03.08.2013

Bizdən varlısı yoxdur

İntiqam Yaşar

İndiki zəmanə bir az fərqlidir. Keçmiş hara, indiki hara?! Keçmişdə hər hansı bir xarici ölkədən xəbər tutmaq üçün, onların güzəranına bələd olmaq üçün ya qohumlardan kimsə həmin vilayətdən sənə quaq dolu xəbərlər gətirməli, ya da özün əziyyət çəkib həmin ölkəyə səfər etməliydin. İndi isə tam fərqli bir mənzərədir. Heç evindən kənara bir addım atmadan hansısa xarici bir ölkənin həyat şəraitindən, yaşayış tərzindən, lap o ölkə vətəndaşından da yaxşı xəbər tutmaq olur.  Bu məsələlərə toxunmaqda məqsədim var. Məqsədim ondan ibarətdir ki, mən buradan hamıya bəyan edim ki, bəxtinizə təpik atmayın, dünyanın ən  varlı, ən demokratik, bir sözlə, ən gözəl cəmiyyətində biz yaşayırıq.
Deyəcəksiniz ki, haradan bilirsən? Hansı ölkədə olmusan ki, belə ağızdolusu danışırsan? Doğrudur, mən hələ Biləcəridən o yana çıxmasam da, dünya ölkələrinin çoxunun güzəranından xəbərdaram. Allah bu internetin canına dəyməsin. 
Gəlin, bir neçə məsələyə diqqət yetirək. Hansı ölkənin küçələrində bizim küçələrimizdəki qədər zibil var? Heç bir ölkənin. Hansı ölkənin səkilərinin üstü ilə gedəndə, banan qabığı kimisə “rəqs” elətdirir? Heç bir ölkənin. Hansı ölkənin magistral yollarında, dayanacaqlarında, keçidlərində növbənöv “Cola”, “Fanta”, “Sprite” hətta, “Redbul” qablarına rast gəlmək olar?  Heç bir ölkənin. Hansı ölkənin vətəndaşları bizimkilər qədər siqaret çəkib, kötüklərindən döşəmələrin üzərinə incə, zərif bəzəklər vururlar? Heç birinin.
Bir ay internetdə axtardım ki, heç olmasa bizim etdiklərimizin, bizim xərclədiklərimizin yarısı qədər bir hərəkət edən, xərcləyən başqa bir ölkə tapım.  Tapa bilmədim. Axtardıqca, çox gülməli mənzərələrə şahid oldum. Hələ ən varlı ölkələrdən sayılan Amerikadakı vəziyyət məni az qalsın, gülməkdən öldürəcəkdi. Baxanda, nə görsəm yaxşıdır?! Bunların küçələrində heç, elə bil, adam gəzmir. Heç, çürük bir kibrit dənəsi də yoxdur, səkidə, dayanacaqda. Hələ, zibil yeşiklərindən danışım. Beş dənə zibil yeşiyini qoyublar yan-yana, bunların da heç biri dolmayıb. Belə olanda özümüzlə qürur duymayıb nə edəsən?! Zibil yeşiklərindən artıq əsər-əlamət yox. Yəni, yeşiklər təpə-təpə zibillərin içərisində görünməz olublar. Yayın bu cırhacırında şəhəri tanımayan bir insan ola, zibili hara atmaqda çətinlik çəkməz. Küçənin ta o başından zibillərin iyi ona gedəcəyi yolun istiqamətini müəyyənləşdirər.
 İndi qoy, hamı bilsin ki, bizim ölkəmiz necə bir ölkədir. Nizaminin “Xoşbəxtlər ölkəsi” məhz, bizim ölkəmizdir.

Комментариев нет:

Отправить комментарий