07.06.2012

Balamın zəhərli oyuncağı...


ANS PRESS Azərbaycanda oyuncaq bazarını araşdırıb


Bir neçə il əvvəl uşaq oyuncaqları istehsal edən “Li Der İndastrial” Çin şirkətinin rəhbəri Çjan Şuxun zavodun anbarında özünü asmışdı. Bu hadisə Çin hökumətinin “Li Der İndastrial” şirkətinə oyuncaq ölkə xaricinə satışına qadağa qoyduğu günün səhəri baş vermişdi. Qadağa şirkətin ABŞ-a satdığı oyuncaq partiyasında toksiki maddə müəyyənləşdirildikdən sonra qüvvəyəminmişdi. ABŞ-da məktəbəqədər uşaqlar üçün nəzərə tutulan 967 min oyuncağın üzərinə vurulmuş boyada toksiki maddələr aşkar edilmişdi.

Bəs görəsən ölkəmizdə uşaq oyuncaqları ilə bağlı vəziyyət nə yerdədir? Azərbaycana xaricdən gətirilən oyuncaqların keyfiyyəti qənaətbəxşdirmi?
Sağlam Toplum İctimai Birliyinin sədri Lalə Mehralının ANS PRESS-ə verdiyi məlumata görə, ölkəmizdə oyuncaq bazarındakı vəziyyət bərbaddır. Lalə Mehralının sözlərinə görə onların qurumu bu qənaətə oyuncaq bazarında apardıqları monitorinq nəticəsində gəliblər.
“Ölkəmizə oyuncaqlar əsasən Çin, BƏƏ, İran, Türkiyə və s. ölkələrin ən aşağı keyfiyyətli, bir çox hallarda isə kustar şəraitdə hazırlanmış təhlükəli məhsulları gətirilir. Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoysa da bunun bir faydası olmayıb. Bazarlar ağzınadək belə mallarla doludur. Kiçik bir reyd etsəniz görərsiniz ki, bazarlar, yarmarkalar, kiçik oyuncaq dükanlarının hamısında təhlükəli oyuncaqlar kifayət qədərdir. Onların orqanizm üçün təhlükə olması ilk baxışdan hiss olunur.
"Sağlam Toplum” İctimai Birliyi"nin rəhbəri monitorinq nəticəsində bvazarda uşaqların əqli inkişafına təkan verəcək oyuncaqların demək olar ki, satılmadığını bildirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da ölkədə oyuncaqlarla bağlı vəziyyətin heç də ürəkaçan olmadığını bildirir. Komitə rəsmisi neqativ halların aradan qaldırılması üçün işlər aparıldığını deyir: “Azərbaycana idxal olunan oyuncaqların müvafiq akreditasiya olunmuş sertifikatlaşdırma orqanlarında yoxlanıldıqdan sonra, labaratoriya sınaqlarının nəticələri normativ sənədin nəticələri üst-üstə düşərsə və təhlükəsizlik parametrləri uyğun gələrsə, o məhsullar sertifikatlaşdırılır. Yalnız bundan sonra oyuncaq satışa çıxa bilər. Aparılan dövlət nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin müxtəlif topdan satış mərkəzlərində və əsasən Qaradağ rayonu ərazisində olan topdan satış mərkəzlərində, 28 may metrosu ətrafında uşaq oyuncaqları satışını təşkil edən bir neçə mağaza aşkar olunub. Burada oyuncaqların laborator analizləri mənfi çıxıb. Onların tərkibindən standartın tələbinə uyğun olmayan ağır metallar aşkar edilib”.
Fazil Talıblı övladlarına zərərli oyuncaq almaqdan çəkindirmək üçün valideynlərə müraciət də etdi. Dövlət Komitəsi rəsmisi sertifikatsız oyuncaq almaqdan çəkinmələrini və sınaqdan çıxmış oyuncaq mağazalarından alış-veriş etmələrini tövsiyyə etdi. “Keyfiyyətli oyuncaqları müəyyən etmək üçün valideynlər fikir verməlidirlər ki, tüklü oyuncaqların tükləri, tikişləri möhkəm olsun. Rəngli oyuncaqlarda rənglər çox parlaq olmamalı və rəng aşınmamalıdır. Komitənin tərkibində “Aztest” təcrübə-sınaq mərkəzi var. Burada müasir texnologiyalar və avadanlıqlar quraşdırılıb ki, oyuncaqların tərkibində olan bütün növ kimyəvi, fiziki, kimya-bioloji, ağır toksiki metalları aşkar etmək mümkündür. İstənilən şəxs, sahibkar, təşkilat bu labaratoriyaya müraciət edə bilər”, - deyə Fazil Talıblı bildirib.
Həkim-infeksionist Səriyyə Cavadzadənin sözlərinə görə, Azərbaycana əsasən Çindən gətirilən uşaq oyuncaqlarının tərkibində fenol, stirol, dioksin, florat, sink kimi maddələrin miqdarı normadan çox yüksək olur. Buna səbəb isə bu cür keyfiyyətsiz oyuncaqların məişət tullantılarından hazırlanmış olmasıdır. “Keyfiyyətsiz oyuncaqlar sənaye tullantılarından hazırlandığından uşaqlarda zəhərlənmələrə, dəri xərçənginə, bəzən mənşəyi məlum olmayan xəstəliklərin yaranmasına, allergen və toksiki reaksiyalara, stafilakoklara səbəb ola bilir. Oyuncaqlarda fenolun çox olması bu maddənin böyrəklərdə, selikli qişada, qara ciyərdə yığılmasına səbəb olur, nəticədə uşağın bağırsaqlarını və mədəsini zədələyir”, - deyə həkim-infeksionist bildirir.
Səriyyə Cavadzədə bəzi batereyalı oyuncaqlarda radioaktiv maddələrin ola bilməsini isisna emədi. Onun sözlərinə görə, bu oyuncaqlar uşaqlarda radioaktiv şüalanma yaradaraq leykoza səbəb ola bilər.
Ölkəmizə gətirilən uşaq oyuncaqlarının gömrük nəzarətinin necə həyata keçirildiyini öyrənmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. Natiq müəllim əvvəlcə məsələ ilə maraqlanacağını və Komitədə suallarımızla bağlı mütəxəssislə əlaqə yaradacağımıza kömək edəcəyini bildirsə də, sonradan nə qədər cəhd etsək də, telefon zəngimizə cavab verən tapılmadı.

Комментариев нет:

Отправить комментарий