06.12.2012

Muzdlu müxalifət

Zaur Bayramlı

Suriyada işlər gündən- günə qarışıb içindən çıxılmaz hal almaqdadır. İndiyə qədər Qərb dünyası, yeni üsyanın təşviqatçıları və maliyyə dəstəkçiləri Suriya müxalifətində çoxbaşlılıqdan şikayət edirdilərsə, artıq birləşib bu problemi müəyyən vaxta qədər, ən azından Bəşər Əsəd devrilənədək həll etdilər. Belə ki, ölkə xaricində müxalifətin dəstəkçilərinin dəstəyi və təşkilatçılığı ilə keçirilən çoxsaylı konfranslardan sonra müxalifəti bir araya gətirərək müvəqqəti də olsa, bir lider ətrafında birləşməyə məcbur edə bildilər.
Bu keçmiş coğrafiya müəllimi və dini kökən olaraq xristian Suriya vətəndaşıdır. Nə qəribədir ki, Ərəb ölkəsi olan İraqda da kürd Tələbani hakimiyyətə gətirilmişdi. Əlbəttə ki, bu hadisələrin hamısını planlayan və həyata keçirən bölgədəki maraqlarını təmin etmək istəyən ABŞ-dır. Amerikanın dövlət maraqları və dünya siyasətində ən önəmli aktyor olaraq qalma istəyi təəssüflər olsun ki, hər il dünyanın müxtəlif bölgələrində milyonlarca müsəlmanın qanının tökülməsinə səbəbiyyət verməkdədir.İndi Suriyada bir xristianın, o istərse coğrafiya müəllimi olsun, istərsə də çoban heç fərqi yoxdur, hakimiyyətə gətirilməsi əslində ABŞ-ın Suriya planları haqqında çox şeyi açıqlamaqdadır. Bu öncəliklə Suruiya müxalifətinə maddi, hərbi ləvazimat, siyasi və texnoloji yardımların artacağına bir işarədir. İkincisi isə Suriyada mümkün hakimiyyət dəyişikliyindən sonra ölkə hakimiyyətinin xristian ağırlıqlı qüvvələr tərəfindən təşkil olunacağını göstərməkdədir. Çünki Amerika hər hansı birini lider olaraq irəli çıxardaraq dəstəkləyirsə, onunla bağlı daha öncədən hazır planlarının mövcud olduğu şübhəsizdir. İndi bu cənab coğrafiya müəllimi də hansı missiyanı yerinə yetirmək üçün müxalifətin rəhbərliyinə gətirildiyini bilir.

ABŞ-ın Yaxın Şərq siyasətində dəyişiklik gözlənilirmi?

Böyük ehtimal ki, axşamlar yatağına girərkən əllərini ovuşdurub və Suriyanın prezidenti olmaq barədə xəyallar qurur. Haqsız da sayılmaz əslində. Kimin arxasında ABŞ kimi dayısı olsa belə xəyallar qurmasında təəccüblü bir şey yoxdur. Burda başqa bir diqqət çəkən məqamsa, Suriya müxalifətinin birləşdirilməsi olayının ABŞ-dakı prezident seçkilərindən dərhal sonraya təsadüf etməsidir. Barak Obamanın hakimiyyətdə qalmasının dəqiqləşməsi və yaxın dörd ildə ABŞ-ın Yaxın Şərqdəki olaylara eyni prizmadan yaxınlaşacaq olması buna önəmli təkan olmuşdur. ABŞ-dakı prezident və ya hökumət dəyişikliklərinin bu ölkənin xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir etmədiyi barədə keçən yazılarımızda nəzərinizə çatdırmışdıq. Sadəcə bəzi hadisələrə yaxınlaşmada kiçik nüanslarda fərqlilik ola bilər ki, prezident postundakı şəxsin dəyişib dəyişməyəcəyinin gözlənməsi məhz bununla bağlı idi. İndi Barak Obamanın daha dörd il yerində qalacağının qətiləşməsindən sonra Suriya müxalifətinin liderinin açıqlanması əslində bunun daha öncə beynəlxalq siyasət mətbəxində hazırlandığına sübutdur. Sadəcə açıqlanması üçün müəyyən müddət gözlənmişdir. Bilmək olmaz, bəlkə də bunun üçün Rusiya və Çinin də razılıqları alınmışdır. Bunu hər halda yaxın gələcəkdə görəcəyik.
Bu dövlətlərin razılığını almaq və Suriyada ABŞ-a mane olmamalarını təmin etmək üçün əlbəttə ki, onlara hansısa güzəştlər edilmişdir. Amma daha indidən bizim bunu bilmə kimi bir şansımız yoxdur.
Hələ bir neçə həftə öncə Rusiya Xarici işlər naziri Fransada fransız həmkarı ilə görüşündə Suriyada qan axmasını durdurmaq üçün beynəlxalq oyunçuların bu ölkədə muhattab ala biləcəkləri müxalifət liderinin olmadığını bildirmişdi. İndi ABŞ və digər dəstəkçilərinin əlində fakt var artıq. Buyurun, bu da sizə vahid müxalifət lideri deyəcəklər. Amma məsələ burasındadır ki, Rusiya bu nömrələri yeyəcək qədər zəif deyil artıq. Onlar Bəşər Əsadın qara qaşına, qara gözünə asiq olmayıblar və dünya supergüclərindən biri olaraq maraqlarının təmin olunmasını istəyəcəklər. Əlbəttə burda istəyən rolunda ABŞ-dır və təbii ki, Rusiya bu durumda kadr prinsipi ilə hərəkət edəcəkdir.

Muzdlu döyüşçülər kimlərdir?

ABŞ-ın hər şeyə rəğmən dirənən Əsəd qarşısında müxalifətə maliyyə və digər dəstəyi o qədər çılğınca artmaqdadır ki, artıq Azad Suriya Ordusu dollarların bərəkəti sayəsində beynəlmiləl Suriya ordusuna sürətlə çevrilməkdədir. Hətta iş o yerə çatıb ki, ölkələrində yoxsulluğun pəncəsində əziyyət çəkən, balalarına bir tikə halal ruzi qazanmaq imkanı olmayan və qazanc dalınca qürbətə üz tutan insanların bəziləri Türkiyədə çalışmaqdan ümidini itirib müxalifət tərəfindən döyüsmək üçün Suriya Azadlıq Ordusuna qatılmaqdadırlar.
Bəs bu insanlar hansı səbəblərdən muzdlu döyüşçü olmağa razılıq verirlər? Axı, onlar hər halda müharibənin uşaq oyunu olmadığını anlayacaq yaşdadırlar və qürbət ellərdə ölmə, ən yaxşı halda yaralanıb ömürlük şikəst qalma ehtimallarının, evlərinə, ailələrinin yanına sağ-salamat dönmə ehtimalından xeyli yüksək olduğunu bilirlər. Bu halda insanları muzdlu döyüşçü olmağa sadəcə bir səbəb vadar edə bilər. Gündəlik ödənən maksimum yüksək səviyyədə əmək haqqı. Çünki muzdlular nə Bəşər Əsəd düsmənidirlər, nə də müxalifətin qara qaşına, qara gözünə asiq olmayıblar ki, onun hansısa ideyalarından keçəcək qədər ağılsız olsunlar. Bu muzdlular üçün maliyyə qaynaqlarını təmin edən maliyyə mənbələri haqqında yuxarıda bəhs etmişdik. Bir daha bu mövzuya qayıtmaq istəmirəm.
Sadəcə qeyd etməyi vacib bildiyim bir nöqtə var ki, bu da Suriya müxalifətinin toruna düşərək pul qarşılığında döyüsməyə razı olan insanların içində artıq Azərbaycan vətəndaşlarının da aşkarlanmasıdır. Belə ki, döyüslərdən birində hökumət qüvvələri öldürdükləri döyüsçülərdən birinin üstündən çıxan sənədlər onun Azərbaycan vətəndaşı, Qusar rayonunda doğulmuş Zaur İsmayılova məxsus olduğunu göstərməkdədir. Otuz yeddi yaşlı bu insan hər halda evli idi və onun ölümü həyat yoldaşını dul, uşaqlarını yetim qoydu. Doğrudur Zaur İsmayılovun anası oğlunun aylar öncə qazanc dalınca Türkiyəyə çalışmağa getdiyini və hələ dönmədiyini deyir. Amma Türkiyənin Suriya müxalifətinə ABŞ-ın istəkləri istiqamətində hər cür dəstəyi verdiyi açıqdır və hətta onların özləri belə bunu gizlətməyə ehtiyac görmürlər. Ayrıca keçən yazılarımızın birində Türkiyə Respublikasının Hatay vilayətindəki qaçqın düşərgələrinin birinin əslində müxalifət döyüşçüləri üçün təlim və istirahət bazası olaraq istifadə edilməsi barədə yayılan məlumatlar, bu barədə Cumhuriyyət Xalq Partiyasının apardığı araşdırmalar barəsində bəhs etmişdik. Suriya müxalifəti bu qədər rahat hərəkət imkanları ilə təmin olunduğu bir ölkədə şübhəsizdir ki, muzdlu döyüşçülər toplamaq üçün də hansısa fəaliyyətlər içində ola bilər. Elə güman ki, Zaur İsmayılov da bu fəaliyyətlər nəticəsində muzdlu döyüşçü olmağa razılıq vermişdir. Hələlik bizim vətəndaşlarımızdan dəqiqləşən, Zaur İsmayılovun muzdlu əsgər olaraq Suriya müxalifəti tərəfindən döyüşməsidir. Çünki onun şəxsiyyətini təsdiq edən sənədlər öldürülmüş muzdlulardan birinin üzərindən tapılıb.
Gəlin bir az da bu Qusar sakinini aparıb Suriya torpaqlarına çıxaran və ölüb orda qalmasına səbəb olan səbəblər üzərində duraq. Hansısa yerli telekanalı açmağına peşmansan ki, pafosla Azərbaycanın nəhəng iqtisadi dirçəlişindən utanıb qızarmadan danışırlar. Amma məsələn heç yerdə benzinin Türkmənistandan dörd dəfə bahalı olduğunu demirlər. Eləcə də daxili təyyarə reyslərinin ən az üç dəfə bahalı olduğunu, orda maaşların bizdəkindən daha dolğun olduğunu heç demirlər.
Məsələ bizim hökumət tərəfdarlarının bizim əslində nə qədər pis yaşadığımızı ört -basdır etmək istəməsində və təəssüf ki, çoxumuzun da buna aldanmasındadır. İnsanlar öz evlərində normal həyat səviyyəsini təmin edəcək qədər, ən azından minumum normalar daxilində dolanışıq mənbələri tapsalar niyə qürbət eldə, yad qapısında nökərçilik eləməyə razı olsunlar ki? Bu sadəcə Zaur üçün deyil, çalışmaq üçün Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrə üz tutan vətəndaşlarımıza da aiddir. Bu gün hər tərəf qadın alverinin qurbanları ilə doludur. Hər halda bu insanlar normal insanlardırlar və hər hansı birinin ağlından şikayəti olduğuna inanmıram ki, durub-dururkən burda yaxşı yaşayışdan, normal işdən, evinin içində pul qazanmaqdan imtina edib qürbətə düşsünlər.
Əlbəttə ki, həyat onları vadar edir. Yoxsulluq, səfalət və bunların pənəsindən qurtulma istəyi. Hər kəs yaxşı yaşamaq istər, kimsə çətinlik çəkmək istəməz, hələ bir gün öləcəyini, qarşı tərəfin gülləsinə tuş gələcəyini bilə-bilə gözübağlı ölümə getmək istəməz. Öncə ölkəmizdə bu problemləri aradan qaldırmalıyıq ki, insanlarımız istər muzdlu əsgər olaraq, istərsə də digər şəraitlərdə qürbət torpaqlarda olmasınlar.

"Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий