Страницы

14.03.2013

OYUN (CÜZB)


Nisə Bəyim

Əcəb oyuna düşdük

Dedilər, yandırar səni,
Baxmadım,közlə oynadım.
Nə Allahdan, nə bəndədən
Qorxmadım, sözlə oynadım.

Uçdum durna havasında,
Oxudum eşq yuvasında,
Ölüb haqqın davasına,
Dirilib sazla oynadım.

Ox atdılar, yaralandım,
Dağ-dağ olub siralandım.
Döz dedilər, paralandım,
Yaş olub gözlə oynadım.


***
Oyun oynayırıq biz oyun ilə,
Oyun havasına uyur qəlbimiz.
Oyuna giririk oyunumuzla,
Oyun təməlini qoyur qəlbimiz.
Oyun oynayırıq əl havasına,
Ağız havasına, dil havasına.
Gözümüz, qaşımız, ayaqlarımız,
Ruhumuz oynayır qol havasına.
Oyun oynayırıq dərd havasına,
Namərd havasına, mərd havasına.
Saz ilə, söz ilə oynayırıq biz,
Göz ilə, köz ilə oynayırıq biz.
Oyun oynayırıq öz səsimizlə,
Oyuna giririk öz-özümüzlə.
Olumu, ölümü ölüm sayırıq,
Əməli, əcəli oyun sayırıq.
Fələyi, küləyi, taleyi, baxtı,
Oyuna qoyuruq zamanı, vaxtı.
Oyuna qoyuruq öz ömrümüzü,
Udub-uduzuruq öz-özümüzü.

***
Bax, oyunun gözləri
Oyum-oyum oynayır.
Qanı coşur damarda,
Qayım-qayım qaynayır.
Oyunun sevincindən
Sümükləri gül açır.
Çırtlayır arzuları,
Diləkləri dil açır.
Halay vurur, qıy vurur,
Qolları yallı gedir.
Oyunun ayaqları
Gör, necə yelli gedir.
Dövrə vurur, hay vurur,
Halay vurur, qıy vurur.
Əlləri, çiyinləri,
Haraları birləşir,
Ürəkləri birləşir.
Ayaqları güc alır
Bir-birinin dizindən,
Ürəkləri güc alır
Bir-birinin gözündən.
Güc alır arzuları,
Güc alır diləkləri.
Bir-birinə sıxlaşır,
Kipləşir biləkləri.
Güc alır bir-birindən
Oyun şidirğı gedir,
Oyun qızır,elə bil
Ov üstə qırğı gedir.
Oyun doğur oyundan,
Oyun udur, uduzur,
Gah boşalır, gah yanır,
Oyun yenidən qızır.
Oyunun uduzduğu
Göz yaşı, dərd, zəhərdir.
Oyun öz oyununda
Qalibiyyət, zəfərdir.

AÇIQ  OYUN

         Ətrafında saysız-hesabsız oyun halqaları, oyun dairələri elə sıxlaşmışdı ki, özünün oyun çevrələrinin hansı qatında olduğunu artıq müəyyənləşdirə də bilmirdi.
         Bütün ömrünü oyuna həsr eləmişdi.Oyun qaydalarının tarixini öyrənir, oyun nəzəriyyələri haqqında tədqıqatlar aparır, oyun qanunauyğunluqları barəsində kitablar yazır, kəşflər edir, saysız-hesabsız məqalələr çap etdirirdi.Oyunun sosialogiyası, oyunun psixologiyası, oyunun fiziologiyası, oyunun filantropiyası haqqında tədqiqatlardan sonra, yeni bir eşqə düşərək, “Oyun divanı”nı yazırdı. Onun təbirincə, bu, oyunun özünüdərki və etirafı olmalı idi.
         Bütün bu əzab-əziyyətlərə, başgicəlləndirici yaradıcılıq axtarışlarına baxmayaraq, hamının indiyə qədər bildiklərindən bir o qədər də uzağa getməmişdi.Onu da anlamışdı ki, bu insan adlanan məxluq çox inadkar, tərs, zəif və ağılsız bir varlıqdır.Niyə adam yalnız bildikləri şeylər haqqında daha çox düşünür, bilmədiyi və tanımadığı  məfhumları yaxınına, ağlına buraxmaq istəmir? Belə suallar onun yuxusuz gecelerini yorur, ona rahatlıq vermir və gələcəkdə “Oyunun müəmması və qorxusu haqqında” yeni kitab yazmağı planlaşdırırdı.
         Onun oyun sisteminin ən böyük kəşfi bundan ibarət idi ki, oyun qaydalarından asılı olmayaraq,son nəticədə udanlar uduzanları, uduzanlar da udanları məhv etmək arzusunda bulunmalı idilər.
         Onun oyun sistemi yalnız başqaları üçün idi.Özünü isə oyundankənar hiss edirdi.Lakin bu o demək deyil idi ki, o özünü başqasından daha yüngül, daha rahat, daha asudə hiss edir, əksinə, o, şüurlu olaraq özünü ömürlük tamaşaçı peşəsinə məhkum eləmişdi.Öz havasına oynayanlar, özgə havasına canı-dildən oynayanlar və oynaya bilməyənlər, hətta havasız oynayanlar belə ondan xoşbəxt və azad idilər.
         O isə əzabkeş və cəfakeş idi.Arvadı və uşaqları onun yazdıqlarını bir yerə yığır, araşdırır, üzünü köçürür, onunla birlikdə əzab cəkirdilər.Bəlkə də, heç əzab çəkmirdilər, bu, ona belə gəlidi.O hər şeyi əzab pərdəsi arxasından görməyə adət eləməmişdi.Hərə özünə lazım olanı götürür, hərə ondan öz istədiyi kimi istifadə edirdi.Bütün bunları bildiyi üçün daha çox əsəbiləşir, hirslənir, üzülür, get-gedə əldən düşürdü.
         Bir gün ağlına gəldi ki, o hər şeyi ata da bilər, hər şeyi dəyişdirə də bilər, bu sonsuz əziyyətlərdən qurtula da bilər.Bu fikir ağlından  heç keçıb qurtarmamış, heç bitməmiş düşündü ki, bundan sonra nə gəlsə, nə olsa,o da başqa bir oyun olacaq.Nə fərqi, bu oyun olmasın, o biri olsun, hamısı birdir,hamısı oyundur.Həyat onun üçün yalnız oyunlardan ibarətdir.Müdrik bir kədərlə düşünürdü ki, bütün bunları bilə-bilə yaşamaq nə qədər ağır, nə qədər darıxdırıcı, nə qədər mənasızdır.

***
Oyun oyun doğur öz oyununda,
Oyun oyun doğur, oyun gətirir.
Köhnə oyunların kötüyü üstə
Oyun yeni-yeni oyun bitirir.
Təptəzə oyunlar qol-budaq atır,
Oyunlar böyüyür min bir çeşiddə.
Gizli oyunları ötürmək üçün
Oyunlar dayanır indi keçiddə.
Qapı arxasında gedən oyunlar,
Qapalı oyunlar, gizli oyunlar,
Özünə yol cızır, yol hazırlayır,
Fitnəkar oyunlar, nazlı oyunlar.
Siyasət oyunu, millət oyunu,
Rəyasət oyunu, sərvət oyunu,
Nifaq toxumunu səpir torpağa,
Xəyanət oyunu, qəflət oyunu.
Gedir aralıqda şöhrət oyunu,
Fəlakət, rəzalət, töhmət oyunu,
Şəhid duyğuların üstündən keçir,
Cinayət oyunu, nifrət oyunu.
Vaxtla oynanılır şahmat oyunu,
Piyada oyunu, atlı oyunu.
Nə udan bəllidir, nə də uduzan,
Başlayan bitirir matla oyunu.
Ordu da uduzur, şah da uduzur,
Vəzir də uduzur, at da uduzur.
Bu oyun oyundur, oyuna girən
Haqsız da uduzur, haqq da uduzur.

OYUNDA  BİRİNCİ “O” DUR

O – nə mənəm, nə də sən,
O – odur,
oyunçudur.
O, oyuna başlayan,
O, oyuna girəndir.
O-  uduzan,
O -udan,
O – oyunu görəndir.
O – odur,
Oyunçudur.
O, oyunu aparan,
O, oyunu qurandır.
O, oyunu yaradan,
O, oyunu yorandır.
Onsuz  nə bir iş yapan,
Onsuz nə iş görən var.
Onsuz nə toy, nə də yas,
Onsuz nə bir törən var.
O, könüllər fatehi,
O, qəlb xiridarıdır.
O, ürəklər məhrəmi,
O, eşq tacidarıdır.
O, məclislər qaymağı,
O, qeybətlər qaynağı.
O – səni qarşılayan,
O – səni yola salan,
O – hər kəsin qonağı.
O-  fitnəkar,
O -fəndgir,
O -tamahkar,
O- pulgir.
O - fədakar,
o- cibgir,
O- yoldan çıxarandır.
O -hər sirrin sirdaşı,
O -hər dərdin qardaşı,
O -hər yolun yoldaşı,
O-qaldan çıxarandır.
O, hiyləgər, o, zərgər,
O, çilingər, o, misgər.
O, sərkərdə, o, əsgər,
O- qanaqda  gedəndir.
Oyun şəkər, oyun bal,
Oyun dilsiz, oyun lal,
Oyun yaltaq, oyun yal,
Oyun yala yalmanan,
Oyun sözə inanan,
Oyun sözə aldanan,
Oyun zəhərli ilan.
O, oyunbaz, o, işbaz,
O, arvadbaz, o, aşbaz,
O, nağılbaz, o, sözbaz,
Oyun ələ yatandır.
O axtaran, o tapan,
O yox yerdən var yapan,
O, daşdan iş çıxaran,
Hər işdən baş çıxaran,
Oyun dilə yatandır.
O, ümiddir, o, arzu,
O, xəyaldır, o, yuxu,
O, röyalar, o, ilğım,
O, sevgidir, o, duyğu.
O nə mənəm,
Nə də sən.
O odur,
O, oyundur,
o odur,
oyunçudur.

MƏHKUM  OYUN

Arxadan gələn duyğu onu itələdi. Şüurunda bir anlıq qığılcım oyandı və yenə də soruşdu: “Ölən kimdir?” Səsi çıxmadığındanmı və ya onu eşitmədiklərindənmi heç kəs cavab vermədi.Adamlar get-gedə çoxalıb sıxlaşırdı. O da özündən asılı olmayaraq, key-key bu axına qoşulub gedirdi.Qaranlıq idi.Amma hara baxırdısa, ora işıq düşürdü, ona görə də elə bilirdi ki, hər şeyi aydın görür.
Yenə həmin yer idi.Boz-qaranlıq boşluqda qeyri-təbii biçimli təpəlik, qara-sarıya çalan torpaq, baş daşları...Gələcəkləri yer bura idi.Zəndlə ətrafa baxdı.İndi hər şey yaxında idi.Elə bil hara isə dağılan qara-sarı işıq da bir yerə yığılmışdı və yerini dəyişə-dəyişə adamların üzünə düşürdü.Heç kəs nəfəs almırdı, deyəsən, heç burda nəfəs yox idi.İçindəki darlıqdan və gərginlikdən darıxdı.Başından, gözlərindən,əllərindən asılan ağırlığı yox eləmək, nəyi isə anlamaq, dərk eləmək, yada salmaq istəyir, amma get-gedə özündən daha çox uzaqlaşırdı.Ağrıyan gözlərini özündən zorla qopartdı, yan-yörəsinə baxdı.İndi burda çoxlu boş qəbirlər var idi.Yenə də soruşdu: “Ölən kimdir?”
Adamın ucu-bucağı yox idi.İndi onlar ayrı-ayrı adam kimi yox, bütöv bir şəkil kimi görünürdü.Üstünə qara-sarı işıq düşən lövhə. Gördüyünü axıra qədər dərk eləməyə macal tapmamış, möhkəm bir uğultu qopdu.
Haradansa, uzaqlardan bir yığın adam sürətlə təpənin üstünə gəldi, özləri ilə gətirdikləri uca bir adamı ehmalca yerə qoydular. Bu adam o birilərindən fərqlənirdi və yəqin ki, fərqləndiyi üçün də danışmağa başladı. Onun üstünə qara-sarı işıq daha çox düşdüyündən və bu rənglərin çalarlarının itən yerini müəyyənləşdirə bilmədiyindən üzünü yaxşı görə bilmirdi.Diqqətini çox çətinliklə cəmləşdirib ona qulaq asmağa çalışdı.Fəhmlə hiss elədi ki, bu, çox vacib andır, eşidəcəyi sözlərdən çox şey asılıdır.Birdən anladı ki, bu adam danışsa da, səsi ayrı yerdən gəlir və o bu adama yox, o səsə qulaq asmalıdır.Səs isə reproduktordan qopurmuş kimi bərkdən əks-səda verir və dalğa-dalğa onu itələyirdi.O, qulaqlarında və beynində əmələ gələn titrəmə və ağrıdan gözlərini yumdu.Bu an başının, beyninin, huşunun qopuq-qopuq olub harasa dağıldığını hiss elədi.Daha dağılmaq mümkün olmadıqda gözlərini açdı.Hamı ağlayırdı. “Kimdir ölən?”,- ixtiyarsız soruşdu.Qara-sarı şəkil ağlayırdı və ağladıqca onların qara-sarı işığı artırdı.Bu qatı iniltinin,hönkürtünün, hıçqırtının içində tək-tənha qalmışdı.
Uca adam da ağlayırdı, təkcə o ağlamırdı.
Qəbirlər boş idi.O, boş qəbirlərin arası ilə gəzib, diqqətlə adamlara baxmağa başladı.Birdən gördü ki, baş daşlarının üzərində yazılar var.Qara-sarı işıqda bu yazıları oxumağa çalışdı, amma hərflər ona qətiyyən tanış gəlmirdi.Hərflər gözünün qabağında böyüsə də,o bu yazıları oxuya bilmədi.Əllərinə baxa-baxa qaldı.
Qara-sarı lövhə ağlayıb-ağlayıb yoruldu. Adamlar uzun iztirabdan sonra diriləşmişdilər. O da başındakı darlığın az da olsun, genəldiyini duydu. Yenə də möhkəm uğultu qopdu. İndi bu, qara-sarı şəklin uğultusu idi: ehsan verirdilər.
Süfrə hər kəsin qarşısında peyda olur, adamlar istədiyini götürəndən sonra qeyb olur, yoxa çıxırdı.Adamlar itiləşmişdilər. Əvvəlki ağırlıq və süstlük yoxa çıxmışdı.Birdən onu hər tərəfdən dürtmələdilər.Onun növbəsi idi.Qabağında  peyda  olan süfrənin itiliyindən diksindi.Adamlar çığırışır, onu itələyir, tələsdirirdilər.O bu səs-küydən qorxdu və çaşdı.İstəməsə də, əyilib bir tikə çörək  götürdü.Adamlar daha bərkdən çığırışıb, onu hər tərəfdən itələməyə, vurmağa başladılar.O, ətrafında minlərlə bərələ göz, çığıran ağız gördü.Səs-küydən əlləri ilə qulaqlarını qapadı,gözlərini yumub çömbəldi.Qara-sarı şəkil qışqırırdı: “Çox götür!Hər şey götür!”Özünə çəkilib lap yumuldu və yazıq-yazıq zarıdı.Uca adam sütun kimi qarşısında dayanmışdı, ona zillədiyi gözləri qaranlıq uçurum kimi dəhşətli idi.
Yenə də vaxt tarımlanmış kimi gizildədi.Sonra gizildəyən uğultu da,ağrıyan vaxt da ondan qopdu, uçuruma düşürmüş kimi özündən asılı qaldı.Nə qədər vaxt keçdi?Anmı?Əbədiyyətmi?
Hər şeyin sakitləşdiyini duyub gözlərini açdı,  boş qəbirlərə baxdı, yorğun-yorğun: “Ölən kimdir?” – soruşdu.
Daha burda qalmaq istəmirdi.Adamlar nəyləsə məşğul idi.Uca adam da yox idi.”O nə deyirdi?Nə istəyirdi?Bu adamlar onu eşitdilərmi?Niyə onun ağlı heç nə kəsmir?Gördüyünü,eşitdiyini dərk eləmir?Bəlkə, ölən özüdür?Yox, əgər ölsəydi,qəbirlər boş qalmazdı.Bəlkə, ölən bu qara-sarı şəkildir?”
Dönüb qara-sarı şəklə baxdı.Adamlar topa-topa durub qızğın mübahisə edirdilər.Ürəyində onlara qarşı bir yadlıq, laqeydlik duydu.Gözləri uca adamı axtardı, tapa bilmədi.
Çıxıb getmək, buradan uzaqlaşmaq, açılıb qurtulmaq istəyirdi.Qarışıq hay-küyün içindən bir səs aydınca eşidilməyə başladı.Çalırdılar.”Bu nədir?Yoxsa,indi oynayacaqlar? Axı, ölən kimdir? Uca adam hanı?Bəlkə ölən odur?”
Çalğıçılar aydınca göründü. Zurnaçılar, dəfçilər, sazəndələr dəstə-dəstə düzülmüşdülər, adamlar da dəstə-dəstə oynayırdılar. Kimsə içdən oynaya-oynaya gəlib onun qarşısında dayandı.Birdən onu tanıdı. Uca adam idi. Diksinib heyrətlə geri çəkildi, ayaqları dolaşa-dolaşa, yıxıla-yıxıla qaçmağa başladı. Burdan uzaqlaşa bilmirdi, qaçmaq istədikcə daha çox yıxılırdı.
Boş qəbirlərin yanında idi: ağlayırdı. Göz yaşları əllərinə, ayaqlarına tökülürdü. Ağladıqca daha içdən, daha bərkdən hönkürürdü. Göz yaşları torpağı isladırdı, iz qoya-qoya axıb boş qəbirlərə tökülürdü.
Get-gedə bütün səslər ondan uzaqlaşdı.Gərginlik, darlıq azaldıqca sakitləşirdi, içi boşalırdı.Əllərinin, ayaqlarının böyüdüyünü hiss elədi, elə bil bədəni iriləşdi, uzandı.O, yazığı gələ-gələ boş qəbirlərə, göz yaşlarına,işığı azalan qara-sarı şəklə baxdı, baxdı...sonra da ayağa durub boşalmış içi, böyüyüb-iriləşmiş bədəni ilə qara-sarı şəklin arxasınca getdi.

 OYUN YA  DA... OYUNDA “YA” DA VAR

Ya mən varam dünyada,
Ya...dünya var yalandan.
Ya mən varam, dünya var,
Ya oyun var, yalan var.
Ya mən,
ya o.
Seç götür,
Ya dünyanı yalan ye,
Ya yağlı, ya yavan ye,
Çeynənmiş oyunları,
Çeynənmiş yalanları,
Ya ye, ya dala ötür.
Ya hakim ol, ya məhkum,
Ya asi ol, ya məsum,
Ya aqil ol, ya cahil,
Ya nadan ol, ya kamil.
Oyunun gözlərində
Fərqi yox, sən yalansan.
Sən həqiqətə zəncir,
Sən özünə palansan.
Nədir yalan?
Nədir, nə?
Sənin arzuladığın,
Ömrünə yamadığın,
Özünə, özgəsinə
uydurduğun həqiqət.
Fikrində tamlanmayan,
Əməlində çatmayan,
Xəyalından getməyən,
Bu dünyaya yetməyən
Gözlədiyin həqiqət.
Sənin haqdan umduğun,
İçində göz yumduğun,
Andıqca inandığın,
Vədinə aldandığın
Gözlədiyin həqiqət.
Ürəyində çat olan,
Çəkilməyən ah olan,
Ya cəfəng,ya haqq olan,
Mat qaldığı həqiqət.
Yalan yoxdur dünyada,
Yalnız qavranılmayan,
Sözlə dərk olunmayan,
İdrakla anılmayan
Həqiqət var dünyada.
Şübhəsi günah olan,
Gümanlardan haqq olan,
Varlıqlarda yox olan,
Ürəklərdə ah olan,
Göylərdə Allah olan,
Həqiqət var dünyada.

QAYDASIZ  OYUN

         Gördü ki, hamının öz əksi var və hamı öz əksi ilə o qədər bərkdən danışır ki, başqasının nə dediyini eşitmir.Əslində, onların hamısı eyni bir şeyi deyir, sözləri uzadıb-qısaltmaqla bir-birini yamsılayırdılar.
         “Bunların başı nə yaman qarışıqdır?”- deyə ah çəkdi.”Heç ona fikir verən də yoxdur”. Darıxdığından ayaqarını havada yellədi.”Yəni burda maraqlı bir adam yoxdur?Bəs mənim əksim hanı? Madam ki, hamının əksi var, deməli, mənim də olmalıdır.Ey, bəs mənim əksim hanı?”
         Bir o yaxşıdır ki, ona  heç kim  mane olmur.Bu əkizlərin biri o birinə heç oxşamır da! Sonra başa düşdü ki, iş onlarda deyil, o dayandığı yerdən asılı olaraq, bu üzləri başqa-başqa ölçüdə görür.Gah yuxarı qalxdı, gah aşağı düşdü.Hər şey yuxarıdan başqa cür, aşagıdan isə tamam başqa cür görünürdü.
         -Ey, axmaqcığaz, əl-ayağa dolaşma, nə veyillənirsən? –kimsə onun ətəyindən dartdı.
         -Mən axmaq deyiləm, - o incidi, - mən ağıllıyam, sənədimdə də belə yazılır, budur, bax!
         -Sənə necə ağıllı olduğunu göstərərlər!Ağıllıya bir bax! – yaxınlıqdakı cütlər gülüşüb onu məsxərəyə qoydular.
         -Ss...s, nəzarətçilər!
         Özünü toplamağa macal tapmamış, əli uzun nizəli, başi şiş papaqlı, dəmir geyimli bir neçə adam yanından yel kimi ötüb keçdi.Qarışıq səslərin içindən kiminsə fəryadı aydınca eşidildi.Onun əti gizildədi, tükləri biz-biz oldu.Sonra bir qocanı sürüyüb apardılar.
         -Bu yazıq kimdir belə? – qorxa-qorxa, pıçıltı ilə soruşdu.
         Böyrünə dəyən dürtmədən nəfəsi içində tıxandı, qıc olub qaldı.
         -Yavaş, yaramaz, sən bizi qana salacaqsan, yanındakı cütlər hirsləndi.Onlar getməyincə heç kəslə danışma.
         -Mən nə bilim?Onlar kimdir axı? – tamam ehtiyatlandı.
         -Havaya qulaq as, hava gərginləşəndə bil ki,onlar zonadadırlar. Onların gəlməyi heç bir saniyə də çəkmir.
         O biri cütlər söhbətə qarışdılar:
         -Bu gün ikinci dəfədir gəlirlər.Bayaq bir qızı apardılar.
         -Bəs bu qoca?
         -Filosofdur, o öz əksi ilə heç kəsin bilmədiyi dildə danışırdı.
         -Nə olsun?Siz ki, bir-birinizi eşitmirsiniz!Eşitsəniz də heç nə başa düşmürsünüz!
         -Onlar başa düşdülər. Filosofun dilini anlamadıqları üçün apardılar.
         -Hara?
         -Başqa zonaya.Biz orada nə olduğunu bilmirik.
         Onu xof basdı.
         -Orada onlara neyləyəcəklər?Cəza verəcəklər?
         -Orada nə olduğunu biz bilmirik.Oradan hələ heç kim qayıdıb gəlməyib.Hamı ora düşməkdən qorxur.
         -Hamı qorxursa, deməli, ora doğrudan da, qorxuludur, -deyə öz-özünə düşündü.
         -Mən elə bilirdim, burada qayda-qanun yaxşıdır.Bilsəydim, heç gəlməzdim.
         -Sən bura özün gəlmisən?- ətrafdakı cütlər heyrətləndilər.
         O təkəbbür və lovğalıqla:
         -Özüm gəlmişəm, -deyə cavab verdi.
         -Ola bilməz!
         -Axmaq! Sən, doğrudan da, səfehsən!
O bu qorxulu təəccübdən duruxdu:
         -Nə olsun ki! Ya özün gəldin, ya gətirdilər, nə fərqi var?Əvvəl-axır hamı bura gəlməli deyil?
         -Fərqi böyükdür, axmaq!Sən qaydanı pozmusan, buna görə də cavab verəcəksən.
         Ətrafındakıların narahatlığı ona da sirayət etdi.
         -Bura bax, əvvəl-axır sən bizi bəlaya salacaqsan, nə qədər gec deyil, özünü xilas elə, nə gözünü döyürsən, biz daha sənə kömək etməyəcəyik.
         -İndi mən neyləyim ki?
         -Öz əksini yarat.Sənin daha fikirləşməyə vaxtın yoxdu.
         -Mən bacarmaram.Heç bilmirəm bu nə deməkdir...
         -Bəs deyirdin ağıllıyam? – cütlər gülüşdülər.Burda hamının öz əksi var, sənin də olmalıdır.
         -Mən bacarmaram, axı, bu necə olur, bu haqda heç fikirləşməmişəm də!
         -Biz hamımız sənin kimi idik, amma bunu etməyə məcburuq, sən də məcbursan! Heç kəsdən kömək gözləmə, sən bunu özün eləmılisən!
         -Dayanın! Mən hələ buna hazır deyiləm.
         Cütlər yerbəyerdən onun üstünə düşdülər.Get-gedə başına daha çox adam toplaşırdı.O artan səs-küydən narahat oldu.Deyəsən, bunlar özlərini unutmuşdular.Qaydanı pozduqlarından xəbərləri yox idi.
         -Yaxşı, yaxşı, qızışmayın, mən razıyam.Bunun üçün mən nə etməliyəm?
         -Hər şey öz-özünə baş verəcək!
         Onu fərəhlə və böyük işguzarlıqla iri bir güzgünün qarşısına gətirdılər.Güzgü hamar, çərçivəli, cazibəli idi.Hamı kənara çəkildi.Güzgünün qarşısında tənha qalaraq özünə baxmağa başladı.Güzgüdəki əksi daha tünd, daha boyalı, daha parlaq idi.Maraqla özünə tamaşa etməyə başladı: gözləri ciddiləşdi, baxışları duruxdu.Gözünün hamar üzü qəfildən elə bil canlanıb dalğalandı, güzgü əriməyə, ağır-ağır  axmağa başladı.Başı gicələndi, ürəyi bulandı.İçindən güclü bir burulğanın burula-burula, qarsa-qarsa, göynəyə-göynəyə yuxarı – boğazına,başına doğru qalxdığını hiss elədi.Dəhşətli ağrıdan ürəyinin, beyninin, nəhayət, özünün də durduğu yerdə sürətlə fırlandığını duydu.Hissiyyatını tamam itirərək, içindəki ağrıya tabe oldu.Nəhayət, bütün varlığından nəyinsə qopduğunu, nəyinsə ağrı ilə ondan aralandığını hiss edərək gözlərini açdı.Qarışıq rənglər durulanda gözünün önündəcə bir kölgənin sıxlaşıb yumrulanıb adama çevrildiyini görəndə azqaldı ki, ürəyi getsin.Dili topuq vura-vura:
         -Bu nədir, ilahi?
         Toplaşanlar sevinclə hay-küy saldılar:
         -Ura! Ura! Alındı, afərin! Bəs deyirdin bacarmaram?
         Diqqətlə qarşısında duran adama baxa-baxa:
         -Bu kimdir belə? – soruşdu.
         Ətrafdakılar:
         -Sənin əksindir də!İndi sən tək deyilsən.
         O heyrətlə:
         -Bu? Mənim əksim? Bu necə oldu axı?
         Qarşısındakı eybəcər, şikəst məxluqa baxa-baxa dəhşətləndi, nə baş verdiyini indi anlayaraq:
         -Yox...yox...ola bilməz! Mən istəmirəm! Mənə lazım deyil!
         Ətrafdakılar çaşqınlıqla bir-birinə baxdılar, təəcüblə:
         -Niyə istəmirsən? Bu ki sənin əksindir!
         O az qala huşunu itirərək:
         -Aman Allah! Bu ki şikəstdir!
         -Nə olsun? Beləsi də olur, bu heç də pis deyil.Şikəst olanda nə olar?
         -Siz... siz elədiniz... siz məni məcbur elədiniz, - əlacsız-əlacsız hönkürüb ağlamağa başladı.
         -Bu lap dəlidir ki!
         Bəziləri yaxına gəlib təsəlli verdilər:
         -Niyə özünü öldürürsən? İnan, bundan betəri də olur.Elə bizi götür! Bizim hamımız necəyik?Yaşamırıq bəyəm?
         O isə toxtamırdı.İçi tökülə-tökülə ağlayır, baş-gözünə döyürdü.Əksi də çaşqınlıqla gözünü döyür pərt halda ortalıqda dayanıb gah ona,gah da ətrafdakılara baxırdı.Birdən o yazıq-yazıq, qorxa-qorxa diləndi:
         -Mən sən düşündüyün qədər də pis deyiləm, görərsən, sən razı qalacaqsan.
         -Rədd ol! Cəhənnəm ol! Sən mənə lazım deyilsən! İtill!!!
         Yenə yerbəyerdən:
         -Vallah, düz deyir, yavaş-yavaş öyrənəcəksən, bəlkə, hələ xoşuna da gələcək.
         O isə daha dözməyərək, ətrafdakıları da, əksini də vurmağa, təpikləməyə, qışqırıb söyməyə başladı.
         Adamlar əlacsız dağılmağa başladı.Onlar indiyədək belə şey görməmişdilər.Heç kəsin ağlına da gəlməzdi ki, qaydanı pozmaq olar.İndi nə baş verəcəkdi?
         Onu bir daha sakitləşdirməyə cəhd elədilər:
         -Bu işin axırı yaxşı olmayacaq.
         -Məhv olmaq istəyirsən?
         -Xəbər tutsalar sən gedəcəksən!
         O sakitləşmək bilmirdi.Lap havalanmışdı.Əksi kənara çəkilib büzüşmüş halda ona baxırdı, neyləyəcəyini bilmirdi.
         -Qoy gəlsinlər!Mən heç kəsdən qorxmuram! Ey, hardasınız, gəlin,gəlin görüm mənə neyləyəcəksiniz!
         Adamlar heyrətdən donub qaldılar. Bu nə iş idi düşdülər! Onunsa heç kəsə yazığı gəlmirdi.
         -Ey, əclaflar, hardasınız, eşitmirsiz? Gəlin! Gəlin görüm! Ha...ha...ha... Hamı gərginliklə qulaq asır, havanın titrəməsini gözləyirdilər. Bu gərginlikdə təkcə onun qışqırmaqdan kallaşmış və boğulmuş səsi eşidilirdi. Qalan hər şey sakit idi.

