12.03.2013

Dünənim, bu günüm, sabahım

Aqşin Rafiqoğlu

Açılır yeni bir səhər, sökülür yeni bir dan,
Günəş yararaq üfüqü, buludlar arxasından,
Göydən yerə nur çiləyir, başlayır yeni bir gün,
Yeni istək, arzularla, başlayır yeni zaman.

Dünən artıq oldu keçdi, qaldı xatirə payı,
Əbədi yaddaşımıza, yazdı illəri, ayı,
Giley-güzar olubsa da, dünən keçənlərimiz,
Şükürlər olsun, dünənim keçməyibdir havayı.

Dünənim artıq xatirə, dünənim geri dönməz,
Dünənim odlu həsrətim, qəlbimdə odu sönməz,
Keçsə zaman, qərinələr, olsa hər kəsə bəlli,
Dünənim mənim sirrim, bu sirri heç kəs bilməz.


Bu günüm yaşayışımdır, mənim real həyatım,
Bu günüm mənim ömrümdür, hər dəqiqəm, saatım,
Acılarla dolu şirin, şirin-şəkər bir acım,
Bu günüm nəğməm, laylam, gözü yaşlı bayatım.

Bu günüm sabaha çarə, dərmansız bir əlacım,
Bu günüm hicranla dolu, sabaha inam, acım,
Öyrəndiyim, bildiklərim, bəyəndiyim, sevdiyim,
Bu günüm arzuyla dolu, ümüdim, bəxti-tacım.

Sabah bizə nə olacaq, bəlli deyil heç kəsə,
Sabahı yaşamaq üçün insan gəlir həvəsə,
Bu gününü elə yaşa, sən qururla fərəhlə,
Bu gününlə gələn sabah, keçməsin heç əbəsə.

Sabahım görünməz pərdə, sabahım zülmət qara,
Sabahım xoşbəxt, kübar, yoxsa düşəcəm dara,
Yoxsa veyil, avara, sabahım mənim sual,
Allahın köməyi ilə yetərik bir vüqara.

Dünən yarın oldu keçdi, dünən dönməz bir daha ,
Bu günüm arzuyla dolu, ümidimdir sabaha,
Sabahım görünməz pərdə, sabahım mənim sual,
Sabahı yaşamaq üçün, dua edək Allaha!

Комментариев нет:

Отправить комментарий