23.12.2012

Karvan keçərkən dördayaqlıların çıxardığı ekzotik səslər

Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsisçisi Eldəniz Quliyevlə müsahibə

- Eldəniz müəllim, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılmasının elan edilməsindən sonra həm respublikamızda, həm də respublikamızdan kənarda böyük ajiotaj yarandı, bu birliyin yaranmasının zərurətini nədə gördünüz ki, belə bir təşəbbüsdə bulunduz?
- Ajiotajı deyə bilmərəm, ama bəzi qüvvələr  kifayət qədər nigarançılıq keçirdi. Demokratiya sözünə və bu onların ehtiva elədiyi dəyərlərə rişxəndlə baxanlar, eləcə də alın təriylə, qanla qazandığımız  Dövlətçiliyimizin möhkəmlənməsinə öz konformist maraqları rakursundan yanaşan hakim partiyanın bəzi funksonerləri əlbəttə ki, Birliyin yaranmasını təşvişlə qarşıladılar. Biz Birliyi demokratik Dövlətçilik naminə yaratdıq.
Biz istədik ki, Konstutusiyada təsbit edilmiş, habelə Allah-Təala tərəfindən hər bir insana, millətə, etnosa, xalqa bəxş edilmiş hüquqlardan və qismətdən yararlanaq. Həmrəylik, qardaşlıq ünsiyyətini əməli surətdə həyata keçirək. Biz istədik ki, etnik azlıqların hüquqları  azlıq olmayanların azğınlığına tuş gəlməsin. Nəhayət biz istədik ki, özünü ölkənin vətəndaşı sayan hər bir azərbaycanlı mənsub olduğu millətindən, dilindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, eyni səviyyədə yaşasın, bərabərhüquqlu və hər hansı milli-psixoloji kompleksdən azad olsun. Biz həm də, hamıya və hər kəsə anlatmağa çalışdıq ki, Dövlətçiliklə Dövlət başçısının eyniləşdirmək olmaz. Dövlət başçısı insandı, səhv edə bilər, xəstələnə bilər və s.. dövlətçilik isə əbədidir. Dövlətlə dövlət başçısını eyniləşdirmək bir çox problemlərə, bəzənsə faciələrə yol açır və bu, anti-demokratik yanaşmadır.
Bəli, talışların da  talış olmayanlar qədər problemləri mövcuddur. Bəlkə də daha artıq. Bu problemləri konservləşdirmək əvəzinə onları həll etmək lazımdır. Hər hansı milli azlığa qayğı və  məhəbbətlə yanaşmaq lazımdır, nifrətlə yox.

- Eldəniz müəllim, respublikamızda kifayət qədər insanı bu sual düşündürür: niyə Eldəniz Quliyev?
- Daha yaxşı olardı ki, bu sualı verənlər ziyalı missiyası haqda fikirləşsinlər. Bu gün mən səmimi olaraq  düşünürəm və əminəm ki, talışların hüququ və haqqları ədalətsiz, qanunsuz  təhdidlərlə üzbəüzdür. Cənub bölgəsində fəaliyyət göstərən TV beşcə dəqiqə də olsun talış dilində veriliş vermir. Bu nonsesdir! Talışların dənizini, meşələrini gözləri görə-görə oğurlayıblar, məktəblərdə ibtidai sinif şagirdlərinə ana dilində dərs keçirilməsinə süni əngəllər törədilir. Əhali arasında elə bir xof yaradılıb ki, az qala qardaş-qardaşa şübhəylə, qorxuyla baxır. Bütün bunları görüb-anlayan və öz etirazını bildirən ləyaqətli talış ziyalısını isə şərləyib tutur, əzir, sındırırlar. Yaxud əksinə, bəzilərini deputat təyin eləyir, vəzifə verir, qabaqlarına tulapayı atır və düşünülmüş şəkildə onları assimlyasiya aparatından keçirib cındır əskiyə döndərirlər. Eldəniz Quliyev kor deyil, kar deyil, hətta  lal da deyil. Və inanın, mən bütün bu haqsızlıqlara qarşı çıxmasaydım, evdə nəvəmin  üzünə, güzgüdə öz gözümə baxa bilməzdim....

- Eldəniz müəllim, bildiyimiz kimi, siz həm Ziyalılar Birliyinin sədri, həm də Ziyalılar Forumunun həmtəsisçisisiniz, çətin deyilmi?
- Çətindir ya çətin deyil, məncə bunun mətləbə bir o qədər də dəxli olmamalıdır. Latınların bir məsəli var: "Nil volentibus ardium!”  yəni, cəhd eləyənə maneə yoxdur. Əsas odur ki, getdiyin yolun sonunda MƏBƏD olsun, İŞIQ olsun.

- Sizi müxtəlif dövlət və şəxslərlə əlaqələndirirlər, buna cavab olaraq "...bizi papuaslar maliyyələşdirir” dediniz. Maddi durumunuzun çətin olması sizin təşkilat üçün əlavə problemlər yaratmır ki? Yaradırsa bu problemləri necə həll edirsiz?
- Məni Rusiyayla, qərblə, İranla, kürdlərlə, ləzgilərlə, milyarderlərlə və s. əlaqələndirdilər. Bircə şeylə əlaqələndirmək ağıllarına gəlmədi - vicdanla! Fəaliyyətimizin mayası da, katalizatoru da bizim vicdanimiz və Azərbaycanı həqiqətən demokratik, talerant və gözəl bir məmləkət görmək istəyimizdir. Biz düz dayanmışıq və kölgəmizin əyri düşməyindən qorxmuruq. O ki, qaldı maddi duruma, biz ağır durumda deyilik, biz lap ağır durumdayıq. Ancaq əsas əxlaq prinsipimizdən də əl çəkmək fikrində deyilik - bu dünyada iki yaşam tərzi var: yaxşı yaşamaq və düz yaşamaq. Bizlər ikincini seçmişik. Neyləyək, bu da, bizim taleyimiz, alın yazımızdır.

- Mehdibəy Səfərov "Tolışon Sədo” qəzetinə müsahibəsində bildirmişdi ki, hər ikinizə bu və ya digər formada təzyiqlər edilir, bu barədə əlavə açıqlama verə bilərsinizmi?
- Təzyiqlər Mehdibəyin dediyindən də çox və təhlükəlidir. Ancaq bizə qarşı yönəlmiş hədələr, təhdid və təhqirlərə, karvan keçərkən dördayaqlıların çıxardığı ekzotik səslər kimi baxırıq. Çünki təsir əks təsirə bərabərdir. Bir də axı bunların dediyinə, ya elədiyinə niyə fikir verməliyik? Bunların azacıq abrları olsaydı məlum video qalmaqalından sonra dillərini dinməz yerlərinə qoyub susardılar, utanıb yerə girərdilər. Bu mənada, onların dedikləri və ya oğrunun qışqırtısı-eyni şey kimi qəbul edilir.

- İlk olaraq Sizin təşkilata böyük hücumlar edildi, sonra isə müdafiənizə bir sıra tanınmış simalar qalxdı, Sizcə Sizi tənqid, hətta təhqir edənlərin məqsədləri nədir? Bütün bunlar Sizin təşkilatın tanınması üçün piar rolunu oynamır ki?
- İlk növbədə, bizi tənqid və təhqir edənlərə öz təşəkkürümü bildirirəm. Fikir verin, YAP-ın icraçı katibindən tutmuş, digər  funksonerləri - Siyavuş Novruzov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Aydın Mirzəzadə və digərləri, bunlar o insanlardı ki, neçə illərdi ki, israrla qatığa qara deyirlər. Yəni onların pislədiyi hər nə varsa, demək təriflənir, təhqirləri isə xalqın alqışı kimi qarşılanır.
Onlar bir məqsədə xidmət edirlər - işıq gələn yerə pambıq tıxamağa. Onların bir istəyi var - ölkəni şəxsi holdinqə çevirmək. Belə düşünürlər ki, Azərbaycanda yaşayan əhali, etnik azlıqlar da daxil olmaqla, hamı onların köləsi, dədələrinin hambalıdır. Bu sayaq düşüncə və bu sayaq dünyagörüş, əslində elə hambal xislətidir. Onlar özlərindən yuxarıların nökəri olduqları üçün təltəlşüur olaraq, özlərindən aşağıdakıların qul olmasını arzulayırlar. Bu bir zəyiflik kompleksidir, əslində mənim onlara yazığım gəlir.
Bizi sidq-ürəklə dəstəkləyənlərə isə, elə sidq ürəklə də "çox sağ olun” deyirəm.

- Aldığımız məlumata görə Birliyinizin yerli təşkilatlarının üzvlərinə, onların qohumlarına təziqlər edilir, bu barədə ictimaiyyətə geniş açıqlama vermək fikriniz yoxdurmu?
- Xeyr, hələlik belə bir fikrim yoxdur. Biz bilirik nə istəyirik. Biz bilirik bu istəyimizə necə nail olacağıq. Biz qismət və alın yazısı mücadiləsinə çıxmışıq və bu YOLDA heç nədən qorxub-çəkinməyəcəyik. Lap belə, ölümdən də!

Müsahibəni "Tolışon Sədo” qəzeti üçün Rafiq Cəlilov götürüb

Комментариев нет:

Отправить комментарий