Страницы

11.03.2013

Ziba Xəlil - Yağış adamım

Unutmadım, bağışla!

(Ciovanni Moraddinin “Yağış” kompazisiyası altında...)

Yenə sərsəri  yağış.
Yenə dəli  küləylər.
Yenə alıb üstünü
Bu cənub  şəhərinin
Qorxunc, qara mələylər.
Yenə beynimdə fikrin.
Yenə əlimdə qələm.
Yenə yaxınımda sən.
Sən yox.
Yenə də ələm...


Gecənin divaları
Kərpic-kərpic  sökülür.
Divarlardan üstümə
Sənsizliyin  tozları,
Çınqılları tökülür.
İp-ip çəkir zamanı
Yumaq kələfi  kimi.
Yoxluğun da gözəldir
Gəlib tutur dünyanı.
Unutdurur hər şeyi.

Tufanı  gətirən sən.
Payızı da, yazı da.
Taleyimə hopubsan.
Ovcumdakı  xətlərdə,
Alnımdakı  yazıda.
İstəməsəm - nə xeyri.
Çayımdakı  şəkərsən.
Əynimdəki  libasım.
Ha qovum xəyallardan.
Dönüb yenə gələrsən.
Hirslənim, asım, kəsim...

Kimsənin xəbəri yox.
Ömür belə keçəcək.
Nə arzular yaşlanar,
Nə həsrətin bitəcək.
Bu bir qəlb yanğısıdı.
Bu qərib bir yanğıdı.
Eşqin mənim içimdə
Cəhənnəmə gedəcək.

Saxlaya bilərsənsə
Göndərim özün saxla.
Ağlaya bilrsənsə
Bu nakam məhəbbətin
Dağılmağına ağla!
Ağla,  bəlkə göz yaşın
Söndürə bu yanğını.
Necə alpinist olum?
Mən necə fəth eyləyim
Bu ayrılıq dağını?!...

İstər öl,
İstər  öldür.
Yar bu bağrımın başın.
Bu əzabları qaldır.
Qəlbimin içini  oy!
Qaldır,  qaldır içimdən.
Bu daşlaşmış sevgini
Mənim  başdaşıma qoy!

Yenə sərsəri  külək.
Yenə dəli  yağışlar.
Yenə də keçmir gecə.
Qasırğayla  savaşda.
Yenə də içimdə sən.
Fonda  həmən  musiqi.
Şimşək, tufan , yağışla...
Yenə də ağlımdasan
Unutmadım  bağışla...

Yağış adamım

Görüşdük  həzin bir payız səhəri.
Sən yağış  çilənmiş torpaq qoxurdun.
Zaman rənglənmişdi  sanki.
Belə görməmişdim heç  vaxt şəhəri.
Bu  idi  həyatdan umacağımız.
Dünya  görüş yerimizdi.
Son bahar dayanacağımız.
Bir ömür sənə gəlmişdim.
Bir ömür mənə gəlmişdin.
Asta-asta.
Addım-addım.
Mənim  yağış  adamım...

Könlüm savaşa yorğun
Səni  andıran dünyayla.
Ömrüm üsyanda keçdi,
Bir huzur bulmaq üçün.
Duyğularım bezmiş əlimdən,
Firar edəcək kimi...
Ürəyim buz tutmuş gül ləcəyi.
Donduranı, əridənı  də sən.
Sən ey duyğular qatili,
Yalnızlıq mələyi.
Həssas  bir ürək
Səni məsud etməyə
Əlində can verməyə hazırkən.
Nədən,
Necə soldurdun bu zərif  çiçəyi...

Ruhumu aldı birisi.
Ruhumu çaldı birisi.
Apardı uzaqlara.
Mən qaldım buralarda...
Apardı  uzaqlara.
Qaldırdı səmalara.
Uçurdu azaçıq.
Dadlı, həzin...
Qaytardı, vurdu  yerə.
Mən yenə buralarda...
Ruhum gözümün önündə can verir.
Mən hələ buralarda...

