07.12.2012

İçimdə bir dünya dağılıb kimidir

Kiyan Xiyav

"Əli dayı"nın köksündə döyünən insan ürəyinə sunulur

Hönkür- hönkür ağlayaraq, doqquz yaşlı bir qız:
-hanı bə? Bə xanım müəllim deyirdi, o dünya dağılanda gələcək? bə niyə gəlmir? Bu du ha daaaa, dünya dağılıb daaaa bə! Mən yuxuda olanda bütöv evimiz başıma gəldi. Nənəm məni qucaqlayıb qapıdan qaçmasaydı, indi ikimiz də ölmüşdük. Kaş elə mən lüt qalıb öləydim, ancaq nənəm mənim mədrəsə şalvarıma gora təzədən o xarabaya dönməyəydi! Indi qağam kimi, aşıq noruz əmi kimi, irfan kimi, qızbəs xala kimi, iskəndər əmi kimi mən də ölmüşdüm. Bu oyunu bizim başımıza kim gətirdi, bilmədik. Deyirlər fələyin işidi. Bu fələk kimdi axı? O xanım müəllim deyən niyə gəlmir? Xanım müəllim deyir, o gəlib pis adamların boynun vuracaq axı. Bə niyə gəlmir? Niyə gəlib bu fələyin boynun vurmur?
əslən bizi bu gündə saxlayanların əlinə nə gəlir? Indi mən ya şəmsi xala soyuqdan donsaq, kimin əlinə nə gələcək? hələ böyükbaşlar oturublar öz evlərində bizim barəmizdə danışırlar. Olar nə bilir biz nə təhər yaşayırıq. Neynirəm axı bu dağılmış evləri. Mən nənəmin yanına getmək istəyirəm. heç neynirəm pis adamların boynun vurdu ya vurmadı. Gəlsin məni öz nənəmin yanına götürsün!...

əlində bir sənək su, əlli dörd yaşlı bir qadın:
-oyuna qalmışıq vallah! Bu oyunda utan kimdi, utuzan kim, bilinmir. Ay qardaş, o yıxılan pəncərəyə bax! Hər gün onun qabağında durub namazımı qılırdım. Indi bir möhür, bir cənəmaz da tapılmır bu veranada. əslən heç içməyə su tapılır kı! bulaqlarımız da yernən yeksan olub. Bax, elə bu pəncərənin qabağında, əvvəl dönə adımı biri çağırdı. rəhmətlik ərim arxadan səslədi. Onda da əlimdə bir sənək su, bulaq başından gəlirdim. Surahı, ay surahı, dayan dedi. Dayandım. Iskəndər ora- bura baxıb yavaşca mənə sarı gəlib, surahı, səni o inandığın allah dedi, heç kimə getmə, özüm səni alacayam. Aşıq noruzla qardaşlıq kimiydi. Iki bədəndə bir ruh idılar olar. Rəhmətliyin sazı da duvarın altında qaldı, özü də. Elə zəlzələ olan gecə, yarım saata kimi çaldı. Axırında da gülə- gülə şuxluğa oxudu: surahıyam dəstəyəm, bülbüləm qəfəsdəyəm. ax, yandım, yandım iskəndər, hardasan?...

Kot- şalvarlı, əlli altı yaşlı iri bir kişi:
-demə, ay gəlin, demə! Bax, indi ürəyim patdar. Sən danışdıqca qızbəs yadıma düşür. Hələ qızbəs bir yana, irfanın uçurtması məni öldürür. O küləklik havası yadındadı? Üç gün idi namərd külək bu torpaq kətdən ayağın çəkmirdi. Gecələr bir sürü cənəvarın səsi, dağ kimi uçurdu kəndin başına. Səhər çağı min müsibətlə gedib şəhərdən sarı kağız tapıb almışdım. Aşıq noruz düzətdiyi quyruğu bəyənmədi. Yazıq uşaq nəm nə boyda ona quyruq düzətmişdi. Külək aman vermirdi ki. aşıq noruz dedi boşla bu küləyi. Gəl bizə sazda sözə gir. Mən saz çalım, sən də qoşmalardan oxu! Rəhmətlik yaxşı saz çalırdı. Bu mahalda üstünə yox idı. Çala- çala ağlamasın saxlaya bilmirdi. özü öz yas yerində oturmuş kimi olurdu. O gecə irfan uçurtmanın fikrindən şam da yemədi. Yazıq uşaq uçurtmanın dərdindən bir gecədə soluxmuşdu. Qızbəs də tilviziyonda filmə baxırdı. Mən də ki tilviziyondan əvvəldən xuşum gəlməz. Darıxdığımdan bilmirdim neyneyim. Bir az həyətdə oturub bir papiriz çəkdim. Qara qarqalar sizin həyətizə doluşmuşdular. Cığan- vığanları beynimi dəlirdilər. qara külək də qarasın geyinmişdi, göy üzündə atın qamçılayırdı. Bədbəxt uşağın o gün də uçurtmasın əlindən çalıb çapdı. Yolsuz oğlu yolsuz külək birdən birə nəm hardan yol alıb gəldi. Dəli öz zəncirin qırmış kimiydi. Irfanın uçurtmasın əlindən aldı apardı. Qərqərənin sapı əlində qalmışdı. Bütöv gecəni ovcunda saxladı o qərqərəni. Irfanım deyirdi külək adam şəklindəydi qağa. Ağlamaqdan gözü şişib ovcu boyda olmuşdu. Deyirdi küləyin qıynağından qan axırdı. Deyirdi uçurtmam bizim hamımızı səsləyirdi. Deyirdi onun səsin eşidirdim. Kömək, kömək, kömək deyib çağırırdı. Uçurtmamın kömək səsi bütöv göylərə dolmuşdu. O heç əvvəldə duvarın altında ölməmişdi ki. yazıq uşaq, qağa, mən burdayam deyib ağlayırdı. Qocalığın yolu yansın! Çox axtardım, çox torpağı eşələdim, tapmadım. Yarım saat çəkdi səsi batınca. Deyəsən bağrı çatdadı tifilimin. Deyirdi uçurtmamın kömək səsi qulağımdan getmir ki getmir. Heç qızbəs də uçurtmanı külək əlindən qurtara bilməmişdi. Yazıq nənəsi o gecə onu ovuda bilmədi. Bax mənə gör nələr danışıram, gəlin! Lap ağlım çaşıb deyəsən! yandım ay oğul, ay qızbəs, hardasız?...

