- Salam Altay bəy. Sizdən müsahibə almaq fikrini necə qarşıladız?- Salam:) Lap yaxşı.
- Özünüz haqda qısa məlumat yaza bilərdiniz? Altay bəy kimdi?
- Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının müəllimidr. 2008-2011-ci illərdə ABŞ-ın Los Angeles şəhərindəki Kaliforniya Universitetinin (UCLA) qonaq professoru olmuşdur. Ondan əvvəl ABŞ-ın Georgetown Universitetində bir il müddətində Fulbright proqramı ilə tədqiqatlar aparmşdır. Həmçinin Fransanın Humanitar Elmlər Evinin (MSH) təqaüdü ilə 2007 və 2012-ci illərdə Parisə Sosial Elmlər Məktəbinə (EHESS) dəvət edilmişdir.
Fransa Anadolu Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır. Almaniyanıln Boxum Universitetinin 3 illik müştərək tədqiqat layihəsinin koordinatoru və aparıcı tədqiqatçılarından olmuşdur. ABŞ-ın Princeton, Georgetown, UCLA universitetlərində, Fransanın Sosial Elmlər Məktəbində (EHESS), Caen universitetində, Almaniyanın Boxum və Freie Universitetlərində, Belçikanın Azad Brüssel universitetində mühazirələr oxumuşdur. Məqalələri ABŞ, Britaniya, Almaniya və Fransada məşhur nəşriyyat evlərində işıq üzü görən elmi toplularda çap edilmişdir. İki monoqrafiyanın müəllifidir. Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransa Xarici İşlər Nazirliyi tərəfindən İkiildən bir nəşr olunan ”Mərkəzi Avrasiya Xrestomatiyası” adlanan Tənqidi Biblioqrafiya və Epistomologiya Jurnalının Redaksiya Komitəsinin Üzvüdür. Avropa müsəlmanları adalanan Brill nəşriyyatı ilə Kopenhagen Universitetinin birgə nəşr etdiyi illik "Avropa Müsəlmanları" toplusunun dailmi müəllifdir.
- Bəs bir az rəsmilikdən qaçıb iki sözlə ifadə etmək istəsək?
- Adi ali təhsilli orta statistik azərbaycanlı:)
- Altay bəy, orta statistik azərbaycanlının "rəsmini" çəkə bilərsiniz? XX əsrin əvvəllində necə idi və indi necədi?
- Orta statiatik azərbaycanlı sovet dövrü məhsuludur. Əsası cümhuriyyət dövründə qoyulub. O vaxt orta statistik Azərbaycan elitasi formalaşmışdı, amma yerdə qalan xalqdan fərqlənirdi. Yerdə qalan əhali son yüz ilini rus padişahının idarəçiliyi altinda yaşamışdı, xanlar arasında gedən xaotik müharibədən canı qurtarmışdı amma hələ ki azerbaycanlıya çevrilməmişdi, təhsilsiz idi, islam mədəniyyətinin, türk dilini ve rus əsarətinin formalaşdırdığı yeni bir məxluq idi, azərbaycanlılaşma prosesinə qədəm qoyurdu, mollaya hörmət edirdi. İndiki isə sovet dövründə tamamilə azərbaycanlılaşmış, oranın orta təhsil sisteminde oxumuş, dünyəvi təhsil, adama rəğbəti olan ve hökümətə hörmət əhvalı ruhiyyəsində tərbiyə olunmuş, azərbaycan türkcəsinde danişan fərddir. İndi düzdür oxumuşun hörməti bir qədər zəifləyib, din ve biznes xüsusiyyətləri isə fərqli forma alib. Fəqət hamımız qəlbimizin dərinliyində sovet azerbaycanlısıyıq. Mən o qismdəyəm ki, azərbaycanlılığım əsrin əvvəllərindəki orta statistik intelligentdən ilham alır, amma homo soveticus-azerbaijanicusun əksər xüsusiyyətlərini mən də bölüşürəm:) bir az da şəhər uşağıyam:) və bir də ali təhsilim var vəssalam.
- Heç nəyə baxmayaraq "görmek məcburiyyətində" qalmaq istəmədiyiniz nə isə bir şey var??? Yəni, elə sheyler ola bilir ki, etmək istəmirik, amma məcburiyyətlər, öhdəliklər üzündən edirik. Amma nə isə ola bilir ki, heç nə bizi "məcbur edə bilmir"....Sizin üçün "belə olan" nədir?
- O qədər var ki, adam sevmədiyi insanlarla məsələn görüşmək istəmir, amma bu Sizdən asılı deyil:) İkinci hissəyə gəldikdə məsələn adamlar hesab edir ki, Altay yaxşı danışır və yazırsa yaxşı tost da deyə bilər, toyda bir də görürsən mikrofonla səni çağırırlar, mikrofona yaxınlaşıb ürəkdən ancaq xoşbəxt olsunlar deyib gedib oturusan yerində cəmi aləm səndən inciyir ki, yəqin söz demək istəmir ya özünü dartır. Əslində isə sadəcə deyə bilmirəm, keçmişdə biri-iki dəfə uzatmaq istəmişəm, amma qızarmışam dilim topuq çalıb, hətta bir dəfə toya ad günü demişəm və sairə mən tost deyə bilmirəm və məni buna artıq bir 15 ildir ki, heç kim məcbur edə bilmir :)
- Altay bəy, müəllim olmaq necə hissdi? Yorucu deyil?
- Yox o mənim kimliyimdir:) Mən auditoriyaya girəndə də sərbəst oluram, rəsmilikdən uzaq, necə var elə ona görə mühazirəni hiss eləmirəm. Pafos var mən də, uydurulmayıb səmimidir, emosionalam kino mənim gözümdən yaş gətirə bilər. Perfeksionizmdə bəzən həddimi aşdığımı hiss edirəm. Xüsusən digərlərinə, o cümlədən öz övladlarıma tələbkarlıqda. Bilirəm qüsurludur, amma autentikdir. Cığallığım da var. Uşaqlıqdan beləyəm:) Amma səhvləri daimi korreksiya eləməklə məşğulam. Məsələn özümdə səhvi etiraf edib, üzr istəmək qabiliyyətini tərbiyə eləmişəm. Əvvəl edəndə özümə də süni və qəribə gəlirdi, amma tədricən normaya çevirdim. Ümid edirəm ki, indi səmimidir bu:) Rəsmilik oldu darıxacam. Qanunu uşaqlıqdan pozan olmamışam. Bəziləri deyir bu sadəcə qorxaqlıqdır. Bilmirəm, amma uşaq vaxtı məni öldürsə idilər pulu verilməmiş avtobusdan düşməzdim. Pulum olmayıb, Suraxanıdan Bilgəhə ayaqla getmişəm amma avtobusa minməmişəm. Açığın deyim əvvəl əsgərlikdə xidmətə sonra Amerikada gedib yaşayana kimi elə bilirdim ki, mən doğrudan da qorxağam ona görə qayda qanuna riayət eləməyə meylliyəm. ( Diviziyada 5 il ərzində starşina rütbəsi alan ilk əsgər oldum bu məhz qanunlara riayət etməklə əldə olunmuşdu. Amma paralel olaraq xeyli qanunu pozanların bir az pis çıxmasın hətta məndən fiziki cəhətdən xeyli üstün olmalarına baxmayaraq qat-qat qorxaq olduqlarının şahidi olmuşam:) Yəni mənimlə əsgərlikdə olan onlarla azərbaycanlı bilir ki, mən qorxaq olmamışam, tam əksinə. Amerikaya gedəndən sonra isə tam əmin oldum ki, bu doğrudan qorxaqlıq deyil, bu da bir xasiyyətdir.Orada adamlar qorxaq deyil, Los Angelesə metroya yoxlamamış filansız pul almadan gedib otura bilərsən amma əksəriyyət alır. Amma bu qanuna hörmət sanki bir həyat tərzidir. Məhz belə şeylərə görə orada elə bil özümü daha rahat hiss edirdim. Yəni yorucu deyil, bir az burada çətindir:)
- Orada məmurun pulu vətəndaşın işini asanlaşdırmaqdan çıxır, burada çətinləşdirməkdən.
- Bəs bizdə yaxşı olan nədi?
