19.10.2012

Masallının ilk ali təhsillisi

Bu gün kiminsə elmlər namizədi, elmlər doktoru, hətta akademik olması elə böyük əks-səda doğurmasa da, 100 il öncə bu ərazidə kiminsə hətta orta təhsilli olması böyük bir hadisə idi

Masallı rayonunun canlı ensiklopediyası adlandırılan rəhmətlik Hüseyndadaş Əsədov hələ sağlığında (o, 2007- ci ildə 97 yaşında vəfat edib) bu barədə öz xatirələrini yazıb. Həmin xatirələr əsasında hazırladığımız yazını sizə təqdim edirik.

1875-ci ildə indiki Masallı rayonunun Masallı şəhəri adlanan ərazisində Məşhədi Əsədullah Məhəmməd oğlu adlı tacir yaşayırmış. O, tacir olmasına baxmayaraq olduqca maarifpərvər bir şəxsiyyət olmuşdur.

Məşhədi Əsədullah 1900-cü ildə anadan olmuş ilk oğlu Hüseyni hələ çar dövründə fars dilini öyrənmək məqsədi ilə buradakı molla məktəbinə qoyur. Lakin əsas arzusu oğluna dünyəvi təhsil vermək üçün onu müasir elm ocaqlarında oxutdurmaq idi. Lakin çar hakimiyyəti dövründə, yəni XX əsrin əvvəllərində indiki Masallı ərazisində belə məktəb yox idi. O vaxtlar Masallıda yalnız iki sinifli bir neçə ibtidai məktəb fəaliyyət göstərirdi. Həmin illərdə cənub bölgəsində, Talış mahalında yeganə orta məktəb Lənkəranda yerləşirdi. Cənublular üçün bu məktəbi bəziləri Tiflisdə fəaliyyət göstərən, qərb bölgəsində yaşayan onlarla işıqlı insanın dəyərli ziyalı kimi yetişməsində rolu olan Qori seminariyasına bənzədirdilər. Lənkərandakı orta məktəb həmin dövrdə elmə, təhsilə böyük məhəbbəti olan bütün cənub bölgəsi üçün bir məbədgaha çevrilmişdi.
Məşhədi Əsədullah belə bir orta məktəbin Lənkəranda olduğunu eşitdikdə oğlu Hüseyni həmin məktəbə aparmaq qərarına gəlir. Bu məktəbin Masallıdan 40 kilometr aralıda və gediş-gəlişin çox narahat olmasına baxmayaraq ilk oğlunun həmin orta məktəbdə oxumasına nail olur.
Beləliklə, Hüseyn Məşhədi Əsədullah oğlu Masallı rayonunun ilk orta təhsil almış gənci adını qazandı. Lakin bu, onun ilk rekordu olmadı. Hüseyn həm də Demokratik Cümhuriyyətin yaranışından sonra qurulan Bakı Dövlət Universitetinin də ilk masallılı tələbəsinə çevrildi. Həm də adi yox, həmin ali məktəbin əlaçı tələbələrindən biri oldu. 1924-cü ildə universiteti bitirən Hüseyn ali təhsilli kimya-biologiya ixtisasını qazandı. Beləliklə, Masallının ilk orta təhsillisi, həm də Masallının ilk ali təhsillisi oldu.
Hüseyn Əsədullayev, necə deyərlər, elə-belə ali təhsillilərdən deyildi. Onun dərin biliyi, yüksək təşkilatçılığı, insanpərvərliyi, saflığı qısa müddətdə çoxlarının diqqətini cəlb etdi. Məhz belə yüksək keyfiyyətlərinə görə, ali məktəbi qurtardıqdan sonra 1 il müəllim işləyən Hüseyn Əsədullayev 1925-ci ildə, 25 yaşında Lənkəran Pedaqoji Texnikumuna direktor təyin olundu. Direktor olduqdan 1 il sonra, 1926-cı ildə o, ailə həyatı qurur. Hüseyn Əsədullayevin həyat yoldaşı o vaxt Talış mahalının məşhur bəylərindən olmuş Mirsadıq bəyin nəvəsi, Bəhmən bəyin qızı Dilarə xanım idi.
