21.10.2012

Məktəbə porno şəkillər aparan şairlə “Uşaqlıqdan reportaj”

“Uşaqlıqdan reportaj” layihəsinə yeni başlayanda düşündüm ki, bu layihə çərçivəsində Güney Azərbaycanda doğulmuş, sonralar mühacir həyatı yaşamağa məcbur olan Güneyli fəalların biri ilə hökmən söhbətləşməliyəm.
Müxtəlif adamları layihəmizə qonaq etmək haqqında düşünsəm də, ağlıma ilk gələn Azərbaycan Yazıçılar Birliyinin Güney şöbəsinin rəhbəri Sayman Aruz oldu. 
Günəşli payız səhərində Saymanla vədələşib, Hüseyin Cavid parkında görüşdük. Söhbətə başlayana qədər Güney Azərbaycandakı vəziyyətdən, baş verən zəlzələdən, Güneyli fəalların gördüyü işlərdən, Saymana İran zindanında verilən işgəncələrdən danışdıq. Saymanla çoxdan tanış olsaq da, dırnaqlarının çıxarılmasını, biləyinin mişarla kəsilməsini ilk dəfə danışırdı mənə...

İran zindanında sağ əlinin dırnaqlarını ətqarışıq çəkmişdilər ki, bir də yaza bilməsin...
Sayman bu hadisələri danışarkən nə qədər təmkinli olmağa çalışsa da, əlləri əsir, boğazı quruyur, həyəcanlanırdı...
Təxminən bir saatdan artıq Güney haqqında danışdıq...
Nəhayət ki, ona bu ağır söhbətlərdən ayırmaq üçün uşaqlığından sual verdim.
Sən demə, Sayman üçün uşaqlıq illərinə geri qayıtmaq daha çətin imiş. 
Nə qədər ağır olsa da, o illərə qısaca səyahət etməli idik...

“İranın Texası”nda keçən uşaqlıq

Ağır həyat yolu keçən müsahibim 35 il öncə Güney Azərbaycanın Sulduz şəhərində anadan olub:
“Doğulduğum şəhər Urmiya gölündən 90 km uzaqlıqda yerləşir. Yuxarı tərəfdən Türkiyə, aşağı tərəfdən İraqla sərhəddir. Biz demək olar ki, sərhəd uşaqlarıyıq. 17 yaşıma qədər Sulduzda yaşamışam. Ondan sonra müəyyən siyasi səbəblər üzündən ailəm Təbrizə köçməyə məcbur olub. 17 yaşımdan sonra həyatım Təbrizlə, həyatımın son dörd ili isə Bakı ilə bağlıdır. Uşaqlığımın gözəl və ağır günləri Sulduzda keçib. Sulduzla bağlı saysız-hesabsız xatirələrim var.”
Doğulduğu dövrə və yerə uyğun olaraq onun uşaqlıq illəri çox qaynar və qanlı-qadalı keçib:
“Uşaqlığım İran-İraq müharibəsinə təsadüf etdiyindən və yaşadığım yer sərhəd bölgəsi olduğundan gözümü açıb top, tüfəng, tank və başqa silahlar görmüşəm. Bir tərəfdən də kürd terrorçu quruplaşmaları PKK və “Pejak” qorxusu vardı bizdə. Bir sözlə ölümün, savaşın, terrorun içində keçib uşaqlığım. Mən kiçik olanda Tehranda çıxan qəzetlərin biri yazmışdı ki, “Sulduz İranın Texasıdır”.  Bütün cinayətlər, terror hadisələri, qaçaqmalçılıq bu ərazidə yayılmışdı. Həm müharibə, həm də kürdlərin tez-tez təşkil etdiyi hücumlar indi də, yadımdadır. Kürdlərin bir basqınını hələ də unuda bilmirəm. Qasımlı adlı bir başçıları var idi. O, 20 min silahlı ilə bizim kəndə hücum etmişdi. Amma o hücumda ermənilərin, assorların da rolu olub. Səddam İraqdan kürdləri qovanda, qovulanların böyük əksəriyyəti İrana, biz yaşayan ərazilərə köçdülər. Təbii ki, onlar artdıqca tələbləri də artdı və Güney Azəbaycan düşmənləri kürd problemindən bizə qarşı istifadə etdi”.
Bu çaxnaşmaların, ölüm-itimin, döyüşün içində böyüyən həmsöhbətimin həyatda ilk gördüyü müharibə, ölüm və qan olub:
“Yaxşı yadımdadır, təyyarələr bizim şəhəri bombalamağa başlayanda qaçıb daxmalarda, yaxınlıqdakı dağda gizlənərdik. Sulduzda bizim böyük alma bağlarımız vardı. Yığılmış alma qablarının arasında gizlənərdik. Bəzən dağa çıxıb uzaqda gedən müharibəyə tamaşa edərdik. Bir də görürdün ki, təsadüfi atılan bir güllə və ya bir mərmi gəlib kiməsə dəydi. Hərdən belə hadisələr bizim gözlərimizin qarşısında baş verirdi”.