- Ət, qoyun əti, pomidor, xiyar, meyvələr, gilas bu il xüsusilə bol idi:)
- Gənclərimiz necədi? "Bizim dövrümüzdə belə deyildieee, biz başqa cür idik" deyəcəksiz?
- Mən bu müqayisəni mümkünsüz hesab edirəm. Sovet dövründə müharibədən sonrakı iki nəsli müqayisə etmək olardı. Çünki təxminən eyni situasiyada böyümüşdülər. Biz və 1980-ci illərin ikinici yarsısında və ondan sonra dünyaya gələnlər iki fərqli dünyanın məhsullarıyıq. Bu müqayisə mümkün deyil məncə.
- Altay bəy, elə indicə Neftçi Avroliqada oynayır...Səfərdə gərgin qarşılamada 2-0 öndəyik...(APOEL- Neftçi oyunu nəzərdə tutulur)....Futbola münasibətiniz necədi? Azarkeşi olduğunuz klub var?
- Mən azarkeş olmuşam, elə indi də azarkeşəm müəyyən mənada qəşəng futbolun:) Amma prioritetlər dəyişib. Sovet dövründə Neftçi və Dinamo Kiyevə azarkeşlik edirdim. Milli taqımlardan isə SSRİ-yə, Braziliyaya və Fransaya. SSRİ yoxdur indi aydindir ki, milli taqımımızın uğur qazanmasını istəyirəm. Ona azarkeşlik edirəm sırf milli hisslərdən çıxış edərək. Amma deyə bilmərəm ki, Neftçiyə əvvəlki kimi azarkeşlik edirəm, əksine etmirəm , çünki burda artıq yerlişilik hissləri var ki, bunun həmişə əlehinə olmuşam, qəşəng futbola isə bizim futbol klublari içərisində hələki oynayanı yoxdur. Üstəgəl ümumiyyətlə futbolun yeri bir xeyli həyatimda azalıb, bununla belə hələ Avropa ve dünya çempionatlarına baxıram. Çempionlar liqinde ancaq ve ancaq yarimfinallar ve finala baxıram. Turkiyə futbolundakı azarkeşlik təəssübünü lətifə hesab edirəm. Bu il mayda Qalatasarayla Fənərin oyunu olanda İstanbuldaydım. Lap utandım bir-birini massonluqda günahlandırmaq türk ictimai rəyinin nə qədər primitiv səviyyədə olduğunu ifadə edir.
- Çörçill demişdir ki, demokratik sistem ən pis idarəetmə sistemidir, lakin cəmiyyət bundan yaxşısını hələ düşünməyib. Bəs Altay Göyüşov ən yaxşı sistem kimi hansını göstərə bilər?
- Burada mübahisə yoxdur ki, Çörçillin sözləri hələ də aktualdır. Məncə demokratiyadan yaxşısı heç icad olunmayacaq, sadəcə demokratik idarəçilik daimi təkmilləşən bir sistemdir
- ABŞ-ın təhsil sistemi modelini Azərbaycana gətirmək olar və bunun üçün nə etmək lazımdır?
- Əlbəttə olar. Bunun üçün sadəcə siyasi iradəyə ehtiyac var vəssalam. 1992-də yeni qəbul sistemi gətiriləndə siyasi rəhbərlik bunu bir fərmanla həyata keçirdi və bu fərman bu gün təhsil siteminin tamamilə dağılmasının qarşısını alan faktordur.
- Fikrinizcə insanların təfəkkürünü dəyişmək üçün nə qədər vaxt lazımdır?
- Yaxın tariximiz göstərir ki, təxminən 20 ilə ciddi transformasiyalar etmək mümkündür.
- 2040-cı ili necə təsəvvür edirsiz?
- Çətin sualdır:) Təsəvvür edə bilmirəm:)
- Nədən və kimdən qorxursuz?
- Qorxduğum yeganə məsələ ləyaqətin alçalmasıdır.
- Sonluğun mənfi nəticələrə çıxacağını bilərək mübarizə aparmağa dəyər?
- Mübarizə həqiqətdir, müəyyən mənada nəticədən də vacibdir. Nəticələr çox ola bilər, məhz mübarizənin movcudluğu insanları ideala inandırır. Nəticə mücərrəddir, mübarizə real.
qisacasen.blogspot.com
Комментариев нет:
Отправить комментарий