20.05.2012

Sabir Rüstəmxanlı: "Ədəbiyyat vampirdir"

Sabir Rüstəmxanlı ilə bənövşəyi söhbət

Xatirə dəftəri

- Məndə Sabir bəyin uşaqlıq illərində öz xəttiylə şeirlərini yazdığı blaknotu var; özü bilmir, nənədən almışdım o vaxt.
Elçinin bu sözündən qanadlanıram - mayın 20-də tamam olacaq 66 yaşına bundan unikal bir sürprizi hətta təsəvvür eləmək belə mümkün deyil.
- Təcili görüşürük, söhbətə də bir yerdə gedirik…
Qırmızı üzlü dəftəri əlimə alanda gözlərimə inanmıram: bu kitabçanın yaşamasından Sabir Rüstəmxanlının düz 50 ildir xəbəri yoxdur.

- Nə yazılıb burda, oxumusan?
- Yox, vallah! 5 ildir bu kitab məndədir, bircə dəfə oxumağa cəhd etdim, utandım.
- Onda məsləhət bildiklərini ozü oxuyar…
Yol boyu beynimizdə ancaq bu dolanırdı: "Görəsən, bu dəftəri görəndə hansı hisslər keçirəcək?"..

"Kaş, bu şərait 25 yaşımda olaydı"

Böyük bir otaq: sağ və yuxarı tərəfdə yerdən tavana qədər yığılmış kitab rəfi, ortada masa, sol tərəfdə – kitabxanaya yaxın üz-üzə kreslolar; Yuxarı başda kitab rəfinin yanından balaca bir qapı açılır – Sabir bəyin iş otağına; aşağı başdan kiçik və açıq eyvana daha bir qapı var – yorulanda təmiz hava almaq üçün.
Pilləkənləri tutub 3-cü qata qalxanda Sabir bəy oxuduğu kitabı kənara qoyub, həvəslə bunları göstərəcəkdi bizə:
- Burda yazı masam, bilgisayarım var, o da çarpayıdı, yorulanda dincəlmək üçün. O biri qapıdan açıq eyvana çıxır. Gəlin, baxın!
Çıxırıq və Bakının şər qarışan alatoran siluetindənsə göyə boylanıb ulduz axtarırıq.

- Kitabxanamı görürsünüz? Yaxşıdır, hə?
- Əlbəttə yaxşıdır. Hər yazar belə iş şəraiti arzulayar.
- Güman eləyirəm ki, Azərbaycanda belə kitabxanası, şəraiti olan tək mənəm.
Uşaq sadəlövhlüyü ilə qürurlanır. Və birdən üzünü kitablara çevirib astadan:
- Kaş belə imkan 25 yaşımda olaydı – deyir…

Düşüncə rəngləri

"Ziyalılarımızı gecə vaxtı Azərbaycanın xəritəsini aydınladan işıqlara bənzədirəm. Bu işıqlar ölkə boyu nə qədər çox yayılarsa, Azərbaycan bir o qədər işıqlı olar".
Səhv etmirəmsə, buna bənzər bir fikir demişdi Sabir bəy.
Doğrudan elədir – hər ziyalı Tanrının endirdiyi bir işıq...
Aha! Bəs, bu işığın Yer üzərinə səpələnən düşüncə və fikir rənglərini nə vaxtsa arayıb, görmək istəyirikmi?

1. Bənövşəyi (düşüncə gücü)

Mütaliəm sistemsiz olub

Oxuduğu kitaba göz atıram – Joze Saramaqonun "İsanın incili".
- Gənclikdə oxuduğum kitabdır, indi bir daha vərəqləyirəm – həm yeni tərcümənin keyfiyyətinə baxıram, həm də sadəcə, yenidən oxumaq istədim…
- Vaxt baxımından gənclik dövrü oxumağa daha geniş imkan yaradır. Mütaliəniz necə olub?
- Uşaq vaxtımdan kənd kitabxanasındakı bütün kitabları oxumuşdum. Ancaq kənddə kitabxana zəngin deyil. Sonrakı dövrlərdə də qarışıq və sistemsiz mütaliəm olub – ədəbiyyatdan daha çox tarix, elmi-kütləvi kitablar oxumuşam. Ancaq indi yenidən qayıdıb, klassikləri bir daha oxumaq zərurəti hiss eləyirəm.
- Kimlərə qayıtmaq və nələri bir daha oxumaq istəyirsiniz?
- İlk növbədə Servantesin "Don Kixot"unu; Daniel Defonun "Rabinzon Kruzo"sunu… Bunlar həm də ədəbiyyatda yeni dövrün başlanğıclarıdır.

Ədəbiyyatın "yol işarələri"

- Maraqlı bir mənzərə ilə qarşılaşırıq: ədəbiyyat adamları gənclik illərində oxuduqları və yaddaşlarında xüsusi iz buraxan əsərləri ahıl çağlarında bir daha oxuyurlar. Bunun bir psixoloji səbəbi varmı?
- Adını çəkdiyim və çəkmədiyim bu müəlliflər ədəbiyyatın sanki "yol işarələri", "mayakları"dır. Məsələn, Nizami 800 il, Füzuli - Mirzə Fətəli Axundova qədər - 400 illik bir yol qoyub; Yunus İmrə, Mirzə Ələkbər Sabir… Bunlar ədəbiyyatın yol göstərənləri, elçi və ya peyğəmbərləridir; Əfzələddin Xəqani – bu günün özündə belə dünyada ən çox oxunan Şərqin son dərəcə nəhəng şairidir. Klassiklərimizi oxumaq üçün bütün Şərq fəlsəfəsini, estetikasını, düşüncə və dini-fəlsəfi baxışlarını bilməlisən. Onları oxuyanda sözün sehrini daha yaxşı hiss eləyirsən və görürsən ki, söz öz möcüzəsini itirə-itirə gəlib. Bir vaxtlar söz mifik inanclara, səmavi təsəvvürlərə dayanırdısa, qeyri-adi düşüncə imkanı verirdisə, indi empirik biliklərimizin ifadəsinə çevrilib və adiləşib; Söz kimi insan təfəkkürü də sehrini itirib. Ədəbiyyat o mifik düşüncəyə söykənəndə güclüydü. Ona görə də hazırda nəhəng yazçılar qeyri-ixtiyari mifik dövrə qayıdırlar və çağdaş romançılıq da məhz o zaman gücü, enerjisi ilə seçilir. Markesin, Çingiz Aytmatov yaradıcılığına baxın, bizim ədəbiyyatda dastanlarımıza, mifoloji qaynaqlara müraciətlərə diqqət edin... Bəlkə fantastik janrın meydana gəlməsinin də sirri budur - müəyyən mənada materializmin hər şeyi vizual müstəviyə çəkib gətirməsindən qurtulmaq üçün insanların görmədiyi, təsəvvür etmədiyi hadisələrdən yazmaq ehtiyacı. Ola bilsin ki, fantastika da gələcəyin mifidir.

Bu, İlahi sirdir

Əslində, Babil mədəniyyətini ona görə dağıtdılar. Çünki Babil mədəniyyətinin ərəblərdən daha çox, türklərə dəxli var. Şumer sivilizasiyası, mixi yazılar – "mıx yazıları", gil lövhələr türk təfəkkürünə uyğundur. Şumer dilində türkcə ilə ortaq sözlərin olması kifayət qədər düşündürücüdür.
Şübhəsiz ki, müəyyən sivilizasiyalar olub. Bu bir ilahi sirrdir, sanki Allah müəyyən vaxt keçəndən sonra sivilizasiyanı məhv edir və insan beynindən onları silir. Bəlkə də sivilizasiyalar o həddə çatır ki, Tanrı sirlərinin astanasına qalxır və ondan o tərəfəyə qalxmağa İlahi özü imkan vermir. Ancaq beyinlərdən, təsəvvürlərdən silinsə də, qanın yaddaşında bu sivilizasiyalar qalır. Misir ehramlarında "Tanrı dilində" yazılan kitablar, Uyğur ehramları – bunlar hamısı düşüncəyə qida verən, bir neçə nəslin araşdırmasına ehtiyac duyduğu sirlərdir...
Oxuduğun kitablara qayıtmaq yaddaşın, təssüvvürlərin etibarını yoxlamaq, bugünkü biliklərinlə o əsərləri bir daha nəzərdən keçirib düşüncə müqayisələri aparmaq ehtiyacından doğur, yəqin!
Bu da qismətdir – söhbətin axarı bəlkə də ona görə gəlib bu yerə çıxdı ki, yaradıcı şəxsin düşüncəsi həmişə bu axtarışlarda olur. Mənim ilk yazdığım hekayələr də faktastik hekayələrdir.