UDUB-UDUZMAQ  DA BİR ŞEY DEYİL, HƏTTA... OYUN OLSA BELƏ...

Oyun oynanıldi...
Udan uddu, getdi.
Həyəcanı, qorxusu,
Udulmaq duyğusu
bir andaca itdi.
Onun udduğu nəydi?
Bu uduş o yazığın
Nəyinə gərək idi?
Udan buxov uddu,
Bilmədi heyhat.
Saldı öz ömrünü
boyunduruğa,
Uduzan uduzdu
buxovlarını,
Çıxdı azadlığa
Qırıb nəfsini,
Oldu taleyinən,
özünə ağa.
“Azadlıq” qışqıran,
“Haqq” soraqlayan,
Azadlıq hardadır,
düşünmüsənmi?
Azadlıq içində,
ya çölündəmi?
Bətnində, fikrində,
əməlindəmi?
Nəfsində, duyğunda,
özgə əlində,
Sənin azadlığın
öz  əlindəmi?
“Azadlıq” şirin söz,
Şirin bir ilğım,
Təşnədir gözünə,
dodaqlarına.
Aldadır, tor qurur,
Daim zəncir vurur
ayaqlarına.
Udmaq istəyirsən
bu dünyanı sən,
Dünyanın ən böyük
əsirisən sən,
Dünyanın  ən böyük
əsiri ikən,
Azadlıq umursan
əsirliyindən.
Azad olan kəsə
nə sərhəd, nə hədd,
Azad olan kəsə
nə qanun, nə sədd,
Nə oyun, məzhəkə,
nə müstəmləkə?
Ən böyük məhbəssən
özün-özünə,
Ən böyük zəncirsən
sən öz sözünə.
Özündən azad ol,
onda azadsan,
Nəfsindən azad ol,
onda azadsan!

QAPALI  OYUN

         Hamı ona əl çalırdı.Yaşlılar-cavanlar, kişilər-qadınlar, qocalar-uşaqlar, anlayanlar-anlamayanlar, görənlər-görməyənlər, daha kimlər, daha nələr.Kütlə onun qarşısında uğuldayırdı, ulayırdı, qışqırırdı, fit çalırdı, yumruq qaldırırdı... və ilahı, o necə bədbəxt idi!Bir nəfər, bircə nəfər, heç kəs, heç kim onun öz otağına, yorğanının altına çəkilib bir zaman qıvrım olan, indi isə tökülüb ağaran, codlaşıb-pırpızlaşan saçlarını yolmasını, az qala hədəqəsindən  çıxıb göz  yaşlarını itirən, qupquru işiqli parildayan gözlərini didməsini, ətini qoparmasını bilmirdi, görmürdü.
         Hətta otuz ildən çox bir yerdə yaşadığı, bütün xasiyyətinə, adət və vərdişlərinə güclü və zəif, görünən və görünməyən cəhətlərinə bələd olan arvadı da onun əzab və işgəncələrindən xəbərsiz idi.
         Hərdən düşünürdü ki, bəlkə də, arvadının onu içindən yeyən o dəhşətli gəmiricidən, o iyrənc qurddan xəbəri var.Ola bilməzdi, ola bilməzdi ki,onu özündən yaxşı tanıyan,şüurunun, dərisinin altında da nələr gizləndiyini bilən, hətta onun xəstələnəcəyini də əvvəldən duyan arvadının bu boyda həngamədən xəbəri olmasın.Düşünürdü, düşünürdü...arvadı ağıllıdır, uzaqgörəndir, tədbirlidir.O bilir, amma onu sındırmaq, məhv etmək, biabır eləmək istəmir.Arvadı ona ömrünü ləyaqətlə başa vurmağa, ucaldığı zirvədə qalmağı, özünə ikinci ömür, şanlı ad qazanmağa kömək edir.Onun bütün ömrü boyu, əzab-əziyyətlə qazandıqları təkcə özünün deyil, arvadının, nəvələrinin, nəslinin, daha kimlərin, daha nələrindir.Amma nə olur-olsun, bu dağ onun gücünü əlindən alır, heysizləşir, onu sevən, alqışlayan, həsəd aparan qalib, qəhrəman sayan insanlara key-key baxır, özünə, özünün kütlüyünə, aldanışına, məğlubiyyətinə dözə bilmirdi.
         O uduzmuşdu.Özünə də, onu oyuna çəkənlərə də, işritakçışı olduğu oyuna da nifrət eləyirdi.Ondan istifadə etmişdilər, onun səsindən, sevgisindən, sözündən, məsləkindən, əqidəsindən, gücündən yarınmışdılar, sonra da lazımsız əşya kimi, murdar əski kimi tullamışdılar.
         Yeganə oğlunu itirmişdi.İyirmi dörd yaşlı gəlini heysiz yumruqları ilə onun sinəsini döyürdü, nəvələri dizlərinə sarmaşıb çığırışırdılar, arvadı səssiz-səssiz oğlunu oxşayırdı.Bütün bu dəhşətləri, işgəncələri, ağrıları görməmək, duymamaq üçün necə də ölmək, yox olmaq, itmək, ərimək istəyirdi.Allaha yalvara bilmirdi,Allaha yalvarmağa üzü yox idi.Allah ona “dur” deyəndə durmamışdı, “dayan” deyəndə dayanmamışdı.O,Allahı eşitməmişdi, Allahın üzünə ağ olmuşdu.Bilirdi, bilirdi ki, Allah onu bağışlamayacaq.Çünki o özünü bağışlaya bilmirdi.
         Kütlə.Ah,amansız kütlə.Beyinsiz, şüursuz, duyğusuz, küt kütlə.O, adamı ucaldanda da amansız, məhv eləyəndə də amansızdır.Onunla oynamaq, zarafat etmək olmaz.Ax, o bu ağılsız,dəhşətli, amansız nəhrə necə də nifrət eləyirdi!
         Özü öz hökmünü vermişdi.Heç vaxt bitməyəcək, sonsuz əzabların, işgəncələrin önündə aciz, əlacsiz, sakit idi.Beyni, ağlı, düşüncəsi, hissiyatı heç vaxt,heç zaman bu qədər tezliklə,dəqiqliklə, amansizliqla işləməmişdi.O başqalarının bilmədiklərini bilirdi, görmədiklərini görürdü.Onun itkisi təkcə bu günlə, indiki ömrü ilə, oğlu ilə bağlı deyildi.O, gələcəyini, sonrakı ömrünü, ən vacibi, ən ümdəsi ölümünü, öz gözəl ölümünü uduzmuşdu.O ölümünü ki,sonrakı, şanlı, müqəddəs həyatının başlanğıcı olmalı idi.
         Aman Allah!Oğlu necə də xoşbəxt idi! Niyə, niyə,niyə ona belə xoşbəxt, günahsız ölüm qismət olmadı?O niyə başqasına qurban ola bilmədi?Qurban olmaq, günahsız olmaq,şəhid olmaq!Bədbəxt, bədbəxt...Hər şeyi görürdü.Günlərin birində iztirablar içində canı çıxacaq, başqa əzabları, başqa ağrıları çəkmək üçün bir vaxta çevriləcək.Arvadı onun haqqında yazdığı xatirələri, kitabları qapılar döyə-döyə çap elətdirəcək, nəvələri dünyanın axırına qarışıb az sonra onu unudacaq, xatirələrində daşa dönmüş günahsız bir abidə daşıyacaqlar.
         Gəlini hər gün oğlunun üstünə üzülə-üzülə çiçək dəstələri aparacaq, saatlarla başdaşına yapışıb qalacaq, bir gün də qəbiristanlıqdan qayıtmayacaq.
         Təkcə oğlu ona nifrət eləmirdi, sakit-sakit ona baxaraq gülümsəyirdi.Təkcə oğlunun ona yazığı gəlirdi.Çünkü oğlu günahsız idi.

OYUNUN  ƏN  VACİB  ŞƏRTLƏRİNDƏN BİRİ DƏ NAXIŞDIR

“Gərək adamın naxışı ola!”

Naxış son sözdür,
Taleyin sözü,
Dövranın, zamanın,
Fələyin sözü.
O vaxtın sözüdür,
O baxtın gözü,
Onun üzündədir,
Hamının gözü.
Əgər sözün varsa,
De, öz sözünü,
Hünərin var isə,
Göstər özünü.
Naxış üzə gülər,
Gözü aldadar,
Dilini yağlayar,
Sözü bal dadar.
Naxış tük bitirər
Keçəl başında,
Ağardar üzünü
Qara daşın da.
Naxış yox yerdən də
Ruzi gətirər,
Çıngılın üstündə
Çəmən bitirər.
Uğurla açılar
Gələn səhərlər,
Uğurla keçilər
Bütün səfərlər.
Sən əkib-tökərsən
Naxışlı biçər.
Həyatın suyunu
Naxışlı içər.
Zəhmətin bəhrini
Naxış götürər.
Onun hər oyunda
Əli gətirər.
Naxış son sözüdür
Taleyin, baxtın.
Şıltaq övladıdır
Zamanın, vaxtın.

KÜTLƏVİ  OYUN

Hər bir dərdin dərmanı,
Hər bir vaxtın fərmanı.

         Hökm verilmişdi.Bu gün bir şairi meydanda dar ağacından asacaqdılar.Bu məmləkətdə doğulub ömür sürən, çalışan əhalinin hər cür təbəqəsindən: dilənçisindən, süpürgəçisindən, tələbəsindən, qaçqınından tutmuş ali mənsəb sahiblərinə qədər, kimi desən, burada tapmaq mümkün idi.Kimi şairin dostu idi, kimi düşməni, kimi elə-belə, maraq xatirinə, tamaşaya baxmaq üçün, kimi də belə kütləvi tədbirlərdə özünün iştirakını vətəndaşlıq borcu saydığı üçün gəlmişdi.Bir də ki, zarafat deyil, dar ağacından şair asılacaq idi.Belə hadisə hər gün baş vermir, hər nəslin qismətinə belə fövqəladə tamaşa düşmür.Hər yüzilliyin, minilliyin payına belə edam düşə, ya düşməyə.Nə vaxtsa, hansı məmləkətdəsə birini tonqalda yandırıblar, birini padşahın və Allahın üzünə ağ olduğu üçün diri-diri dərisini soyublar, birinin gözlərini çıxarıb, dilini kəsiblər.Olub, əvvəllər belə şeylər olub.Bir də ki onlar cadugər kimi bir şey olublar.Dar ağacları, edam kötükləri, ilgəklər, tonqallar tarixə bəzək kimi bir şeydir, nədən desən daha çox yadda qalır və sonrakı nəsillər: tədqiqatçılar, alimlər, filosoflar, şairlər, rəssamlar, hətta bəstəkarlar üçün mövzu obyekti olaraq bəşəriyyətə xidmət edir.Hər halda, fürsəti əldən vermək olmaz, elə şair harda idi ki, gündə meydana çəkib asalar, başqalarına görk olsun.
         Işarə verildi. Şairi gətirdilər. Meydan həyəcanla dalğalandı. Adamlar bir-birinin kürəyindən, başından boylanıb baxırdılar.Şair cavan idi.Arxa cərgədən kimsə yanındakına pıçıldadı:
         -Yazıq!Heç belə bir ərə qıyarlar?
         Bu  pıçıltını icra hakimiyyətinin başçısının qulağı aldı və hikkəylə:
         -Lap atasını da yandırarlar! - dedi.
         Boynunun buğum-buğum ətinin qızarmağından onun necə möhkəm hirsləndiyi bilindi və daldakılar bir-birinə göz basıb susdular.
         Hakim hökmü bir də elan etdi.Sükut çökdü, humanitar şöbənin müdiri üzündə məsum bir təbəssümlə şairə yaxınlaşdı:
         -Töbvə edin, - dedi.
         Səs gəlmədiyindən çaşqınlıqla ətrafa baxdı və kameraların obyektivlərinin ona tuşlandığını görüb,yenidən gülümsədi:
         -Bir şey istəyirsinizmi?
         Cavab olmadı.Hökmdar:
         -Uzatmayın, - dedi.
Kəndiri dartdılar.Hamı diksindi.Və...sonra gördülər ki, şair ölməyib, sağdır.İşarə alan hərb naziri əlini qaldırdı və endirəndə yüzlərlə avtomat və pulemyot birdən açıldı.Güllələr şairin bədəninə dəyib qığılcım verir və ətrafa səpələnirdi.Şair heç nə olmamış kimi onlara baxıb sinədolusu bir ah çəkdi.
         -Adamları dağıdın ! – deyə hökmdar sürətlə meydanı tərk etdi. Əsgərlər dubinka və gözyaşardıcı qazla camaata cumdu.Meydanda elə bil tufan qopdu, aləm bir-birinə qarışdı.Qaçan, yıxılan, qışqıran,yalvaran, söyən, vuran, vurulan, güllə səsləri...bu ağlasığmaz mənzərəyə təkcə bir nəfər sakit-sakit  baxır və ağlayırdı.Bu, şair idi.
         Meydanı ölənlərdən və yaralananlardan təmizləyəndən sonra, onu dar ağacından açmaq istədilər.Amma şairə toxunmaq olmurdu.Yanğınsöndürən maşınlar gəldi, hər tərəfdən meydanı dövrəyə aldılar.Sabunlu su ilə meydanı qandan təmizlədilər.Bütün günü əlləşdilər.Dar ağacı da, kəndirdən sağ-salamat sallanan şair də bütün dünyaya meydan oxuyurmuş kimi saymazyana yellənirdi.
         Təcili komissiya təşkil olundu.Komissiyanın tərkibinə məşhur xalq yazıçıları, sevimli millət vəkilləri, iqtisadçılar, hüquqşünaslar, cəsur hərbçilər, klan başçıları və sair...hörmətli şəxslər daxil edildi.Təcili surətdə baş verən hadisənin mahiyyətini araşdırmaq, ona hüquqi və siyasi qiymət vermək lazım idi.Komissiya işini qurtarana qədər ölkədə fövqəladə rejim tətbiq olundu.
         Nəhayət, komissiya işini yekunlaşdırdı, ekspert rəyi hazır oldu...və komissiyanın sədri məlumat verdi:
         Sən demə, şair hələ meydana gətirilməzdən əvvəl, kamerada ikən, verilən işgəncələrdən keçinibmiş...
         -Bəs, orda, dar ağacından sağ-salamat sallanan kimdir? – deyə hökmdar qəzəblə soruşdu.
         -Onun nə olduğunu biz bilmirik, amma şair çoxdan ölüb, -dedilər.
         Müşavirə çağırıldı.Necə olursa olsun, dar ağacını meydandan götürmək lazım idi.Hamı ürəyində şairi söyüb, dar ağacına lənətlər yağdırırdı.Bircə bu ütüdən salamat qurtarsaydılar!Bir dılğır şairdən ötrü heç kəs vəzifəsini itirmək istəmirdi, hətta bəziləri bu hadisədən bir şans kimi istifadə etməyə çalışırdı.
         Əvvəlcə güc nazirləri danışdılar.Baş vermiş hadisədə marağı olan xarıcı və daxili, açıq və gizli düşmənlər suçlandırıldı.Sonra müşavirlər,yazıçılar, millət vəkilləri,hətta xalqın zəhmətkeş təbəqəsini təmsil edən nümayəndələr – sadə peşə adamları da çıxış etdilər.Nə uzun-uzadı mədhlər, nə də düşünülmüş incə taktiki gedişlər bir nəticə vermədi.Dar ağacı meydanda dim-dik ucalır, şair də küləklərin belə gizləndiyi bir şəhərdə arxayın-arxayın, özü üçün yellənirdi.
         Hökmdar yorulmuşdu.Üç gün davam edən müşavirə acı bağırsaq kimi uzanır, boş, mənasız nitqlər bir-birini əvəz edirdi.
         -Bunun bir əlacı var, ya yox? – Hökmdar təmkinini pozub qışqırdı.Əyanlar qorxularından başlarını aşağı dikdilər, gözlərini gizlədilər.Hamı özünü məşğul kimi göstərsə də, heç kimin ağlı bir şey kəsmirdi.Kimsə canını qurtarmaq üçün yavaşca,qorxa-qorxa dedi:
         -Bəlkə ruhi məsələlər üzrə müşaviri dinləyək?
         -Hanı, hardadır o? – səbri tükənmiş hökmdar soruşdu.
         Uzun stolun ayağında, qapıya yaxın yerdə büzüşüb oturmuş cılız bir adam ayağa qalxdı.Bu, ruhi məsələlər üzrə dövlət müşaviri idi.
         -Gəl, keç bu tərəfə görək, bu məsələ ən çox sizin sahəyə aiddir, sənsə susursan.
         Müşavir tribunaya tərəf gedə-gedə:
         -Mən gözləyirdim ki, mənə nə vaxt söz verəcəksiniz, cənab...
         -Yaxşı, yaxşı, danış görək bu nə məsələdir belə?
         Bu müşavirə heç vaxt söz verilmədiyindən, ilk dəfə idi çıxış edirdi, ona görə də məclis onu tutdu,kəkələyə-kəkələyə:
         _Bilirsiniz, şair ölüb...
         -Bunu biz bilirik, bəs o nədir orda, qalıb sallana-sallana,götürmək də olmur, heç nə kar eləmir, - hökmdar  lap  boğuldu.
         -Bu onun dərdidir.
         -Nə?Nə dərd? – hökmdar ayağa durub, yenidən oturdu. – İndi deyirsən bu boyda ölkənin dərdi bir axmaq şairə qalıb?Bu qədər adlı-sanlı, istedadlı, böyük-böyük insanlar qalıb burda, hansısa bir tanınmaz-bilinməz, xalq qarşısında heç bir xidməti olmayan,şəxsiyyəti də şübhəli olan birisi gəlib dərd çəkəcək?Kimdir o?Nəçidir o?Şair idi,gedib arağını içəydi, şerini yazaydı.Bəs, buradakılar nədir, şair deyil?Nədən kasıb olsaq da, maşallah,şairdən boluq.Bilirsən, nə var, bu məmləkətin yiyəsi də var, onun dərdini çəkən rəhbərliyi də!
         Müşavir  mızıldandı:
         -Nə bilim, vallah, Allahın işidi...
         -Bura bax ey... – Hökmdar təhdidlə barmağını stola vurdu, - Allah-zad bilmirəm, hətərən-pətərən danışma, de görək, neyləmək lazımdır? Təklifin nədir?
         -Vallar, mən bildiyimi deyirəm, orda qalan onun dərdidir, onu götürmək mümkün olan iş deyil...
         Hökmdar hirsindən güldü, kinayə ilə:
         -İndi nə deyirsən, o boyda meydanda dar ağacı qalsın?Sən heç düşünürsən bu nə deməkdir?Yoxsa, sən də onun yanında yellənmək istəyirsən?
         Müşavir udqundu.Son gücünü topladı, zəif səslə:
         -Onu oradan götürmək mümkün olmayacaq, buna heç nəyin gücü çatmaz, amma çıxış yolu var...
         Hökmdarın nəfəsi tıxandı:
         -De, de görək nədir çıxış yolu?
         -Məsələyə bir qədər başqa cür yanaşmaq olar...Məclis üstündən ağır bir yük götürülmüş kimi dərindən nəfəs aldı:
         -Allaha şükür!Axır ki,çıxış yolu tapıldı!
         Səhərisi gün televiziyada özünü tarıma çəkmiş diktor pafosla oxuyurdu:
         -...Hökumət və dövlət rəhbərləri...baş vermiş faciə münasibəti ilə xalqa başsağlığı verir və  xalqı xarici və daxili düşmənlərin təxribatına uymamağa çağırır.Dərin məzmunlu və dolğun əsərləri ilə xalqın böyük məhəbbətini qazanan şairin adını əbədiləşdirmək üçün aşağıdakı fərman yerinə yetirilsin:
         1. Əsərlərinin toplanıb nəşr olunması ilə əlaqədar komissiya təşkil olunsun (komissiyanın tərkibi...)
         2. Baş meydanda şairin rəmzi heykəli qoyulsun.
         3. Müstəqillik uğrunda apardığı mübarizəyə görə “İstiqlal” ordeni ilə təltif edilsin (ölümündən sonra).
         4. Kirayə yaşadığı evin qapısına xatirə  lövhəsi vurulsun.
         5. Şairin adının verilməsi üçün obyektlər seçilsin.
         6. Və...
         7. ...sair...və ilaxır...

***
Oyun bitmək üzrədir,
Oyunun qaydaları
Sona yetmək üzrədir.
Oyun vardı, oyun yox,
Oyun çarxdan çıxan ox.
O nə yaxşı, nə pisdi,
Oyun hər şeydən əvvəl
Bir duyğudu, bir hissdi.
O niyə oynanıldı,
Onun məqsədi nəydi?
Bəlkə, söz demək üçün
Oyun bir bəhanəydi?
Kiminsə ürəyində
Tikandı, üzə çıxdı,
Kimsə bulanıq sudan
Durulub üzə çıxdı?
Oyunun min köynəyi,
Min donu var dünyada,
Oyunun nə əvvəli,
Nə sonu var dünyada.
Şair, niyə ürəyin
Nigarandır “Oyundan”.
Bəlkə oxun yan keçib
Nişangahın yanından?
Oyunun boşluqları
Bəlkə, tamam dolmayıb,
Oyunun halqaları
Bəlkə,tamam olmayıb?
Bu oyunun içində
Bəlkə, başqa oyun var?
Taleyin oyununa
Bəlkə, inanmayan var?
Hayana fırlansan da
Oyun elə oyundur,
Sən öz sözünü dedin,
Son söz yenə onundur.

Комментариев нет:

Отправить комментарий