Furqan Sadıq
“Bu nədi
axı? Atam belə hirsli-hirsli kiminlə danışır? Görəsən, telefondan eşidilən
acıqlı səsin yiyəsi kimdi?Niyə əsəbidi axı atam?
Mütləq
soruşacam hamısını, mütləq...”
Atasının
telefonda əsəbi danışması onu çaşdırmışdı.Baş aça bilmirdi ki, bu
qıy-qışqırıqlar, bu hədələr nə üçündü... Və özünə suallar verir, öz üzərinə “niyə”lər
yağdırırdı, sonra da həmin “niyə”lərin altından çıxa bilmirdi.
Müəlliməsinin
sözlərini xatırladı:
“Adam
səbrli, hövsələli olmalı, həmişə pislikdən yaxşılığa doğru qaçmalıdır. Yaxşılıq
quyunun dibində olsa da tapıb çıxarmaq lazımdır. Yaxşılıq edən həmin yaxşılığın
əvəzini görəcək nə vaxtsa. Beş il, on il, əlli il sonra, mütləq görəcək. Həmçinin
pislik edən də...”
Və müəlliməsi
danışdıqca o, özünə söz verirdi. İçindəki adama söz verirdi ki,həmişə-bütün
ömrü boyu yaxşı əməllər işləyəcək.Əvəzini də görəcək. Əgər etdiyi yaxşılıqların
əvəzini görməsə müəlliməsini tapıb deyəcək ki, bəs nə oldu mənim
yaxşılıqlarımın əvəzi? Bəs harda ilişib qaldı sənin sözlərin?
“Yaxşılıq
quyunun dibində olsa da tapıb çıxarmaq lazımdır...”
Görəsən hardadı o quyu? Bəlkə babamgilin həyətindəki
su quyusunu deyir. Yox, su quyusu hər həyətdə var da. Onu deməz yəqin ki...
Atası
dəstəyi asdı, sərt hərəkətlərlə qapını arxasınca çırpıb getdi. Həmişə
xudahafizləşir, sağollaşırdı.İndi heç xudahafizləşmədi də...
Anası
keyimiş, donmuşdu sanki. Qapı çırpılanda diksinib dik ayıldı, bəlkə də qorxdu. Açarı
sağa buraraq qapını bağladı. Kefi yerində deyildi.
-Atama nə
olub?-deyə soruşdu.
Anası
mətbəxə keçirdi, ayaq saxladı:
-Heç
nə...-dedi.
Yox,bu “heç
nə” deyildi, ümumiyyətlə “heç nə”yə oxşamırdı. “Heç nə”nin üstündə bu qədər
səs-küy,qıy-qışqırıq olmazdı, mümkün deyildi. “Heç nə”nin üstündə qapını hirslə
çırpmazdı atası...
Bu “heç
nə”nin nə olduğunu anışdıra bilmirdi...
-Kiminlə
danışırdı bəs?
-...-dinmədi.
-Hə?-bir də
soruşdu.
-Məktəbə
gecikəcəksən, yeməyini ye!
“Məktəbə
gecikmək hardan çıxdı?Gör dərsin başlamasına nə qədər var ee...”
-Məni kim
aparacaq məktəbə?
Anası
gecdəngec, quru, sönük səslə:
-Taksiyə mindirərəm,
gedərsən!-dedi.
-Axı hara
getdi e, atam?-təkrar soruşdu, içində sanki qəribə bir cavab almaq ümidi vardı
və bu ümid toxumu cücərir, göyərir, boy atırdı.
-Çənəm
qırıldı, bəsdi, az sual ver!-anası göyərmiş ümidi toxumqarışıq çıxarıb atmaqda
peşəkardı.
Uşaq
baxa-baxa qalmışdı, bu anda əlindən başqa bir şey gəlmirdi, bacardığı bircə
baxmaqdı. Qapıya, pəncərəyə, divarlara, masaya, anasına. Və anasından ala
bilmədiyi cavabı qapıdan, pəncərədən, divarlardan, masadan gözləyirdi. Amma səs
çıxmır, gözlədiyi cavabı ala bilmirdi.Möcüzə gözləyirdi. İnanırdı ki, bu dəqiqə
möcüzə baş verəcək, divarlar insan səsi çıxarıb “atam hara getdi” sualına cavab
verəcək, o da bu suallardan yaxasını qurtarıb rahat nəfəs alacaqdı...
Heyf ki, bu
möcüzəydi və çətin ki, bu möcüzə baş verəydi...
Atası axşam
evə dönəndə də bikefdi, rəngi qaralmışdı. Həmişə onun o üz-bu üzündən öpən
atası indi keçib oturmuşdu televizorun qabağında, kəlmə də kəsmirdi.
Nə
oldu-olmadısa, birdən:
-Mən yaxşı
adam olacam!-dedi.
Anası
anlamadı nə demək istədiyini, çaşdı və:
-Ol!-dedi.
-Atam kimi
olacam!
Yenə:
-Ol!-dedi
anası.
-Yaxşı
adamlar neynirlər ki?-soruşdu.
-Yaxşı işlər
görürlər...-onu başından eləmək istədi.
-Bəs pis
adamlar neynirlər?
-Odeeey... atanı
işdən çıxarıblar...
-Niyə ki?
-Pisdilər
də, ona görə...
-Axı müəlliməmiz
deyir ki, yaxşı adamlar işlərinin əvəzini görürlər nə vaxtsa...
-Kim
deyir?-anası eşitməyib təkrar soruşdu.
-Müəlliməmiz...
Sözü
qurtarmışdı. Susdu.
O da susdu,
fikrə gedib müəlliməsinin dediyi quyunu xəyalından keçirdi.
Əslində özü
də quyudaydı, dərin bir quyuda. Suallara cavab tapa bilməyəndə düşmüşdü quyuya,
çıxa da bilmirdi...
Amma o
bilmirdi ki, atası da quyuya düşüb.Eyni quyuda olmadıqları üçün görmürdülər
bir-birlərini.Atası suallara cavab axtarmırdı, yaxşılıq axtarırdı. Onun axtardığı
yaxşılıqsa illər öncə babasıgilin həyətindəki su quyusunda boğulmuşdu. Xəbəri
yoxuydu.
Uşaq elə
bilirdi atası da bir vaxtlar quyudan yaxşılığı tapıb çıxarıb və indiyə kimi
qoruyub saxlayır...
Bilsəydi ki,
belə deyil, uşaq olmazdı.Və bilsəydi ki, böyüyəndə bunu biləcək, heç böyümək
istəməzdi.
Yaxşıki,
hələ uşaq idi...
Və bala-bala
aldanmaqla məşğuldu...
Комментариев нет:
Отправить комментарий