Fantastikanı da yaşamadan yazmaq olmaz

- Onları yəqin ki, çap etdirməmisiniz.
- Yox, ehtiyac görməmişəm.
- Nədən bəhs edirdi?
- Riyaziyyatla maraqlanırdım və riyaziyyatçı olmaq istəyirdim – indi də onun sıxıntısını yaşayıram. Hekayələrimin biri günəş işığının linzadan linzaya ötürülməsi ilə Yer kürəsinə dolandırılması və beləliklə, gecənin gündüzə çevrilməsindən bəhs edirdi. İkinci hekayədə isə qəhrəmanım bir aparat icad etmişdi, onun sayəsində bizim düşmənlərimizin beyninə dalğalar ötürürdü. Amma bir fiziki qanun var – dalğaların amplitudası üst-üstə düşəndə, beyin dağılır. Məsələn, bizim danışığımızla bu tavanın dalğası üst-üstə düşsə, tavan dərhal uçar…
- "Sunami" romanı indi də bu düşüncə axtarışlarıyla yaşadığınızı ortaya qoydu, deyəsən…
- Əlbəttə. Bu roman Yerlə bağlı fantastikadır.
- Bəzən yazıçıların real boyalarla qələmə almaları onların bu "fantastik həyatı" yaşadıqları haqda təsəvvür yaradır.
- Hansısa formada – ya reallıqda, ya da təsəvvürdə o fantastikanı yaşamadan yazmaq, qələmə almaq təbii ki, mümkün deyil… "Sunami"ni qısa müddətdə, həm də tələsik yazdım, halbuki o romandakı Göylə, kənar sivilizasiya ilə bağlı hissəsini daha ətraflı və geniş yazmaq imkanındaydım.
- Oxuduğunuz əsərlər kimi, "Sunami"yə də nə vaxtsa qayıtma ehtimalı varmı?
- Zaman göstərəcək. Bilirsən, artıq heç bir şübhə yoxdur ki, nə vaxtsa Marsda və ya Ayda həyat olub. Astranavtlar kosmosdan qayıtdıqdan sonra ya dindar olur, yaxud içkiyə qurşanır… Bunlar yaşanmış sivilizasiyaların enerjisinin təsirindəndir, bəlkə…

2. Göy (daxili qüvvə, ahəng və harmoniya)

İlahi harmoniya, yaxud çevrənin qapanması

- Mifik aləmin təsvirindən reallığa enən və sehrini itirən söz yenidən geriyə can atır, insan uşaqlıq illərində oxuduqlarına, yaşantılarına, xatirələrinə bir müddətdən sonra təkrar qayıdır… Bu, sivilizasiyanın - həmçinin bir ömürdə keçilən yolun - çevrə üzrə getməsi və ilkinliyə qayıtmasıdırmı?
- Bir araşdırma vardı, orda dəqiq hesablamışdılar ki, ötən minilliyin başlanğıcında dünyada 4 faiz ateist vardısa, minilliyin sonunda tam tərsinə, 4 faiz qəlbən Allaha inanan qalmışdı, qalan 96 faiz gördükləri ilə yaşayanlar, ideallardan məhrum adamlar idi. Və Dolça erasının başlanması ilə birdən-birə geriyə – inama qayıdış başladı. Ayrı-ayrı dövlətlərin, xalqların taleyində də belədir – Çin, Misir, Yunan-Roma, İran, Orta Asiya müxtəlif vaxtlarda bəşəriyyətin beyin mərkəzi, düşüncə nöqtələri olub. Mu sivilizasiyası - dağılıb gedib, Orta Asiya – təbiət dəyişikliyinin qurbanı olub, səhralığa çevrilib… Bir sıra Şərq ölkələrində, o cümlədən Misirdə bir ağac gördüm – əbədi ağacdır. Acağın qol-budağından saçaqlar sallanır və o saçaqlar yerə çatandan sonra yavaş-yavaş torpağın təkinə işləyir, o qədər inkişaf edir ki, ağacın əvvəlki kövdəsi tədricən quruyur, öz missiyasını itirir və yerə işləmiş saçaqlar kökə, gövdəyə çevrilir; beləliklə, bu acağ minillərlə yaşayır. Dünya boyu sivilizasiyalar da beləcə gəzir – bir ayağın üstündən o birinə adlaya-adlaya. Ədəbiyyat xəritəsinə baxın – bu gün Şirvanda Xəqani parıldayır, sabah Gəncədə Nizami və s. Bu, əslində həyatın əbədiliyinin, insanın bərəkətli və sehrli olmasının göstəricisidir. İndi dünya hakimləri tamam başqa dövlətlərdir və elə düşünürlər ki, "qloballaşma" adıyla dünyanı öz ətraflarında birləşdirə biləcəklər. Olsun - vaxtilə Makedoniyalı İsgəndər, Çingiz xan, Əmir Teymur, Şah İsmayıl da belə düşünüblər, Osmanlı imperiyası 3 qitəyə hökm edib. Zaman dəyişir, məkanları da dəyişdirir… İnsan bir ömürdə, xalqlar bir zamanda bu çevrəni tamamlayırlar…
- Kiçik modellərdə özünü göstərən bu inkişaf dinamikası nəticədə dünyanın özündə başa vurulur. İlahi harmoniya?
- Tam mümkündür – inkişafın bir məqamda yenidən ilkinliyə qayıtması ilahi harmoniyadır.

