08.12.2012

Dünya kədər uçurumu

Səadət

Dünya kədər uçurumu
qanadsız olduğum yerdə,
rəngli bir kəpənək uçar
asılı qaldığım yerdə...

bozarmış payız havası
rüzgar sovrular üstümə
qırılğan yarpaqlar düşər
sənə qırıldığım yerdə...

ümidim çıxsa əlimdən,
düşsəm uçurum dibinə,
dağılmış qırıqlarımı
rəsm kimi yığın yerdən...


Balıqçı

Bir göl qırağında
sübh açılar-açılmaz
balıqçı günü başlar,
Dalğalarla baş-başa
illərdi sirr yoldaşı
bu səssiz qayalıqlar,
ruzusu göy sulardan
tilovuna rast düşən
yosun qoxulu balıqlar...

Eh balıqçı,
sulara zillənmiş
dupduru gözlərində
nə bir nigarançılıq,
nə siyasət marağı,
səninçün
suda ov gözləyən
tilovun
dünyanın
olub-olacağı.

Heç fərqində
belə deyilsən,
kənarında durduğun
şəhərin səhərinə
açılan qəzetlərdə
nəymiş günün yazısı,
bomba kimi partlayan
hansısa bir tanınmış
qəzetçinin yazısı.

Bəlkə
düşündüyün
o ki,
nə dəyişəcək,
hüququ pozulmuş
tələbələrin
ölüm aclığı,
korrupsiya
qalmaqalları
haqqında
manşet
xəbərlərini
oxuyası...
Eh balıqçı,
bir də
işinə bax,
sənlik deyil
nə izi yuxarılara
gedib çıxan
qətl sifarişləri,
nə kürü mafiyası...

Odur, daha
gün də qalxır,
sənə
bu günlük
tamam...
Arxayın-arxayın
döndüyün
sadə evin
sevginin açarı,
mənimsə iş günüm
indi başlanır,
dolaşıq
fikirlər içində
evdən çıxıb qaçıram
dayanacağa sarı...
Dünya kədər uçurumu

Комментариев нет:

Отправить комментарий