12.09.2012

Eşşək ki, eşşək

Aqşin Yenisey

Azərbaycan atalarının itki barədə yüz illər boyu düşünərək kəşf etdiyi belə bir deyim var: “Eşşəyim ölüb, başı qızıldan”.
Deyir, İranla müharibəyə hazırlaşan İsrail hökuməti eşşək idxalı üçün Misirə rəsmi səfər edəcək. 100 min uzunqulaq almağı planlaşdıran Təl-Əviv elmi tədqiqatlarda istifadə olunacaq eşşəklərin alınması üçün Qahirəyə rəsmi müraciət edib. Guya, eşşək xərçəng xəstəliyinin sirrinin araşdırılmasında əvəzsiz məxluqatdır, babalı deyənlərin boynuna.

Ümumiyyətlə, eşşək dünya mədəniyyətində həmişə insanla çiyin-çiyinə addımlayıb; məsələn, Qərbdə Servantesin məşhur romanında Don Kixotun arıq atının arxasınca başını aşağı salıb fikirli-fikirli yeriyən qarınqulu Sançonun eşşəyi, yaxud iki şələ otun arasında “birinci hansını yeməli” dilemması qarşısında seçim edə bilməyib acından ölən Buridan eşşəyi, Şərqdə Molla Nəsrəddinin, Məhəmmədhəsən əminin eşşəyi və s.
Rəsmi Qahirə isə eşşəyin bu möcüzəvi kəramətini bilərək, ona elçi düşmüş bütün ölkələrə hələ ki “yox” cavabı verir.
Məni düşündürən alayı məsələdi: yəhudi beyni almaq istədiyi bu yüz min Misir eşşəyini başlayacağı müharibədə necə kullanmağı düşünür? Müharibələrdə bu cür ağlagəlməz strategiyalar çox olur. Yenə məsələn, II Mehmetə İstanbulu almaq üçün nəhəng topları dərələrdən sel kimi, təpələrdən yel kimi sürüyüb aparmaqda öküzlər kömək etdi. Suvorov Alp dağlarını qatırların hesabına aşa bildi. Teymurləngin ordusunda xüsusi təlim görmüş zirehli fillər var idi ki, xortumu öz dövrünə görə top lüləsinə bərabər idi.
Bir rus telekanalı var, hər gün İkinci Dünya müharibəsinə həsr olunmuş yerli filmləri göstərir. Səhərdən-axşamacan, axşamdan-səhərəcən televizor olan otaqda toplar guruldayır, avtomatlar, tüfənglər şaqqıldayır, təyyarələr şəhərlərin təpəsinə dolu kimi bomba yağdırır, bir sözlə, həmin otaqda alman faşistləri ilə bizimkilər yenidən bir-birilərinin ətini didirlər. Hərdən bu döyüşlərin televizorda yox, elə evin içində getdiyinə o qədər inanıram ki, bəzən bir şey lazım olanda otağa sürünə-sürünə girib çıxıram, qorxuram avara güllənin biri, doğrudan da, ekrandan çıxıb təpəmi dələr.
Hətta bir dəfə eşitdiyim guppagupdan hiss etdim ki, hansısa rus tank diviziyasının hücumunu göstərirlər. İstədim müharibə bölgəsinə - televizor olan otağa girəndə belimə qumbaradan-zaddan bağlayam, utanmaz-utanmaz başladım evdə qumbara axtarmağa.
Bu lağlağı cümlələri yazmaqda amacım müharibənin insan psixologiyasını - hətta televizordan olsa belə - nə qədər zədələdiyini oxucularla paylaşmaqdı. Gör, indi həqiqi müharibə meydanında insan nə günə düşür.
Böyük müharibələr adətən, sadəcə, torpaq qəsb etmək, sərvət toplamaq üçün deyil, böyük ideyaları həyata keçirmək üçün törədilir. Yenə məsələn, Borodino çölündə Kutuzova məğlub olan və “Bu döyüşdə fransızlar qələbəyə layiq olduqlarını göstərdilər, ruslar isə məğlubedilməzlik hüququ qazandılar” deyib, öz rəqibinin qələbəsinə alicənablıqla yanaşan Napoleon, dünyanı tutmağa ona görə girişmişdi ki, o, dünyada haqq və ədalət yaratmaq istəyirdi və bir sərkərdə kimi bunun yolunu hərbdə görürdü. O düşünürdü ki, dünyada yalnız güc yolu ilə nizam yaratmaq olar. Onun öz məqsədi naminə tökdüyü qanlara, törətdiyi qırğınlara haqq qazandıran daha bir özünəməxsus yanaşması da belədir:
“Böyük ideyalara görə, xırda adamları qurban vermək olar”.
Hitler isə zəmanəsinin insanlarını ümumiyyətlə, əsl insan hesab etmirdi; o, Nitsşedən təsirlənərək “üstinsan” yaratmaq üçün Almaniyanın var-yoxunu müharibəyə xərcləyirdi. Bu yaxınlarda “Komsomolskaya pravda” qəzetində maraqlı bir yazı çap olunmuşdu. Müharibə zamanı Hitlerə Belarusiyada boyu iki metr səksən santimetr olan nəhəng adamın olduğu məlumatını verirlər. Hitler maraqlanır ki, bu nəhəng adam yaşayırmı? Fürerə adamın öldüyünü, artıq öz nəhəng qəbrində nəhəng ayaqlarını uzadaraq yatdığını deyirlər. Fürer dərhal bu uzundurazın sür-sümüyünü çıxarıb Almaniyaya gətirməyi əmr edir. O, bu nəhəng adamın DNK-sını götürüb “üstinsan” düzəltdirmək fikrində idi. O, öz beynindəki “üstinsanı” bu cür nəhəng təsəvvür edirdi.
Adam müharibələrlə bağlı bu faktları oxuyandan sonra yəhudilərin Misirlə “eşşək elçiliyinə” də bir az qorxuqarışıq şübhəylə baxır. Əgər yəhudulər bu eşşəkləri müharibə məqsədilə alırlarsa, vallah, bizim eşşəyimiz öldü.

aqsinyenisey@mail.ru                             teleqraf.com 

Комментариев нет:

Отправить комментарий