16.12.2012

Lerikin dərdi var..

Qəzetimizin 7-ci sayında (25 noyabr 2011-ci il) Lerik rayonunun Peştətük kəndindən şəhid anası Səfərova Şeydabanu Eynəli qızının şikayətini dərc etmişdik. Şikayətdə şəhid anası onu narahat edən çox kiçik bir arzusunu izhar etmişdi: Şeydabanu ana tikdiyi evin damının vurulmasında Lerik rayon icra hakimiyyətindən köməklik istəyirdi. Oğlunu Vətən yolunda şəhid vermiş Ananın buna haqqı da çatır, amma neyləmək olar ki, Lerik RİH-nin məsulları bunu başa düşmək istəmirlər. Lerik RİH-dən fərqli olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası şöbə müduru Müzəffər Talıblı səviyyəsində bu məsələ ilə maraqlandı.
Hətta mənə "..icra başçısına tapşırarıq, araşdırar” sözü də verildi. Heyhat ki, Müzəffər müəllimin sonradan bu məsələni Lerik RİH-nin başçısına tapşırıb-tapşırmadığını öyrənə bilmədim. Əgər tapşırsaydı (yəni şəhid anasının kiçik şikayətini də tapşırmaq lazımdır ki?) yəqin ki, RİH-nin müvafiq qurumları əl-ayağa düşərdilər ki, "ÇP”-miz Prezidentə çatıb, tez aradan qaldıraq. Ümumiyyətlə isə Lerik RİH-nin başçısı, onun əlahəzrət müavin və şöbə müdürləri mətbuatın yazdıqlarına zatən heç vaxt fikir də verməyirlər. Onlar bir-iki TV kanalını Lerikə dəvət edib, İH binasının, bir-iki istirahət mərkəzinin kadrlarını çəkdirməklə kifayətlənirlər. Amma bu TV kanallar bir dəfə də olsa sadə Leriklilərin problemləri ilə maraqlanıblarmı? Bəlkə hansısa Leriklidən soruşublar "sizi nə narahat edir?” Soruşmayıblar, soruşmazlar da!
Yanvar ayının 25-də yenə də Lerikdə idim. "Möhtəşəm Lerik Avtovağzal Kompleksinə” çatanda maşını saxladım, istəyirdim qəzet alım, bir dənə də olsa qəzet köşkü tapmadım! Qəzetləri səyyari satırdılar. Havanın tempraturunun mənfi olmasına baxmayaraq qəzetsatan soyuq kətilin üstündə oturub, mətbuatyayımın ona verdiyi qəzetləri satırdı. Qəzet köşkünün niyə olmaması ilə maraqlandım, "var idi, götürdülər, avtovağzalın ərazisindən çıxardıb, yerini dəyişdilər” cavabını aldım. Ürəyimdəki "bütün şəhər və qəsəbələrdə heç yerdə qəzet köşkü olmasa da, avtovağzallarda hökmən olur” kəlməsini dilimə də gətirdim və qəzetsatanın başının qarışdığını görüb, onun "qəzet köşkünün” şəklini çəkdim, bunu görən Leriklilər məni dövrəyə aldılar. "Kimsiz, haradan gəlmisiz?” sualları verildi, özümü təqdim etdim: "Tolışon Sədo” qəzetinin adını eşidənləri heyrət bürüdü, bir neçə nəfər eyni vaxtda "yəni doğurdanmı Azərbaycanda Talış dilində mətbu orqan var?” "Bəs hökümət sizə bir söz demir?” kimi suallarını verdilər. "Var, niyə də olmasın ki?” "Hökumətin özü bu mətbu orqanın ayaq üstə qalmasına maraqlı olmalıdır, axı biz faktiki hökumətin görməli olduğu işi görürük” kimi cavabları varmişdim ki, Lerikin uzaq dağ kəndlərinə getməli olan, Bakıdan 6-7 saat yol qət edən bir ziyalı görünüşlü şəxs mənə xitab etdi: "ay qardaş, niyə Lerikdəki biabırçılıqdan yazmırsız? Yoxsa sizi də..” "Yoxsa sizidə..” dən sonra gələn sözün bizə aidiyyatı olmadığı üçün onu yazıb hörmətli Lerik əyallarını qıcıqlandırmaq istəmirəm. "Nə olub, qardaş?” sualını verməyə də peşiman oldum. Hamı bir ağızdan "bu Lerikin divarlarına mərmər düzməkdənsə, avtovağzalda bir ayaqyolu tiksəydilər, yaxşı olardı, kimə lazımdır bu mərmər divarlar? Amma bu soyuqda saatlarla durub, uzaq kəndlərə maşın gözləyənlərə ayaqyolunun bir xeyri dəyərdi” cavabını aldım. Sadə Leriklilərin və qonaqların bu iradı mənə tanış idi, bunu bir dəfə mənə hörmətli başçı həzrətlərinin bir həmyerlisi də bildirmişdi və mən bu məsələni o vaxt "Xural” qəzetində də işıqlandırmışdım, amma görünür başçı Lerik avtovağzalında ayaqyolu tikdirməkdənsə, həmən qəzetləri köşklərdən yığışdırtmaqla işini bitmiş hesab edib. Vallah bu qabiliyyətə həsəd aparmaq olar, necə də sadə xalqın qayğısına qal(m)ırlar? Amma sadə camaat bir ağlabatan təklif də verdi: "Başçı avtovağzalda bir ayaqyolu tikdirib, arendaya versə, İH-nin ("özünün” demədilər ha!) büdcəsini xeyli artırar. İndi mən bu sadə camaata necə başa salım ki, Lerik RİH-nin işçilərinin başları Prezidentin ehtiyat fondundan ayırdığı milyonları "Lerikin abadlaşması yolunda xərcləməyə” qarışıb? Heç ayaqyolunun yeridir? Bir-iki saat dözüb, özünüzü evinizə çatdıra bilməzsiz? Camaatı niyə işindən-gücündən etmək istəyirsiz? Vallah bu sadə camaat yaxşılıq bilən deyil, Lerikdə o qədər mütərəqqi işlər görülür, bundan əlavə divarlar mərmər ilə örtülür, (yeri gəlmişkən: dünyanın ən hegomon dövləti olan ABŞ belə bər-bəzək işləri üçün öz büdcəsindən bir dollar da ayırmır, çünku..) amma siz ayaqyolu dərdi çəkirsiz..
Lerik avtovağzalının iki dərdi var: biri qəzet köşkü dərdi, o birisi isə ayaqyolu dərdidir. Kim bilir, rəhmətlik Səməd Vurğun sağ olsaydı "Lerikin dərdi var, Lerik xəstədir” yazardımı?

Rafiq CƏLİLOV          "Tolışon Sədo” qəzeti nöm: 04 (16) 11 fevral 2012

Комментариев нет:

Отправить комментарий