02.08.2013

DİK DUR VƏ GÜLÜMSƏ

Günay Səma Şirvan

“Dik dur və gülümsə... Burax, nədən gülümsədiyini mərak etsinlər”...--- Fəlsəfi düşüncənin gözüylə baxanlar bu qənaətə gəlmişlər.
O da gülümsəyir... İllərlədir onu diz çökdürə bilməyən dərdinə də, köçündən ayrılan yoluna da, sevgi şeiri sorağıyla kitabını varaqlayan qonşu qızına da, alın yazısına, tale naxışına da...
Müqəddəs Ramazan günlərinin birində qonaqlı –qaralı Elman Tovuz ocağının işığına üz tutanlardan biri də biz olduq. Hələ, qapıda qarşılaması ilə kövrəltdi bizi... 
Vətənin gözəlliklərini başının tacı sayan, onun təbiətini, dağını, daşını , meşəsini, otunu, çiçəyini, yiyəsiz quşunu, arısını , çölünü, düzünü, yolunu və s. vəsfə çəkməkdən yorulmayan könül aşiqi, ruh yolçusu şairlə üz-üzə olduğumuza bir müddət inana bilmədik. Bəlkə də bu üzdən ani sükut yarandı. Amma hiss olunurdu ki, baş tutan bu görüşdən hər iki tərəf fərəh içindədir.
Və sanki dənizdə qasırğa öncəsi ləpələrin sakit ötüşməsi vardı otaqda. 
Bu sakitlikdən istifadə edib, nəşriyyatdan həmin gün aldığım ilk kitabımı təqdim etdim Vaxt və Baxt sınağından keçmiş şairə. Bu bir vasitə oldu sanki. Səmimi, ürək dolusu təbrikləri ilə ədəbi aləmə ilk ciddi addımımı uğurladı Dədə Qorqud timsallı, sözlü- avazlı insan.
Daha öncəki bir yazıda qeyd etmişdik ki, “Şairin ən böyük qüdrəti təkcə könül kövrəkliyi, avaz yüyrəkliyi ilə ruhumuza hopan, minilliklərdən boy göstərən xalq hikmətlərindən istifadə deyil, həm də bu zəngin xəzinəyə öz töhfəsini verməsidir: “Atalı-analı olsa da insan, Yenə də yetimdir Vətən olmasa.”, “Dərddən çəkdiklərimi, Dərdim çəkmədi mənim.”, ”Dərmanın içində bəlanın özü, Bəlanın içində çarə varıymış.”, ”Dünən bu dünyanın yiyəsi səndin, Bu gün bu dünyaya qonaq kimisən.”, “Qorxuram bir xətər yetirə sənə, Ürək dərmanı da ata bilmirəm.”, “Nə deyirik – balabanda deyirik, Tütək bizdən inciməsin, neyləsin?”, “Biz ki, ev yıxmağa alışmamışıq, Barışıb yıxmayaq dərdin evini...”, “Anası layladır, atası sevgi, Bəs nədən yetimdir, bu segah belə?”— sırasını artırdıqca şirinliyindən doymadığımız belə xəlqiləşmiş E.Tovuz aforizmləri, bu baxımdan, onun yaradıcılığının üfüq genişliyinin göstəricisidir.” 
Söhbətimiz elə burdan da boy göstərdi. Ədəbi prosesləri yaxından müşahidə edən, virtual aləmdə ədəbi polemikalara çox da qarışmayan şairin intellekti aysberqin görünməyən tərəfi imiş. Sənət və gerçəklik məsələlərinə toxunan şairə görə, bədii uydurma, bədii təxəyyül təqdir edilməlidir, lakin təsvir edilən həyat da təhrif və şişirdilərək tərif olunmamalı, Söz canlı və doğru deyilməlidir. 
Söz sözü, şeir şeiri gətirdikcə vaxtın necə keçdiyini də hiss etmədik. Evin qonaqpərvər xanımının söhbətə qoşulması isə zaman –zaman ədəbiyyat problemlərinin müzazakirəsinin diopozonunu genişləndirirdi. Bütün ziyarətçilərin əziyyətini çəkən xanımın maraqlı xatirələri vardır.Bu haqda geniş danışmaq fikrində olmasam da, “kitayski şairlər” əhvalatını uzun müddət unutmayacağıq...
Əvvəllər də düşünmüşəm ki, Yaradan sevdiyi bəndələrini müəyyən imtahanlardan, acılardan, mərhələlərdən keçirir. Dili şükrandan, imanı Allahdan əl üzməyən Elman Dədə ilə həmsöhbət olduğumda, bir daha inandım ki, Adilikdən Aliliyə gedən yol mütləq arınmadan keçir. Əslində, minlərlə insana örnək, nümunə olan belə insanlar özləri də bilmədən böyük bir missiya daşıyırlar. 
Geri qayıdanda bu görüşün anları sinema lenti kimi beynimdə ötdü, ötdü... Vidalaşıb qalxanda mənim üçün acı olan bir xatirəni danışdım. Doğrumu etdim, yalnışmı –bunu indi də özümçün yəqin edə bilmirəm.
Atamı itirəndə mənim 13, bacımın 12 yaşı vardı. Atamsa, cəmi 36 yaşındaydı... Təxminən indi mənim olduğum yaşda... Çox çətinliklər gördük... Anam o vaxt demişdi:”Kaş atanızın ayaqları olmayaydı, amma Nəfəsi bu evdən kəsilməyəydi....”
Sözümü Elman dədəyə həmişə Nəfəsi ailəsinin üstündə olması arzusu ilə bitirəndə, böyük şair gözlərini silirdi... 
Ulu Tanrıdan Elman bəyə bütün arzularının çin olmasını diləyir, Can sağlığı arzulayır və bir daha bütün olumsuzluqlara, çarəsizliklərə, olmuşlara, olacaqlara “Dik dur və gülümsə... Burax, nədən gülümsədiyini mərak etsinlər”—deyirəm, Tanrı sizinlə olsun!!!----ürəyimdə pıçıldayıram.

Комментариев нет:

Отправить комментарий