18.12.2012

ZÜLMƏ SƏBR?!

Hilal Məmmədov
Vicdan məhbusu

Rəvayət olunur ki, bir gün imam Şibli (r.a.) ruhi xəstəxanada müalicə olunmalı olur. Bir dəfə dostları toplaşıb ona baş çəkmək istəyirlər. İmama yaxınlaşıb hal-əhval tutmağa hazırlaşdılar ki, o, qəfildən yerə əyilib əlinə bir çınqıl (kiçik daş parçası) götürür. Dostları hürküb, hərə bir yana qaçır. İmam Şibli (r.a.) arxalarıyca qəh-qəhə çəkərək deyir: bunca idimi dostluğa sədaqətiniz? Onun bu xəstə halındaki kiçik bir daş qırıntısından ibarət cüzi yükünə (cüzi zülmə) SƏBR (tablaşmayıb) etməyib qaçdınız?!
Bu kiçik bir rəvayətda “dostluq”, “səbr”, “zülmə səbr” və i.a. kimi mühüm mövzularla bağlı neçə-neçə dərin, ibrətamiz fikirlərin səsləndiyi aydındır...
Əlbəttə, “zülmə səbr” heç də o demək deyil ki, gözünün önündə sənə, ya bir kimsəyə zülm edilə və sən də bu zülmü (dəf etməyə imkanın ola-ola) susqunluqla qarşılayasan. Əsla yox!
Belə ki, ən böyük zülmü, ilk öncə, insan özü-özünə qarşı edir və “əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə bir canlı belə qalmazdı. Amma, O, onlara möhlət, vaxt verdi... Əcəlləri gəldikdə isə nə bir an tez, nə də bir an gecikər...” (Quran, 16: ən-Nəhl: 61). Əslində, bu ayə Allahın “SƏBİR” ismini əks etdirir. O, öz səbriylə insanları öz zülmündən üz döndərməyə, HAQQ yola gəlməyə çağırır.
İnsanın özü-özünə zülmü və Allahın buna SƏBRİ barədə ən ibrətamiz misal kimi Yunus (ə.s.) peyğəmbərlə bağlı məlum əhvalatı xatırlamaq olar: O, azan xalqının heç cürə HAQQ yoluna gəlmədiyini görüb, yəni, insanların zülmünə SƏBR etməyib, qəzəblə onları tərk edir. Nəticədə, dənizdə iri bir balığa (balinaya) yem olaraq, onun qarnında - zülmət bir zindanda öz qüsurunu anlayıb Xaliqinə etiraf edir: “...La ilahə illa əhtə sübhanəkə inni küntüm minəz zalimin” (Quran, 21:əl- Ənbiya:87), yəni: “...mən həqiqətən də özümə zülm edənlərdən oldum...”. Allah Yunus (ə.s.) peyğəmbərin tövbəsini qəbul edir, onu bağışlayır, o , bu “zindandan” azad olaraq xalqının yanına qayıdır və insanları səbrlə (!) HAQQ yoluna gətirərək xalqını xilas edir. Yeri gəlmişkən, bu sətirlərimi oxuyan cəmi məhbus qardaş-bacılara da bu duanı tez-tez təkrarlamalarını tövsiyyə edərdik, inşallah, xeyri olar...
Yunus (ə.s.) peyğəmbərə aid gətirilən bu misal ölkəmizin azadfikirli, əhli-iman sahibləri üçün də bir ibrət – nümunə ola bilər: belə ki, ən adi bəşəri haqqına sahib çıxmaqdan belə çəkinən və bu haqqı bir qarın çörəyə qurban verməyə hazır olan xalqından incimək, ona qəzəblənmək yox, əksinə, səbrlə onu HAQQ yola dəvət etmək gərəkdir. Əlbəttə, bu yolda digər ən böyük çətinlik - həm də xalqı bu günə salmaqda az rolu olmayan zalım hakim zümrənin özünün də müəyyən təqib, təzyiq, həbs və hətta qətllərinə belə məruz qalmaqdır. Bununla belə, yenə də - “bizi HAQQa gedən yola yönəltdiyi halda, Allaha necə təvəkkül etməyə bilərik?! Bizə verdiyiniz əziyyətlərə SƏBR edərik...” (Quran,14: İbrahim:12) ayəsini əsas götürərək, həm o azan xalqla, həm də o azğın hakim zümrə ilə “Allaha təvəkkül!”, deyib SƏBRLƏ işləməkdən başqa digər bir yolumuz-çarəmiz yoxdur...
Bu yol – doğrudan da xeyli çətin, ağır olub, HAQQ naminə savaşda bizi ruhdan düşməməyə; zəiflik göstərməməyə; bir kimsəyə boyun əyməməyə çağırır... Xaliqimiz bunu öz ən sevimli bəndələrinin misalında nümunə gətirir: “Neçə nəbilər, Rəblərinin qulluğunda duranlarla birgə Allah naminə savaşda başlarına gələnlərdən asılı olmayaraq ruhdan düşmədilər, zəiflik göstərmədilər, boyun əymədilər, Allah səbr edənləri sevər!” (Quran 3: Ali-İmran: 146). Demək, zülmə qarşı da səbrlə mübarizə aparmaq gərəkdir. Başqa sözlə desək, SƏBR – HAQQ yolda mübarizə aparan xeyirxah əhli-iman sahibinin əlində həm qılınc, həm də qalxan olub, zülmü yarmaq üçün ən uğurlu silahdır! Məhz “Əsr” (Quran: 103) surəsinin minlərlə hikmətlərindən biri də bu formula üzərində qurulmuşdur: “And olsun Əsr namazına ki, həqiqətən də insanlar ziyan içərisindədirlər, o kəslərdən qeyri ki, iman gətirib xeyirxah işlər görər və bir-birinə HAQQlı və SƏBRli olmağı tövsiyə edərlər...” Zülmə qarşı mübarizədə cəmi HAQQsevər və xeyirxah əhli-iman qardaş-bacılarımıza Allahdan SƏBR diləyirik, İnşallah!!!
“Səyəc əlullahu bə’də usrin yusra” (Quran; 65:ət-Talak:7) Allah hər zülmü (çətinliyi) rahat (asan) bir sonluqla bitirər...

azadliq.info

Комментариев нет:

Отправить комментарий