14.10.2012

Kirayə otağım

Vasif Əlihüseyn

Kirayə otağım isitməz səni,
Sənsiz heçə dönüb günüm, ayım da.
Uzanıb unutmaq istəyirəm mən,
Səni bu kirayə lal çarpayımda.

Məni bəyənmədin bir oğlan kimi,
Mən sevgi istədim özündən sənin.
Kirayə otağın divarlarında,
Öpmüşəm şəklində üzündən sənin.

Hara tələsirdin, ay ömrüm, günüm?
Bu sən gedən küçə, mən sevən küçə.
Sənə çal-çağırla “xoşbəxt ol” deyən,
Mənim göz yaşımı görməyən küçə.

İndi, gedişindən hamı danışır,
Bir qız gəlin köçdü, evdən deyirlər.
Sənə ürəyini vermiş oğlana,
Xəbərsiz olanlar “evlən” deyirlər.
                                         

İnsaf

Sənsiz
dəli küləklər kimi,
düşmüşəm şəhərə.

Sağa dönürəm
başdakı küçədə,
itmək istəyirəm
gözlərində.
Amma qorxuram
Adımı “yalançı” qoyasan.

Səhər təzə açılıb...
sükutu pozub
Lənkəranlı qadın.
“limon var, beşi bir manata”
Eh! Sən də qız anasısan,
Salamsız keçəcəm yanından.

Bir dəqiqə,
Bir söz soruşmaq istəyirdim,

Bəlkə, “insaf”ın ola,
“beşi bir manata”
Sevdiyim qızın
anasına göndərim.

Комментариев нет:

Отправить комментарий