Həmin illərdə bəy və varlı adamların mülklərini sovet hökuməti müsadirə edir, özləri də təqibə məruz qalırdılar. Hüseynin atası tacir və qaynatası bəy olduğundan onların da mülkləri əllərindən alınır. Təqiblərdən qorunmaq üçün Hüseyn və atası Məşhədi Əsədullah məcbur olub ailələri ilə birlikdə Bakı şəhərinə köçürlər.
Biz müxtəlif vaxtlarda dərc etdiyimiz yazılarda bu nəsil haqqında müxtəlif məlumatları sizinlə paylaşmışıq. Bu yazımızda isə məqsədimiz Masallının ilk ali təhsillisi və bu nəsildən olan digər ali təhsillilər haqqında əsasən, statistik məlumatları sizə çatdırmaqdır. Çünki Hüseyn ailənin ilk ali təhsillisi olsa da, ailədə evə diplom gətirənlərin yeganəsi olmadı. Ondan sonra Hüseynin kiçik qardaşları Həbib, Rza, Ələsgər və Müseyib orta məktəbi qurtardıqdan sonra qardaşlarının yolu ilə gedib ali təhsil almaq istəyirlər.
Həmin illərdə bəy və tacir övladlarının ali təhsil almalarına qadağa qoyulduğuna görə onların təhsil alması demək olar ki, mümkünsüz idi.
Hüseyn qardaşlarının ali təhsil almalarından ötrü bir balaca hiylə işlədir. Belə ki, atasının xəstə olmasını əsas göstərərək onları valideynin himayəsindən çıxardaraq öz himayəsinə keçirir. Yəni, tərcümeyi-halında tacir ailəsi olduğu gizlədilir, müəllim ailəsindən, Hüseyn müəllimin ailəsindən gəldiyi qeyd olunur.
Beləliklə, Hüseyn Əsədullayev həmin dövrün çox hörmətli müəllimlərindən biri olduğundan artıq onun qardaşlarının ali təhsil almalarına heç bir maneə olmur. Bundan sonra Hüseynin qardaşları Həbib Ali Milis Məktəbinə, Rza Kənd Təsərrüfatı İnstitutuna, Ələsgər Tibb İnstitutuna, Müseyib isə Bakı Dövlət Universitetinə qəbul olunaraq ali təhsil alırlar.
Hüseynin qardaşlarından ancaq biri – Ələsgər Tibb İnstitutunu 1936-cı ildə bitirərək cənuba qayıdır. Əvvəl Cəlilabadın Prişib qəsəbə (indiki Göytəpə şəhəri) xəstəxanasına müdir təyin olunur. Sonra isə 1963-cü ildən Masallı şəhərində həkim işləməyə başlayır. Bu şəxs hamının çox yaxşı tanıdığı və hörmət etdiyi həkim Ələsgər Əsədullaevdir. “Cənub xəbərləri” qəzetinin 2012-ci il 10 aprel tarixli sayındakı “Doktor Ələsgər” adlı yazıda onun həyat yolu ilə ətraflı tanış olmaq mümkündür.
O biri qardaşları –Rza Xaçmaz rayonunda aqronom kimi fəaliyyətə başlayır və orada Tərəvəz və Bostan Bitkilərinin Sort Yetişdirmə məntəqəsinə rəhbərlik edir.
Həbib Bakıda milis orqanlarında işləyir.
Son beşik qardaşı Müseyib isə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda müəllim işləyib.
Hüseyn isə ilk ali təhsil diplomu ilə kifayətlənməyərək Bakıda müəllim işləməklə bərabər 1931-ci ildə Tibb İnstitutuna qəbul olunur və 1937-ci ildə həmin ali məktəbi bitirdikdən sonra həkim işləməyə başlayır. 1941-ci ildə, 2-ci Dünya müharibəsi keçmiş SSRİ-nin sərhədlərinə çatandan sonra o, həkim kimi, qardaşı Ələsgərlə birlikdə müharibədə, cəbhə bölgəsində iştirak edir. Müharibə qurtardıqdan sonra, 1945-ci ildən Cəlilabad rayonunda 1958-ci ilə qədər həkim işləyir.
Həmin dövrdə Cəlilabadda yayılmış bir çox xəstəliklərin (keçəllik, yatalaq, vərəm) qarşısının alınmasında böyük xidmətlər göstərir. 1958 - ci ildə Bakı şəhərinə dəvət edilərək Vərəm Dispanserində Uşaq Şöbəsinin müdiri vəzifəsində işləməyə başlayır.
Doktor Hüseyn 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əvvəllər müəllim, sonra isə ali təhsilli həkim kimi işləmiş doktor Hüseyn, xidmət etdiyi vəzifələrdə olarkən özünün xeyirxahlığı və qayğıkeşliyi ilə xalq arasında böyük hörmət qazanmışdır. O, həmişə yoxsullara, imkansızlara, yetimlərə təmənnasız xidmət göstərmişdir.
Doktor Hüseyn istər ali məktəbdə oxuduğu dövrdə, istərsə də sonrakı illərdə tanıdığı hər hansı gəncin ali təhsil almasına qayğı ilə yanaşmış, imkansız olanlara maddi köməklik göstərməklə xeyriyyəçilik də etmişdir.
Hüseynin 1924-cü ildə həm öz ailəsinə, həm Masallıya gətirdiyi ilk ali təhsil diplomu sonradan bu ailəyə ali təhsil diplomlarının, necə deyərlər, yağış kimi yağmasının bünövrəsi oldu. Bu ailənin nəinki oğulları, qızları, nəvələri, hətta gəlinləri, kürəkənləri də ali təhsilli olub.
Biz bir qədər əvvəl onun özündən başqa daha 4 qardaşının ali təhsil diplomuna sahib olduğunu bildirmişdik. Bunlardan başqa doktor Hüseynin özünün 4 oğlu, 2 qızı və 8 nəvəsinin hamısı ali təhsillidir.
Onun böyük qızı, ölkənin görkəmli alim qızı, Masallının isə ilk alim qızı Firəngiz xanım Məmmədova 1928-ci ildə anadan olmuşdur. Firəngiz xanım orta məktəbi qurtardıqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1952-ci ildə buranı bitirdikdən sonra bir müddət Masallı rayonunda həkim işləmişdir. O, ailə həyatı qurması ilə bağlı olaraq Bakı şəhərində həkimlik fəaliyyətini davam etdirmişdir. Firəngiz xanım respublikanın tanınmış cərrah-ginekoloqu olmuş, yüzlərlə xəstənin həyatını ölumdən qurtarmışdır. Firəngiz xanım 1968-ci ildə tibb elmləri namizədi adına layiq görülməklə Masallı rayonunun ilk alim qadını olmuşdur. Onun həyat yoldaşı Kamal Ağayev də tibb elmləri namizədi olmuş, səhiyyə nazirinin müavini, uzun müddət Bakıda 5 saylı xəstəxananın baş həkimi vəzifələrində çalışmışdır.
Firəngiz xanım 2011-ci ildə, 83 yaşında vəfat etmişdir.
