18.10.2012

Geosiyasi, yoxsa modellərin toqquşması?

Vüqar Xəzaralı İmanov

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısından sonra həm Ərdoğan həm də Əhmədinejad bu toplantı çərçivəsində keçirdikləri Suriya müzakirələrini yüksək dəyərləndirdilər. Niyə məhz İqtisadi forumda bunlar Suriya məsələsini müzakirə etdilər? Axı Suriya məsələsi siyasi məsələdir. Suriya məsələsi siyasi məsələdir, amma qeosiyasi məsələ deyil. Dünyada iqtisadi böhran başlayan andan qeosiyasi oyunlar bütün mənasını itirdi. Ortada qaldı ancaq siyasət və onun ifadə etdiyi iqtisadiyyat. Suriyada toqquşan qeosiyasi maraqlar deyil, daha doğrusu bunlar aparıcı amil deyil. Suriyada toqquşan iqtisadi modellərdir.
Liberal və sosialist iqtisadi modelləri. İqtisadiyyata dövlətin nəzarəti və bazar münasibətləri modelləri. Bu mənada Suriya məsələsi daha da prinsipial məsələ kimi ortaya çıxır. Dünya iqtisadi böhranı dövründə, enerji, insan və bazar qaynaqları potensialı baxımından , Yaxın və Orta şərq regionu Qərb investisiyaları üçün əlverişli olub. Amma bunun üçün bir şərt gərəkdir, investisiyalara zəmanət tələb olunur. Bəşər Əsəd rejimi bu investisiyalara zəmanət vermir. İdeoloji prioritetlər baxımından. Ərəb sosialist - millətçiliyi istənilən başqa sosialist-millətçi ideoloji kimi ilk növbədə ölkələrin titul millətlərinin maraqlarını müdafiyə edir, və istənilən anda istənilən öhdəliklərdən imtina edə bilər. Bu isə investorlara gərək deyil. Onlara mülkiyyət hüquqlarına zəmanət verən ideoloji lazımdır. Bu liberal ideolojidir. Liberal ideoloji isə dinə dayanır. Bu Avropada da belə idi, Şərqdə də belədir. Şəriət istənilən başqa din kimi özəl mülkiyyətə tam zəmanət verir. Türkiyə yaxınlarda başlayan İranda isə artıq 30 ildir davam edən liberal-dini ideolojiyə dayanmaqları həm də milli barışıq məsələsidir. Hər iki ölkədə ciddi milli problemlər var. İran və Türkiyənin onilliklər boyu apardığı millətçi siyasət indi keçərli deyil. Suriya Yaxın Şərqdə təkcə ərəb millətçiliyinin deyil həm də ümumiyyətlə millətçiliyin son dayağı kimi qalır. Buna görə də Bəşər Əsəd belə davamlıdır. Suriyanı qoruyan da elə budur. Onun “prinsipiallığı” bir çox bu dəfə doğrudan da qeosiyasi oyunçular üçün öz oyunlarını qurmaq imkanı yaradır. Amma bu prinsipiallıq milli-sosialist ideyasının necə mürtəce bir ideya olduğunu aşkar edir. Bəşər Əsədin dirənişi onun mütərəqqi olması ilə bağlı deyil. Bu dirəniş eyni zamanda onun əvəzinə gələn liberal-dinçi ideyanın daha da mürtəce olması səbəbindəndir. Paradoks həm də ondadır ki Suriya ərəb ölkəsidir. Soruşa bilərlər, bəs onda niyə İran Suriyanı müdafiyə edir? Axı İran da şəriət ölkəsidir. Bax elə bu məsələni Əhmədinejat Ərdoğanla Bakıda İqtisadi Təşkilatın toplantısında müzakirə etmişdilər. Regiona inqvestisiyaların gəlməsi üçün yeganə əngəl Suriyadır. İranın da Türkiyə kimi investisiyalara ehtiyacı var. Ancaq investisiyaların axını həm də bu ölkələr üçün əlavə problemlər də yaradır. Təbəqləşmə, orta sinifin zəifləməsi. Milli məsələlərin qızışması. Bütün bu problemləri həlli Ərdoğanla Əhmədinejatın Bakı zirvə toplantısında müzakirə mövzusu olmuşdur.

Комментариев нет:

Отправить комментарий