14.09.2012

“Süfrəyə tarakan və qurbağa əti qoyulmuşdu”

Mayis Güləliyev: “Üç ölkənin aeroportunda baş vermiş hadisəni heç vaxt unutmayacam”

“Səyahət” adlı yeni rubrikaya başlayırıq. Rubrikamızda tanınmışlarla onların olduğu xarici ölkələrə səyahət edəcəyik. İlk qonağımız Azərbaycan Yaşıllar Partiyasının həmsədri, 50-dən çox ölkəyə səyahət eləmiş Mayis Güləliyevdir. 

- İlk dəfə hansı xarici ölkədə olmuşunuz, o səfəri necə xatırlayırsınız?
- Yəqin ki, uzaq xarici ölkələri nəzərdə tutursuz, keçmiş sovet respublikalarını yox. Təhsilimlə və işimlə əlaqədar keçmiş sovet respublikalarının hamısında dəfələrlə olmuşdum. Uzun müddət Rusiya və Ukraynada yaşamışam. Uzaq xarici ölkələrdən isə, əgər ona xarici demək mümkünsə, ilk dəfə Türkiyədə oldum. Sonra Avropa və Asiya ölkələrinə səfərlər elədim.


- İndiyə qədər dünyanın neçə ölkəsində olmuşunuz? Səfərin, səyahətin səbəb və məqsədləri barədə nə deyərsiz?
- Doğrusu, bu yaxınlarda özümə də maraqlı gəldi ki, Azərbaycandan kənarda neçə ölkədə olmuşam. Arxivimi araşdıranda aydınlaşdı ki, belə ölkələrin sayı 50-dən çoxdur. Səyahətimin əsas səbəbi əvvəllər, yəni 1993-cü ilədək təhsil və elmi fəaliyyətlə, 1993-cü ildən 2000-ci ilədək bizneslə əlaqədar idi. 2000-ci ildən sonra isə ictimai fəaliyyətlə məşğul olduğumdan belə səyahətlər daha çox konfranslarda, treninqlərdə, müxtəlif ictimai aksiyalarda iştirakla bağlı olub. 2006-cı ildə Azərbaycan Yaşıllar Partiyası yaranandan sonra isə əsasən Avropa Yaşıllar Partiyasının müxtəlif ölkələrdə keçirdiyi tədbirlərə qatıldım.

- Onların arasında ən çox sevdiyiniz ölkə hansı olub?
- Hər hansı ölkəni qiymətləndirmək üçün müəyyən ölçü vahidinin olması vacibdir. Hər kəsin öz kriteriyası var. Əlbəttə, dünyagörüşüm inkişaf etdikcə kriteriya da dəyişib. Əgər əvvəllər, ilk səfərlərimdə əsas meyar həmin ölkədə ərzaq və yataq xərclərinin ucuzluğuydusa, sonralar biznes mühitinin, xüsusilə vergi və gömrük sisteminin necəliyi önə çıxdı. İctimai-siyasi fəaliyyətlə məşğul olandan bəri məni daha çox dövlət idarəçiliyi, cəmiyyətin monolitliyi və geniş mənada, təhlükəsizliyin təminatı maraqlandırır. Hər hansı ölkə ilə ilk tanışlıqda ona olan münasibət həmin adamın həmin ölkəyə münasibətini formalaşdırır. Yəni kimsə sərhəddə çətinliyə məruz qalır və ya olduğu xarici cəmiyyətdə onu başa düşmürlərsə, o ölkə onun xatirində mənfi imic qazanır. Bu emossional hiss əvvəllər məndə də olub.
Lakin dünyagörüşü və dəyərlər dəyişdikcə qiymətləndirmə meyarı da fərqlənməyə başlayır. Vaxtilə cansıxıcı və biznes üçün əlverişsiz hesab etdiyim İsveç bu gün mənim üçün iqtisadi perspektivli və ən təhlükəsiz ölkədir. Mən artıq İtaliyanı gözəl yeməklərinə görə və ya tarixi abidələrinə görə dəyərləndirmirəm. Yaxud Hindistan mənim üçün əvvəlki “nağıllar ölkəsi” deyil. Və bu, mənim qiymətləndirməmdir.