Doktor Hüseynin böyük oğlu Ağalar Məmmədov 1930-cu ildə anadan olmuşdur. 1964-cü ildə ali məktəbi qurtardıqdan sonra Leninqradda (indiki Sankt-Peterburq) Mədəni-Maarif İnstitutunu bitirdikdən sonra Bakı şəhərinə qayıdır. Ağalar Rusiyada ali təhsil alan ilk masallılılardandır. O, institutu bitirdikdən sonra əvvəlcə M.F.Axundov adına Mərkəzi Kitabxananın müdir müavini, sonra isə Mədəni-Maarif (o vaxt “Kitabxanaçılıq”) Texnikumunda direktor işləmişdir. Ağalar da atası doktor Hüseyn kimi həmişə Masallının istedadlı adamlarına köməklik etmişdir. Belə ki, 1968-ci ildə Masallının məşhur qarmon ustası Abutalıb Sadıqovu heç bir musiqi təhsili olmamasına baxmayaraq, özünün rəhbərlik etdiyi texnikuma qarmon müəllimi təyin edir. Bundan sonra Abutalıb Sadıqov təkcə cənubda yox, ölkədə məşhurlaşmağa başlayır.
Ağalar 1976-cı ildə 46 yaşında vaxtsız vəfat etmişdir. Onun həyat yoldaşı Rəfiqə xanım da ali təhsilli həkimdir. O, həm də respublikanın məşhur kimyaçı alimi olmuş akademik Məhəmməd Möhsümzadənin qızıdır.
Ağaların övladları Samirə və Rasım ali təhsilli həkimdirlər. Samirənin həyat yoldaşı Akif Əfəndiyev tibb elmləri namizədidir və respublikanın məşhur qulaq-burun həkimidir.
Doktor Hüseynin 2-ci oğlu Ramiz Məmmədov 1939-cu ildə doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna daxil olmuş və həmin institutu qurtardıqdan sonra zavodda baş mühəndis vəzifəsində işləmişdir. Daha sonra Elmi Tədqiqat İnstitutunda şöbə müdiri işləmişdir. Onun oğlu Aqşin də ali təhsilli mühəndisdir.
Doktor Hüseynin 2-ci qızı Ofeliya xanım 1945-ci ildə anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, sonra isə ali təhsil aldığı institutda müəllimə işləyib və indi də işləyir.
Ofeliya xanımın həyat yoldaşı Natiq Sadıqzadə də ali təhsilli neft mühəndisi olmuş, bir müddət neft sahəsində rəhbər vəzifələrində işləmiş, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri, bir qədər sonra isə Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb. Natiq həmin müddətdə Azərbaycanın Ali Sovetinin deputatı olmuş, 1988-ci ildə 46 yaşında xəstələnərək vaxtsız vəfat etmişdir.
Ofeliya xanımın 2 övladı var. Oğlu Mirbəhmən və qızı Dilara xanım ali təhsilli həkimdir və Bakı şəhərində işləyir.
Doktor Hüseynin 3-cü oğlu Ənvər 1949-cu ildə anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunu bitirib, hazırda həmin institutda müəllim işləyir.
Ənvər müəllimin həyat yoldaşı Sənubər xanım da , övladları Aslan və Oqtay da ali təhsillidirlər.
Doktor Hüseynin 4-cü oğlu Nicat 1951-ci ildə anadan olub. O, orta məktəbi bitirdikdən sonra Tibb İnstitutunu bitirib. Hazırda ölkənin tanınmış neyro-cərrahlarından sayılır. Nicatın həyat yoldaşı Aygün xanım isə ali təhsilli mühəndisdir.
Nicatın oğlu, babasının adını daşıyan Hüseyn isə ali təhsilli mühəndisdir.
Bax, beləcə, biz Masallının ilk orta və ali təhsillisi Hüseyn müəllimin nəsil şəcərəsini qısaca da olsa, sizə təqdim etdik. Bu o Hüseyndir ki, nəinki xəstələrdən pul almazdı, hətta onlara təyin etdiyi dərmanların pulunu da bəzən özü verərdi.
Bu qiymətli xatirələri qələmə aldığı üçün Hüseyndadaş Əsədlinin ruhuna rəhmət oxuyur, həmin xatirələri bizə təqdim etdiyinə görə doktor Hüseynin bacısı oğlu Raqib Bayramova minnətdarlığımızı bildiririk.

Zahir Əmənov                    "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий