21.12.2012

Çay qonaqlığı

AKİF ABBASOV

Zərifə özünü qaranəfəs içəri saldı. Stolun üstündəki qəzeti götürüb üzünə tutdu, yelləməyə başladı:
-Puf, çöldən xəbərin yoxdur, ay Narın. Cəhənnəmdir, cəhənnəm. Az qala istidən ürəyim dayanmışdı. Ay qız, çayın var? Yanıram…
Narın müdirin verdiyi hesabatı kompyuterdə yazırdı. Başını qaldırmadan:
-Çaynikdə var, süz, iç. Amma, sən Allah, mənimlə işin olmasın. Əlimdəki iş təcilidir. Cəfər müəllim tapşırıb ki, səhvsiz, səliqəli yazım. Nazirliyə göndərəcək. Özü də bu saat yazının dalınca adam gələcək.
Zərifə onu başa düşdü. Mane olmasın deyə qonşu otağa – Gülnisənin yanına keçdi. Bayaq iki daşın arasında mağazaya getmişdi.
Yolda, mağazada gördüklərini danışmağa adam axtarırdı. O, təzəcə çıxmışdı ki, Xalidə otağa daxil oldu. Xalidə təzə işçi idi. Qonşu şöbədə işləyirdi. Hələ açılışmamışdı. Sakitcə bir tərəfdə oturub öz işi ilə məşğul olurdu. Söhbətləri tutduğundan arabir Narıngilin otağına çay içməyə gəlirdi. Bu gün isti ona da güc gəlmişdi:
-Ay Narın, qurban olum, ürəyim yanır, bəlkə çayın ola…
Narın yenə də başını qaldırmadan:
-Var, ay Xalidə, süz, iç. Mən də bir az var içmişəm.
Xalidə elektrik pilitəsinin yanında, döşəmədəki faner parçasının üstünə qoyulmuş iri birəllini yoxlayıb:
-Soyuqdur ki…- dedi.
Narın ona fikir vermədən:
-Necə yəni soyuqdur?! İsti olmalıdır. 10 dəqiqə olar çay içdiyim. Yəqin soyuyub. Qoy pilitənin üstünə, qızsın…
Xalidə çayı isidib içdi. Sonra:
-Narın, çayın artığını hara töküm? – deyə xəbər aldı.
Narın öz-özünə: «Yazmağa qoymazlar ki…» - deyə deyindi və sonra kompyuterdən ayrılmadan ucadan:
-Döşəmədəki birəllinin içərisinə tök… Qəribə adamlarsız, hər şeyi xəbər alırsınız. İndi müdir gəlib dərimə saman təpəcək…
Xalidə onun sözlərindən alınsa da, bir daha:
-Narın, hansı birəllini deyirsən? Döşəmədə başqa birəlli yoxdur, - dedi.
Maraq güc gəldiyindən Narın başını qaldırıb boylandı. İri birəllini Xalidənin əlində görüb içini çəkdi:
-Azz, çayı onda içmisən?
Xalidə sanki qəflət yuxusunda idi, ayıldı. Demə, ciyəri yanmış Zərifə bayaq çıxanda çayniki də özüylə aparıbmış. Xalidə birəllini yerinə qoyub çıxdı. O bilirdi ki, bu əhvalat – çayın yaxantısını qızdırıb içməyi bir azdan fabriklə bir olacaq. Odur ki, birbaşa evlərinə yollandı və bir daha onu buralarda görən olmadı.

Комментариев нет:

Отправить комментарий