Dinazavrlar erasına gəlmişik

Mövzunu dəyişək – söz adamını sözə çəkək. Nə deyirsiz?

- Sabir bəy, Sözü necə tərif edərdiniz?
- Əgər "hər şeydən əvvəl söz var"sa və dünya Tanrının bir "Ol" sözündən yaranıbsa, deməli, söz həyatın, insan varlığının və bəşəriyyətin anasıdır.
- Yaradıcı adamlar həm də sözə borcludurlar, amma heç də hər şair sözü vəsf eləmir. Sizin Söz haqda sözünüz var?
- Var… Bir məsələni də deyim, bayaqkı fikri tamamlayaq: Oksfor Universitetinin nəzdində təbiət muzeyi var – ona "Dinazavrlar muzeyi" də deyirlər. Çox nəhəng dinazavr maketləri düzəldiblər orda – böyük alimlər nəsli tədqiqatlar aparıblar və doğrusu, heyran qaldım elm adamlarının əməyinə. Həmin dinazavrlar 60 milyon il əvvəl yaşayıblar. Sonra nəsli kəsilə-kəsilə, kiçilə-kiçilə gediblər… Əgər dairə üzrə inkişafa və ilkinliyə qayıtmağa inansaq, onda gərək dinazavrlar erasına qayıdacağımızı düşünək… (gülür)
- Yəqin bizim yaşadığımız "zaman dairəsi" dinazavrlardan başlamır…
- Əslində, dinazavrlar erasına gəlmişik – ancaq hərfi mənada yox: iki ayaqlı, "insan" adlı dinazavrlar yetişib. Milyarder dinazavrlar var ki, onların qarnında bir milyon insanın haqqı, malı, sərvəti var. O mənada "dinazavrlar erası" başlayıb və onların ayaqları altında insanlar, millətlər, mədəniyyətlər, tarixlər əzilib gedir…
Mən o dinazavrları görəndə düşündüm ki, bunlar arxeologiyanın tarixidir, insanın tarixi isə sözdən, yazıdan başlayır...

Ədəbiyyata təəssübkeşliyimdən gəldim

- Sözə gəlişiniz, sözün sizi tutduğu ilk an yadınızdadır?
- Hər şey anamın öz qardaşı üçün ağı deyib, ağlamağından başladı. Onun qardaşını sel aparmışdı. Mən anamın ağılarının, bayatılarının təsiriylə ilk şeirimi yazdım. Sonradan şairlərimizi oxuduqca içimdə bir qısqanclıq yarandı ki, niyə bizim dağlarımıza, yollarımıza şeir yazılmayıb? Əslində, mənim ədəbi yaradıcılığımın kökündə dayanan məsələlərdən biri təəssübkeşlikdir.
- Bu təəssübkeşlik sonrada böyüdü və bir etnosu əhatələdi…

Hiss edəndə ki, sənin sözün daha güclüdür…

- Uşaq vaxtı coğrafiya müəllimim vardı, məni çox istəyirdi, deyirdi ki, sən çox eqoist uşaqsan. O vaxt bu sözün mənasını bilmirdim… Görünür, sözü duymaq adama bir iddia gətirir, anlayırsan ki, sən sözü ətrafdakılardan daha yaxşı hiss edirsən. 10-11 yaşım olanda kənddə yığışırdılar və mənə kitab verirdilər ki, bizimçün oxu. Kitab tapmayanda, "marksizm-leninizm"ə qulaq asırdılar. Sadəcə, nitqimi bəyəndikləri üçün mənə oxudurdular. Hiss edəndə ki, sözümün təsiri, nitqimin gücü var, onda başladım yazmağa…
Əlbəttə, sonradan bu təəssübkeşlik böyüyur və müəyyən yaşdan sonra bir də görürsən ki, artıq rayon, ölkə, xalq yox, insanlığın təəssübünü çəkirsən; anlayırsan ki, sənin millətin, ölkən insanlığın bir parçasıdır – bu "böyük" düzəlməlidir ki, "kiçik" narahatlıqdan qurtarsın.
- İnsanlıqda sizi daha çox narahat edən nədir?
- Ən böyük faciə insanın bir-birini qətlə yetirməsidir. Onlarla yırtıcı heyvan var ki, öz nəslinə, özünə heç vaxt qıymaz, ancaq insan çox rahatlıqla intihar edir, bir-birini öldürür. Bunlar məni çox narahat edir. Görünür, bu düşüncə yolunu bütün yazıçılar keçir… Amma şübhəsiz ilkin ocaq, ilkin yaşantılar insanı heç vaxt tərk eləmir və hansısa yaşda insan özünə qayıdır. Əgər uşaq vaxtı oxuduğun kitablara bu yaşda yenidən qayıdırsansa, deməli, xatirələrini bir daha yaşamaq istəyirsən…
- Bəlkə, bu, uşaqlıq çağını içində oyatma və yaşatma duyğusundandır? "Uşaq sadəlövhlüyünü içində yaşatmayan insan yaza bilməz" ifadəsi var…
- Əlbəttə, o günləri real olaraq yaşama istəyi bir xəyaldır. Görünür, öz duyğularının nə qədər etibarlı və uzunömürlü olduğunu yoxlamaq üçün qayıdırsan…

3. Sarı (həyəcan və canlılıq)

Bir əlifba icad etmişdim…

- Uşaq vaxtı yazdığınız şeir dəftərləri, gündəliklər olubmu?
- Çox gözəl xəttim vardı – dəftərlərimin bəziləri indi də qalır. Bir də… 9-cu sinifdə oxuyanda bir əlifba icad etmişdim, ən yaxın 2-3 dostuma, onlar da öz istədikləri qızlara öyrətmişdilər (gülür…) Yardımlı rayonu üzrə bir neçə "cütlük" vardı ki, onlar bu əlifbadan istifadə edirdilər.
- O "cütlüklərin" sırasında sizin də məktublarınız vardımı?
(Azacıq pauza verib, sualın üstündən ustufca adlayır; o dövrə qapılır, uşaqlıq illərini mexaniki olaraq bugünümüzə "tərcümə" edir):
- Gündəliklərimdə o əlifba ilə yazılmış parçalar da vardı…
- Deyəsən, bu "icad" ədəbiyyat adamlarının uşaqlıq dövrünə xasdır…
- Sonralar bildim ki, sən demə, Puşkin də uşaq vaxtı əlifba yaradıbmış… Axı, gizli yazışmalar olur yeniyetmələrin taleyində, bəzən "morze" əlifbasında istifadə edirlər. Mənsə "öz əlifbamı" yaratmışdım…
Sevinirəm ki, mənim 5-ci, 6-cı sinifdə oxuyarkən yazdığım şeirləri ədəbiyyat müəllimim Cavad müəllim – Allah ona ömür versin, indi Qazaxda yaşayır – qoruyub saxlayıbmış və bir neçə il bundan əvvəl gətirib mənə verdi... Bir də anam rəhmətə gedəndə onun sandıqlarını açdıq və bəlli oldu ki, orda uşaqlarının yazılarını gizlədirmiş – qiymət cədvəllərini, əsgərlikdən yazdığımız məktubları…
Sən demə, o illərdə yazdığım şeirləri anam saxlayırmış. Qara üzlü, 96 sahifəlik bir dəftərdir. Heç vaxt mənə deməmişdi belə dəftərin olmasını…

