08.03.2013

İRAQ 10 İLLİK İŞĞALDAN SONRA-TARİXİ DƏRS

Mayis Güləliyev

Neft və Qaz Sazişlərinin bağlanması tarixi cəmiyyətdən gizlədilən, lakin ölkə tarixinin əsil mahiyyətini müəyyən edən tarixdir!

ABŞ-ın İraqı işğal etməsindən 10 il ötdü. Son 10 ildə ABŞ-ın Yaxın Şərqdə və dünyanın digər bölgələrindəki qlobal siyasəti “demokratiya” pərdəsi altında nələrin gizləndiyini sübut etdi. İndi çox az adam tapılar ki, ABŞ- İraq müharibəsinin demokratiya uğrunda və ya terrora qarşı müharibə olduğunu düşünsün. ABŞ-Yaxın Şərq əlaqələrindən az da olsa xəbəri olan hər bir kəsə bəllidir ki, bu müharibənin əsasında İraqın və Yaxın Şərqin digər bölgələrinin malik olduğu çox zəngin neft yataqları dayanır.

Yaxın Şərq ölkələrinin, o cümlədən, İraqın zəngin neft yataqlarının ələ keçirilməsi hələ XIX əsrin sonu XX əsrin  əvvəllərindən Böyük Britaniyanın, sonralar isə ABŞ-ın xarici siyasətinin prioriteti kimi qiymətləndirilmişdir. Böyük Britaniyanın Müharibə Kabinetinin Birinci Katibi  Maurise Hankey 1918-ci ildə yazırdı ki, «İndiki müharibədə kömürün yerini növbəti müharibədə neft tutacaqdır və ya onlar uğrunda mübarizə eyni dərəcədə vacib olacaqdır. Britaniyanın nəzarətində ola biləcək əsas potensial yataqlar yalnız Fars və Mesopotamiya yataqları ola bilər. Bu neft yataqlarının ələ keçirilməsi Britaniya müharibələrinin  əsas məqsədi olmağa başlayır».
Birinci Dünya müharibəsindən qalib çıxmış Böyük Britaniya doğrudan da sonralar bu yataqların ələ keçirilməsini bir müddət reallaşdıra bildi. İkinci Dünya müharibəsindən sonra da Yaxın Şərq neft yataqlarının ələ keçirilməsi və nəzarətdə saxlanması ABŞ və Böyük Britaniyanın hər ikisinin xarici siyasətinin prioriteti olaraq qaldı. ABŞ Səudiyyə Ərəbistanının neft yataqlarına «dünya tarixində ən böyük maddi nemət  və strateji güc üçün mühüm əhəmiyyəti olan mənbə» kimi baxırdı.
Yaxın Şərqdə mövcud neft yataqları bu gün də  Böyük Britaniyanın və ABŞ-ın strateji məqsədləri kimi prioritet əhəmiyyət kəsb edir. II Dünya müharibəsindən sonra ABŞ-ın nüfuzunun güclənməsi, “Soyuq müharibədən”  sonra isə daha da möhkəmlənməsi “neft uğuruna müharibənin” xarakterini də xeyli dəyişdi. Belə ki, əvvəllər bir-biri ilə açıq rəqabət aparan “böyük güclər” XX əsrin sonu XXI əsrin əvvəllərində ABŞ-ı “enerji təminatçısı” kimi sakitcə qəbul etməyə, bu ölkənin Üçüncü Dünya ölkələrinə qarşı işğalçılıq siyasətinə göz yummağa nəinki məcbur oldular, hətta öz siyasətini həyata keçirməkdə ABŞ-a yaxından kömək göstərməyə məhkumdurlar. Son 50 ildə neft və qaz yataqlarına, nəqliyyat infrastrukturuna nəzarəti ələ keçirən ABŞ  XXI əsrdə Yeni Dünya Düzəni formalaşdırmaq ümidindədir.
Əlbəttə, enerji mənbələri üzərində nəzarətin təmin edilməsi metodları zamanla dəyişmiş, ölkələrin hərb yolu ilə klassik müstəmləkə vəziyyətinə salınmasından və ya yerli hökumətlərin məhv edilməsindən tutmuş, yeni müstəmləkəçilik formalarının işlənməsinə qədər uzun “inkişaf yolu” keçmişdir. Dəyişməyən  isə əsas məqsəddir: enerji resurslarının və digər sərvətlərin ələ keçirilməsi və onlar üzərində nəzarətin təmin edilməsi.  Əgər ABŞ-İraq müharibəsinin tarixi gedişini yada salsaq və ABŞ-ın digər «müştəri ölkələrdə»ki fəaliyyəti ilə, məsələn Azərbaycandakı fəaliyyəti ilə müqayisə etsək, ABŞ-İraq və ABŞ-Azərbaycan münasibətlərinin inkişaf xətlərində ciddi paralellik müşahidə etmək olar. Hər iki halda hadisələrin kulminasiyası yerli hökumətlərlə ABŞ-ın nəzarətində olan şirkətlər arasında Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) bağlanmasıdır. Hasilatın Pay Bölgüsü Sazişlərinin bağlanması tarixi bütün ölkələrdə ictimai-siyasi elitadan və cəmiyyətdən gizlədilən, lakin ölkə tarixinin əsil mahiyyətini müəyyən edən tarixdir.
Hasilatın Pay Bölgüsü Sazişlərinin bağlanması tarixinin bir neçə ölkədə araşdırılması bunu deməyə əsas verir ki, belə sazişlər əsasən vətəndaş qarşıdurmaları və yerli hökumətlərin ciddi çətinliklər qarşısında qaldığı ictimai-siyasi şəraitdə imzalanır. Məhz belə siyasi və iqtisadi çətinliklər şəraitində imzalanmış HPBS «müştəri ölkənin» sonrakı dövrlərdə ABŞ-dan və onun nəzarətində olan Maliyyə İnstitutlarından ciddi asılılığını təmin edir.  Yerli qanunlardan daha üstün gücə malik olan HPBS əslində, təbii sərvətlərin ABŞ-ın nəzarətində olan şirkətlər tərəfindən «özəlləşməsidir».
Beləliklə, ABŞ-İraq,  ABŞ-Azərbaycan və ABŞ-ın digər ölkələrlə münasibətlərini  əsasən iki tarixi dövrə bölmək mümkündür: HPBS imzalanana qədər olan dövr və HPBS imzalandıqdan sonrakı dövr. Birinci dövrdə ABŞ-ın bütün səyləri bu sazişin imzalanmasına yönəlirsə, ikinci dövrdə bütün səylər imzalanmış sazişin yerinə yetirilməsinə və nəzərdə tutulan gəlirlərin əldə edilməsi üçün münbit siyasi şəraitin yaranmasına və saxlanmasına yönəldilir.
Təqribən 200 milyard barel neft ehtiyatı olan İraq dünyada neft ehtiyatının miqdarına  görə üçüncü yerdədir. Başqa sözlə desək, dünya neft  ehtiyatın təqribən 10% onun,  1%-ə yaxını isə Azərbaycanın payına düşür. 1970-ci illərdə Yaxın Şərqdə əsas neft sənayelərinin milliləşməsinə qədər buradakı neft yataqları Qərbin, xüsusilə ABŞ-ın birbaşa nəzarətində  deyildi. Əsasən Şimal dənizində və Alyaskada fəaliyyət göstərən  qərb şirkətləri sonralar Xəzər dənizinə və Qərbi Afrikaya doğru «hərəkət etməyə başladılar».
Təəssüf ki, ABŞ-ın enerjiyə olan ehtiyacı və getdikcə artan istehlak həcmi neftlə zəngin ölkələrlə demokratik və beynəlxalq hüquqa əsaslanan əlaqələrin qurulmasına şərait yaratmadı, əksinə çox hallarda ABŞ hərbi gücdən istifadə etməyə və bu ölkələrin «müştəri ölkələrə» çevrilərək ondan iqtisadi və siyasi asılı olmasına üstünlük verdi. 1999-cu ildə Londonun Neft İnstitutunda çıxış edən, o vaxtlar Halliburton şirkətinin İcraçı direktoru olmuş Dik Çeyni qeyd etmişdir ki, «2010-cu ildən başlayaraq biz hər gün daha 5 milyon barelə ehtiyac hiss edəcəyik. Bəs bu 5 milyon bareli biz haradan əldə etməliyik. Baxmayaraq ki, dünyanın bir çox regionları neft imkanlarını təklif edə bilərlər, lakin dünya neft ehtiyatının üçdə ikisinə malik olan və daha ucuz başa gələn Yaxın Şərq nefti diqqət mərkəzindədir». İki il sonra  Buş hökuməti D. Çeynini  uzun dövr üçün enerji təhlükəsizliyi problemlərini həll etmək məqsədilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin edir. ABŞ-ın enerji təhlükəsizliyində Yaxın Şərqin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən şəxsin belə yüksək vəzifəyə təyinatı regionun ABŞ xarici siyasətində mərkəzi prioritet olduğundan xəbər verirdi.
İraq neftinin nəyin bahasına olursa olsun ələ keçirilməsi məsələsi dəfələrlə ABŞ və Böyük Britaniya dövlətlərinin ən yüksək rəsmiləri tərəfindən müzakirə edilmişdir. Hətta 2002-ci ilin aprelində C. Buş və T. Bleyer arasında ABŞ-Böyük Britaniya ikitərəfli Enerji Dialoqu yaradılmışdır. Bu Dialoq Enerji məsələlərində əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsinin, həmçinin Yaxın Şərq neftinin  nəzarətə alınmasının vacibliyini qeyd edirdi. Məhz bu Dialoq yaxın on illərdə neftin həcminin 120 milyon barelə çatdırılmasını və Yaxın Şərqdə neft yataqlarının nəzarətə alınması yolu ilə bu regiondan çıxarılan neftin həcminin hər gündə 23 milyon bareldən 52 milyon barelə çatdırılmasını nəzərdə tuturdu. Oxucunun diqqətini, bir daha, bu Dialoqun yaradıldığı tarixə yönəltməyi vacib hesab edirəm: 2002-ci ilin apreli. Bu dövr ABŞ-İraq qarşıdurmasının ən kəskin dövrlərindən biridir. Hadisələrin kulminasiyaya yaxınlaşdığı dövrdür. Məhz bu dövrdə sonralar Buşun iqtisadi məsələlər üzrə məsləhətçisi olmuş Larry Lindsey İraqla müharibənin əsil mahiyyətinin neftlə bağlı olduğunu və ABŞ iqtisadiyyat üçün xeyirli olacağını gizlətmirdi.
Bu dövrdə ABŞ və Böyük Britaniyanın nəzarətində olan kütləvi informasiya vasitələri, siyasilər İraqda atom silahının olması təhlükəsinə bütün dünyanı inandırmağa çalışırdılar və ABŞ hərbi qüvvələri beynəlxalq hüquq normalarını pozaraq İraqa təcavüz etdi.
Qeyd edək ki, ABŞ-ın İraqa təcavüzünə  haqq qazandırmaq üçün bütün vasitələrdən istifadə edilirdi. Bu təcavüzə haqq qazandırmaq üçün İsrail mediası daha çox canfəşanlıq göstərirdi. İraqda insan hüquqlarının  pozulması və demokratik dəyərlərin tapdanması faktlarının  geniş kütlələrə müvəffəqiyyətlə «sırıdılması» çox hallarda ABŞ-ın əsas maraqlarını gizlətməsinə şərait yaradırdı.
Maraqlı faktdır ki, 2002-ci ildə hələ ABŞ-İraq müharibəsi başlamamış Dövlət Departamenti tərəfindən İraq neftinin gələcəyi haqqında işçi qrupu formalaşmışdır. Bu qrup İraq neftinin müharibədən sonra ABŞ-ın nəzarətinə keçməsi mexanizmlərini və hansı şirkətlər arasında «bölüşdürüləcəyini» hüquqi cəhətdən işləməli idi. Başqa sözlə desək, elə hüquqi çərçivə yaradılmalı idi ki, neftin ABŞ tərəfindən faktiki olaraq «özəlləşdirilməsi» hüquqi cəhətdən hiss olunmasın və neft şirkətləri ABŞ-ın enerji təhlükəsizliyini təmin etməklə bərabər, həm də maksimum gəlir əldə etsinlər. Əlbəttə, belə mexanizm kimi ən geniş yayılmış variantdan, yəni HPBS-dən istifadə etmək qərara gəlinmişdir. .
İraq neftinin ABŞ tərəfindən faktiki «özəlləşdirilməsi» əsasən üç mərhələni keçmişdir. Birinci mərhələdə hakimiyyət koalisiya qüvvələrində və İraq İdarə Şurasında,  İkinci mərhələdə İraqın Müvəqqəti hökumətində , üçüncü mərhələdə isə yeni yaradılmış Keçid hökumətində olmuşdur. İraqın yeni Konstitusiyası üçüncü mərhələdə  hazırlanmışdır. Bu tarixi mərhələlərin hər birinin neft sazişlərinin şərtləri ilə və İraq xalqının gələcəkdə neft ixracından əldə edə biləcəyi mümkün gəlirlərin miqdarı ilə birbaşa əlaqəsi var. Məhz birinci dövrdə – müharibənin ən şiddətli dövründə Neft Naziri təyin edilən Bahr al-Uloum  neft hasilatı üçün HPBS hazırlanmasını və bu sazişlərdə üstünlüyün ABŞ  və Avropa şirkətlərinə verilməsini zəruri hesab etdi.
BMT tərəfindən İraqa tətbiq edilən sanksiyalar İraq hökumətinə neft sənayesini müasirləşdirmək imkanı verməmişdi. Buna baxmayaraq ABŞ təcavüzündə qədər İraq neft sənayesi BMT-nin “neft əvəzinə ərzaq” proqramı çərçivəsində hər gün 2 milyon barel xam neft ixrac etməyə müvəffəq olurdu. Təcavüzdən sonra ABŞ şirkətləri İraqdan hər gün 7 milyon barel neft ixrac etməyi planlaşdırırlar. Qeyd etmək vacibdir ki, İraqda neft sənayesinə və ixracatına nə İraq hökuməti, nə də ictimaiyyət tərəfindən nəzarət mexanizmi qətiyyət mövcud deyil. Başqa sözlə desək, “nə qədər istehsal olunur, nə qədər ixrac olunur, nə qədər gəlir götürülür” sualını vermək müşkül məsələdir.
İraq neftinin ABŞ hərbi qüvvələri tərəfindən ələ keçirilməsi və HPBS adı ilə faktiki olaraq  «özəlləşdirilməsi» əslində  İraq xalqının neftdən əldə edə biləcəyi mümkün gəlirlərin böyük bir hissəsinin  mənimsənilməsi ilə nəticələnmişdir. Hesablamalar göstərir ki, əgər neftin bir barelinin qiyməti 40$ olarsa, İraqda imzalanmış HPBS nəticəsində İraq büdcəsi 74 milyarddan 194 milyard dollara qədər vəsait itirir. Bu rəqəm  hər bir yaşlı iraqlının 30 il ərzində orta hesabla 5000 dollar itirdiyindən xəbər verir. Son dövrlərdə neftin qiymətinin xeyli artması, hətta bir barelin qiymətinin 70$ ötməsi İraq xalqının iqtisadi itkilərinin daha çox olduğundan xəbər verir.
Bəs ABŞ-ın qazandığı nə oldu? Dünya neft ehtiyatının daha  10%-ni ələ keçirməkmi, öz iqtisadiyyatını və dollarını  möhkəmlətməkmi, hərb maşınını “yeni qanlı döyüşlər” üçün hazırlamaqmı? İnkaredilməz faktdır ki,  İraq nefti ABŞ cəmiyyətini və iqtisadiyyatını nəzarətdə saxlayan “bir ovuc” oliqarx üçün çox «qiymətlidir», hətta 150000 ABŞ hərbiçisinin və 20 milyon iraqlının həyatından da!
İraq xalqının əsas itkisi isə neft və ondan gələn gəlirlər deyil! Bu, ABŞ hərbi qüvvələri tərəfindən məhv edilmiş günahsız İraqlılardır!  Lakin  mən inanıram ki, min illik tarixi, zəngin mədəniyyəti və milli-mənəvi  dəyəri olan İraq cəmiyyəti gələcəyə və haqq ədalətə inamını itirməyəcək, öz müstəqilliyi, mənəvi dəyəri və azadlığı uğrunda öz birliyini qoruyacaq və işğalçılara qarşı  mübarizəsini genişləndirəcək!

Комментариев нет:

Отправить комментарий