14.05.2013

Bazarlarda bazar açıblar

Yaz mövsümünün ortalarında bazarlarda kənd təsərrüfatı məhsullarının, xüsusilə  meyvə-tərəvəzin qiymətləri adətən, bahalaşır. Bunun əsas səbəbi ötən mövsümdən qalan məhsulun bitmək üzrə olması, yeni məhsulun isə hələ yetişməməsidir.
 Lakin yerli məhsulun qıtlığını bu mövsümdə xaricdən gətirilmiş meyvə-tərəvəzlər doldurur. Hətta aprel ayından başlayaraq, alça, çiyələk, qarpız və sair meyvələr, badımcan, lobya kimi tərəvəzlər satışa çıxarılır. Bolluğa rəğmən qiymətlər elə də ucuz deyil. Həftəsonu Bakıdakı bazarlardan bir neçəsinə baş çəkərkən bu qənaətə gəldik...
“Vosmoy bazarı” adlanan “8-ci kilometr” qəsəbəsindəki ticarət mərkəzi Bakıda kənd təsərrüftatı məhsullarının nisbətən ucuz satıldığı yer kimi tanınır. Bazarda apardığımız müşahidələr də bunu təsdiq etdi.
Qiymətlər ümumiyyətlə, baha olsa da, digər bazarlarla müqayisədə xeyli aşağıdır.
Burada kq hesabı ilə kələmi 50-60 qəpiyə, almanı 80 qəpiyə, xiyarı, badımcanı 1 manata, kartofu 30-40 qəpiyə, çiyələyi 2 manata, balığı 2-3 manata, qozu, şabalıdı, fındığı 3 manata, pomidoru 1.2 manata, çuğundur, kök, turp kimi tərəvəzləri 50-70 qəpiyə, soğanı 50 qəpiyə, göyərtini 10 qəpiyə, limonu 10-15 qəpiyə, bananı 2 manata, alçanın bir stəkanını 50 qəpiyə, kənd yumurtasını 15-20 qəpiyə almaq olur.
Bakının digər yerlərində isə bu məhsullar azı 2-3 dəfə bahadır. Bazarın kənar küçələrində səyyar satıcıların çoxu öz məhsullarını gətirib satdığından alverçilər kimi baha qiymət təklif etmirlər. Örtülü hissədə isə alverçilər işləyir ki, bu səbəbdən qiymətlər nisbətən yüksək olur.
Nurəddin adlı goranboylu satıcı deyir ki, burda daimi alverçilər var, onlar məhsulu kəndlidən alıb 3-4 qat bahasına satırlar, biz isə özümüz gətirib qıraq-bucaqda satırıq, ona görə bizdə onlardan ucuz olur. Satıcının sözlərinə görə, bazarlara ümumiyyətlə, kəndlini buraxmırlar ki, nəticədə alverçilərin xidməti sayəsində qiymətlər baha olur.

“Tərəzidə aldadılsam belə, aldığım məhsul 2 dəfə ucuz düşür”

Bazarın örtülü hissəsində işləyən alverçilər isə iddia edirlər ki, onlar müştəriləri tərəzidə aldatmır, amma səyyar satıcılar aldadır deyə ucuz verirlər.  Səyyar satıcılar isə deyirlər ki, onlar da eyni elektron tərəzidən istifadə edirlər. Ümumiyyətlə, bu bazarda məhsulların niyə başqa bazarlardan ucuz olmasının səbəblərini soruşduqda satıcılar dedi ki, mərkəzi bazarlarda yerpulu bahadır. Bir xanım alıcı isə bildirdi ki, bu bazarda tərəzidə daha çox aldadırlar, ona görə ucuz satırlar. Lakin bu söhbəti eşidən bir alıcı maraqlı müqayisə apardı.
Bakıxanovdan bura bazarlığa gəlmiş Sabir adlı alıcı deyir ki, burda hətta tərəzidə xeyli aldadılsan da sərf eləyir:
“Məsələn, mən burda yaxşı kökü 50 qəpiyə, almanı 70 qəpiyə almışam ki,  mərkəzdəki bazarlarda və marketlərdə bu 3 qat bahadır. Bunlar məni lap hər kq-da 200-300 qram aldatsalar da, yəni 3 kq əvəzinə 2 kq çəksələr də, mənə sərf eləyir. Çünki belə olanda aldığım məhsul başqa bazardan və ya mağazadan 2 dəfə ucuz düşür”.
Yeri gəlmişkən, alverçilərin dediyinə görə, bu bazarda ticarət edənlərin hamısı elektron tərəzidən istifadə etməyə məcbur edilir. Elektron tərəzi almayan adam bazara buraxılmır.
Əldə etdiyimiz məlumata görə, elektron tərəzilərə “lazımi şəkildə əl gəzdirən” ustalar var və alverçilər onların xidmətlərindən istifadə edirlər. Cəmi 10 manata tərəzini elə düzəldirlər ki, 150-200 qram az çəkir.
Onu da qeyd edək ki, bazarın örtülü hissələri sökülüb yenidən tikilir və satıcıların dediyinə görə, müasir korpusda yer pulları əvvəlkindən baha olacaq.

Abşeron kəndlərinin məhsulu başqa regionların adı ilə satılır

Sabunçu bazarında qiymətlər “Vosmoy”dan nisbətən baha olsa da, mərkəzi bazarlardan ucuzluqdur. Burda meyvələr “Vosmoy”dan bir az bahadır. Məsələn, alma 1 manatdan aşağı deyil. Nar, heyva, üzüm isə 3 manatdan ucuz olmur. Banan 2.5 manatdır.
Bazarın daimi müştərilərindən olan bir tanışımızla rastlaşdıq. Dedi ki, həyətlərindəki mağazalardakından burda ucuzluqdur, amma umumiyyətlə, mövsümə görə qiymətlər bahadır: “Bax, 2 zənbil bazarlıq etmişəm, kələm, kök və çuğundur 1 manatdan aşağı deyil, meyvələr, pomidor isə 2 manatdan ucuz deyil. Qoz-fındıq 4 manat, kartof 50 qəpik, soğan 70 qəpikdir. Düzdür, bu həyətlərdəki meyvə-tərəvəz mağazalarına nisbətən 2 dəfə ucuzdur, amma ümumilikdə ilin ən baha vaxtıdır. Bu bazarda daimi alverçilər işləyir. Yalnız tək-tük kənddən öz məhsulunu gətirib satanlar olur, onlar da bazarın arxasındakı boş meydanda satırlar ki, ora alıcı getmir. Burda daha çox Bakı kəndlərindən məhsul gətirirlər, amma birmənalı olaraq hamısını bölgədən gətirilmiş məhsul kimi qələmə verirlər”.

Bahalığın bir səbəbi də kəndlini bazara buraxmayan alverçilərdir

Müqayisə üçün mərkəzdə yerləşən bir bazara da baş çəkdik. “Şərq bazarı”ndakı qiymətlər “Vosmoy”dan 3 dəfə, “Sabunçu”dan 2 dəfə bahadır. Burda kq-ı 1 manatdan aşağı meyvə-tərəvəz tapmaq olmaz. Alıcıların dediyinə görə, burda alverçilər məhsulu kəndlidən su qiymətinə alıb, paytaxt sakinlərinə od qiymətinə satırlar.
Pensiyaçı olduğunu deyən Lidiya xanım qiymətlərin bahalığından gileylənir: “Qiymətlər çox bahadır. Kələm, kök, alma, xiyar manat yarımdan, pomidor 2 manatdan aşağı deyil, bu qiymətə ala bilmirik. Televiziyada deyirlər ki, məhsul boldur, həqiqətən də, belədir, amma maraqlıdır, bəs niyə qiymətlər ucuzlaşmır?”
Ümumiyyətlə, bu bazarda xarici meyvə-tərəvəzlər çox satılır. Bunların çoxu GMO olduğundan yerli məhsuldan ucuzdur. Vaxtından bir neçə ay tez yetişməyə məcbur edilmiş meyvə-tərəvəzlər baha olsa da, alıcısı tapılır.
Onu da qeyd etmək lazımdır ki, yay mövsümündə yetişməli olan meyvə-tərəvəzlərin xarici ölkələrdən yazda bazara çıxarılması nəticəsində yerli məhsulun azlığı kompensasiya olunur. Lakin alıcıların çoxu onları almaqdan imtina edir və yerli məhsul axtarırlar. Yerli məhsulun isə yerli bazarlarda  payı getdikcə azalır. Bu il havaların əlverişli keçməməsi bəzi məhsulların qıtlığına və bahalığına səbəb olacaq.

Elçin Bayramlı            teleqraf.com

Комментариев нет:

Отправить комментарий