05.12.2012

Bəlkə bir əsər çəkəsən?!

Feyziyyə

mesaj

onlar, yuxularında
evlərinin pəncərəsini daşlayar,
qonşularına çığırıb
“pərdələri çəkin” deyərlər...

sən onlara baxma,
bu, gün tutulmasıdı, hələ çox çəkəcək.
bircə mən döyəcləyəcəm hər kəsin yerinə
mis qazanları,
dəmir qapaqları.

heç kim bilmir,
günəş hələ çox gizlənəcək hamıdan
axı o, bircə çəkili pərdələrdən incik,
axı o, təkcə bağlı pəncərələrdən küskün...


mən inanmaram, inanmaram dualara,
bircə qaçmağı bilərlər Onun dərgahına,
bunun qulluğuna...
onlar dadını bilməz
bağlı-bağlı pəncərələrdən küsməyin,
örtülü-örtülü pərdələri çəkə bilməməyin...

bəs başına-başına döyməzsənmi,
birisi desə, ay bala,
onu-bunu nahaq qaxınc etdin başına...
sən onlara baxma,
onların nələri yox idi, nələri -
yuxuları,
duaları,
anaları...
onunsa bircə iyirmi doqquz yaşı vardı,
iyirmi doqquz yaşı...

* * *
o beli at çiynindən,
torpağı belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...

bəlkə bir əsər çəkəsən?!
bilmirsən? öyrənərsən! -
böyük, lap böyük...
əvvəl bir çay çəkərsən -
axsa da olar, axmasa da.
sonra bir cam çəkərsən,
hardasa oralarda -
dolu olsa da olar, boş olsa da.
yaxınlıqda bir tut ağacı olsun,
amma qara tut -
barı olsa da olar, olmasa da.
amma altında adam çəkmə:
əllərində bel görsək neylərik,
necə deyərik:
- torpağı belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...

daha vaxtdır, qalx yola çıx,
indi sənə bircə işarə lazımdı.
- al! bu da yağış...

Комментариев нет:

Отправить комментарий