“...erotik səhnələr xoşuma gəlirdi”

Uşaqlığı nə qədər çətin keçsə də o təhsil almağa imkan tapıb. 12 illik orta məktəb həyatını doğulduğu şəhərdə yaşayıb:
“Məni məktəbə anam apardı. İlk dərsdən sonra məktəbdən qaçıb evə gəldim. Ümumiyyətlə nadinc idim və dərslərdən qaçırdım tez-tez. Uşaqlığımla bağlı maraqlı bir xatirə var. Balaca bir dovşan saxlayırdım. Bir dəfə beynimə yerləşdi ki, bu dovşanı özümlə məktəbə aparım. Amma bu mümkün deyildi, çünki məni dərsə atam aparırdı. Ona görə də dovşanı gizli şəkildə çantama qoydum və atama bildirdim ki, məktəbə maşınla getməyəcəm. Atam buna çox təəccüb elədi, çünki həmişə maşınla getməyin davasını döyürdüm. Nə isə, gizli yolla dovşanı gətidim məktəbə və sinif yoldaşlarıma xəlvətcə göstərdim. Amma dovşan çantamdan çıxıb qaçdı və bütün məktəb dovşanı tutmaq üçün bir-birinə dəydi. Məni məktəb müdirinin yanına gətirdilər və atamı məktəbə dəvət etdilər (gülür). Uşaqlıqda çox dəcəl olmuşam”.
Uşaqlığı müharibə dövrünə düşdüyündən onun və yaşıdlarının əsas məşğuliyyəti dalaşmaq, döyüşmək olub:
“Biz müharibə dövrünün uşaqları olduğumuz üçün ən maraqlı əyləncəmiz dava etmək idi. Səid adlı bir dostum vardı. Sinifimizin yarısı onun, yarısı da mənim komandam idi. Tənəffüs saatlarında hərə öz komandasını məktəbin arxasına aparar və onları savaşdırardıq. Biz özümüz kənarda dayanıb onların dava etməyinə tamaşa edərdik. Heç bir oyuncağımız yox idi. Bizim tərəflər dağlıq, meşəlik yerlər idi. Bir dostum var, o deyərdi ki, evdə çörək tapmayanda, özümüzü verərdik meşəyə, bir şey tapıb yeyərdik. Heç vaxt oyuncağımız olmazdı. Ən yaxşı halda futbol oynayardıq və yeganə oyuncağımız top olardı. Amma özümüz nə isə düzəltməyə çalışardıq. Mənim ilk düzəltdiyim oyuncaq tüfəng olub. Çünki hər gün gördüyümüz məhz tüfəng və başqa silahlar idi. Əyləncəmiz də ancaq futboldan, meşəyə getməkdən, qaçmaqdan, dalaşmaqdan ibarət olardı”.
Ailədə dörd uşaq olublar və valideyinləri onların yaxşı formalaşması üçün əlindən gələni edib:
“Atam da, anam da müəllim olub. Hər zaman kitabların içində olmuşam. Bir az ağlım kəsəndən sonra mənim ən sevimli məşğuliyyətim kitablar oldu. Yaşıma uyğun olaraq dedektiv romanlar oxuyurdum. Pərviz Qazisəid adlı bir yazar vardı. Ona İranın Çingiz Abdullayevi demək olar. Hazırda Amerikada yaşayır. Hətta onun xarakterlərinin, obrazlarının adı da yadımda qalıb. Riçard, Samson və Lavson adlı qəhrəmanlar hər zaman şərə qarşı mübarizə aparırdı. Onun əsərlərindəki erotik səhnələr xoşuma gəlirdi. Erotik səhnələri maraqla oxuyurdum. Sonra Əmir Əşiri adlı bir yazar vardı. O da romantik sevgi, ehtiras haqqında romanlar yazırdı. Onun da əsərlərini sevirdim. Ancaq bir az böyüdükdən sonra solçuların kitablarına girişdim.
Hətta kitaba o qədər marağım vardı ki, atamın kitablarını oğurlayıb satırdım. Sonra atam gördü ki, həvəsim var və məni himayə elədi. Mən kitabları satmaqdan çox, bağışlamaqla məşğul olurdum. Atam deyirdi ki, sən mənim 10 minlik kitabxanamı 3 minə qədər azaltmısan (gülür).
Heç yadımdan çıxmaz. Çox sevdiyim bir cizgi filmi vardı. Onu daim izləyirdim. Bir dəfə kitab satarkən yadıma düşdü ki, onun vaxtıdır. Dostum dedi ki, gəl arabanı saxla qalx yuxarı. Arabanı pəncərənin yanında saxlayıb qalxdım yuxarı, cizgi filmini izləyib aşağı düşəndə gördüm ki, əsas kitablarımı oğurlayıblar. O vaxt çox ağlamışdım və o günü çox narahatçılıqla keçirmişdim. Uşaqlıqdan qalan ən yaxşı xatirələr kitabla bağlıdır. Amma dəcəl idim. Müəllimin maaşını oğurlamaq, dava etmək, müəllimin maşınının təkərini boşaltmaq bizim əyləncəmiz idi. Məktəbə gizlincə porna şəkillər aparırdım.”
Müharibə, xaos şəraitində olan ölkədə uşaq olmaq, arzular qanadında yaşamaq təbii ki, çox çətindir. İnqilab baş verəndə cəmi 2 yaşında olan müsahibim inqilabdan sonra edam olunan gəncləri xatırlayır:
“Eşitdiyimə görə bir gecədə 15 min insanı məhv ediblər və bu qətliamı qorxu yaratmaq üçün törədirdilər. Bəziləri deyir ki, 1979-cu ildən 1987-ci ilə qədər 150 min türk, çoxu da 15-35 yaşlı gənc edam olunub.
Uşaqlıda və gənclikdə çox saf olduğumdan 20 yaşıma qədər namaz qılmışam. Amma indi münasibətim başqadır. Mövlanə də, Şəms də namaz qılmayıb. Allah üçün namaz qılmaq küfrdür. Bunu Məhəmməd Təqi Cəfəri adlı bir alim deyir. İnsan nəfəs çəkməyi ilə, hərəkət etməyi ilə belə namaz qılır. Quranı ən azı 10 dəfə oxumuşam”.

Öldürülən və intihar edən uşaqlıq dostları...

Müharibə, qan, ölüm, terror, qapalı rejimin iyrənclikləri... Bütün bunlar Saymanın uşaqlıq yaddaşında çox dərin iz buraxıb:
“Ölüm bizim üçün çox adiləşmişdi. Uşaqlıqdan ölüm, qan görməyə alışmışdıq. Bizim məktəb hərbi hissə ilə divar qonşusu idi və bu divarların üstündə də tikanlı məftillər vardı. Bir dəfə futbol oynayanda topumuz təsadüfən hərbi hissənin həyətinə düşdü. Yunis adlı çox yaxın bir dostum cəsarətlənərək tikanlı məftili aşıb o tərəfə keçdi. Nə qədər mane olmaq istəsək də, alınmadı. Topa yaxınlaşanda postdakı əsgər ona geri qayıtmasa güllələyəcəyini dedi. Yunis inanmadı və topa doğru getdi. Əsgər isə hamımızın gözü qarşısında Yunisi güllələdi. Bu hadisə baş verəndə 13-14 yaşımız vardı...
Bir çox sinif yoldaşlarımız intihar etdi... Bizdə qızlar başdan ayağa qara geyinir və üzlərini də örtərdilər. Bir dostum vardı, Əfşin adında. Dərsdən çıxanda qızların birinə sataşmışdı və sonradan bilmişdi ki, üzünü də görmədiyi bu qız öz bacısıdır. Əfşin bunu biləndən sonra atasının silahı ilə özünü öldürmüşdü. 14-15 yaşlı bir qonşumuz vardı Mahmud adında. Hər gün küçədə futbol oynayırdıq. Bir gün eşitdik ki, bit dərmanı içib intihar edib. Sonradan bildik ki, onu şəhər kənarındakı bağların birində zorlayıblar. Bütün bu hadisələr mənim uşaqlığıma ciddi şəkildə təsir edib. Bütün həyatım inqilaba, üsyana köklənib. Bir dəfə kürdlər tərəfdə dondurma yeyirdim. İki kürd gəldi dondurma yedi və pul vermək əvəzinə bütün kafeni güllələdilər. Mən də ölə bilərdim. O güllənin səsi hələ də qulağımdadır. Bizi hər həftə edama baxmağa aparırdılar. Bir nəfər vardı, dar ağacına getmək istəmirdi. Onu tüfəngin qundağı ilə döyə-döyə, ağlada-ağlada apardılar dar ağacına. Düz dörd dəqiqə çapaladı kəndirdə... Bütün bunlar mənim həyatımın, uşaqlığımın kabusudur... ”

Sevgiylə bərabər doğulan həsrət

Həmsöhbətimin uşaqlığından qalan çox az xoş xatirələrdən biri ilk sevgisi ilə bağlıdır. Amma bu xatirənin özü də hüzünlü və kövrəkdir:
“Uşaqlıqda Süməyya adlı bir qız sevirdim. Amma heç vaxt üzünü görə bilməmişdim onun. Sadəcə bilirdim ki, Süməyya budur və sevirəm. Cəmisi iki dəfə onların küçəsində dayanıb arxasınca baxmışdım. İlk gün üzünü görməsəm də həyəcanlandım və evə gəlib ağladım. Özüm də bilmirdim ki, nə baş verir. Amma Süməyyanın üzünü görmək mümkün deyildi. Sadəcə sevirdim onu. Sevgi başlayandan həsrət başladı.
Uşaqlığım belə bir hüznə bürünüb keçdi.
Amma qızım doğulanda başa düşdüm ki, daha uşaq deyiləm. Bu da məni kədərləndirir. Gərək hər şeyi zamanında, vaxtında yaşayasan.
Mən isə heç nəyi zamanında, vaxtında yaşaya bilmədim”.

Cəlil Cavanşir                       publika.az












Комментариев нет:

Отправить комментарий