03.07.2013

Xalq artisti...

İradə Cəlil

Əvvəllər bu adı qazanmaq çox əziyyətli və şərəfli idi. Danışanda çoxumuz  Sovet dövrünü bəyənməsək də,  o dövrdə hər kəs layiq olduğu qədər sevilir, hər kəsə layiq olduğu ad verilirdi.  Bəzən sənətdə sözünü demiş, sözün əsl mənasında xalq tərəfindən sevilmiş sənətkarların bu adı almağa ömrü belə yetmirdi.  O zamanlar verilən adlar həqiqi idi.  Xalq artisti deyəndə xalqın sənətkarı nəzərdə tutulurdu.
Amma zaman dəyişdi.
Zamanın dəyişməsi bizə müasirlik gətirdi, bizi əsl kökümüzdən uzaqlaşdırmağa başladı. Zaman dəyişdikcə xalq artistlərinin də sayı artmağa başladı.  Aygün Kazımovaya  xalq artisti adı veriləndə çox təəccüblənmişdim.  Axı, Aygün Azərbaycan mədəniyyəti üçün, Azərbaycan xalqı üçün nə etmişdi ki, ona xalq artisti adı verilirdi?
Həmin zamanlarda ətrafdakı dostlar dedi ki, indi xalq artisti adını almaq da ucuzlaşıb, bu adı başqa yollarla, hətta pulla da almaq mümkündür.  Nə isə....Aradan xeyli zaman keçdi.
Bir müddət əvvəl İlhamə, Nazpəri, Məleykə davasının şahidi olduq. Yerigəlmişkən, onlar da xalq artistləridir. Bu yenicə bitmişdi ki, Aygünlə Brilyant özünü ortaya atdı. Bir-birinə əxlaqsız, səviyyəsiz, küçə söyüşlərini açıq-aydın sosial şəbəkələrdə yağdıran bu xalq artistləri bir dəfə də olsun düşünmədilər ki, xalqın əsəblərinə toxunurlar.
Biri o birinə ləkə dedi, o biri bu birinə .... yedirtdi, hamısı cəmiyyətin gözü qarşısında.  Bu qadınlar qadınlıqlarından utanmasalar da cəmiyyətdən, xalqdan utanmalı idilər.  Çünki onlara  biz istəməsək də, biz seçməsək də “xalq artisti” adını veriblər. Barı bu ada hörmət edəydilər. Yox.  Vəziyyət o yerə çatıb ki, bir –birini məhkəməyə verir, bir-birindən iyrənc dilə gətirilməsi belə xoş olmayan sözlər danışırlar.
Onlara bu xalq artistlərinə xalq içində belə davranmağa kim haqq verir? Niyə evinizə, ailənizə və özünüzə layiq söhbətlərlə xalqın əsəblərinə toxunursunuz?
Düzünü söyləsəm mənim heç birinizin sənətinə zərrə qədər də hörmətim yoxdur. Kimin kim olduğunu xalq daha gözəl bilir.  Əgər bu adı “xalq artisti” adını daşımaq bu qədər ağırlıq edirsə,  ondan imtina edə bilərsiniz.  Bizim sizin bazar söhbətlərinizə qulaq verməyə daha hövsələmiz qalmayıb.
Gənclərimiz sizdən nə örnək götürsünlər, nəyi örnək götürsünlər? Açıq saçıq geyimlərinizimi, davranışlarınızımı, danışıqlarınızımı? Toparlayın özünüzü, ayıbdır sizin üçün.  Şəxsən mən sadə bir vətəndaş  sizin kimi xalq artistlərmiz olduğu üçün utanıram. Siz Azərbaycan mədəniyyətinin simaları sayılırsınız... Budurmu Azərbaycan mədəniyyəti? Əxlaqsız sözlər, davranışlar, şantaj?  Heç olmasa daşıdığınız “xalq artisti” adından utanın!
Bir-birinizə əxlaqsız deyirsiniz....Çox maraqlıdır mənim üçün sizin əxlaq meyarlarınız nə ilə ölçülür? Sizin bir-birinizdən nə fərqiniz var ki?
Sonda, cənab  Əbulfəz Qarayev, sizin baş verənlərdən xəbəriniz yoxdurmu? Varsa niyə bir əncam çəkmirsiniz? Bəlkə cənab Prezident Azərbaycan Mədəniyyətinin qayğısına qalmağı sizə tapşırmayıb?...Sualıma cavab gözləyirəm!

moderator.az

Комментариев нет:

Отправить комментарий