AZAD QARADƏRƏLİ
Sonra qızın (bəlkə qadının?) qanavız ipək donunun yaxalığı onun sifətini qıdıqlamağa başladı və... incəvara lift də xarab oldu... (onsuz da gündə neçə adam liftdə qalırdı)
On altıncı qata qalxmalıydı. Lift də ki köhnə,
Sovetdənqalma şeydi. Ona görə də açılan kimi özünü atdı içəri ki, bağlanar,
qalar çöldə.
Başına dəyən zərbədən və liftin alaqaranlığından
gözləri daha da qaranlıq gətirdi, başı fırlandı. Az qala yıxılacaqdı. Zatən
yıxılmağa yer də yoxuydu. Və lap elə indicə anladı ki, liftdə tək deyil –
iyirmi santi metrliyində özü yaşda-başda bir qız (bəlkə qadın?) vardı. Anladı
ki, onunla toqquşub. Ağzına gələn “bağışlayın” əvəzinə küçük kimi zəngildədi.
Qız (bəlkə qadın?) da eyni səs çıxardı və onun qolları üstə (əslində qucağına)
yıxıldı. (Onsuz da ayrı yer yoxuydu) Və onun imisti nəfəsi bunun sopsoyuq
sifətini yaladı. Sonra dodaqları tapışdılar...
Sonra qızın (bəlkə qadının?) qanavız ipək donunun yaxalığı onun sifətini qıdıqlamağa başladı və... incəvara lift də xarab oldu... (onsuz da gündə neçə adam liftdə qalırdı)
***
Qonşular şikayət eləmişdilər. Lift işləmir, köhnədir
deyə. Anası lap uzağa getmiş, yanıqlı bir nitq də söyləmişdi. “Sovetdənqalma
şeydi. İndi dünya kompüterlə çalışır, biz hələ də bu traktorun əlində qalmışıq.
Onsuz da tez-tez xarab olur... Gəlin pul yığaq, dəyişək bu ələngəni...”
O isə hər gün bu liftin qabağında dayanıb başına
nəyinsə dəyəcəyini, sonra alaqaranlıqda o qızı (əslində qadını) görəcəyini
düşünür, amma bu hal baş vermirdi.
“Mən axmağam,
zombiyəm, emoyam, gicəm... Niyə soruşmadım ki, kimsən, nəçisən? Buralarda nə
gəzirsən? Özü dodaqlarını dodaqlarıma təslim eləmişdisə, (hələ o birisini
demirəm) demək, tanış olmağa da razı
olacaqdı... Məndən adam olası deyil. Seymur Baycanın qəhrəmanıyam ki,
durmuşam... “
***
Lift şaqqıltıyla açılan kimi özünü içəri atdı. Aldığı ilk zərbədən liftin
divarını çırpıldı. Buna baxmayaraq özündə güc tapıb alaqaranlıqda iyirmi
santimetrliyində dayanmış toqquşduğuna tərəf uzatdı dodaqlarını.
-Ey, ey! Xəstəsən?!
Lift ustası mazutlu açarı onun açıq ağzına dürtdü.
***
“Drrrt” eləyib dayanan kimi özünü çölə atdı. Elə ilk
qulağına dəyən qanavız ipək donlu qızın (bəlkə qadının?) yanağını dalayan
gülüşü oldu. Bu gülümsər üzə, isti qız (indi artıq qadın) nəfəsi buxarlanan
indicə öpülmüş dodaqlara baxıb aldığı yeni zərbədən yıxılmamaqçün məhəccərdən
bərk-bərk yapışdı.
Комментариев нет:
Отправить комментарий