Doqquz yaşlı qız:
-harda olacaq? Xanım müəllim deyir bermuda adında bir yerdədi. Deyir o yer amrikada ya nəm hardadı. Fəqət deyirdi gələndə, çoxlarının boynun vuracaq. Onu bir dönə yuxumda görmüşəm. saçlarımı ovcuna alıb tumarlayırdı. Nəm neçə əli varidı yuxumda. Atamın da ölüsünü bir əlində tutmuşdu. Hövsələsi yox idı. Elə belə əllərində tutmuşdu. Narahat idı. Bir əlində də bir sənək su var idı. Bir əlində də noruz əminin sazı. Barmaqları saçlarıma yağış kimi yağırdı. Oyandım gördüm çadırdan başıma su damcılayır...

əlli dörd yaşlı qadın:
-ay qardaş, o pəncərəyə baxdın? Baxmadın kı! şahidim olmasa da, hər səhər tezdən o pəncərənin qabağında, bu qız dediyinin adın qırx dönə çağırırdım. Irfan da o gün küləkdə hey onu çağırırdı. Deyirdi bəlkə möcizə oldu, uçurtma qayıtdı. Mən onu dodaqlarımın altında səsləyirdim. Elə mən də bu qız kimi onu bir dönə yuxuda görmüşəm. əlin qaşıma çəkdi. mən gözümü yumdum ancaq o gözlərivi aç dedi. Barmağında əcib- qərib bir üzük varidı. Düz mənim gözüm boydaydı o üzük. Yazıq iskəndər gözümə baxanda, içində köz var deyirdi. Gözlərin üzük kimidi, daş- qaşından şəhvət yağır deyirdi. Od parçası kimi bir qız idım axı. Danışanda ərim fikrə gedərdi. Elə bil kəlmələrimi sayardı. Payız yarpaqları kimi xas bir rəngi var deyirdi kəlmələrivin. O günlər yumuşaq bir şalım var idı. Iskəndər ona göy qurşağı deyirdi. Göy qurşağın boynuva salmaq istirəm deyirdi. Bax, ay qardaş! əlimin üstünə bax! Bədənimin dərisi belə qartımamışdı. Dərimə pambıq deyirdi, özümə pambıq tarlası. Həməşə yarım çılpaq geyinərdim evdə. Deyirdi çiyinlərivi öpəndə, keçmiş illərimi yadımdan çıxarda bilirəm. indi o burda olsaydı, məni belə qar- qırovda görsəydi, paltarıvı dəyiş otur deyərdi. Deyərdi get gözəlliyinlə bir az aynanı doldur, bir az da gəl mənim gözlərimi doldur. Sora sazın götürərdi əlinə. Sazın nə təzənəsinə baxardı, nə də sarı telinə. Deyərdi sənin gözlərin olan yerdə, ayrı yerə baxmaq haramım olsun! Mən onun keçmiş illərin yadından çıxardırdım. Ancaq mənim bu çətin günlərimi kim mənim yadımdan çıxarda biləcək? Indi gör o hardadı, mən hardayam? Belə də iş olar axı? Hər şey bir göz qırpımında sovruldu getdi işinə. Indi heç dediklərimizə qulaq asan yoxdu. Genə o pəncərə olsaydı, qabağında oturub heç olmasa öz- özümlə danışardım!...

