12.09.2012

Cənublu “Yaranal xan”

Oxucuların yəqin ki, yadından çıxmamış olar - biz hələ 7-8 il öncə cənub generalları haqqında silsilə yazılar çap etdik, bu torpaqda boya-başa çatan cəsur hərbiçilər haqqında əldə etdiyimiz məlumatları oxucularla paylaşdıq. Bu sayımızda cənublu generallardan daha birini – Mir İbrahim bəy Talışinskini sizə təqdim edirik.

“Əkinçi” cənublu generaldan nələr yazırdı. O, hansı adları və mükafatları qazandı?

Tarixi mənbələrdən məlum olduğu kimi, hələ keçmiş çar Rusiyası zamanında yetişən ilk hərbçilərimiz ölkədən uzaqlarda qəhrəmanlıqlar göstərmiş, yalnız istefaya çıxdıqdan sonra ana torpaqlarına dönmək imkanı qazanmışlar. Azərbaycan mətbuatının qaranquşu “Əkinçi” qəzetinin 26 may 1877-ci il tarixli sayındakı “Təzə xəbərlər” bölməsində məşhur bir hərbçimiz haqqında belə məlumat verilib:
“Badikubə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub”. Qəzetdə gedən bu məlumatdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri təyin edilmişdir.
Talışxanov fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə yüksək mükafatlar qazanmışdır. O, 1889-cu ildə 2-ci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş və göstərdiyi igidliklərə görə Qızıl Qılıncla mükafatlandırılmışdır.

Mir Mustafa xanın nəvəsi olan bu generalın ömür yoluna qısa bir nəzər

Azərbaycanın görkəmli hərbçilərindən biri Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışxanov 1828-ci ilin iyul ayının 11-də Lənkəranda anadan olmuşdur. O, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Hərbi rütbəsi general-mayor olduğundan, xalq arasında onu “Yaranal xan” və ya “Yaranal Miri bəy” deyə çağırıblar. Talışxanov hərbçiliklə bərabər mədəniyyət və ictimai fikir tariximizdə xeyriyyəçi, dilçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır.
Mir İbrahim bəy 1845-ci ildə zabit rütbəsində xidmətə başlamışdır. 1847-ci ilin fevralında o, podpraporşik, mart ayında portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi almışdır. Görkəmli hərbçi 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, oradakı nümunəvi xidmətinə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.
Talışxanov 1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir.
Gərgin döyüşlərdə göstərdiyi xidmətlərə və cəsurluğa görə 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur. O, 1858-ci ildə də 3-cü dərəcəli, 1871-ci ildə isə 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür. Qorxmaz döyüşçü 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlmiş və müxtəlif medallarla təltif olunmuşdur.

“Əxbərnamə”də İbrahim bəy necə təqdim olunur?

Mir İbrahim bəy 1885-ci ildə Tiflisdə istefaya çıxıb, doğulduğu Lənkəran şəhərinə qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbərnamə” əsərində general Mir İbrahim bəydən söz açaraq, onu “məşhur general Miri bəy” kimi təqdim edir. Tədqiqatçı alimlərin yazdığına görə, Mir İbrahim bəy Talış xanı Mir Mustafa xanın nəvələrindəndir.

Tarixi mənbələrdə yazılanlar

Tanınmış etnoqraf, tarixçi, folklorşünas, məşhur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862-1937) 1885-ci ilin sentyabrında yazdığı “Talış xanlığının tarixi” adlı əsərində general Mir İbrahim bəy Talışxanovdan bəhs etmişdir. O cümlədən, şair-tədqiqatçı Mirhəşim Talışlı və dosent Böyükağa Hüseynbalaoğlu birgə yazdıqları “Lənkəran” adlı kitablarında da Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.
Başqa bir mənbədə, Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov “Xatirələrimdə yaşayan Lənkəran” adlı kitabında yazır: “İbrahim bəy Talışxanov Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdi. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır”.

General-xeyriyyəçi

“Vikipedia”nın yazdığına görə, Mir İbrahim bəy Talışxanovun başqa həmkarlarından önəmli bir fərqi də onun böyük xeyriyyəçi olması idi. Arxiv sənədlərində göstərilir ki, Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı Talışinski soyadı ilə əvəzlənir.
Nüfuzlu hərbçinin Lənkəran ziyalıları arasında çoxlu dostları var idi. Onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” (“Natiqlər yığıncağı”) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayıl Qasir olmuşdur. Mir İbrahim bəy həmin vaxtlarda Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M.İ.Qasir də generala bir neçə şeir həsr etmiş, onu vəfalı bir dost kimi tərifləmişdir.

General-ovçu

O dövrün yazılı mənbələrinə görə, Mir İbrahim bəy sərrast atıcı olmuş, ov ovlamağı çox sevmişdir. Mir İbrahim bəy o vaxt gənc müəllim olan T.Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Göyşaban tərəflərinə ova çıxarmış. T.Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi. Ümumiyyətlə, Talış xanlarının nəslindən olan hər kəsin sərrast atıcılıq qabiliyyətləri olmuşdur.

Elmi yaradıcılıq fəaliyyəti

Mir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. Talışxanov görkəmli rus şərqşünası, akademik B.A.Dornun (1805-1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq “Rusca-talışca lüğət” tərtib etmişdi. Müasirlərinin olduqca yüksək qiymətləndirdikləri bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, saxlanmaq üçün Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə verilmişdir.

“Talış xanlığının tarixi” əsərinin müəllifi 

T.Bayraməlibəyovun qeyd etdiyinə görə, bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından kömək etmişdir.
Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Mir İbrahim bəy nəinki hərbi işə, dilə, ədəbiyyata, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl bir ziyalı şəxsiyyət olmuşdur.

General-əkinçi

Yuxarıda qeyd olunduğu kimi, istefaya çıxıb doğma şəhərinə döndükdən sonra Mir İbrahim bəy Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli çəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışxanov sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.
General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi “Yaranal xan təkyəsi”ndə dəfn olunmuşdur.
Mir İbrahim bəy əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım ilə ailə qurmuşdu. Onların 5 qızı olmuşdur: Leylabəyim xanım, Fəxrəndəbəyim xanım, Ruqiyyəbəyim xanım, Gülsümbəyim xanım və Ağabəyim xanım.
Əksər Lənkəran, eləcə də cənub ziyalılarının, ağsaqqallarının, hərbçilərinin arzusudur ki, görkəmli hərbçi, istedadlı sərkərdə, ictimai xadim və alim, general-mayor Mir İbrahim bəyin təkyəsi yenidən bərpa edilsin, adı əbədiləşdirilərək Lənkərandakı küçələrdən biri onun adı ilə adlandırılsın və şəhərdə onun muzeyi təşkil olunsun.

Zahir Əmənov     "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий