratmaq ücün qurulmuş rabitə xətti şəxsən Cingiz İldrımın rəhbərliyi və iştirakı ilə kəsildi.
İnqilabcı fəhlə və qırmızı qvardiya hissələri Bayıl həbsxanasını tutaraq bütün siyasi dustaqları azad etdilər, Müsavatın “Bastilyası” və “Kronştatı” bir gecə icində inqilabcılar tərəfindən cökdürüldü. Radio inqilabcıların tam nəzarətinə kecdi və inqilabı boğmaq ücün Batumda və İranda hazır vəziyyətdə gözləyən ingilis-amerika qüvvələrinə və Antanta tərəfindən qızışdırılaraq Azərbaycan üzərinə göndərilən daşnak və gürcü hökumət qüvvələrini geri püskürtmək ücün XI Qızıl Ordudan və Sovet Rusiyasından təcili yardım istənildi.
XI Ordu gələnə kimi isə inqilabcı qüvvələr dəmir yol xəttini, donanmanı tam şəkildə nəzarətə götürdülər. 27 aprel səhəri inqilabın hərbi rəhbəri Cingiz İldrımın göstərişiylə donanmadakı toplar musavat parlamentinin üzərinə tuşlandı və qan tökülmədən hakimiyyətin kommunistlərə verilməsi tələb olundu. Musavat xalq dəstəyindən və hətta müsavatcılar tərəfindən belə müdafiə olunmadı.
Hərbi nazir Mehmandarov “bolşeviklərə qarşı vuruşmayacağıq” deyərək inqilabın tərəfinə kecdi. Musavat nazirlərinin coxu inqilaba səs verdi. İfrat islamcı İttihatcılar belə kommunistlərin hakimiyəti ücün əllərindən gələni etdilər. Bir sözlə müsavat qaraguruhu tərəfdarsız qalıb təslim oldu.
27 aprel axşama yaxın Azərbaycanda Sosialist Respublika elan olundu, ölkəmiz Mudros müqaviləsinin alcaldıcı və işğalcı şərtlərindən azad oldu. Azərbaycan İngilis imperializminin əsarətindən xilas olan ilk şərq ölkəsi oldu. Müstəmləkəcilik sisteminin cöküşü Azərbaycandan başladı.
Anadoluda təklənmiş və ingilis musavat qaraguruhu tərəfindən mühasirəyə alınmış Türkiyə inqilabcıları ücün yardım dəhlizi acıldı. Şərqdə bir günəş doğuldu, onun şəfəqi şərq müsəlman xalqlarının azadlıq hərəkatına bir məşəl kimi işıq sacdı.

27 aprel inqilabını kim etdi- XI Qızıl Ordu, yoxsa xalq?

Həqiqət həmişə faktlara söykənməlidir. Faktlar isə göstərir ki, 1920-ci ilin aprelində Azərbaycan fəhlələrinin silahlı üsyanı olmasa idi, XI ordunun Bakıya gəlişi bu qədər rahat baş verməzdi.
Bunu «İnternasional» zirehli qatarının komandiri M.Q.Yefremov inqilabdan sonrakı illərdə öz xatirələrində etiraf edirdi. O yazırdı: «Belə sürətli əməliyyatı yerinə yetirərkən… XI ordu Bakıdan təxminən 300 km məsafədə idi, hərgah fəhlələrin üsyanı olmasaydı biz XI ordu diviziyaları yaxınlaşanadək məhv edilmiş olardıq».
Bu hansısa qərəzli siyasətçi mövqeyi deyil, bu peşəkar hərbçi rəyidir. Yefremov yazırdı ki, hərb tarixində bu yeganə hadisədir ki, ordunun qərargahı ordunun döyüş hissələrindən 300 km öndə hərəkət edirdi, özüdə tamamilə müdafiəsiz və təcrid olunmuş halda.
Bu o deməkdir ki, əgər aprel hadisəsi işğal olsa idi, əvvəlcə ordu gəlib şəhəri almalı idi, yalnız bundan sonra qərargah gəlib təhlükəsiz şəraitdə şəhərə yerləşməliydi. Amma bunun əksinin baş verməsi, yəni qərargahın «İnternasional» döyüş qatarında ordu hissələrindən bir neçə gün əvvəl gəlib Yalamada oturması onun göstəricisi idi ki, XI Qızıl Ordu Bakıya gəlməmişdən bir neçə gün əvvəl Bakı fəhlələri silahlı üsyan qaldıraraq bütün sursat anbarlarını, hərbi məktəbləri, Bayıl həbsxanasını, Xəzər donanmasını, səhra və sahil toplarını, bir sözlə, bütün strateji nöqtələri ələ keçirmiş və hakimiyyəti parlamentdən təhvil almışdılar.
Xalq üsyanına Azərbaycan İnqilab Komitəsi və şəxsən qızıl komandan Çingiz İldırım rəhbərlik etmişdi. Yalnız silahlı üsyanın qələbəsinin yaratmış olduğu rahatlıq, qərargahın XI ordudan bir neçə yüz kilometr öndə irəliləməsinə və həmdə heç bir ciddi müqavimətə rast gəlmədən irəliləməsinə imkan vermişdir.
Sual doğur- Əgər inqilabı Azərbaycan kommunistləri xalqa söykənib etmişdilərsə, onda XI Ordunun gəlməsinə nə ehtiyac var idi? Kommunistlər sadəcə xalq narazılığına rəhbərlik etmiş və inqilabın avanqardı qismində çıxış etmişdilər. İnqilabı isə kommunistlərin rəhbərliyi ilə islamçısıyla, türkçüsüylə, müsavatçısıyla bütün Azərbaycan xalqı etdi.
Radikal islamçılar olan ittihadçılardan tutmuş Bakıdakı türk paşalarına (Ənvər paşa və Nuru paşa da həmçinin), kamalçılara, müsavatçı Hacınskilərə, Məhəmməd Hadilərə qədər hər kəsin Aprel sosialist inqilabını alqışlamaları inqilabımızın sosial bazasının necə geniş olmasının bariz sübutudur.
Hələ silahlı üsyan baş verməmişdən qabaq kommunistlər yaxşı bilirdilər ki, qırmızı inqilabın sabahısı günü Antanta dövlətlərinin əksinqilabi müdaxiləsi ilə qarşı-qarşıya qalacaqlar. ABŞ və Fransa qoşunları Batumdan, ingilis və İran şah qoşunları cənubdan, daşnak Ermənistanı və menşevik Gürcüstanı isə qərbdən Qızıl Bakı üzərinə yürüşə hazır idilər. Belə bir əksinqilabi cəbhənin qarşısında anacaq yerli fəhlə-kəndli qüvvələriylə duruş gətirmək mümkün deyildi. 6 dövlətin təpədən-dırnağacan silahlanmış orduları Azərbaycan Sosialist Respublikasını çəkmələri altında əzməyə hazır idilər.
Bu isə o deməkdir ki, XI Ordu Azərbaycanda inqilab etmədi, sadəcə Azərbaycan xalqının inqilabi nailiyyətlərini qoruyub saxlamaqda milli Qızıl Ordu hissələrinə kömək etdi. Əks təqdirdə, Azərbaycan Sosialist Respublikasının da taleyi Bavariya və ya Macarıstan Sovet Respublikalarının aqibəti kimi faciəli olacaqdı.

Bakıya köməyə gələn XI Qızıl Ordu əsasən müsəlmanlardan ibarət imiş…

Saxtakar tarixcilər iddia edirlər ki, guya XI Qızıl Ordu əsasən erməni və ruslardan ibarət imiş. Amma görün həmin dövrün etibarlı türk hərbi mənbələri XI Ordunun milli-dini tərkibini necə xarakterizə edirlər: “Etibarlı mənbədən: 100.000 nəfərlik böyük əksəriyyəti müsəlman olan XI Bolşevik Ordusu Bakıya catmışdır. Ayrıca Qırmızı Oduya mənsub 40.000 nəfərlik bir hərbi qüvvənin Vladiqafqazdan Bakıya doğru hərəkət etdiyini erməni qəzetləri yazmaqdadırlar…” 15-ci ordunun komandanı Kazım Qarabəkir paşa Böyük Millət Məclisini məlumatlandıracaq teleqramında belə yazırdı.
Bu fakt bir daha təsdiq edir ki, XI Qızıl Ordunun əsas şəxsi heyyəti müsəlmanlardan ibarət idi və bir cox mənbələrdə müsəlmanlardan ibarət Qırmızı Ordudan “Yaşıl Ordu” deyilərək də bəhs edildiyi məlumdur. Aprel inqilabının rəhbəri Cingiz İldırım hələ Rusiyada olarkən “İldrımiyyə” adlanan müsəlman Qırmızı Ordu hissələri təşkil edirdi ki, Bakı inqilabcılarının köməyinə gedərkən müsəlman qızıl ordusundan geniş istifadə olunsun.
Yenə həmin tarixdə Mustafa Kamal Atatürk bir gizli toplantıda Bakıya daxil olan bolşevik ordularının müsəlmanlardan ibarət olmasını bu sözlərlə ifadə edirdi: “Qızıl Ordu adı altında xidmət edən islam bolşevik ordusu Bakıya girdikdən sonra Ermənistan sərhədlərinə qədər irəliləmiş və Ermənistan üzərinə hücum etmək ücün Qarabağ ətrafında və Gəncə istiqamətində toplanmaqdadırlar”.
1920-ci il aprelin 13-də Kazım Qarabəkir paşa Atatürkə məktubunda yazırdı: “Görünməkdədir ki, Qızıl Ordu Azərbaycan və hətta Dağıstanın icərilərinə girmək ücün həm əllərindəki təlimata, həm də axacaq müsəlman qanının və yaxud yanlış bir hərəkət üzündən Türkiyənin və müsəlman dünyasının və öz ordularının önəmli hissəsini təşkil edən müsəlman qüvvələrinin üzüntü, əsəb və etirazına səbəb olmamaq ücün planlarını pozmamaq məqsədilə ağırbaşlılığı və bizim tərəfimizdən dəstəklənən təlimat əldə etməyi lazım bilirlər. Bu lap yerindədir.”
Burada diqqət cəkən əsas məqam yenədə XI Ordunun əsas hissəsinin müsəlmanlardan ibarət olduğunun vurğulanmasıdır.
Mandatlı tarixcilər iddia edirlər ki, XI Ordu Bakıya daxil olarkən onları gül-cicəklə qarşılayanlar guya erməni və ruslar olublar. Lakin türk mənbələri bolşevizmin yerli əhalinin coxluğu tərəfindən rəğbətlə qarşılanması barədə belə xəbər verirdilər: “Azərbaycan və Gürcüstanda hakimiyyətdə burjua sinfinə mənsub hökumətlər mövcuddur…lakin cox böyük əksəriyyətinin bolşevikliyin tərəfdarı olan xalqın bir daxili inqilab ilə bolşevikliyi qalib edəcəkləri görünməkdədir. Azərbaycanda millət və ordunun bolşevizim əlehinə cıxacağını zənn etmirəm”.
Burada diqqəti cəkən əsas məqam xalqın əksəriyyətinin bolşevizmə olan rəğbətinin etiraf olunması və daxili inqilabı potensialın mövcudluğunun qabardılmasıdır. Deməli hətta türk mənbələri belə Aprel inqilabının daxili inqilabi potensialdan doğduğunu və kənardan Qafqaza ixrac olunmadığının fərqindəydilər….

Xalqı inqilaba gətirən səbəblər nə idi və ya üsyan niyə baş verdi?

Xaricə qaçıb imperialist qüvvələrə sığınan Müsavat rəhbəri xalq inqilabını ləkələmək üçün böhtan yazmaqda davam edib. Lakin tarixi faktlar Rəsulzadənin ittihamlarını saxta sabun köpüyü kimi partladıb yox edir.
Məsələ burasındadır ki, Aprel inqilabı göbələk kimi birdən-birə ortaya çıxmadı, 1917-20-ci illərdə Azərbaycanda baş vermiş saysız-hesabsız kəndli üsyanları, fəhlə tətilləri, ordu hissələrində baş qaldıran hərbi qiyamlar əslində yaxınlaşmaqda olan qırmızı inqilabın ayaq səsləriydi.
Əgər Rəsulzadə və onun kimiləri bu amili görə bilmirdilərsə, bu artıq onların siyasi səriştəsizliyi idi. Necə olur, ingilis kəşfiyyatı hələ Aprel inqilabından 9 ay əvvəl Londona Azərbaycanda qırmızı inqilab üçün böyük potensial olduğu barədə məlumatlar ötürülürdü, amma M.Ə.Rəsulzadə və komandası ölkədə cərəyan edən proseslərə sadəcə gözlərini yumaraq baxırdılar və heç nə görmürdülər.
Bəs Azərbaycan xalqında Müsavat rejiminə qarşı baş qaldıran narazılığın səbəbləri nə idi? Bu suala da yenə həmən dövrün mənbələri əsasında cavab vermək olar. Budur 1920-ci ilin fevralı; “Azərbaycan firqəsi” qəzeti yazır: “Hansı bir kənddən keçilərsə, ağlaşmadan qulaq tutulur, ən kiçik bir kənddə gündə 10-15 kəndli tələf olur”.
Bəli, Müsavat hakimiyyəti zamanı Azərbaycanda əhalinin sayı 400 min nəfər azalaraq 2,3 milyon nəfərdən 1,9 milyon nəfərə düşdü; on minlərlə insan aclıqdan və xəstəlikdən tələf oldu. Müsavatın törətmiş olduğu süni aclıq minlərlə ailəni acından ölümə məhkum etmişdi. Bu azmış kimi digər tərəfdəndə Müsavat məmurları xalqı soyub talan edirdilər.
1918-20-ci illər Azərbaycanın gerçək mənzərəsi budur, hansıki Müsavatın rəsmi sənədlərində də etiraf olunurdu: «…özbaşınalıq, qanunsuzluq, ən ifrat və qabarıq formalarda rüşvətxorluq yerli hökumət idarələrində adi haldır» (Müsavat Daxili İşlər Nazirinin imzaladığı sənəddən).
Qızılhacılı kəndlilərinin 1919-cu il 21 aprel tarixli parlamentə ünvanlanmış məktublarında açıqca bəyan edilirdi: “…Yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur”.
Kimlər ki Aprel sosialist inqilabının səbəblərini ölkə sərhədlərindən kənarda axtarırlar, onlara məsləhət görərdik ki, Aprel inqilabının səbəbini məhz bu cümlələrdə axtarsınlar, 1918-20-ci illər Azərbaycan insanının əhval-ruhiyyəsinə tərcüman olmuş bu sətirlərdə.
Təbii ki belə bir rejim artıq özü-özü barədə ölüm hökmü çıxarmışdı, Azərbaycan xalqına və kommunistlərə isə sadəcə bu hökmü icra etmək qalırdı. Məhz Aprel sosialist inqilabı bu əhval-ruhiyyənin məntiqi yekunu idi.

Müsavat xalqın hökuməti idi, yoxsa milyonçuların?

Müsavat üçün “millilik” sadəcə bir pərdəydi. Nərimanov Müsavat baş naziri Nəsibbəy Yusfbəyliyə 1919-cu ildə yazdığı məktubda bunu belə dilə gətirirdi: “…İslam və millət sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hökuməti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonerlərinin mənafeyi məcbur edirmiş”.
Bu faktı, yəni Müsavatın milyonçular və bəylər tərəfindən maliyyələşdirilməsini M.Ə.Rəsulzadə özü də etiraf edirdi. O, 1918-ci il yanvarın 24-də çıxışı zamanı etiraf edirdi ki, “…müsəlman polkları müsəlman burjuaziyasının… vəsaiti ilə təşkil edilir” və təbiiki onların milyoncuqlarını qorumaq üçün təşkil edilirdi.
Parlamanın (əslində milyonçular klubunun) son iclasında milyonçu Ağa Aşurov çıxış edərək əslində müsavatçılığın kimlərə xidmət etdiyini belə dilə gətirirdi: “Orada fəhlə-kəndli hakimiyyəti var. Biz isə burada dövlətli, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir”.
İnqilabdan əvvəl Azərbaycanda əkilən torpaqların 98,2%-i, yəni demək olar ki, hamısı əhalinin cəmi 1%-ni təşkil edən bəy və xanların mülkiyyətindəydi. Ölkə əhalisinin 78%-ni təşkil edən kəndlilərin əlində isə əkilən torpaqların cəmi 1,8%-i qalmaqdaydı. Əkinə yararlı 1 milyon hektar torpaq cəmi 195 bəy ailəsinin əlində təmərküzləşmişdi.
Müqayisə üçün deyək ki, Sovet hakimiyyəti zamanı Azərbaycanda sovxoz və kolxozların balansında olmuş sahəsiylə müqayisə edilə biləcək qədər böyük ərazi deməkdir, hansı ki inqilabdan əvvəl ölkə əhalisinin səmi 0,01%-nə məxsus idi.
Ömrü boyu ailəsiylə birlikdə bir qarın çörəyə beş-on nəfər bəy-xan ailəsinin qapısında muzdurluq, nökərçilik edən bir millətin «vətənpərvərlik, millətçilik ruhundan» bəhs etmək tarixə istezadan başqa bir şey deyil.
Aprel sosialist inqilabından qabaq Azərbaycan kəndlisinin bəy və xanlara 600 milyon manat borcu var idi. Bu borc kəndiri elə bir şey idi ki, bəylə bu vasitəylə kəndliləri ürəkləri istəyən kimi əhliləşdirir, onunla qul kimi rəftar edirdilər. Belə ki, borcu olan kəndli ağasından icazəsiz evlənə, hətta lazım gəlsə ağa kənliləri də kəndlə birlikdə başqa bir bəyə sata bilərdi.
Elə belə də edirdilər. Məsələn, Talışxanlar 12 kəndi əhalisiylə birlikdə rus Şeremetyevə satmışdılar. Bu, Azərbaycan kəndlisinin inqilabdan əvvəlki qul vəziyyətinə bir nümunədir. Kəndli əşya kimi alınıb-satılırdı. Bəy kəndlini döyə, söyə, atın quyruğuna bağlayıb kəndin içiylə sürütləyə, həbs edə, mütə heç bir haqq vermədən istədiyi qədər işlədə, hətta sürgünə də göndərə bilərdi.
Rəsmi statistikaya görə 1870-ci ilə kimi Bakı neft rayonunun torpaqları demək olar ki, bütövlükdə azərbaycanlıların əlində olduğu halda, iki il sonra bu göstərici cəmi 13% təşkil edirdi. Hətta milyonçu Tağıyev 1898-ci ildə özünün neft mədənlərini 5 milyon manata ingilislərə satmışdı.
Nəticədə isə artıq 1914-cü ildə Bakıda çıxarılan neftin 51,5%-i, neft məhsullarının ticarətinin isə 75%-i üç inhisarçının- Nobel, Şell və Standart Oil kompaniyalarının əlinə keçdi. Yerdə qalan faizdə isə azərbaycanlıların payı çox kiçik idi.
Bu isə o deməkdir ki, bizim milyonçular, torpaq və mədən sahibləri tərəfindən ingilislərə, isveçlilərə, amerikalılara, ermənilərə satılmış və ya qumarda uduzulmuşdu. Çünki bəylər, ağalar, tacirlər, milyonçular Azərbaycana öz mülkiyyətləri, kommersiya obyektləri kimi baxırdılar, onu satada bilirdilər, qumarada qoyurdular, kefi istəyənə bağışlayırdılar da.
Bu gün bizlərə “demokratik” respublika kimi sırınmağa çalışılan Müsavat rejimi mövcud olduğu 23 ay ərzində heç 1 dəfə də olsun seçki keçirmədi. Azərbaycan parlamanı da seçki əsasında yox, ingilis generalı Tomsonla sövdələşmə əsasında təşkil olunmuşdu.

AXC-nin ordusu harda idi və ya Müsavatın süququna nə rəvac verdi?

Artıq 1920-ci ilin əvvəllərində milyonçular, varlı tacirlər, iri torpaq sahibi bəylər Müsavatın xalq inqilabı qarşısında acizliyini dərk edib Antanta qoşunlarının Azərbaycana gətirilməsini tələb edirdilər.
Müsavatçı mənbələr göstərirlər ki, guya ordu Qarabağda ermənilərə qarşı vuruşduğundan Aprel hadisələri zamanı Bakını müdafiə edə bilmədi. Əslində isə, bu yalandır.
Ordunu Bakıya gətirmək üçün Müsavatın kifayət qədər vaxtı var idi. Belə ki, hələ 1920-ci ilin fevralından hökumətə bəlli idi ki, kommunistlər xalqı üsyana hazırlayırlar. Bu vaxt ərzində əgər ordu Bakıya gətirilmədisə, bunun sadəcə bir izahı var- ümumiyyətlə ordu yox idi!
Müsavatçılar iddia edirdilər ki, guya ordu Qarabağda vuruşurmuş. Halbuki, Müsavat partiyasının rəhbərlərindən biri olmuş Məhəmməd Hacinski parlamentdəki çıxışında etiraf edirdi ki, “hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdı”…
Bu, Müsavatın guya 25 (bəzi mənbələrə görə 40) minlik nizami orduya sahib olması barədə deyilənlərin əslində, bir mif olduğunun bariz sübutu idi.
Müsavat Hərbi naziri Mehmandarovun yazılarından bir neçə kiçik epizod:
- General Səməd ağa Mehmandarovun Baş nazirə raportundan: “…Vətən müdafiəsi ağırlığını çəkmək istəyən zadəgan və tacirlərə qarşı xalqın şikayət və narazılığı getdikcə artmaqdadır”.
- General Səməd ağa Mehmandarovun parlamentdəki çıxışından: “…Hər yerdə kasıblar əsgər alınırlar, heç yerdə qoşun içində bir dövlətli, bəy, ya xan oğlu görmədim” (Azərbaycan qəzeti, №131, 7 mart 1919).
Müsavatçılar top və pulemyot atəşləri ilə kəndləri yer üzündən silir, kəndliləri ot tayasına doldurub diri-diri yandırır və hətta Yusifbəylinin fəxrlə dediyi kimi 1000-dən çox adamı Bakıdan sürgün edə bilirdi, amma bunların heç biri sosialist inqilabının qarşısını ala bilmədi.
1920-ci ildə Müsavat rejimi elə bir vəziyyətə düşdü ki, onu heç müsavatçılar özləri də müdafiə etmirdilər; parlamentdə 2-ci böyük fraksiya olan islamçı ittihadçılar bəyanat verib kommunistlərin tərəfinə keçdilər, Müsavatın adlı-sanlı nazirləri, rəhbərləri inqilabla əməkdaşlıq yolu tutdular, Müsavatın hərbi haziri Mehmandarov kommunistlərə güllə atmaqdan imtina edərək Qızıl Ordunun tərəfinə keçdi.
Hətta, vəziyyət o qədər dramatik hal aldı ki, müsavatçılardan təşkil olunmuş (Rəsulzadə sədr olmaqla) kart-blanş (fövqəladə komissiya) belə hakimiyyətin kommunistlərə verilməsinə səs verdi.
Müsavat lideri Rəsulzadə çıxışında müəyyən şərtlərlə hakimiyyətin kommunistlərə təhvil verilməsinə razı olduğunu bildirdi. Baş nazir Nəsibbəy Yusifbəyli isə kürsüdən “ölərik, ancaq istiqlalı əldən vermərik, bolşeviklər ancaq mənim cəsədim üzərindən keçə bilərlər” desə də, kürsüdən düşüb pərdənin arxasına keçən kimi “mənim çamadanım hanı” deyərək, şələ-şüləsini yığıb aradan çıxmışdı.
Bu, öz xalqına yox, Antantalı ağalara sığınan, ingilis süngüsünə arxalanaraq hökumət qurmaq istəyənlərin ibrətamiz sonluğu idi, həm də rüsvayçı sonluğu…

92 года назад Красная Армия оккупировала Азербайджан Vətən torpaqlarını ona-buna Müsavat hakimiyyəti paylayıb

İddia edirlər ki, Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat kilometr olduğu halda, 1991-ci ildə müstəqillik elan olunarkən ölkə cəmi 86,6 min kvadrat kilometr əraziyə sahib idi.
Lakin, bu ittihamlar heç bir tarixi sənədlərdə öz təsdiqini tapmır. Ən əsası isə Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının mübahisəsiz ərazisi 114 min kvadrat kilometr yox, təqribən elə indiki qədər, yəni 87,3 min kvadrat kilometr olmuşdur və Azərbaycan özünün ən böyük torpaq itkilərini 1918-20-ci illərdə Müsavat hakimiyyəti zamanında yaşamışdır.
Əsil tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycan cəmi 23 ay hakimiyyətdə olmuş milli hökumətin (Müsavat) hakimiyyəti zamanında ərazisinin təxminən 1/4-ni itirmişdir. Müsavat hökuməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmədzin, Sürməli və s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı və Sığnax olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə 7 min kvadrat kilometr əraziyə malik olan Dərbəndi - hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi güzəştə getmişdir.
1500 ildən sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyan və bütün İrəvan mahalı da daxil olmaqla İrəvan şəhərini də erməni hökumətinə paytaxt kimi hədiyyə edənlər də məhz Müsavat rəhbərləri olub.
ADR 1919-cu ilin noyabrın 23-də Ararat Respublikasıyla bağladığı biabırçı separat sazişlə Azərbaycanın daha 10 min kvadrat kilometr ərazisini (Zəngəzur və ətrafı) mübahisəli ərazilər siyahısına daxil etmiş və bununla da avtomatik surətdə ADR-in mübahisəsiz dəqiq ərazilərini 87,3 min kvadrat kilometrə qədər azaltmış və Zəngəzurun ermənilərə verilməsi üçün hüquqi baza yaratmış oldular.
Həmçinin, bu separat sazişlə milli hökumət nə qədər acı olsa da de-yure Zəngəzurun Azərbaycan torpağı olması faktını şübhə altına almış və sərhədlər dəqiqləşdirilənədək milli ordunu Zəngəzurdan çıxarmışdır.
Təbii ki, bundan istifadə edən ermənilər də Zəngəzuru işğal edib talanlara başlamışdılar. Artıq ermənilər buranı öz torpaqları kimi tanıtmışdılar. Sovet hakimiyyəti vaxtı bunun qarşısını ala bilməyən Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ, Naxçıvan Azərbaycanın tərkibində saxlanılsın.
Ümumilikdə isə bəylərin 1918-20-ci illər hakimiyyəti Azərbaycan xalqına 44 min kvadrat kilometr ərazinin itirilməsinə, 600 min azərbaycanlının İrəvan və ətraf mahallardan deportasiya olunmasına, 400 min azərbaycanlının isə məhvi hesabına başa gəldi.

Milli hakimiyyət, yoxsa ingilis müstəmləkəsi?

Müsavatçı bəylərin 1918-20-ci illərdə Osmanlı və ingilis mandatı altında keçən «hakimiyyət» dövrləri əslində Azərbaycanın əcnəbilər tərəfindən işğalı tarixi olmuşdur.
Həmən bu tarixdə Dağlıq Qarabağ daşnakların, Lənkəran və Quba-Xaçmaz da daxil olmaqla şimal bölgələri denikinçilərin tapdağında can verirdi. Bakı və Naxçıvan birbaşa ingilis işğal qüvvələrinin idarəsi altındaydı.
Naxçıvanın ingilis komandanlığının nəzarəti altına keçməsi barədə 1919-cu ilin yanvarında yayımlanmış mayor Qibbona məxsus əmrdə deyilirdi: “Araz çayı boyu rayonlar müvəqqəti Britaniya baş komandanlığının himayəsinə keçirilir. İngilis ordu dəstələri Naxçıvan, Culfa, Ordubad, Şahtaxtı və s. məntəqələrdə yerləşəcəklər. Vilayətin bütün siyasi, iqtisadi, hərbi məsələləri İngiltərə hökuməti tərəfindən həll ediləcəkdir. Yeni hakimiyyətə tabe olmayanlar qəti surətdə cəzalandırılacaqlar”.
Bu əmrdən cəmi bir neçə ay sonra ingilislər Araz-Türk Respublikasını ləğv edərək onun ərazisini, o cümlədən Naxçıvanı daşnakların idarəsinə verdilər. Bu barədə daşnak komandari Ararat daxili işlər nazirinə 1919-cu il 10 mart tarixli məktubunda yazırdı: “Polkovnik Tempeley dünən mənə dedi ki, ingilis komandanlığı daşnak hissələrinin Şərur-Naxçıvan üzərinə yeni hücumuna qarşı etiraz etmir, hətta bu hücuma ingilis zabitlər rəhbərlik edəcəklər”.
Bizə bu gün “xilaskar” kimi təqdim edilməyə çalışılan Osmanlı sultanları 1922-ci ildə vətən xaini kimi Türkiyədən qovulmuşdular. Osmanlının işğalçı missiyası 1918-ci il sentyabrın 15-də Bakını ələ keçirdikdən sonra bütün çılpaqlığıyla üzə çıxdı. Bu ana qədər özlərini Azərbaycanın istiqlalını tanıyırmış kımi göstərən Osmanlılar Bakını tutduqdan sonra bəyan etdilər ki, onlar cümhuriyyət-filan tanımırlar, qoşun guya əzəli Osmanlı torpaqlarını azad edib və Osmanlı imperiyasının pozulmuş sərhədlərinin bərpasına nail olub.
Onlar bir neçə ay Azərbaycanda sözün əsl mənasında ağalıq etdilər; asdıqlarını asdılar, güllələdiklərini güllələdilər, gözlərinə “birtəhər” dəyənlərin hamısını zopadan keçirdilər, əllərinə keçəni qarət edib taladılar. 1918-ci il oktyabrın 30-da (Bakını aldıqdan cəmi 45 gün sonra) Azərbaycanı bütün yeraltı və yerüstü sərvətləriylə birlikdə (oyuncaq Müsavat hökuməti qarışıq) ingilis imperiyasına bağışladılar. “Mudros” müqaviləsinin 11-ci və 15-ci maddələrinə əsasən Azərbaycan İngiltərə kraliçasının müstəmləkəsi elan olunurdu.
Heç bir qanuni haqqı olmadan, sanki öz əyalətiymiş kimi Osmanlı Azərbaycanı ingilis imperialistlərinə təslim etdi. Bundan sonra Azərbaycan özünün yeraltı və yerüstü sərvətləriylə, neft yataqları və dəmiryol xətləriylə birlikdə tamamilə ingilis imperiyasının müstəmləkəsi elan edildi. Bununlada ingilislərin Azərbaycanda ikinci işğal dövrü başlanmış oldu və bu işğal de-fakto Azərbaycanda Aprel sosialist inqilabının qələbəsinə qədər davam etdi.
1918-20-ci illəri əhatə etmiş bu işğal mərhələsində Azərbaycanda müstəqil dövlət idarəçiliyindən və suveren hakimiyyətdən danışmaq yersiz bir hərəkət olardı, baxmayaraqki bu gün bu işğal dövrünü bizə «istiqlal» tarixi kimi sırımağa çalışırlar. İngilis generalı Tomson Bakıya 1918-ci il noyabrın 17-də gəlsə də onun mövcudluğu Azərbaycanda “Mudros” müqaviləsindən dərhal sonra noyabrın ilk ongünlüyündə hiss olunmağa başladı. Beləki Müsavat hökuməti noyabrın 9-da qəbul etdiyi qərarla Azərbaycanın qırmızı rəngli, üzərində aypara və səkkiz guşəli ulduz təsviri olan bayrağını dəyişdirərək, bu gün də rəsmi dövlət bayrağı hesab olunan üçrəngli bayrağı qəbul etmək məcburiyyətində qaldı. Çünki əvvəlki qırmızı ay-ulduzlu bayraq Türkiyənin bayrağına bənzədiyindən Tomsonu qıcıqlandırırdı. Bu səbəbdən də dövlət bayrağı dəyişdirildi.
Bu faktlar bir daha sübut edir ki, Müsavat dövründə Azərbaycan əcnəbilərin, ingilis generallarının tapdağı altında olub. Yalnız Aprel sosialist inqilabından sonra Azərbaycanın işğalına son qoyulmuş, daşnak hərbi hissələrinin fəaliyyəti dayandırılmış, Balakən, Zaqatala, Qax, Naxçıvan, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, 1921-ci il Moskva müqaviləsiylə isə ölkə sərhədləri beynəlxalq hüquqi müstəvidə tanınmışdı.
Müsavatçıların xalqa xəyanəti Aprel Sosialist inqilabından sonra da davam etdi. Mülkiyyətçilik, sahiblik instinkti ilə alışıb yanan müsavatçı bəylər «hansı dövlət olur-olsun, təki mülküm məndə qalsın» tezisiylə çıxış edərək Zaqatala, Balakən, Qax, Qazax ərazilərinin Gürcüstan tərəfindən işğalına razılıq verdilər.
Onlar Sovet Azərbaycanından ayrılaraq menşevik Gürcüstanına birləşmək üçün hər cür təxribata əl atdılar. Sərhəd kəndlərin əhalisini dilə tutaraq bir çox kəndliləri inandırmağa çalışırdılar ki, sosialist Azərbaycanda yaşamaqdansa, kapitalist Gürcüstana birləşmək daha yaxşıdır. Bəzi avam kəndlilər bu təxribata uyaraq Gürcüstan hökumətindən xahiş edirdilər ki, onları öz himayələrinə götürsünlər.
Nərimanov başda olmaqla Azərbaycan Sovet hökumətinin qətiyyətli siyasətindən sonra Azərbaycan bəylərinin bu təxribat planı fiaskoya uğradı; Qax, Balakən, Zaqatala, Qazax mahalları Azərbaycanın tərkibində saxlana bildi.

Azərbaycan Sosialist Respublika dövründə nələr əldə etdi nələr itirdi?

Rəsulzadə başqa olmaqla Müsavat rəhbərləri xalqa xəyanətlər içində olduqlarını öz sonrakı fəaliyyətləri ilə də sübut etdilər. Məsələn, Rəsulzadə Böyük Vətən Müharibəsi dövründə Hitlerin faşist legionunda qarşı cəbhədə olan öz xalqına qarşı yer aldı. Onun doğma xalqı isə cəbhənin bu biri üzündə Vətəni uğrunda döyüşərək bəşəriyyəti faşizmdən qurtarmaq üçün yüz minlərlə şəhid verdi….
Türk və ingilis müstəmləkəçiliyi altında keçən 2 il ərzində 400 min insanın ölümünə səbəb olmuş, Azərbaycanı ingilis, İran, Denikin, Osmanlı Türkiyəsinin, daşnak Ermənistanının terror poliqonuna çevirmiş, 1500 il sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanımış, İrəvan mahalını daşnak dövlətinə paytaxt kimi vermiş, devriləndən sonra belə Azərbaycanın qərb bölgələrini Gürcüstana birləşdirməyə cəhd göstərəcək qədər tarixi cinayətə əl atmış bir firqənin rəhbərindən bundan fərqli nə gözləmək olardı ki?
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını təhqiramiz şəkildə təqdim etmək, bu tarixi hadisəni və onu həyata keçirən xalqın uğurlarını rusların, Qızıl Ordunun adına çıxmaq tariximizə xəyanətdir. Gənc nəsli aldatmaq lazım deyil, onlara həqiqəti söyləyək- Azərbaycan Sovet hakimiyyəti dövründə öz tarixi ərzində ən böyük naliyyətlər əldə edib, əksər xalqların hələ də nail ola bilmədiyi xarüqələr yaradıb.
Pisi ilə yaxşısı ilə bu bizim tariximizdir. 1920-ci ilin aprelində bu xalqın azadlığı uğrunda minlərlə insan canını qurban verdi, bu ölkənin xoşbəxtliyi naminə mübarizə apardı. Məhz Aprel inqilabından sonra Azərbaycanda xalqın adi nümayəndələrinin hakimiyyətdə olduğu müstəqil respublika yaradıldı, xalqımız Şərqdə, hətta Qərbdə o qədər ilklər gerçəkləşdirdi ki saymaqla bitməz.
Qısa müddətdə təhsil, elm, iqtisadiyyat, mədəniyyət sürətlə inkişaf etdi. Azərbaycan qaranlıqdan işığa çıxdı- Nərimanovun dediyi kimi Şərqdə bir Günəş doğdu. Bunu anlamaq üçün İran azərbaycanlılarının elmi, mədəni, sosial, iqtisadi.. səviyyəsini bizimlə müqayisə etmək kifayətdir.
Tarix unutqanlığı və saxtakarlığı sevmir. Biz ikisindən birini seçməliyik- ya tarixi gerçəkləri bilməliyik, yada özümüzə saxta tarix yazmalıyıq. Bu zaman biz də dönüb olarıq erməni. Biz isə azərbaycanlıyıq- dünyanın ən sivil, mədəni, elmli xalqlarından biri. Bizim saxta tarixə ehtiyacımız yoxdur- öz şərəfli tariximizi bilsək kifayətdir...


Elçin Bayramlı

“Altay” Strateji Araşdırmalar Mərkəzinin sədri

Комментариев нет:

Отправить комментарий