Memuar ədəbiyyatı daha səmimidir

Qəribədir, yazarlarımız acılı-şirinli bir ömür xatirələrini, yaşantılarını niyə yazmırlar? Halbuki Qərbdə bu janr çox populyardır…
- Bu xatirələrinizi nə vaxta qələmə almaq keçmir könlünüzdən?
- Bəzilərini müxtəlif yazılarımda vermişəm, atamla bağlı "Atamın ruhu"nu yazmışam… Amma indi bir xatirə kitabı yazmaq istəyirəm - tanıdığım adamların portretlərindən ibarət. Bu, həm də xatirələrim olacaq. Londonda olanda Bakını, Azərbaycanı yaxşı tanıyan Tamara adlı gürcü xanımla söhbətləşdik. Müxtəlif adamlar haqqında rəylərimi, xatirələrimi soruşdu, mən də danışdım. Sonra dedi ki, Azərbaycan yazıçıları niyə öz memuarlarını yazmırlar? Siz mənə elə şeylər danışdınız ki, bunları romanda, şeirdə vermək olmaz, ancaq çox maraqlı xatirələrdir. Niyə xatirələrinizi yazmırsınız?
- Dünya ədəbiyyatında belə ənənələr var və bu kitablar daha çox sevilir – səmimiliyinə, reallığını görə…
- Doğrudan elədir – bəzən bir xatirənin verdiyi enerji və informasiyanı bir neçə romandan almaq olmur. Əslində, yazıçılar bütün əsərlərində ancaq özlərini, öz yaşantılarını, düşüncələrini, xarakterlərini yazırlar – hansı dövrü qələmə alırlarsa-alsınlar fərqi yoxdur. Prust "Firon"da özünü yazıb, "Göy Tanrı"da Oğuz xanın içində mən varam. Amma memuar ayrıdır…
- "Göy Tanrı"nın təkcə ideya, mifologiyaya görə böyük əsər deyil, həm də dil hadisəsidir.
- Onun ilk variantı büsbütün türkcəmizdədir. Ancaq sonra gördüm ki, onu anlamaq hazırkı oxucular üçün çətin olacaq, ona görə bir qədər müasirləşdirdim. Bilirsən necədir? Hərdən baxıram ki, dilimiz Füzuli dövründən qətiyyən fərqlənmir – sözlərimizin böyük hissəsi ərəb-farscadır, son vaxtlar da Avropa mənşəli sözlərin dilimizi işğalı başlayıb. Kimyada belə bir qayda var: maddə nə qədər yekcins, eynitərkibli olursa, o qədər möhkəm sayılır. Dil də belədir – kəlmələr nə qədər yekcins olsa, dil o qədər enerjili olar. İndi dilimizi karvansaraya döndəriblər. Qida, geyim məhsullarına gömrük var, amma dilə gələn sözlərin heç bir süzgəci yoxdur – nə istəyirlər, onu da gətirib doldururlar dilimizə. Belə olmaz, axı!

Əsgərlik şeirlərimi itirdim…

(Asta-asta "qırmızı üzlü əlyazmanın" üstünə gələk…)

- İtirdiyiniz və təəssüfləndiyiniz əlyazma-dəftəriniz varmı?
- Bir dəftər itirmişəm, o məni yandırır. Əsgərlik şeirlərim idi. Əsgərlikdə Hüseyn Ərəblinski haqqında "İşıq ömrü" poemasını da yazmışdım. Nə yaxşı ki, onu "Azərbaycan" jurnalına göndərmişdim və o qaldı… Şahmatçı dostum Şəhriyar
Quliyev hər dəfə Bakıya gələndə görüşürdük. Bir gün onu işlədiyim "Ədəbiyyat və incəsənəət" qəzetinə apardım – o vaxt redaksiya keçmiş Zevin küçəsində yerləşirdi, Zeynab Xanlarovanın indiki evində. Redaksiya ilə üzbəüz şərab evi vardı, orda bir az yeyib-içəndən sonra gəzə-gəzə Qız qalasına tərəf gedəndə yadıma düşdü ki, çantanı unutmuşam. Qayıtdım, amma çantanı tapa bilmədim. Onun içində pasportum, sənədlərim, bir də əsgərlikdə yazdığım şeir dəftərim vardı. Sonradan sənədlərimi bərpa elədim – şeirləri isə əlbəttə bərpa etmək mümkün deyildi…

Məhrəm yazıya müdaxilə edərlər?

(Bu məqamı gözləyirdik, əsasən də fotoqraf Bayram – Sabir bəyin uzun illərdən sonra əlinə götürəcəyi xatirə-dəftərin üzündə doğuracağı anı heç bir halda qaçırmaq istəmirdi)

- Sabir bəy, Ağanaz ana nə vaxtsa yazdığınız və unutduğunuz dəftəri nəvələrindən birinə sizə çatdıracağına and içirəndən sonra verib. Bu dəftəri Ağanaz ananın sizə göndərdiyi ad günü hədiyyəsi sayın…
- Hə? (çantamızdan çıxarıb verdiyimiz dəftəri alıb, vərəqləyir…) …Maraqlıdır… (nəsə varmış deyəsən, gözü tutur və qaşlarını çatır)… Amma başqalarının məhrəm yazısına belə müdaxilə etmək düzgün deyil, axı… (gülümsəyir)
- Sabir bəy, qəribə aurası var o dəftərin, cəhd eləsək də, oxuya bilmədik. Nə var ki orda?
- "Gündəliyim"di – qəbul imtahanlarına hazırlaşdığım vaxtdan birinci kursu bitirənədək olan dövr. Burda "icad etdiyim əlifba" ilə yazdıqlarım da var (bir az rahatlayır, deyəsən)… Onsuz da başa düşməyəcəkdiniz… (gülür)
- Bəlkə, 16 yaşda yazdıqlarınızdan bir neçəsini 50 ildən sonra bizə oxuyasınız?
- Xırda qeydlərdir… Cavad müəllimlə məktublaşmalarım, gördüyüm, rastlaşdığım hadisələr…
- Məgər Cavad müəllimlə məktublaşmaları "heç kəsin oxuya bilməməsi üçün" başqa əlifbada yazmaq lazım idi?
- … (gülümsəyir)

4. Qəhvəyi (reallıq hissi)

Biz ədəbiyyatçı ömrü yaşamamışıq…

- Bəzən yazarların ən böyük əsəri "Gündəliyi" hesab olunur və onu daha çox gündəliklərinə görə sevirlər; məsələn, Kafka! Gündəliklərinizdən bəzilərini çap etdirmək ürəyinizdən keçməyib ki?
- Sistemli gündəlik yazmağa hövsələm çatmır. Amma Tolstoy… Görünür, onların peşəkarlıqları və ədəbiyyata baxışları "bütün həyatını ədəbiyyata vermək" anlayışıyla əhatələnir. Ədəbiyyat – vampirdir, istəyir ki, səndən hər şeyi alsın, bütün canını, həyatını sorub aparsın. Bəlkə də gələcək, əbədi yaşamaq üçün belə lazımdır. Ancaq mən başqa cür yaşamışam. Əvvəla, heç vaxt həyat sevgisindən uzaqlaşmamışam: yazmışam, eyni zamanda, dünyanı gəzmişəm, dost, ailə məclislərində olmuşam - ömrümün 70-80 faizini bunlar alıb. İkinci, yaşımızın ən məhsuldar, ən qaynar 30 ilini evsiz-eşiksiz, kirayişinlikdə, ac-susuz yaşamışıq, həyatımızın böyük bir hissəsini ayaqda qalmaq, özümüzə yuva qurmağa həsr eləmişik. Müəyyən bir yola çıxandan sonra da xalqımızın taleyi, millətin istiqlalı başladı. Son 20 illik ömrümüz bizim deyil ki! Biz normal ədəbiyyatçı ömrü yaşamamışıq, təəssüf ki! Ona görə də sona qədər gündəlik yazmaq qismət olmayıb. Mən düşüncə, fikir gündəliyindən daha çox, hadisə, xranologiya yazmışam. Amma bilmək olmaz ömür nə qədərdir. Bu günün özündə belə başlasan, 5 ili əhatələyən gündəliyə bir ömrü sığdırmaq olar.
- İctimai həyat sizi hansı mövzuları içinizdə gömməyə məcbur elədi?
- (düşünür…) 70-80-ci illərdə Xəlil Rza yazmışdı ki, Sabir Rüstəmxanlının "Milli şair" olmaq imkanı var… Millətin böyüklüyünü, ruhunu, yaddaşını göstərən əsərlər yazırdım. Azadlıq Hərəkatı və müharibə bizi ədəbiyyatdan aldı. Sonralar yenidən qayıdanda artıq əvvəlki o inam, sevgi, güvənc qalmamışdı. Hətta belə bir misram da var: "Mən şeirdən küsmüşəm, yarama məlhəm deyil". Görürdüm ki, əvvəlki ruhla başladığım şeirlər yarıdan sonra satiraya çevrilir.