Rüzgar

Döy  pəncərəmi, qapımı.
Döy  ən məhrəm adam  kimi.
Soxul, soxul  otağıma.
Fırlan,  dol gözüm ,ruhuma.
Sarıl, sarıl vücuduma.
İstərsən çıxım küçəyə
Sən küçədə döy məni.
Məni  sən anlarsan, dəliiim...
Rüzgar, yar bağrının başın
Ürəyinə qoy  məni!

Səni necə sevim adam

Səni necə sevim adam?!
Sevməyə də güc gərəkdi.
Ruhunu hiss eyləməyə.
Qulaq gərək, göz gərəkdi.

Dünya uçulur başıma.
Duyğularım donub yenə.
Cəhd eləmə boş-boşuna.
Yazığın gəlsin özünə.

Hisslərim  şimal dumanı.
Əsblərim tarımdadı.
Səbəbini söyləyəməm,
Sorma, bilmirəm adını.

Hiss  edə bilməsəm səni
De, sevə bilərəmmi ki?!
Anlayar sevən-sevəni.
Anlamaq deyil səninki.

Əllərini  çək əlimdən.
Soyuqluğum keçər sənə.
Gözün yayınır gözümdən.
Dözə bilmirəm, desənə.

Bir kəlmə də danışma, get!
Tapşır məni Allahıma.
Bu donmuş ruh, soyuq bədən.
Bəlkə düzələr darıxma.

Səni necə sevim adam.
Sevməyə də güc gərəkdi.
Bir gün o ruhum qayıdar.
Ürək, eh ürək...
 Ürək yenə o ürəkdi.

Bir fincan çay

Səssiz-səssiz oturarsan.
Bir fincan çay, bir də sən.
Özün-özünə sorarsan.
Kim oldun, kimsən, nəsən...

Yaşadığın ürəyincə.
Yoxsa məcbur qalmısan?!
Həyat mənalımı  səncə,
Ya  xəyala dalmısan?!

Ömür sanki  səmərəsiz.
Boşalarsan, dolarsan.
Həyat  yoxdu  əziyyətsiz.
Yavaş-yavaş  solarsan.

Əlin çatmaz doğmalara,
Yadlar kəsər üstünü.
Xoşbəxt  görünərsən yara.
İncidiyin, küsdüyün.

Sənə hər kəs öyüd verər.
Təkcə Tanrı danlamaz.
Səni  dünyalar anlayar.
Doğmaların anlamaz.

Bəlkə bir gün bir ortamda.
Qəfil  yerin  görünür.
Yada  salar  biriləri.
Danışar  xatirələr.

Şeirindən bir  bənd söyləyib.
Yaxşı  yazıb deyəllər.
Kitabı çıxıbmı? – Çıxıb.
Heç  görünmür deyəllər.

Qulağın od tutub yanar.
Sağ deyə,  sevinərsən.
Ayılıb  xəyallarından.
Çay  içmənə dönərsən...

Söz

Şəkərdən şirindi, zəhərdən acı.
Qılıncdan itidi, alovdan isti.
Ağızdan bir çıxdı qayıtmaz  geri.
Arxadan  vurulan zərbədən pisdi.

Göyə də qaldırar, yerə də soxar.
İçinin  gözgüsü  olar hər zaman.
Dediyin söz  bəzən kənardan baxar.
Qalxış-enişini  izlər uzaqdan.

Səninlə birlikdə bir ömür yolu.
Bəzən düşmənindi, bəzən dostundu.
Söylədin , sən oldun zalımın qulu.
Nə qədər sənindi, sən ondan üstün.

Bircə çarəsi var, düşünüb çıxar.
Ağzında yoğurub, bişirib çıxar.
Xoş sözün aşbazı, çörəkçisi ol.
Ağıllı  fikirin kürəkçisi ol.

Həyatda bir tikə sümüksüz dilsən
Ya div boyda olsun, ya ki balaca.
Sözdən  bir abidə yarada bilsən.
Ozün gedəcəksən, sözün qalacaq...

Комментариев нет:

Отправить комментарий