23.05.2012

“İnsanlar ədalət istəyir”

Rafiq Əziz oğlu Əliyev -10 fevral 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində doğulub. Texniki elmlər doktoru , professor (1976), AMEA-nın müxbir üzvü, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidentidir.
2011-ci ild
ə mətbuatda tənqidi çıxışlarına və ABŞ-ın Horvard Universitetinin ilk azərbaycanlı məzunu Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə Azərbaycan Dövlət Neft Akademiyasında özünün yaratdığı Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən azad edilib. Akademiya rəhbərliyinin bu addımı mətbuatda “Saxarov işi” adlı müzakirə obyektinə çevrilmişdi.

Bu hadisədən sonra dünya səviyyəli alim Lütfi Zadə “Rafiq Əliyev Azərbaycanda yox, bütün dünyada ən görkəmli alimlərdən biridir. Və o, “Nobel” mükafatı ala bilər” bəyanatı ilə çıxış etdi.
Biz oxucularımızın arzusunu n
əzərə alaraq görkəmli akademikin cənub düşüncələrini sizə təqdim edirik.

“C
ənub regionu deyəndə, öncə yadıma Həzi Aslanov, sonra Ziya Bünyadov gəlir”

Rafiq mü
əllimlə söhbətimizdə onunla cənub bölgəsindən - Lənkərandan, Lerikdən, Cəlilabaddan, Masallıdan, Astaradan, Biləsuvardan danışdıq. Rafiq müəllim deyir ki, daha çox Lənkəranda olub. Amma əvvəlcə onun region, ölkə, xalq anlayışına yanaşmasına diqqət yetirək: “Mənim zənnimcə, regionu da, ölkəni də, xalqı da onun seçilmişləri tanıdır. Təbii ki, bu məsələdə. Yəni insanın formalaşması üçün coğrafi şəraitin, mühitin, iqlimin də təsiri var, amma bu və ya başqa regionu onun insanları tanıdır. Məsələn, Qarabağ regionu deyəndə Xudu Məmmədov yada düşür. Görürsünüz də, Qarabağın çox füsunkar Şuşası, Ağdamı, Cəbrayılı və başqa rayonları var. Amma region yalnız coğrafi anlamla yox, insanlarla yadda qalır. Cənub regionu deyəndə mənim yadıma birinci Həzi Aslanov (Lənkəran), sonra Ziya Bünyadov (Astara) gəlir. Mən hələ iki şəxsin adını xatırlatdım, ancaq dostum Sabir Rüstəmxanlı (Yardımlı), o cümlədən digər elm, sənət adamları və başqa dostlarım da var. Əgər o torpaq bu cür insanlar yetişdiribsə, deməli qürrələnməli bir yerdir”.

“C
ənublular Cəmil Həsənli ilə fəxr edə bilərlər”

Rafiq mü
əllim Lənkəranda, Astarada, Cəlilabadda və Lerikdə olub: “Lənkəranda köhnə aspirantımın evində qonaq da qalmışam. Mən orada insanların qonaqpərvərliyini, humanistliyini çox görmüşəm. Mənim üçün bu gün cənub zonası deyəndə, seçilmişlər içərisində Cəmil Həsənlini (Cəlilabad) görürəm. Təkcə ona görə yox ki, dostumdur, bütün Azərbaycan Cəmil müəllimin dostudur. Cəmil müəllimin bir ildə Harvard Universitetində iki kitabı çap edilib. Düşünmürəm ki, yaxın 50-100 ildə bunun təkrarını görəcəyik, təki olsun, kim istəməz ki? Məsələ ondadır ki, bugünkü reallıq arzu etmədiyimiz mənzərəni canlandırır. Çox uğurlu bir işdir ki, bir ildə dünyanın ən tanınmış ölkələrində 5 kitab çap etdirəsən və bütün dünya da səni qəbul etsin. Bu gün Cəmil Həsənli belə bir şəxsiyyət və alimdir. Ona görə də həm cənub regionu, həm də ölkə onunla fəxr edə bilər”.

“Çox nadir hadis
ədir ki, mən bunu Lənkəranda gördüm”

Rafiq
Əliyevdən cənub rayonlarında xatirəyə çevrilən hadisələr barədə danışmağı təvəqqe edirik. O, maraqlı bir epizodu xatırlayır: “Bu, xırda epizod olsa da, həmin regionun insanlarının daxili aləmini, qəlb genişliyini açır. 1992-ci il idi, oğlum Lənkəran hərbi hissəsində xidmət edirdi. O vaxtlar çox şeylərin qıtlığı var idi, xüsusən, yanacaq qıt idi. Mən hərbi hissəyə getdim, hal-əhval tutub görüşəndən sonra geri dönəndə maşının yanacağı qurtardı. Bir nəfərdən yanacağı haradan tapmağın mümkünlüyünü soruşduqda, bunun çətin məsələ olduğunu söylədi. Həmin adam mənə dedi ki, arxamızca sürün, getdim, bir məkana çatdıq və iki qab yanacaqla maşınımı doldurdu. O zaman yanacağı qabda satırdılar. Çıxardıb pul verəndə, “bizdə qonaqdan pul almırlar” cavabını eşitdim. Söylədim ki, elə şey olmaz, yanacağın qıt vaxtıdır, götürməlisiniz. Amma o, fikrində qəti idi, dedi ki, Sizi bura pul üçün gətirməyib ki, hələ qonaq aparacaq. Və apardı da, baxmayaraq ki, çörək yemişdik. Bu günə kimi həmin adamı tanımıram. 20 ildən çox keçib, bəlkə Lənkərana getsəm, tanıyaram, bilmirəm. Çox nadir hadisədir ki, mən bunu Lənkəranda gördüm.
Bir d
əfə də oxşar hadisə İranda olub. Mən 3 il Təbriz Universitetində işləmişəm, söhbət 1992-94-cü illərdən gedir. İldə iki dəfə 1 ay Təbrizdə olurdum, məqsədim heç də orada dərs demək deyildi. Təbriz yuxularımızın şəhəri olduğundan istəyirdim ki, orada nəsə edim. Doğrudan da, azdan-çoxdan nəsə edə bildik. Əvvəla, Təbrizdə yeni ixtisaslar açdım, Tehran bu məsələlərə çox çətinliklə gedirdi, bundan əlavə, bir neçə elmlər doktoru hazırladım, üç kitab buraxdırdım, fars və ingilis dillərində. Onların tələbələrinə bura gəlməyə yasaq qoyulduğundan bu kitabları yazmalı oldum. Təbriz Universitetinin güclü mətbəəsi var. Qayıdaq cənuba, o zaman viza olduğundan sərhəddə uzun növbə olurdu. Mən yoldaşımla Astara sərhədində növbəyə dayanmışdıq, gördüm ki, bir nəfər mənə yaxınlaşdı: “Rafiq müəllim, xahiş edirəm, gəlin sənədlərinizi verin”. Cavab verdim ki, yox, 1 saat vaxtım qalıb, gözləyəcəm. Sonra getdi, rəisləri ilə qayıtdı və uzun müzakirədən sonra bizi apardılar. O zaman mənə dedi ki, Rafiq müəllim, 1986-cı ildə onların qrupunu Neft Akademiyasından qovurdular. Çox düşünüblər ki, nə etsinlər, bir nəfər məsləhət görüb ki, Rafiq Əliyevə zəng edin. Halbuki, mən həmin qrupa dərs deməmişdim. O zaman indiki Sumqayıt Sənaye Universitetində rektor işləyirdim. Doğrudan da, mənə zəng etdilər, yarım saatdan sonra Neft Akademiyasındaydım. Baxmayaraq ki, əmr artıq hazır idi, amma əmri ləğv etdirdim. O vaxt akademiyanın rektoru İsmayıl İbrahimov idi, bir az sərt adam idi. Tələbələr futbol oynamışdılar, ona görə narazılıq yaranmışdı. Dedim ki, İbrahim müəllim, söhbət edərik, hər şey yaxşı olar. Həmin sərhədçi o zamankı hadisəni xatırlayıb dedi ki, bizim xalq yaxşılıq unudan xalq deyil. Söylədim ki, o yaxşılıq deyildi, sosial addım idi. O, xalq deyəndə, region camaatını nəzərdə tuturdu. Bizi evə aparmaq istəyirdi, amma o tayda bizi gözlədiklərindən gedə bilməyəcəyimi söylədim. Yəni mənim bu regionun insanlarından gördüklərim bundan ibarətdir. Onlar çörəyi dizinin üstündə olmayan insanlardır. Axı bizdə çörəyi dizinin üstündə olanlar çoxdur, lap çoxdur. Amma bunlara rəğmən, belə insanlar görmüşəm. Düzdür, mən cənub regionlarında çox olmamışam, amma bu bölgənin insanları ilə çox təmasda olmuşam və onlardan cənub istiliyi görmüşəm”.

“Allahın qoruduğu Ziya Bünyadovu özümüzd
ən qoruya bilmədik”

Bu gün yaşadığımız h
əyatda ən çətin tapıntılardan biri dost tapıntısıdır. Rafiq Əliyevin cənublular arasında dostları var. Bu barədə danışan alimimiz deyir: ”Mənim cənublular arasında ən yaxın dost münasibətində olduğum şəxs Ziya Bünyadov olub. İndiki zamanda isə bu münasibət Cəmil Həsənli və Sabir Rüstəmxanlı ilədir. Mənim bir yazım var idi: “Hardadır Ziya Bünyadovlar?”, başlığını jurnalist özü qoymuşdu. Məncə, Ziya Bünyadov Azərbaycanın vicdan və cəsarət simvolu idi. O, çox vicdanlı, cəsarətli, heç kimdən qorxmayan şəxs olub. Bütün müharibələri keçmişdi, amma Allahın qoruduğu adamı millətimiz qoruya bilmədi, onu özümüzdən qoruya bilmədik. Təbii ki, Ziya müəllim millətimizin kisəsindən getdi!”
G
ələk Cəmil Həsənli ilə dostluğa. Rafiq Əliyev deyir ki, Cəmil müəllim çox vicdanlı adamdır, yüksək intellekti, cəsarəti və mədəniyyəti olan şəxsiyyətdir. “Bilirsiniz, adətən, Allah insana hər şeyi vermir, yəni meyarların maksimumunda, bir qədər tənasübdə verir. Görünür, Tanrı Cəmil müəllimdən çox şeyi əsirgəməyibdir. O, dostluqda çox möhkəm və sədaqətlidir. Onun insanlığı yüksək, elmi potensialı, millətə məhəbbəti çox güclüdür. Ən əsası isə ədalətli adamdır”.
Sabir Rüst
əmxanlı haqqında danışarkən müsahibimizin səsində həyəcan açıq hiss olunurdu:” Onunla tanışlığımız ötən əsrin 80-ci illərinə gedir. Düzdür, arada Xudu Məmmədov körpüsü də var idi ( həyəcanın səbəbi aydın oldu). Sabir Rüstəmxanlı Xudu müəllimlə çox yaxın olub. Hətta Sabir müəllimin elçiliyinə Xudu Məmmədov gedib. Sonra isə, əsasən, meydan hərəkatında münasibətlərimiz gücləndi. O zaman mən onda millətə, torpağa böyük sevgi, insanlıq gördüm. Tək region yox, bütün Azərbaycan üçün vicdan, ədalət, ürək və zəkanı birləşdirsək, Sabir Rüstəmxanlıda bunlar var. Təbii ki, mən Azərbaycanı zonalara bölmək fikrindən qəti uzağam. Ancaq nə qədər olmasa da, oranın təbiəti ilə cəmiyyəti arasında bir harmoniya var. Bu harmoniya insanların da təbiətinə sirayət edir. Bu baxımdan mən cənub adamlarında cəsarət hiss edirəm”.
C
ənub bölgəsinin son 20 illik tarixində 1993-cü ilin avqust olayları da yaşandı. Bu arzuolunmaz tarixin yenidən təkrarlanmasını istəyənlər bu gün də var. Və həmin dəətli günlərin qaytarılması üçün bəziləri fürsət gözləyirlər. Bu mümkündürmü?
Rafiq mü
əllim deyir:
- Çox ç
ətin sualdır, çünki tarixi proje etmək ağır məsələdir. Mən 50 il bundan əvvəl nə biləydim ki, Qarabağda məlum hadisələr baş verəcək. Əfsuslar ki, statistikamız, keçmişimiz bu barədə pisdir, yəni itirə-itirə gəlmişik. Amma mən nikbinəm, sual edə bilərsən ki, niyə? Mənim eyni gündə iki yazım çıxdı: “Haqq carçısı” qəzetində və bir də başqa dərgidə. Hər ikisi də eyni başlığı vermişdi: “Dünya ədalətə hamilədir”. Bu fikir rəhmətlik həyat yoldaşım Aidə xanımındır. Mən düşünürəm ki, insanlar hansı coğrafi məkanda yaşamalarından asılı olmayaraq bu gün onların içindəki motivasiya ədalət motivasiyasıdır. Çox qəribə bir dövrə gəlmişik, insan ədalət istəyir, çörək o qədər də istəmir. Bəli, bütün inqilabların çörək üstündə olduğunu deyirlər, bu gün o şüar düz deyil. Əksinə, bütün inqilablar ədalət üstündə olur. Bu baxımdan hesab edirəm ki, əgər ölkə cazibədardırsa, separatçılıq, mərkəzdənqaçma hərəkəti olmayacaq. Bu, çox vacib aksiomdur, ölkə gərək müxtəlif ölçülərində cazibədar olsun. Həm demokratiya, həm sosial həyat, həm insani keyfiyyətlər, həm mədəniyyət baxımından. Mənim buna böyük əminliyim ondandır ki, dünyanı idarə edən motivasiya ədalətdir, çörək deyil. XIX əsrin əvvəlində dünya düzənində iki cərəyan var idi: idealistlər və yeni liberallar. İkincilər deyirdi ki, ədalət əsas hərəkətverici qüvvədir, amma ölkə daxilində; ölkədən xaricdə mənafelərdir. İdealistlər deyirdi ki, yeni dünya düzümü gərəkdir, bunun da motivasiyası ədalətdir. Yəni bütün insanlar eyni cür yaşamalıdır və dünya da buna gedir. Amerikada başda Bill Qeyts olmaqla milyarderlər bir komitə yaratdılar və bütün pullarını payladılar. Mən belə başa düşürəm ki, bu gün dünyanı idealistlər idarə edir. Söhbət yalnız Obamadan getmir, hətta respublikaçılar gəlsə də, düzəni dəyişə bilməzlər. Mən bunun dönməzliyinə inanmaq istərdim.
Bu baxımdan sualınıza qayıdıb dey
ərdim ki, ölkəmiz cazibədar olacaqsa, mərkəzdənqaçmanın mümkünlüyünə az inanıram”.

Natiq CAVADLI
(Yazı “C
ənub xəbərləri” qəzetinin sifarişi ilə hazırlanıb) 

Комментариев нет:

Отправить комментарий