Söz məni qorumadı

- Bəlkə, sözün sizdən əli-ayağı soyumuşdu, ona görəydi belə ovqat?
- Mən sözdən küsmüşdüm.
- Niyə?
- Çünki söz məni və millətimi qoruya bilmədi… Azərbaycan ədəbiyyatı, sözü ermənilərlə müqayisəyəgəlməz dərəcədə güclü və böyükdür. Təkcə dünya ədəbiyyatının ən yüksək zirvəsi, mənim fikrimcə, həm quruluşuna, həm də ideyasına görə tayı-bərabəri olmayan "Yeddi gözəl" müəllifi Nizaminin adını çəkmək bəsdir ki, bu müqayisəni ağlından keçirməyəsən. Hələ Həsənoğlu, Nəsimi, Füzuli, Saib Təbrizi, Vaqif, Sabiri… demirəm. Bu boyda mədəniyyət, tarix, fəlsəfə, ədəbiyyat yaradan, içi daim sevgiylə dolu olan xalq nifrətə köklənən bir ovuc xalqa uduzdu. Sevgi nifrətə, söz silaha yenildi… Onda adam içindən qırılır. Əgər Allahın yanında mənəvi dəyərlər, insanlıq, sevgi qiymətlidirsə, biz qalib gəlməliydik. Onlar qalib gəldisə, deməli, söz uduzdu, şeytan haqq üstündə qələbə çaldı…
- Sözdən küsməyiniz Allahdan inciməyinizə bənzəyir…
- Bir az da o vardı…

5. Qızılı (üstünlük)

Bu, həyat tərzimin diqtəsiydi

- Adətən, yazıçılar şeirlə başlayır, sonra nəsrə keçir. Amma sizdə poeziya ilə proza paralel davam edir. Bəlkə də bu suala ən doğru cavabı siz verə bilərsiniz: poeziya ilə prozanın sərhədləri hardadır?
- Onların sərhədləri haqda danışmaq mümkün deyil. Səmimi desək, bu, bir az həyat tərziylə bağlıdır. Məsələn, qəzetdə işləyirdim, kirayədəydim, işləməli, qazanmalı və ehtiyaclarımı ödəməliydim. Ona görə hər həftə publisistik yazılar, müsahibələr yazırdım – yəni taleyin şərtləndirdiyi həyatı yaşayırdım. Sonra nəşriyyatda işlədim – kitablarım çıxmalıydı, qonorar almalıydım və s. "Gəncə qapısı" çap olunanda özümə maşın aldım… Şeir yazmaq mənimçün çox asan idi – xırda kağızlarda, qəzetin kənarlarında qeydlər aparırdım, ilin sonunda isə bir aylıq məzuniyyət götürüb, yaradıcılıq evinə gedir və işləyirdim. Bəzən bir kitablıq şeiri bir aya yazıb qayıdırdım…

"İlham pərisinin qabağını kəsmisən"

Söhbətin bu yerinə Sabir Rüstəmxanlının nə vaxtsa danışdığı və yaddaşımda ilişib qalan duzlu-məzəli bir xatirəni yazmasam, olmaz…

(ardı var)                Anar             "Gündəlik Teleqraf" qəzeti

Комментариев нет:

Отправить комментарий