06.05.2012

Elməddin Əlibəyzadə İnam Atanın əlyazmalarını Ocağın Ruhani Mərkəzinə təqdim edib

Tanınmış aydın, professor, inamçı Elməddin Əlibəyzadə İnam Atanın əlyazmalarını Ocağın Ruhani Mərkəzinə təqdim edib. 
Tədbir Mütləqə İnam Bayrağının sayğı duruşunda qarşılanması ilə başlayıb. Ocaq Yükümlüsü İşıqlı Atalı tədbiri açaraq bildirib ki, Elməddin Əlibəyzadə Atanın vaxtilə ona yazdığı məktubları Mütləqə İnam Ocağına təqdim etməklə ulusal ləyaqət göstərir: «Bu, onun Ataya böyük sevgisinin təsdiqidir. Ocaq xalq ruhu ilə bağlı bütün gözəl işlərin yiyəsidir». Ocağın Ruhani Başçısı Safruh deyib ki, E.Əlibəyzadənin Azərbaycan ictimai mühitində öz yeri var: «O, bilgindir, habelə mərdanə bir kişidir. Kimsəyə bac verməyən, cəmiyyət sularının axıda bilməyəcəyi bir şəxsdir.
Onun Atayla tanışlığı, qarşılıqlı sayğıları sıradan hörmət məsələsi deyil. Bu insanlar “qeyrət”, “sanbal” adlı dəyərin guşə daşlarıdır, onların yerişləri, qırımları, baxışları, münasibətləri onların elmi ilə bərabərdir. Bu məktublardakı sözlər qələmi əlinə alıb kağızın üstünə başını əyib yazılan yazılar deyil. Bunlar şəxslərin ləyaqətindən gələn dəyərləndirmədir. Belə dəyərləndirmələrə cəmiyyətin çox böyük ehtiyacı var. Bunlar olmayanda onda zorən ziyalılar qabağa düşür. Haqqında danışdığımız şəxslərin qarşılıqlı mübarizəsi sayəsində xalq əmələ gəlir. Bu şəxslərə qədər xalqımızı lütləşdirən, onu idrak qeyrətindən uzaqlaşdıran çox güclər, sistemlər olub. Bunların yükünün bir ağırlığı da budur. Bunu çox ləyaqətli hadisə hesab edirəm ki, Elməddin Əlibəyzadə Atanın əlyazmalarını İnam Evinə təqdim edir. Onun kimi aydınlarımızın gəlişlərini İnam Evinin təsdiqi hesab edirəm. Onlar gəlirlər və bu gəlişlərdən o çıxır ki, biz xalq olaraq İnam Evini təsdiq edirik. 
Elməddin Əlibəyzadənin İnam Evinə gəlişinin daha bir mənası var: “Dostum, silahdaşım, sən həyatda olanda da biz bir yerdəydik, olmayanda da bir yerdəyik. Mübarizən kimsəsiz deyil, yiyəsiz deyil, bu cəbhədən qıraqda deyiləm.”
Sevindirici haldır ki, bu cür insanlar Yolumuza «əhsən» deyirlər. Bu, bizə böyük dayaqdır».
Bundan sonra İşıqlı Atalı İnam Evinə təqdim olunan Ata əlyazmalarını – E.Əlibəyzadəyə müxtəlif illərdə yazılmış məktubları oxuyub. Burada Atanın qədimliyimizlə bağlı fikirləri, E.Əlibəyzadənin araşdırmalarına münasibəti, tövsiyələri yer alıb. 
Habelə İşıqlı Atalı «Türklüyün Aşiqi – Elməddin Əlibəyzadə» yazısını oxuyub: «Dəyərli aydınımız Elməddin Əlibəyzadə sözün gerçək mənasında türklük aşiqidir. Türklüyün aşiqi olmaq – İnsanlığın aşiqi olmaq deməkdir əslində. Türklük aşiqi olmaq – türkə xas cəhətlərin yaşadılması, ömürləşdirilməsidir. Elməddin Əlibəyzadə onilərdir ki, bu yoldadır, bir an da olsun, «usandım» demir. Başına çox çətinliklər gəlib, ancaq türklük sevgisindən əl çəkməyib. Türklük sevgimiz ötəri duyğu deyil: bu, qədimliyimizin mahiyyətini özündə yaşadan, bugünü aşan, sabaha boy verən, onu yaradan ruhani, milli qüdrətimizdir, bənzərsizliyimizdir.
Elməddin Əlibəyzadə anadangəlmə türklük sevdalısıdır, bu sevgisində dönməzdir. O, Türklük sevgisini həmişə uca tutub, Türkə böhtan, çamur atanlarla inadla döyüşüb: məğlub olmayıb, məğlub edib, çünki haqlı olub. İnanıb ki, doğruya zaval yoxdur. O, Atanı idealı sayır, bununla fəxr edir. Ata ilə fəxr etmək – Türkün, habelə bəşərin sabahına sarsılmaz inam deməkdir. Elmədin Əlibəyzadə Atanın şəxsində İnsanlığın sabahını görə bilir. Bu, onun vicdançılıq qüdsiyyətinə əsaslanmasının təsdiqidir. O, dünyada Türklüyə basqıların artdığı bir vaxtda Türklükdən elmi əsərlər, kitablar yazdı.”
Yazıçı-araşdırmaçı Əminə Tuncay bildirib ki, E.Əlibəyzadənin ən gözəl xüsusiyyəti onun cəsarətidir. O, xalqımıza qarşı söz deyənlərin hamısına çağında sözünü deyib: «O, həmişə düzlüyə əsaslanıb». 
İnamçımız Maşallah Məftun E.Əlibəyzadənin Ata əlyazmalarını İnam Evinə təqdimi ilə bağlı təsirləndiyini bildirib: «Bu əlyazmalar sabahımız üçün ən gözəl soraqlardır».
Əziz Musa İnam Atanın E.Əlibəyzadəyə yazdığı məktubları misilsiz tarixi qaynaq adlandırıb, onlarda çox önəmli məqamların olduğunu bildirib. O həm də İnam Ataya həsr etdiyi şeirini oxuyub. 
E.Əlibəyzadə onillər boyunca davam edən, bitməyən, inadlı yaradıcılıq şövqündən, mübarizəsindən, İnam Atayla səmimi münasibətlərindən danışıb. Bildirib ki, əsərlərinin çoxu sovet dönəmində işıq üzü görməyib: «Bütün çətinliklərə baxmayaraq həmişə nikbin olmuşam. Məni nikbinlik yaşadıb. Məni əsərlərim yaşadıb. Yaradıcılıq stolunun arxasında özümü dünyanın ən xoşbəxti hesab edirəm». 
Tədbirdən sonra Mütləqə İnam Bayrağı qarşısında xatirə şəkilləri çəkilib. 
Çay süfrəsində milli, ruhani doğmalaşma söhbətləri olub.

Комментариев нет:

Отправить комментарий