əlli altı yaşlı kişi:
-elə irfan da o gecə öz- özüylə danışırdı. Deyirdi mən uçurtmanın səsin eşidirdim. Bə allah niyə eşitmirdi o səsi? Sora qızbəsə üzün tutub deyirdi, nənə, bə sən niyə uçurtmanı küləyin əlindən ala bilmədin? Qızbəs ona dovqa da pişirdi, o ovunmadı. Yazıq uşağın əlləri uçurtmanın dalıca kətdə açılı qalmışdı. Allaha da çox yalvarmışdı. Sən göydəsən deyirlər. uçurtmam da gəlib sənin yanıva. Al onu küləyin əlindən, nə olar? Al onu mənim əllərimə qaytar! Qızbəs dedi, uçurtman quş olub göylərə uçub. O bu dönə lap ürəklənib ağladı. Yox dedi, quş kimi uçmurdu. Qol- qanadı tökülmüşdü uçurtmamın. Külək onu göylərdə didələyirdi. Onun kömək səsin heç kəs eşitmirdi. Onu fəqət mən eşitdim, mən....

Doqquz yaşlı qız:
-ancaq xanım müəllim deyir, o bizim dediklərimizi eşidir. O bəlkə də bizim kəlmələrimizi özüylə dolandırır. Şəmsi xala buğçasın özüylə dolandıran kimi. Noruz əmi duvar altında qalandan bu yana, şəmsi xala dəli kimi olub. Özüm gördüm. Iki əliylə torpağı eşələyib noruz əmini tapdı. Iki gün də sora buğçasın tapdı. Noruz əminin bütöv toy xələtlərin ona yığmışdı. Zəng vuran saatların da tapdı. O saat zəng çalmasaydı, noruz əmi şəhərə yubanardı. O tezdən şəhərə gedib fəhləlik də edirdi. Bəzi vaxtlar sazın da aparırdı. Anamdan bir yaylıq aldım mahnısını noruz əmi mənə örgətmişdi. Zəlzələdən bu yana, şəmsi xala toy xələtlərini o çadırdan bu çadıra özüylə dolandırır. Vaxt tapanda oları qabağına sərib öz- özüylə danışır. Oxşama deyib ağlayır. Saatı da buğçanın içinə qoyub. Noruz əmi o saatı məşəddən gətirmişdi. Özü deyir evləri uçulan gündən o saat day işləmir. Ancaq bəzi gecələr də deyir buğçadan saatın səsi gəlir. Deyir səsi eşidirəm, ancaq buğçanı açıb baxanda, görürəm ki işləmir. O gün noruz əminin qəbri başında deyirdi vallah diridi bu kişi. Noruz diridi bilirəm. ürəyinin döyünməsin torpaqdan eşidirəm. qəbir torpağın başına sovurub ağlayırdı. Çadır- çadır o saatla buğçanı özüylə dolandırır. Saat işləyir deyir. Noruz diridi, ölməyib. Saatın mən görmüşəm də. sınıb dağılıbdı ancaq onu saxlayıb eşiyə atmır kı atmır....

əlli dörd yaşlı qadın:
hara atsın benava? Bu pəncərə də heç eşiyə atmalı deyil ki, atmalıdı? Fəqət şüşələri sınıb. Bir də sol çərçıvası bir az çatdayıb. Bizə təzədən ev tikən olsa, elə o pəncərəni asdıracayam duvara. Hər səhər də ağanın adın qırx dönə çağıracayam qabağında...

əlli altı yaşlı kişi:
-hə, qırx dönə! Qızbəs də qırx dönə onu çağırmışdı. Ay ağa, qurbanın olum demişdi. irfanımın uçurtmasın ondan aldın. Bu oğlanın özün məndən alma! Axı o gecə irfan heç çörək də yemədi. Deyirdi o qara küləyin əlində gedən uçurtmam deyildi, özüm idim. Yazıq uşaq ürəyinin başından dəlinmişdi. O gecə həzyan deyirdi yuxuda da. Ay qağa, qoyma deyirdi. Ay nənə, qoyma, qoyma! Kəndin uzaq bir yerində qara külək cəmdəyimi söküb aparır deyirdi. Qızbəslə mən necə ölmədik o gecə, bilmirəm. elə mən də qırx dönə çağırdım onu, düzün desəm...

Doqquz yaşlı qız:
-hə, çağırın! Ikiz də çağırın onu! Qoy bütöv kəndimiz çağırsın onu! Çağırın bəlkə gəldi. Axı dünya dağılıbdı. Onun da gəlməyinin vaxtı çatıb. Bə bu niyə gəlmir axı? Bizim xanım müəllim yalan demir ki, yalan deyir? Çağırın bəlkə gəlib bu bizi yaman gündə qoyanların boynun vursun, ya da məni aparsın öz nənəmin yanına!...
***
Doqquz yaşlı qız bu sözü deyən kimi ağlayaraq atılıb gəlib surahının belini qucaqlayır. Surahı su sənəyini yerə qoyub onu bağrına basır. əlli altı yaşlı kişi bir əliylə sənəyi yerdən qaldırır, bir əliylə də o qızın saçlarını tumarlayır....
***
Mən onları tək qoyub ayrılıram. qızın xanım müəllimini axtarıb tapmalıyam. içimdə bir dünya dağılıb kimidir!...

Комментариев нет:

Отправить комментарий