- Bir daha üz tutmayacağınıza and içdiyiniz ölkə olubmu, yəni o ölkəyə getdiyiniz üçün peşmanlıq hissi keçirmisinizmi?
- Heç bir ölkəyə yalnız gəzməyə getməmişəm. Başqa sözlə desək, mən istirahət etməyi bacarmıram. Bütün səfərlərim aydın məqsədə və dəqiq planlara söykəndiyindən bu ölkələrə səfərin uğurlu-uğursuzluğu birbaşa işlə bağlı olub. Bəzi ölkələrdə məni soyublar, pulsuz küçədə qalmışam. Bəzi ölkədə məni müxtəlif bəhanələrlə polis məntəqəsində bir neçə saat saxlayıblar. Məsələn, 2004-cü ildə “Britiş Petrolium”un fəaliyyəti əleyhinə Londonda keçirilməsi planlaşdırılan aksiyada iştirak üçün Londona səfər edəndə məni iki saat Hitrou aeroportunda saxladılar. Özümdə olan bütün əşyam yoxlandı. Yük kamerasına verilən çantam isə sındırılmışdı. Belə hadisələr getdiyim ölkəni mənə daha yaxşı tanıdır.

- Hansı ölkənin mətbəxini çox sevdiniz?
- İtaliya mətbəxi mənim çox xoşuma gəlir. Əlbəttə, bəzi ölkələrin mətbəxi bizimkinə çox bənzəyir. Məsələn, Türkiyə və İran mətbəxini əcnəbi mətbəx saymıram. Bizdəki kimi orada da ət məhsullarından çox istifadə olunur. Əvvəllər vegeterian deyildim, lakin ət məhsullarından az istifadə etməyə cəhd göstərirdim. Vegeterian olandan sonra məni daha çox cansız qida məhsulları maraqlandırır.

- Bəs mətbəxindən iyrənib ac qaldığınız ölkə?..
- Xeyr, belə ölkə olmayıb. Əksinə, çalışıram ki, hansı ölkədə olmağımdan asılı olmayaraq, oranın yeməyindən dadım. Əlbəttə, bəzən çətinliklər yaranır. Elə ölkələr var, orada bizim vərdiş etmədiyimiz yeməklərdən istifadə edilir. Belə xörəklərdən yeməməyi üstün tuturam. Məsələn, dəfələrlə Polşada meşə məclislərində iştirak etmişəm, hər dəfə də donuz kababı və donuz ətindən hazırlanmış sosis kababı təklif ediblər. Başqa yemək olmayıb. Onda ac qalmağı seçmişəm. Yaxud Bankokda bir məclisdə süfrəyə tarakan və qurbağa əti qoyulmuşdu. O məclisdə də ac qaldım. Amma belə məclislərdə onların yeməyini bəyənmədiyimi büruzə verməmişəm. Sadəcə, sağlamlığımın imkan vermədiyini bəhanə gətirmişəm.
Son illər vəziyyətdən çıxmaq mənim üçün daha asan olur. Vegeterian yeməklərə üstünlük verdiyimdən yeməyə daha az vaxt və maliyyə xərcləyirəm. Odur ki, səfərə getməmişdən vegeterian olduğumu diqqətə çatdırıram. Necə deyərlər, bir parça çörək, meyvə, bir az da göy-göyərti kifayət edir ki, günümüzü başa vuraq.

- Ən çox hansı ölkənin təbiətini, nəqliyyat və davranış mədəniyyətini sevdiniz?
- Təbiət nöqteyi-nəzərindən ən dəyərli ölkələr kimi Türkiyə və İranı misal gətirmək olar. Davranış baxımından da İran cəmiyyəti ən isti təəssürat yaradır. Nəqliyyat sistemi isə Avropa ölkələrində çox inkişaf edib. Ancaq unutmayaq ki, bu ölkələrdə nəqliyyat xərcləri ailə büdcəsinin ən azı 15 faizini təşkil edir. Mən Bakıda nəqliyyata ayda 8-10 manat xərcləyirəm. Bu, aylıq gəlirimin 2 faizidir. Yəni bizim üçün Avropanın nəqliyyat xərcləri xeyli bahadır. Keçmiş sovet respublikalarında ictimai aqressivlik hissi davranışda da özünü büruzə verir. Avropa ölkələrində isə bizə “yuxarıdan aşağı” baxış mövcuddur.

- Azərbaycanın hansı məşhur adamları ilə səyahətdə olmuşunuz?
- Azərbaycan ictimaiyyətinə tanış olan şəxslərdən bir neçəsi ilə, məsələn, professor Rəhman Bədəlovla, hüquq müdafiəçisi Mirvari Qəhramanlı ilə, iqtisadçı Qubad İbadoğlu ilə bir neçə dəfə birgə xarici səfərlərdə olmuşuq. Hər üçü yaxşı yol yoldaşlarıdır.

- Bəs səyahətləriniz zamanı dünyanın hansı məşhurları ilə tanış olmuşunuz?
- İctimai-siyasi fəaliyyətlə məşğul olana qədər tanış olduğum şəxslər adi biznes adamları olurdu. Sonralar tanış olduğum şəxsləri kifayət qədər nüfuzlu hesab edirəm. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti cənab Lamiyer ilə dəfələrlə görüşmüşük. Avropa Yaşıllar Partiyasının həmsədri, Avropa Parlamentinin üzvü xanim Ulrika Lunacek ilə dostuq. İsveç Yaşıllar Partiyasının yaradıcılarından biri, Avropa Parlamentinin keçmiş üzvü Per Kahrtonla da yaxın əlaqələrimiz var. Əslən Fillippindən olan məşhur tədqiqatçı Valden Belo ilə görüşlərimiz olub. Əlbəttə, bu şəxslər bəlkə də Azərbaycan cəmiyyətində o qədər də tanınmırlar. Lakin ictimai və siyasi xadimlər kimi dünyada çox məşhurdurlar.

- Hansı ölkənin təyyarə limanının daha çox bəyəndiniz və niyə? Eyni zamanda hansı ölkənin təyyarə limanı sizi dilxor edib?
- Təyyarə limanları ilə bağlı mənim yadımda üç ciddi hadisə qalıb. Düşünürəm ki, onları heç zaman unutmayacam. Birinci hadisə Moskvanın Domodedova hava limanında baş verib. 1989-cu ildə Bakıya gələrkən içərisində mənim hazır dissertasiya işim olan çantamı itirmişəm. Çanta 4-5 saatlıq axtarışdan sonra unutduğum yerdə tapılıb. İkinci hadisə 2003-cü ildə Frankfurt aeroportunda baş verib. Bakıdan Çikaqoya gedən 9 nəfərlik qrupun bütün üzvləri, o cümlədən mən, bir-birimizə arxayın olaraq uçuşun vaxtını səhv salmışıq və əvəzində hər birimiz 150 dollar cərimə ödəməyə məcbur olmuşuq. Üçüncü hadisə isə 2005-ci ildə Vaşinqtonda olub. Mənim çantamı xüsusi aparatda o qədər yırğaladılar ki, təzəcə aldığım və çantanın içərisində olan elektron lüğət sındı. Hər üç hadisə məni dilxor etdi.

- Dünyanın hansı ölkəsində “Kaş burda doğulaydım” arzusunu ürəyinizdən keçirmişiniz?
- Hansı ölkədə olmuşamsa, orada birinci dərəcəli olmadığımı hiss etmişəm. Yəni qəriblik hissi səfər boyu məni tərk etməyib. Heç vaxt orada yaşayanlara qibtə etməmişəm. Nə Avropada, nə Amerikada, nə də Şərq ölkələrində.

- Ömrünüzün qalan hissəsini yaşamağı arzuladığınız ölkə varmı?
- Yalnız Azərbaycan! Baxmayaraq ki, bu ölkənin həll ediləsi çox problemləri var. Lakin bu problemi biz həll etməliyik. İstəsəydim indiyə qədər Avropa ölkələrinin hər hansı birində yaşamaq imkanı əldə edərdim. Lakin bunu heç vaxt özümə arzulamamışam.

- Ayaq qoyduğunuz xarici ölkədə ilk maraqlandığınız nə olur?
- Hər hansı ölkəyə getməzdən qabaq o ölkə haqqında ilkin məlumatlar toplayıram. İqtisadi, tarixi və mədəni informasiyalar bu ölkədə işləməyə ilkin zəmin yaradır.

- İndiyə qədər can atdığınız amma gedə bilmədiyiniz ölkə hansıdır?
- Vacib işim olmadıqca heç bir ölkəyə getməyə can atmıram.

Arzu Abdulla                              teleqraf.com

Комментариев нет:

Отправить комментарий