03.04.2013

Normal paylanma

Əli Şirin Şükürlü

gedir – X-cı ildə doğulub.
qatar
vaqonlardan ibarətdir,
vaqon adamlardan.
bir də pəncərələrdən.
vaqondakı pəncərələr
daha çox göz və əllər deməkdir;
göz və əllərdən
ibarət olur adamlar
ayrılıqlar gəldiyi zaman.
gedər, qatarlar gedər.
qalar, ayrılıqlar qalar
qatarların getdiyi yerdə.

vağzallar
ayrılıq yeri deyil ki təkcə,
görüş yeridir həm də.
gələr, qatarlar gələr.
qalar, ayrılıqlar qalar
qatarların gəldiyi yerdə.
hər ayrılıq bir görüşün,
hər görüş bir ayrılığın
nöqtəsi – aqibətidir.
hər nöqtə
son və başlanğıcın sığındığı yer.
A nöqtəsindən B nöqtəsinə gəldi,
B nöqtəsindən C nöqtəsinə getdi.
“gəldi” və getdi”lər
parça-parça doğrayar yolları.
ayrılıq – kəsilən yeri yolların.

A nöqtəsindən B nöqtəsinə gəldi –
elə A nöqtəsindən getdi deməkdir.
bütün gəlişlər – gedişdi öncə.
gedir beləcə hər şey:
bəzisi sürətlə, bəzisi asta.
bəzisi tərpənmir – gedir amma.
gedir o ağac,
gedir
o ağacın yanındakı o ev,
gedir
o evin içindəki
o masa, o şkaf, o çarpayı.
çarpayıda
illərdi yataq xəstəsi:
baxıb ümidsiz-ümidsiz
“gedirəm” – dedi.
o
nə vaxtsa yaraşıqlı –
səyahət etməyi sevərdi qatarlarda,
indi ümidsiz xəstə;
X-cı ildə “gəlib” dünyaya.

***
bir qış gecəsi – müxtəlif talelər
eyni ildə, eyni gündə
doğulmuşuq –
soyuq qış gecələrinin birində.
eyni məktəbdə, eyni sinifdə
oxuyardıq.
dostluq etdiyimi xatırlamıram
onunla,
nə barədə söhbət etmişik – o da
yadımda deyil.
o kənddə yaşayır indi. ustadır.
ev tikir yəni. daşı daş üstə qoyur.
mən şəhərdə yaşayıram. şeir yazıram.
sözü sözə calayıram.
səhv etmirəmsə
cəmi bir neçə dəfə görüşmüşük
ötən illər ərzində - o da təsadüfən.
anam tez-tez xatırlayardı
o gecəni – mən doğulduğum.
sevgi ilə xatırladığı o gecədə
İsgəndər də vardı.
eyni gündə doğulmuşuq onunla –
soyuq qış gecələrinin birində.
bəlkə də
eyni ulduz altında.
iki ana bir-birini tanıyan;
iki insan doğmuşdu
eyni gündə -
soyuq qış gecələrinin birində.
o iki ananın oğlu
o iki insan bir-birini tanıyır
uzun illərdi.
o iki insan
eyni ildə, eyni gündə doğulub
uzun qış gecələrinin birində, bəlkə
eyni ulduz altında.
o iki insan uzun illərdi
ayrı-ayrı tale yaşayır.

***
“normal paylanma” – belə bir qanun var
ehtimal nəzəriyyəsində. bir çox hadisələri
yaxşı təsvir edir bu qanun. məsələn,
ortaboy adamlar
daha çoxdu cəmiyyətdə
nəinki qısaboy və ucaboylular.
ondandır;
ucaboy və ya qısaboy adam
daha çox diqqət çəkir. çünki
norma pozulur hardasa.
çoxluq normadı deyə
maraqlı görünmür,
pozulan normalar
tez-tez
cəlb edir adamı.
çoxluq azlıq da yaradır bəzən.
xüsusilə, seçim qarşısında qalanda.

bir də
sevgilər çoxaldıqca
kədər də artır;
sevdiyin adamlar misalında.
sevinc və kədər çoxluqla deyil,
azlıqla ölçülür. yəni ayrı-ayrı anlarla.
fəqət...
yaşanan zaman yox,
ayrı-ayrı anların – azlıqların
cəmidir həyat.
P.S. yaşanan zaman yox,
anların cəmidir həyat.
sual qarşısında qalmışam bu an:
nə qədər yaşamışam –
neçə yaşım var görəsən?

Комментариев нет:

Отправить комментарий