Страницы

13.10.2012

Xəyalə Sevil - Təskinlik


Bütün sevincimi yığıb gedirsən,
Çırpılır şıllətək üzümə qapın.
Ağlayım dalınca, su atım bəlkə,
Bəlkə dönüşünə bir ümid tapım?!

Qaldım kərpic-kərpic oyulan eşqin,
Arzunun istəyin uçqunu altda.
Deyirsən, könlümü basdırımmı mən
Bu boyda ağrının, bu qumun altda?

Yolunu gözlədim, yolun uzandı,
Qara kağız kimi gəldi ürəyin.
Sənin məhəbbətin nə yol azandı
Ah, məni nə təhər bildi ürəyin.


Çətin, gözlərimdən bulud çəkilə,
Çətin, gözlərimdə mən günlük tapım.
Barı torpağından üstümə çilə,
Barı bircə qırıq təskinlik tapım.

CIĞAL

Yadıma salmıram səni,
Məndən incimə-incimə.
Daha boylana bilmərəm
Axı çölümdən içimə.

Bir azca buz bağlamışam,
Əriyərəm, adət olar.
Adın dodağıma gələr,
Ərimə xəyanət olar.

Ağla, düşüm gözlərindən.
Sən də unut məni, unut.
Sonra üzü günəşə dur,
Nəmli gözlərini qurut.

Xatirəli ürəyinin
Başına çək sığal kimi.
(Biz vaxtında bacarmadıq)
Bacarmadıq, bu oyundan
Çıxıb qaçdıq cığal kimi.

Комментариев нет:

Отправить комментарий