17.03.2013

Haracan lazımdısa, gedək, itirim səni...

Ramil Əhməd

İndiyə kimi hansı gənc imzanın üzə çıxmasında sənin xidmətin olub?


Qismətin Əsəd Cahangirin ad gününə yazdığı məqalədən bəzi cümlələri sənə Novruz hədiyyəsi edirəm ki, papağın boş qalmasın

Ədəbi mühitdə bəzi adamlar dünən bir söz deyib, sabah da başqa bir söz deyir, sonra da başqalarını hərdəmxəyal, hər fəsildə bir fikrə düşən adlandırır, bir sözlə hidrometeoroloji proqnozlar verir, öz gözlərində tiri görməyib özgəsində qıl axtarırılar. Uğursuz tənqidçilik, şairlik və biabırçı nasirlik cəhdlərindən sonra yenə də yetənə yetib yetməyənə bir daş atmaqdan əl çəkməyən Qanturalı indi də mənə ilişməyə qərar verib.

Yəni mıs-mıs eləyəndən sonra, axır ki, mustafasını deyir və Kulis saytında “Gedək ötürüm səni” adlı “məqalə”sində yazır:
“... Əsəd Cahangir gənc ədiblərlə görüşdə “Biz bütün hallarda yaddan çıxarmamalıyıq ki, azərbaycanlıyıq” kimi dərin fəlsəfi fikirlər irəli sürürsə, ardınca gənc bir şairin şeirlərində maraqlı tapıntılardan danışır, onun şeirini ədəbiyyatımızın böyük uğuru adlandırırsa, ardınca da həmin gənc şair Əsədin “Kim yatmış, kim oyaq” kitabını “Son illərdə oxuduğum ən yaxşı kitab” adlandırır və gəncləri Əsədin yazılarından öyrənməyə çağırırsa, deməli alan razı, verən razıdır və ŞAİR-TƏNQİDÇi dialoqu ən yüksək bədii həddə çatmışdır....”.
Qanturalının haqqında danışdığı o gənc şair mənəm və əvvəla, kimisə tərif, kimisə tənqid edəndə ondan icazə almağa özümü borclu saymıram. İkincisi, Qanturalıya məsləhət görərdim ki, qocalardan yazıb, yazıb, yorulub (axırda da onlarla çay stolu arxasında çay içmək arzusuna düşüb!!!) indi də cavanlara keçməsin. Nə bilir, bəlkə, elə 2-3 ildən sonra bizimlə də çay içmək arzusuna düşəcək. Amma unutmasın ki, yüz mərd ilə zəhər içsən, şirindir, Qanturalı ilə şəkər yesən dad olmaz!
Əsəd Cahangirin məni təqdir etməsindən narahat olan Qanturalıya bir sualım var: İndiyə kimi hansı gənc imzanın üzə çıxmasında sənin xidmətin olub? “Kulis+” çap elədiyin adamların səviyyəsi, Kulisdə qurduğun bayağı diktatura hamıya məlumdur. Niyə kürkünə birə düşüb? Axı məndən neçə il öncə, sənin dostun Qismət Əsəd Cahangir haqqında daha geniş təriflər yazıb. Bəs, ona niyə etiraz etmirsən? İnanmırsansa, Qismətin Ə.Cahangir haqqındakı yazısından bu sitata bax:
“Bütün yazılarında quru akademizmdən qaçan Əsəd Cahangir, öz gecəsinin səhərindən xəbərsiz və ümidsiz olan çağdaş tənqidin başı üstündə günəş kimi doğdu. Onun dəqiq təhlillərindən, ədəbi diaqnozlarından qorxanları, iti qələmindən çəkinənləri yaxşı anlayıram. “Günəşdən gizlənən yarasalardı...”. Qanturalı, sənin son vaxtlar böyük narahatlıq keçirməyin, doğrudan da, S.Vurğunun yarasalarla bağlı bu məşhur aforizminin həqiqət olduğunu sübut etmirmi?
Yaxşı, Qismət bir yana, tutaq ki, ona irad tutmağa gücün çatmır, bəs, son vaxtlar sənin saytında yazıları görünməyə başlayan Elvinə niyə irad tutmursan? Axı, “Tənqidi yanaşmayla təhqiri yanaşmanı qarışıq salan bəzi “ziyalı” gənclərimizə böyük tənqidçi, ustad Əsəd Cahangir məktəbindən bir daha keçməyi məsləhət görürəm. Əgər, qismət olsa!” cümləsinin müəllifi mən deyiləm, Elvindir. Qanturalı, Allah bu məktəbdən, ümumən hansısa məktəbdən keçməyi sənə də qismət eləsin. Bəlkə, savadlanıb sağını-solunu dalamayasan, bayağı yazılar yazmayasan!
Novruz Bayramının yaxınlaşması münasibəti ilə kulis.az-ın bütün əməkdaşlarını sən başda olmaqla təbrik edir, sizə işlərinizdə uğurlar arzulayıram. Qismətin Əsəd Cahangirin ad gününə yazdığı məqalədən bəzi cümlələri sənə Novruz hədiyyəsi edirəm ki, papağın boş qalmasın.
Qismət belə buyurmuşdu :
“Əsəd Cahangir yeganə tənqidçidir ki, müəlliflərdən yox, mətnlərdən yazır.”
Daha sonra buyurmuşdu:
“Əsəd bəyin ədəbi tənqiddə nonkonformist xətti təmsil etməsini bir az da açaq. O, obrazlı desək mətnlərinin “söz və musiqisini” özü yazır. Çağdaş ədəbi tənqiddə tənqidçi səsi bütün notlarda işləyən yeganə adam məncə odur.”
“Əsəd Cahangirin mətnləri isə doğulan kimi yeriyir, müəlliflə addımlayır, söhbət eləyir, oxumağa kitab da verir.”
“O ədəbiyyat meydanını bötüvlükdə görəndi. O ədəbi tənqidin “bir nömrə”sidi.”
“Onun haqqında o qədər yazmaq olar ki, hardan başlamalı olduğumu, əsasən nəyi yazmalı olduğumu dəqiqləşdirə bilmirəm. İndi kondisionerin süni sərinliyində sərinləməyə çalışa-çalışa bütün lüğətlərdəki sözlərə məktub göndərirəm ki, mənə bircə söz, bircə cümlə tapsınlar ki, Əsəd Cahangiri təbrik etməyə gücü çatsın. Bütün məktublarıma gələn cavablar ağaappaq vərəqlər olur... Kafkanın gündəliyində çox sevdiyim bir cümlə var: “Onunla mənim aramda bir savaş var və mən bu savaşda onun tərəfindəyəm”. Tənqidçi Əsəd Cahangirlə ədəbiyyatın arasında bir savaş var və bu savaşda o, ədəbiyyatın tərəfindədi.”
Qanturalı, mənim bircə cümləmin üstündə bir köşə yazısı qurmusansa, Qismətin yazısı üzərində epopeya yarada bilərsən. Axı sən hər şeyi başqalarının nəyininsə üstündə qurursan! Çünki istedadın yoxdur. Özün yoxsan! Ona görə də, haracan lazımdısa, gedək, itirim səni...
Yeri gəlmişkən, bir söz deyim. Əsəd Cahangirin tənqidçiliyi, şairliyi səni ömrün boyu narahat edib, bunun səbəbi aydındır. Bəs, onun mahnı bəstələməyi niyə səni belə narahat edir? Mahnı haqqında kənd palatka toyları üçün yarayar yazırsan. Xoşuna gəlmirsə, bəyəndiyin bir bəstəkara zakaz ver, sənin üçün rayon mehmanxanaları səviyyəsində bir mahnı bəstələsin...

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий