Onunla çoxdan
tanışlığımız olsa da, uzun müddət idi ki, görüşmürdük. Bu görüşümüz tam
təsadüfi olsa da, ona çoxdan vermək istədiyim sualları verə bildim. Qadınlara
qarşı aqressiyasından tutmuş, bir otaqlı, darısqal bir daxmada yaşamasına qədər
hər şeydən danışdıq. Çətin həyat şəraitində yaşamasına, uğursuzluqların onu
izləməsinə baxmayaraq iddialıdır. Çoxları üçün dəlisov bir gənc, çoxları üçün
yaxşı şairdir.
Özü də deyir ki,
yazdığı üç romanı yaxşı şair olması üçün yazıb. Yaşamın ağırlığı və iztirablar
isə onu aqressivləşdirirb.
Həmsöhbətim
dəli-dolu adam, ədəbiyyatın “başbəlası”, sosial şəbəkələrdə qadınları
hövsələdən çıxarmağı yaxşı bilən Əsəd Qaraqaplandır.
-Uzun müddətdir ki, mətbuatda görünmürsən. Nə ilə bağlıdır qeybə çəkilməyin?
-Bu sonuncu romanımla bağlıdır.
“Savaşroman”ı çapa hazırladığım üçün vaxtım çox az olurdu. Romanı ötən ilin
avqustunda tamamlasam da, üzərində təxminən beş ay işləməli oldum. Çünki bu
artıq üçüncü roman olduğu üçün məsuliyyətli olmağım lazım idi. Beş ay işləsəm
də, tam razı qalmadım. Bir müddət “Mərkəz” qəzetində yazılar yazırdım. Amma
düzünü deyim ki, Azərbaycan jurnalistikasında incidiyim məqamlar çox olub.
Saxtakarlıqları, layiq olmayan insanları görəndə iyrəndim.
-Kimdir səncə layiq olmayanlar?
-Mən çox adamların adını çəkə bilərəm.
Xüsusilə “Azadlıq” qəzetində işləyib sonra ordan üzüdönük çıxanların adını çəkə
bilərəm. Mən bu barədə yazı da yazmışdım ki, “Azadlıq” qəzeti ən üzüdönüklərin
qəzetidir. Burda iştəyən adamlar hər an mövqeyini dəyişən adamlardır. Bunun
bariz nümunəsini Qan Turalının simasında gördük. Həmçinin Elnur Astanbəylini
mövqesizliyi, gündə bir fikir səsləndirməsini gördüm. Eyni zamanda
mətbuatımızda yazıya qarşı dəyərsizliyi gördüm. Çox az qonarar gördüm. Başa
düşdüm ki, buna arxayın olub yaşamaq
olmaz. Nə yaxşı ki, mənim daimi iş yerim var və ordan ev kirayəmi, bir tikə
çörək pulunu çıxara bilirəm. Sağ olsun Salam Sarvan, Bakı Slavyan
Universitetinin rəhbərliyi. Mən mətbuatın ümidinə qalsam heç nə edə bilməzdim.
-Deməli mətbuatın vəziyyəti səni qane eləmir?
-Əlbəttə, bu vəziyyət məni qane eləmir.
Bilmirsən nədən yazasan. Nə qədər pul alacağın, kiminlə işləyəcəyin məlum
deyil. Məsələnin çətinliyi təkcə maddiyatda deyil. Ən pisi məsələnin maddi tərəfləridir.
-Bəlkə sən mətbuatın nəbzini tuta, gündəmlə ayaqlaşa
bilmirsən?
-Şübhəsiz ki, mən özüm də tənbələm.
Xüsusilə ədəbiyyat mənim hisslərimə o qədər hakim kəsilib ki, digər işlərlə məşğul ola bilmirəm. Amma
bu o demək deyil ki, mən də normal yaşamaq, yaxşı məbləğdə pul qazanmaq
istəmirəm. Hər kəs bunu arzulayır və yaxşı qazanmaq hər bir qələm adamının
haqqıdır. Biznesmen qoyduğu yatırımdan gəlir gözləyirsə, yazıçı da öz
yazdığından pul qazanmalı, gəlir əldə etməlidir.
-Deyirsən ki, sən daha çox ədəbiyyatla məşğulsan.
Narazılığından hiss elədim ki, ədəbiyyatın qazanc gətirmədiyini deməyə
çalışırsan...
-Ədəbiyyat qətiyyən pul gətirmir.
Azərbaycanda ədəbiyyatın pul gətirməsi üçün çoxlu işlər görülməlidir.
Azərbaycan yazıçısı, məsələn mən cibimdən pul verib, ya da nisyə kitab çap
etdirirəm. Üstəlik kitabı dükanlara paylamaq, reklamını qurmaq da öz üzərimə
düşür. Bu qədər işi görəcək yazıçı mən təsəvvür eləmirəm. Bunu edən yazıçı, çox
fədakar yazıçıdır. Azərbaycanda ədəbiyyatla məşğul olan adamları mən ən fədakar
adamlar hesab edirəm. Azərbaycan yazıçısı, şairi ədəbiyyatdan kənar düşə, başqa
iş görə bilmir.
“Ədəbiyyat mənim taleyimdir”
-Bu qədər əziyyət çəkirsən. Hətta nisyə kitab çap etdirib
dükanlara da özün aparırsan. Mən bilən beş kitabın çap olunub. Görürsən ki, bu
ölkədə kitaba maraq yoxdur. Səni nə məcbur edir yazmağa?
-Əslində hər kəsin həyatda bir azarı
olur. Hər kəsin özünü rahat hiss elədiyi
bir yer olur. Yazı adamları da ədəbiyyatda rahatlıq tapır. Bu bir növ qədər
məsələsidir. Ədəbiyyat artıq mənim qədərimə çevrilib. Bunu mən həll eləmirəm,
mən müəyyənləşdirmirəm. Zabit orduda 25
il xidmət etməyə məcbur olduğu kimi, biz də yazmağa məcburuq. Bu bizim
qədərimiz, taleyimizdir. Biz qədərdən qaça bilmirik. Üstümüzə daha çox
gəldikcə, bu şeylərin üstünə gedirik. Ən dəhşətli məqam odur ki, görürsən ki,
bütün saxtakarlıqlarla, alçaqlıqlarla məşğul olan adamlar ədəbiyyatdadır, qələm
götürüb yazı yazır, sən daha çox inadla qələmi yerə qoymaq istəmirsən.
-Həm də elə adamlarla mübarizə aparırsan?
-Təbii ki. Qoy meydanı boş görməsinlər.
İstəmirəm ki, bu meydan çaqqal-çuqqala qalsın. Bir növ ədəbiyyatın
qeyrətini çəkirəm.
-Bir az konkret ol. Nəyin təssübünü çəkirsən? Kimdir
ədəbiyyatdakı çaqqal-çuqqal dediklərin?
-Ad çəkməli olsam gərək bu müsahibə
adlara həsr olunsun. Mən bir ədəbiyyat cəryanı yaratmışam:- “Ən özgür
ədəbiyyat”. Bu cəryan özünü heç bir “izm”ə aid etməmək, heç bir cəbhədə
olmamaqdır. Mən tam müstəqil olaraq yazıb-yaradıram. Mən bu gün cəbhələşməni,
dəstələşməni görürəm. Anarın “tövbə məsələsini” eşidirəm. Qan Turalının “çay masası” söhbətini eşidirəm
və iyrənirəm. Mənə görə Qan Turalı və Anar eyni ağılda, eyni düşüncədə olan
adamlardır. Digər tərəfdən inanmıram ki, Anar da mənə o cür cavab versin. Anar
elə belə adam deyil və kimə nə dediyini çox gözəl bilir. Ondan hansı
reaksiyanın gələcəyini bilir. Sabah qarşısında kimlərin quyruq bulayacağını çox
yaxşı bilir. Yeri gəlmişkən Anarın çox yaxşı yumor hissi var və bu yumor
hissindən istifadə edib onları yaxşıca oynadır. Onlar da bundan xəbərsizdir.
Neçə ildir ki, “qocalar və cavanlar” söhbəti yığışdırılmayıb. Bu yaxınlarda
Aqşin Yeniseyə də dedim ki, yığışdırın bu söhbətləri. Əgər Anarı
bəyənmirsinizsə, onu niyə bu qədər ciddiyə alırsınız?
-Yaxşı, bu məsələlərin kökündə nə dayanır?
-Özünü Anarın qarşısında məğlub hiss
edənlər, yəni özünü daxilən Anara uduzmuş hiss edənlər bu cür davranırlar. Bu
pərəstiş kompleksidir. Pərəstiş nifrətə çevrilib. Qəbul edə bilmirlər yaza
bilmədiklərini. Ay qardaş, boynuna al ki, yaza bilmirsən! Bu həqiqəti etiraf
eləmək çətindirmi? Mən də Anarı bəyənmirəm. Salam Sarvanın sözü olmasın AYB-yə
beş kəlmə iradım var idi və mən bunu beş dəfə dedim. İndi bütün ömrüm boyu
AYB-yə irad bildirməliyəm? Bu cür absurd ədəbi mühit ola bilməz. Bunu təəssüf ki, hər iki tərəf eləyir. Özlərinə
müstəqil deyənlər də, AYB-də eyni şeyi eləyir. Sual verirəm, Qan Turalı, sənin
Anardan nə fərqin var? Hətta onlar öz yerlərində səndən daha cəsarətli sözlər
deyir.
- Sən hesab edirsən ki, Anara qarşı cəbhə tutanlar cəsarətli
deyil?
-Həm yaradıcılıq, həm şəxsi keyfiyyətlər
baxımından Anar daha cəsarətlidir. Onlar Anardan daha aşağıdırlar. Hər kəsin
bildiyi şeyləri demək mübarizə üsulu
deyil.
-Bəs nədir mübarizə üsulu?
- Nə qədər şablon çıxsa da, birinci
ciddi yaradıcılıq lazımdır. İkinci Anarı təbliğ etməməkdir. Heç eşitmisən ki,
Dostayevski hansısa mənasız yazıçı haqqında fikir desin? Dostayevski ancaq
tolstoy haqqında fikir deyə bilər. Hərə öz səviyyəsinə uyğun adamları
tanıyır. Anar haqqında yüzlərlə yazı
yazıb, beş yüz dəfə də münasibət bildirən adamlar nə edib indiyəcən? Hər zaman
eyni şeyləri deyiblər. İnsan haqqında yüz yazıda nə qədər fərqli söz, tənqid
demək olar. Bunda ədəbiyyatı sevməyən adamlar maraqlıdır. Hamı dahilikdən dəm
vurur, amma açırsan kitabını görürsən
ki, heç nə yazmayıb.
“İmkanım olsaydı haqqımda çoxlu təriflər
yazılardı”
-Kitab demişkən, sən də beş kitab yazmısan. Amma
Azərbaycanda bu kitablara peşəkar səviyyədə münasibət olmayıb, tənqidçilərin
diqqətini çəkməyib. Eyni zamanda satışı da bir o qədər uğurlu olmayıb. Özün
haqqında nə fikirləşirsən?
-Hörmətli dostumuz Arzu Abdullanın mənim
birinci romanım, “Halroman” haqqında yazdığı yazıda çox gözəl bir fikir var. O
yazır ki, “Əgər Əsədin də imkanı olsaydı, onun da kitabı haqqında çoxlu yazılar
yazılar, təriflər söylənərdi”. Mənim bu qədər əziyyətdən sonra, kitabın reklamı
ilə məşğul olmağa vaxtım və həvəsim qalmır. İradə Musayeva mənim iki kitabım
haqqında çox yaxşı fikirlər yazıb. Eyni zamanda həmin müəllif Aqşin, Pərviz,
Əli Əkbər, Seymur Baycan, Nərmin Kamal, Sevinc Pərvanə və başqaları haqqında da
yazılar yazıb. Ən yüksək dəyəri mənim romanıma, yaradıcılığma verib. Yazdığı
silsilə yazılar “Azərbaycan” jurnalında çap olunub. Yəqin ki, “Savaşromanı”
oxuyandan sonra bu kitab haqqında da yaza bilərlər. Tənqidçilər var ki, üz-üzə
gələndə məni tərifləyir, roman haqqında xoş sözlər deyir. Amma yazıya gələndə
kimdən işi keçirsə, kimdən pul alacaqsa onun haqqında yazı yazır.
-Məsələn hansı tənqidçi?
-Əsəd Cahangir və digər qələm dostları.
Mən heç kəsi qınamıram. Heç kəsə deyə bilmərəm ki, mənim kitabım haqqında yaz.
Hər kəs öz çörəyini qazanmalıdır. Bunu qınaq üçün demirəm. Amma bir az da ədəbiyyatı düşünmək lazımdır
axı. Təqdimatlara baxanda əsəbləşirəm. Ancaq yalançı təriflər və
saxtakarlıqlar. Mənim təqdimatıma çağırdığım insanların çoxusu bəhanə eləyib
gəlmədi.
-Bəlkə bu sənin aqressiv davranışınla bağlıdır?
-Mənə həmişə aqressiv olduğumu deyirlər.
Amma haqqında aqressiv yazdığım və danışdığım adamlar “kadrarxası” söhbətlərdə
mənim haqlı olduğumu etiraf edirlər. Mən aqressiyamda haqlıyamsa, düzünü
deyirəmsə bunu nə üçün paxıllığa çevirməlidirlər.
-Həmişə özünü haqlı sayırsan...
-Ədəbiyyatı həyat tərzinə çevirən,
onunla nəfəs alan adam hətta yalanlarında da haqlıdır. Əgər bu adam səmimidirsə,saxta deyilsə o haqlıdır.
-Sənə sosial şəbəkələrdə, yazı-pozu adamlarının yığışdığı
məclislərdə istehzalı yanaşma var...
-Sən məndən daha çox bu hadisələrin
içindəsən. Mən heç kəsin üzünə demədiyimi arxasınca demirəm. Kim kinayə edirsə,
arxanca danışırsa qorxur. Əgər rahatamsa bu başqa məsələ. Axı bu adamların
xarakterini məmə yeyəndən, pəpə deyənə qədər hamı bilir. Onlar qorxaq
adamlardır.
“Dostayevskidən yaxşı yazmasam...”
-Gəl yaradıcılığına qayıdaq. Mən oxuduqlarımdan gəldiyim
qənaət belədir ki, sənin yazdıqlarında daha çox yaşantıların var. Nə qədər
maraqlıdır sənin yaşantıların oxucu üçün? Bu həm nəsrlə, həm nəzmlə yazmağa bir
ehtiyac varmı? Özünü bu qədər maraqlı hesab edirsən?
-Bu suala bir neçə yöndən cavab verə
bilərəm. Birincisi yazıçının, şairin ən yaxşı tanıdığı adam özüdür. İkincisi,
şəxsən mən çoxlu şeylərimi fəda eləmişəm. Sən mənim yaşadıqlarımın böyük
qismini bilirsən. Yaşadığım evi də görmüsən. Mən bütün həyatı uğursuzluqla dolu
adam kimi, bunu içimdən keçirirəm. Özünü yazmaq, hələ özündən yazmaq deyil.
Mənim yazımda Aqşin də, Cəlil Cavanşir də, Salam Sarvan da var. Tanıdığım,
maraqlı bildiyim, həyat fəlsəfəsinə inandığım Xanəmir də var. Mənim romanım tək
özüm deyiləm. Burda çoxlu insanlıar özünü görür. Mənim romanımda ümumiləşmə
çoxdur. Həqiqətən zövqünə, istedadına güvəndiyim adamların yaradıcılığıma
yüksək qiymət verdiyini görmək mənə bəs edir. Vaqif Bayatlı, Salam Sarvan və
Xanəmirin mənim yaradıcılığıma verdiyi qimət mənə bəs edir.
-Deməli səni heç nə ruhdan salmır?
-İnsan özünü hamıdan yaxşı tanıyır.
İnsanın özünə inanması üçün, onu kiminsə tərifləməsinə ehtiyac yoxdur.
Dostayevskinin özü olması, üçün onun tərifə ehtiyacı olmayıb.
-Yaman iddialısan və eqon güclüdür...
- Mən Azərbaycan yazarı ilə özümü
müqayisə eləmirəm və iddiam böyükdür. Düşünürəm ki, Dostayevskidən yaxşı yazmasam,
özümü yazar saymaram. Ancaq bu o demək deyil ki, mən Dostayevskidən güclü
yazıram.
Söhbətləşdi: Cəlil CAVANŞİR “Gündəlik Teleqraf”
Комментариев нет:
Отправить комментарий