10.10.2012

Xətaidə deputat qıtlığı

Faiq Balabəyli

Xətai rayonu Bakının ən böyük rayonudur. Həm əhalisinə, həm də sənaye strukturlarına, zavod və fabriklərinin sayına görə bu rayon Bakı rayonları arasında liderlik edir. Dünyada yeganə metrosu olan kənd də bu rayonda yerləşir. Əhmədli kəndindəki “Əhmədli” metrosunu nəzərdə tuturam. Oxucularımın vaxtını almaqda fikrim heç də Neapol, Ukrayna dairələrinin, nə bilim hansısa parkın və digər mühüm və qeyri-mühüm obyektlərin də bu rayonun ərazisində yerləşdiyini demək deyil. Məqsədim Şah və şair babamız Xətainin adını daşıyan bu rayon sakinlərinin deputatsızlıqdan əziyyət çəkməsini qədirbilən xalqımızın nəzərinə çatdırmaqdır.
Bilənlər bilir, bilməyənlər üçün deyirəm ki, bu rayonda 4 seçki dairəsi var. 33 saylı 1-ci, 34 saylı 2-ci, 35 saylı 3-cü və ən nəhatəyət 36 saylı 4-cü seçki dairələri. Bu dairələrin heç biri rayonun ərazisində ki, Ukrayna, Neapol və digər adsız dairələr kimi deyil.
Bu dairələrin masştabı çox böyükdür. Adını çəkdiyim dairələrdə “kruq” vurub, gəlib əvvəlki yerinə çıxmaq olur. Amma 4 seçki dairəsində ha “kruq” vur, ha fırlan, xeyri yoxdu, bilməyəcəksən axırın hara gedib çıxır. Mən bu “kruqlar” – dairələr haqda çox şey bilirəm. Bu “kruqlarda” elə pullu oğlanları fırladıblar ki, “bir həsir, bir Məmməd Nəsir qalıblar”. Ölkənin içində və dışında yaşayan elə iş adamlarımız bu “kruqlarda” namizəd olaraq fırfıra kimi fırlanıblar ki, bir də görüblər əllərində-ovuclarında olanlarda yel aparmış kimi yoxa çıxıb. Amacları fırlanıb parlamentə düşmək olanlar parasız qalıb, barmaqlarını sormaqdan başqa çarə tapmayıblar.
Düzdür, Xətai rayonunda hal-hazırda 3 deputat fəaliyyətdədir. Əvvəl 4 idilər, amma bu yaxınlarda onlardan birinin “qaynanalıq” və “maklerliyi” çox uğursuz oynadığı aşkar olundu və nəticədə həm üzvü olduğu partiyadan, həm də Milli Məclisdən kənarlaşdırıldı. Hal-hazırda fəaliyyətdə olan 3 deputatdan birinin də - Səməd Seyidovun da başının üstündə qara buludlar “kruq” vurmadadır. Yalan-gerçək söz-söhbət gəzir ki, guya o, yeyintiyə yol verib. İnanın, dəhşətə gəldim, bu necə ola bilər axı? Bunun yanlış və böhtan olması haqda sizlərə bəhs etməyimə heç hacət də yox. Axı bizim günü-gündən çiçəklənən doğma Azərbaycanımızda belə hallara təsadüf etmək, Marsda göy otlaqlarda qoyun-quzu otararaq fıştırıqda “Çoban qaytar quzunu” mahnısını ifadə etmək kimi ağla gəlməz bir olaydır. Necə yəni yeyinti, yox bir geyinti...Mən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini gəzdirən vətəndaş kimi ərz edirəm: Bütün bunlar bizim doğma, çiçəklənən, günü-gündən xarüqələr yaradan, nəmnə hündürlüyə bayraqlar yapan, Afrika cəngəlliklərində ulu əcdadımız olan meymunları qəzəbləndirən, onların budağdan-budağa atlanmasına mane olan palma ağaclarını (bilməyənlər bilsin ki bu palmaların fərli-başlı budaqları olmur, onların gövdəsindən ucu nizə kimi olan uzun yarpağa bənzər budaqfason bir şey çıxır ki, meymunlar bu ağacadan digərinə atlananda daima gün görən güngörməzlərinə batır və bu yazıq meymunların adam balası kimi “çölə çıxmalarına” mane olur) daşıyıb ölkəmizə gətirən iqtidrımızın ixtiyarında olan deputatlarımıza atılan şər və böhtandır. Bizim deputatlarımız heç nə yemir, çünkü məmurlarımızın ağzı yoxdu. Əgər məmurların ağzı yoxdusa, türkün məsəli yox ağızlarına heç nə almırlarsa, bə bu binəva mandat gəzdirən, işi-gücü səhərdən axşama qanunvericiliklə məşğul olanlarımız nə yeyəsidir ki?...
Bu mövzu mənim bugünkü lafıma aid olmadığı üçün, qafamı belə şeylərlə qatmam. Mən qədirbilən xalqımın nəzərinə onu çatdırmaq istəyirəm ki, Xətai rayonunda deputat qıtlığı böhran vəziyyətinə çatıb. 34 saylı Xətai 2-ci seçki dairəsinin seçiciləri harda olsalar da bu böhran vəziyyətindən çıxmanın yollarını araşdırırlar. Toplantılarda, toy və yas mərasimlərində, avtobus və taksi dayanacaqlarında, moykaların qarşısında, gözəllik salonlarında və bərbər dükanlarında, seçicilərin mütamadi olaraq istifadə etdikləri, su başına çıxdıqları ümumi “zırabxanalarda” bu mövzu özünün aktuallığını qoruyub saxlamaqdadır. Hər kəs: - “Bizim deputatımızı verin!”-deyərək ölkədəki günü-gündən baş veməkdə olan sıçrayışlı irəliləmələri gözləri gözlərinin önünə gətirir və bu deputat qıtlığını “sabotaj” adlandırmaqdan belə çəkinmirlər. İş o yerə çatıb ki, seçicilər etiraz aksiyası keçirmək istədiklərini də gizlətmirlər. Bu aksiyalarda onlar şüarlar səsləndirməyi qərara alıblar. “Bizə təzə deputat verin”, “Bizim Xətai rayonunun digər dairələrindəki seçicilərindən nəyimiz əskikdir”, “Hamı getsin seçkiyə, yox deyəyin içkiyə” və sair. Digər tərəfdən 33 saylı Xətai 1-ci seçki dairəsinin seçicisi, məşhur meyxana ustası Həci Mehman Əhmədli və 35 saylı Xətai 3 cü seçki dairəsinin seçicisi, məşhurluqda Həci Mehmandan heç də geri qalmayan Həci Elşən Xəzər 34 və 36 saylı dairənin inzibati ərazisində yaşayan seçiciləri “prikola” götürüblər. Həcilər belə bir qafiyə açıb meyxana deyiblər:

“34 dəki fış çıxdı, qaldı otuz altı,
Az qalıb, bunun da eşidilər zartı”.

Qədirbilən xalqımız deputatlarının qədrini bilir. Bu, aydındır. Gərək deputatlarımız da xalqın qədrini bilsin. Doğrusu, 34-cü və 36-cı dairə seçicilərinin deputat sarıdan baxtı gətirməyib. Amma 33 də Hüseynbala Mirələmovun, 35 də isə İqbal Ağazadənin seçiciləri papaqlarını köndələn qoyub gəzirlər. İnsafən hər iki deputat digər iki həmkarları ilə müqayisədə seçicilərinin yaralı barmağına nə vaxtsa... su çiləyirlər.

avropa.info

Комментариев нет:

Отправить комментарий