01.08.2013

Toy günü

İbrahim Sel

"Provinsial sinema" seriyasından hekayə

 Alaqaranlıq məğlub oldu, artıq alatoranlığın hökmranlığı başladı. Ağarmaqda olan dan yerini sərçələrin civiltisindən xırdaca dalğalar bürüməkdədir. Təpənin döşündəki çiçəklər şəndir və üfüqdəki buludların aralarından günəş şüaları axmaqdadaır. Bu zaman biz heç şey barədə düşünmədən, əzgin-əzgin yerimizdən qalxırıq. 

 Yaylaqda səhər tezdəndən ayrı bir ehtiras vardı. Böyük uşaqlar daha çilingağac oynamırdılar, mağarda görüləcək işləri öz aralarında bölüşdürürdülər. Balaca uşaqlar sevinclə o tərəf bu tərəfə qaçışırdılar ki, bəs axşam toyda oynayacağıq. Tayfanın qız-gəlinləri toplaşaraq həyətdə yır-yığıs edirdilər.
 Bu gün Ələşrəfin toyudur, günorta artıq son hazırlıq gedir. Gülverdi kişinin həyətində mağar qurulub. Nisgil ürəkləri oynadan “Vağzalı” havasını zurnaçalanla, kənd musiqiçiləri Orduxan, Surxay çalırdı, nağaranın ipini boynuna keçirmiş Cəfər ritmin ahənginə uyğun ayağının birini götürüb birini qoyurdu.
 Kənddə gec-gec toy olduğundan qız qapısında oynaya bilən də oynadı, bilməyən də. Gülverdi kişi gəlininin qolundan tutub asta-asta pilləkənlərdən aşağı düşürdü. Qıza qoşulan cehizlər at arabasında, sınar qablar isə əllərdə yola salınırdı. Musiqi səsi kəndi başına götürmüşdü.

     Asta çəkin arabanı,
     Sandıq düşər, yar-yar.
     Dolağın ağına bax,
     Sallanan bağına bax.
     Özü bahalı gəlin
     Gətirən malına bax.
     Aztaylının bir qızı
     Dəmirdəndi padunusu.
     Pulları çox olsa da,
     Qupquru verdi qızı.

 Oğlan qapısında bəyin nənəsi Fatmanisə qarını, gözləri görməsə də qolundan tutub gətirdilər, gəlinin o üz, bu üzündən öpdü. Böyük qayın ayağının altında qurban kəsdi, kiçik qayın isə belini bağlayaraq üzük hədiyyə verdi. Qız-gəlinlər də deyirdi bundan sonra Güləbətin xosbəxt olar. Gəlini evə aparan zaman bir oğlan uşağı atın yüyənini çəkə-çəkə həyətə daxil oldu. Kənd qız-gəlinlərinin ağızları elə açıq qaldi. Hələ indiyə qədər ətraf elatda qızına at cehiz verən olmamışdı. Anasının yanında dayanmış nişanlı bir qız ona piçildadı:
-Atama deyəcəyəm mənə də gəlin köçəndə at cehiz versin.
 Ətraf kəndin insanlarını toya dəvət etmişdilər. Gülverdi kişi cöngələr kəsdirir, böyük xeyir-şər qazanlarının altına od vurulmuşdu. Cavanlar isə mağarda kəmər tutub bir-birinə guclərini göstərirdilər. Mağarın ətrafinda toplanmış qızlara oğlanlar həsrətlə baxırdılar. Ələşrəf öz sağdış-soldışı ilə bəy taxtında əyləşib, rəqs edən dostlarının başına şabaş səpirdilər. Məclisin gur yerində Gülverdi kişi ilə İman kişi yeni ailə quran cavanlara xeyir-dua verdilər. Toybəyi bir “Heyvagulu” havası çaldırdı, iki qohum qol-qola tutub oynadılar.
 Gün dağın arxasına çəkilirdi. Dağın nəhəng kölgəsi artıq kəndi qaranlıqlaşdırırdı. Qara zurnanın  sədası dağlarda əks edirdi. Tut ağacının altında samovarın közərtisi görünürdü. Ay tələm-tələsik axşamlaşan göydə öz yerini tutmaqdaydı.
 Təsəvvür edin ki, qaşlarınızın arasında kiçik bir noxud irilikdə şeh damcısına oxşar xırda damcı var, qığılcım saçır və bütün vaxt ərzində şəffaflığını saxlayır. Həyatın bu nemətini bəxtinizin tapıntısı kimi qəbul edin və bunu o vaxta qədər müşahidə altında saxlayın ki, yavaş-yavaş itməyə başlasın.
 Daha sonra nəfəsi içəri çəkib, təsəvvür edin ki, tüstü qaşlararası hissədən Mərkəzi Kanalın yuxarı hissəsinə qalxır. Nəfəsin saxlanması mərhələsi bütovlükdə onun üzərində konsentrasiya edir. Hava yolu ilə güc tətbiq etməklə tüstünü qovmağa calışın. Nəfəsinizi verərkən istiliyin geriyə- cana necə yayıldığını duyacaqsınız. Bu prosesi bir neçə dəfə təkrar edin. Bundan sonra dərindən nəfəs alın və toyxanaya qayıdın.
-Nəyi çatışmır?- kənd usağı onlara qonaq gəlmiş dayısı oğlundan soruşdu.
-Qadınlıq qabiliyyəti,- əslən rayon mərkəzindən olan, Bakıda təhsil alan dayıoğlu yanında dayanmış qohumuna cavab verdi.
-Yox əşi, sən əvvəl belə demədin axı…
-Hə, bir sözlə, necə deyərlər, əsas səbəb budur, mən isə çalışdım onu mümkün qədər başqa şəkildə başa salım.
 Kənd usağı siqareti ağzına qoydu, amma o çoxdan sönmüşdü.
-Alışqanı neylədin?- o enli şalvarının ciblərini axtarmağa bağladi. Dama-dama köynəyinin arxasında parıltılı bir qartal şəkli diqqəti cəlb edirdi.
 Rayon mərkəzindən gəlmiş uşaq köynəyinin döş cibindən alişqanı çıxarıb verdi. Əynində xaki rəngli çit şalvar və qisaqol qara köynək, başında isə ağ kep vardı. Köynəyin sinəsində “İnadla irəli! Başını dik!” yazılmışdı, kepin üstündə isə xollu-budaqlı ağac şəkli vardı.
-Bəri bax, məndən ona salam de, yaxşı?
-Yaxşı,- rayon usağı başını silkələdi, əlini bir anlığa alnına aparıb çəkdi, sanki tərini silmək yox, qızdırmasını ölçmək istəyirdi. Barmaqlarının ucu ilə köynəyinin yaxasından tutub astaca silkələdi, bədəninə azca da olsa sərinlik yayıldı. Bənizi ağarmışdı, çəkdiyi məsinin təsirindən ödü az qalırdı ki, ağzına gəlsin. Kompüter arxasında oturmaqdan süstləşmiş orqanizmi təbii havada yüngül, xoş başgicəllənməsi hiss edirdi, ayaqları elə bil öz xoşu ilə əyilir, onunsa müqavimət göstərməyə gücü çatmırdı. 
-Ancaq dəqiq bilirəm ki, deməyəcəksən… De zat deyəcəyəm?
-Əl çək də, yenə başlama…
-De pak?!
-Yaxşı. Pakına lənət deyəcəyəm. İndi inandın?
-Sən canın, de görüm, bəs müəllimi niyə söymüsən?
-Əşi, boş şeydir…
-Sən kimi istəyirsən onun canı…
-Məndə günah yoxdur, prostu o məni düzgün başa düşmədi. Axı mən neynim ki, səksən yaşını keçmiş bütün qocalar ya sabun köpüyü kimi kar olurlar, ya da ki başdan qrija…
-Səksən, yəni nə qədər, həştad?
-Hə, həştad.
 Kənd cavanı əlini şappıltıyla dizinə çırparaq güldü:
-Pay atounan, həstad yaşında da institut müəllimi olar?
-Belədi də, bizdə olanda olur. 
-Fariz deyir, sən heç cörək də yeməmisən. Niyə?
-Mirini gördün də, bütün nastrennimizi korladı. Az qaldı ki, urəyim ağzıma gəlsin.
-Yenə nə olmuşdu? Axı niyə təpindin ona?
-Sən Teyyubla papiros dalıyca gedəndən sonra lent kəsildi, camaatı içəri buraxdılar, necə oldusa, həmin seyidlə üzbəüz düşdüm. Stola qoyulan stoliçnı salat çəngəllə yeyilməlidir axı, zalım balası xörək qaşığı ilə ağzına təpişdirirdi, çənəsinə kimi yaxılmışdı. Ödüm ağzıma gəldi. Əsəb vurdu təpəmə, ona irad tutdum, süfrə mədəniyyətindən bir az dərs keçməli oldum. Qayıdıb nə desə yaxşıdır? “Balam, ye, qorxma, mənim ağzım təmiz və mikrobsuzdur”. Bir də süfrəyə əl uzatmadım. Çezdi! 
-Əşi, sən lap vasvasıymışsan ki. Gərək işin olmayaydı, bizimlə münasibəti yaxşıdı. Belə baxanda da pis adam deyil, mırtın biridi. Mənə bilirsən nə danışıb? Desəm cırılarsan gülməkdən. Mollalığa təzə-təzə başlayanda fatihəni bilmədiyinə görə otuz üçə qədər sayırmış.
 Kənd usağı yenidən qarnını tutub güldü. Rayon usağı yana çevrilərək tüpürdü.
-Bilsəydim, deyərdim sən o olmayan cəddün, dur vızqırt burdan, qoy çörəyimizi yeyək.
-Bakıya gedəndən lap zayın çıxdı də. Tələbəçilik necədi, kayfı var?
-İndi tələbəçilik var? Tələbəçilik qaldı eee… Sovet hökumətinin vaxtında. Üç manata restoranı bağlatdırırdın. İndiki tələbəçilik sürünməkdir.
-Ölmə, ölmə, eşşəyim, yonca bitər. Yaxşı ki o vaxt kəsildim. Yoxsa mən də sənin kimi psix xəstəliyinə tutulacaqdım. Sənədlərim də hazır idi, dədəm pulunu da vermişdi. Üç qabiliyyət imtahanı verib pramoy idman institutuna düşəcəkdim. Vurdu çıxdı bu test üsulu meydana, verdiyim pul da batdı.
 Elə bu vaxt kənd usağının qonşuluğunda yaşayan oğlan yaxınlaşaraq onlarla görüşdü:
-Qulluğunuzda hazıram ha…
-Qul sahibi olasan,- kənd usağı tüstünü onun sifətinə buraxdı. Qonşu dislərini ağardaraq bir müddət onlara baxdı. Qabaq dişləri kirdən sapsarıydı. Sağ əlinin iri barmaqlarını havada düyünləyib rayondan gəlmiş uşağın sinəsinə döyəcləməyə başladı:
-Sənə, xalaoğlu, xüsusi hörmətim var ha! Ba bil ha! Bu kişinin,- bu dəfə yumruğunu qonşusunun sinəsinə döyəclədi- dayısı oğlusan, hesab elə ki mənim dost-doğma qardaşımsan. Anam da sənun xətrüvü çox istəyir, özzüm ölüm, deyir çox qanacaqlı, qabiliyyətli oğlandı. Kəfayət xalon həmişə sənə ördək kəsməyə hazırdı. Lyuboy vaxt qonağımızsan. İndi özün başa düş də, kasıbın olanından. Ha-ha-ha! Özün də görürsən, ördək bizdə- daraq kimi! Nəyimiz də olmasa, ördəkdən boluq. İstədiyüz vaxt gəlün, əlüzü atun, lyuboyuna…
-Çıx get də, day bəsdi, kastana basma, qoy qızdara baxaq!- bibioğlu qonşusunu çiynindən itələdi.
 Qonşu dönüb aşa-aşa getdi, elə yeriyirdi ki elə bil bir qıçı o biri qıçından qısaydı.
-Dupel! -bibioğlu onun arxasınca baxaraq rəy verdi.
-Əlimi sıxanda az qaldı bütün barmaqlarım qırıla,- rayon usaqı ağ və nazik əlini yellədi.
-Bunların tayfası hamısı belədi. Elə bilirlər biriylə salamlaşanda onun barmaqlarının qırxını da qıra bilməsələr, adlarını arvad qoymalıdırlar. Ateşşəklidilər dana!
-Sən canın, onun bığını gördün də? Paltar şotkasına oxşamırdı? Ha-ha-ha!
-Haqq-hesaba basmasına baxma, onlardan bir şey istəmək donuzdan bir tük çəkmək kimi bir şeydi.  
 Yaxınlıqda bir dəstə kənd cavanı dayanmışdı. Nə barədəsə astadan danışır, sonra “çək bura!” bağıraraq bir-birinin əlinə çırpır və ucadan şaqqanaq cəkirdilər. Gülüş səsləri dümbəyin harayına qarışırdı.
-Bəs ikinci tapdığın necədir? Moşnu şeydi?- kənd usağı qohumunun qolunu dümsüklədi.
-Super!
-Super, yəni nə?
-Su pərisi.
-Dedin, harda tanış olmusan onunla?
-Çatda.
 Elə bu an sürətlə qaçan on üç-on dörd yaşlarında bir uşaq rayondan gəlmiş qonaqla toqquşdu. Rayon uşağı müvazinətini itirərək geri sıçradı:
-Alə, bura stadiondur bəgəm qaçırsan? Noolub, pojardu?
 Uşaq bu sözlərdən pörtərək başını aşağı saldı.
-Ə, qasığıqıllı, bir az yavaş dəə!- bibioğlu irəli yeriyib usağın başından basaraq geri itələdi,- əmingil tərəfə getməyəcəksən, xiyar? Dəvətnamə var. Onlara çatdıra bilərsən?
-Yox, biz onlarla danışmırıq,- deyə qanı qaralmış uşaq cəld addımlayaraq uzaqlaşdı.
-Əcəb işə düşdük,- bibioğlu narazı halda əlini əlinə çırpdı,- gəl indi bir də sabah kəndin o başına lökkü.
-Evə getmək fikrin yoxdur? Sən deyəsən gecəni bəylə keçirmək istəyirsən,- rayon usağı üz-gözünü qırışdırdı.
-Dayan bir az baxaq da, gedərik.
-Dilim-boğazım quruyub e. Dedim gedib bir-iki qurtum çay içək də.
-Kayfı var?
-Belə də, pis deyil. Ancaq bir az yükləyir. Bir də tez-tez çölə getmək istəyirsən.
-Səncə şəhərlə kəndin fərqi nədədir?
-Nə bilim… Kənddə gündəlik siqaret pulun olmalıdır, şəhərdə isə həm də tualet pulun.
 Gülüşdülər.
-Bəs bunlar nə günlərinə gülürlər?- rayondan gəlmiş qonaq başı ilə yaxınlıqdakı cavanları göstərdi.
-Onlar… Şey… Zad… Hə, zəlzələ olacaq gecə, ona görə!
 Bu sözlərdən sonra kənd uşağı sağ əlinin şəhadət barmağını yarımdairəvi şəkildə qatlayıb ağzına apardı. Oyuncaq tütəkdən çıxan səsə bənzər, nəsə siqnal kimi bir səs çıxardı.
 Rayon uşağı bir müddət təəccüblə fikrə getdi. “Necə yəni zəlzələ olacaq?”-beynində çək-çevir etməyə başladı. Deyəsən zəhərlənmişdi, təpədən dırnağa kimi hər yeri ağrıyırdı, elə bil ağrı zonaları bir-birinə calanmışdı. Bibisi oğluna tərəf çevrilib nəsə soruşmaq istədi. Lakin onun mağarın o biri üzündə dayanmış bir qızı yanıqlı-yanıqlı seyr etdiyini görüb susdu. Bibioğlunun bihuş olmuş gözlərinə qan yığılmış, ağzının qıraqları köpük bağlamış, alt dodağı şişərək aşağı sallanmışdı. Yəqin ki indi toyxanada güllə atsaydılar, onun da səsini eşitməzdi. Rayon usağı onun baxışlarını tuşladığı qıza tərəf çevrildi. İyirmi dörd-iyirmi beş yaşlarında çox zırpı bir qız idi, qəddi-qamətindən üzgüçüyə oxşayrdı. Bənövşəyi rəngli ipək don geyinmişdi, arada əlini başına aparıb broşka keçirdiyi qəhvəyi saçlarını düzəldirdi. Qolunda köhnə dəbli saat vardı, siferblatı o qədər enli idi ki hətta onun kimi əndamlı bir qızın biləyi üçün də çox, çox yekə görünürdü. “Zalım balası elə bil kollecin bədən tərbiyəsi fakultəsini bu il bitirib” rayon usağı fikirləşdi və geriyə döndü.
 Mağarın qırağında arıq, çəlimsiz bir kişi qonşu kənddən olan yekəpər bir cavanın yaxasından yapışıb nəsə danışırdı. Sərxoş olduğundan və müvazinətini qorumağa çalışdığından kənardan elə görünürdü ki, sanki o cavanın yaxasından sallaşıb. Ağzından sıçrayan tüpürcək damcıları oğlanın üz-gözünə tökülsə də, qımıldanmadan dayanıb qulaq asırdı. Kişi dağ camaatına xas uca səslə danışdığından, dediklərini rayon usağı da eşidirdi:
- Əmə nolsun. Derlər sən saydığını say, gör fələk nə sayer. Mərdimazarı gəzməhnən döylü, it balası, harda olsan gəlif səni tapajax. Elə belə də oldu. Alla rəhmət eləsin, yaxşı kişiydi. Sözümü qarıflığa salıf niyə uzağa gederəm. Bir kərəm Barmaxsızı addeyıf sizin kənddə öküzlərin boyunduruğunu açdıx. Eləmə tənbəllih, damazdığı kəsilmiş öküzdər də gedif dolollar taxıla. Bir də gördüh kəndinizin oğraşdarı ellihnən üstümüzə yeriyif gəler. İşpaner teliynən mitilimizə çırpajaxdılar. Bax onda bavan Xamutçu İsfəndiyar camaatını Koroğlu dəstiri buddaya-buddaya döyüf, öz arxlarına doldurdu. Yaxşını qoyuf yamanını danışanın atava atasına nəhlət. Yerin-göyün sahıvı rəhmətlərini görüm əysiy eləməsin, yurddarında qalanlara da neynim, nejeyləyim dedirtməsin. Ba demişəm, sənə bu kənddə toxunanın dədəvə dədəsinə od vuraram haaaa…
 Bibioğlusu qoluna girərək evə getmək istədiyini bildirdiyindən qalanını eşidə bilmədi…
 Rayon usağı gecə yarısı bərk ürək döyüntülərindən ayıldı, qalxıb bibisinin onunçün saldığı güllü-güllü yorğan-dösəyin içində oturdu. Dizlərini bir-birinə sıxıb qucaqladı, elə bil yumağa dönmək, daha da balacalaşmaq istəyirdi. Sonra əllərini qaldırıb ovuclarının altını gözlərinin üstünə sıxdı. Bir anlığa bu cür, demək olar ki ana bətnində olan uşaq pozasında gərgin bir vəziyyətdə donub qaldı. Birdən cəld durub çölə qaçdı. Cəftəni necə çəkdiyini heç özü də hiss etmədi, səs saldığının fərqinə varıb bir anlığa dayandı. Yatanları ayıltmasın deyə ehmalca addımlarla pilləkəni endi, həyətdəki gül kolunun dibinə çatıb dizlərini yerə atdı. Barmağını ağzına saldı və… qusmağa başladı.
 Bir muddət alnını torpağa dirədiyi qollarının üstünə qoyub beləcə qaldı. Öndəki ot tayasının yarıqaranlıq küncündən ciddi görkəmli, qaraqabaq, yekəpər bir oba iti çıxıb ona yaxınlaşdı, layiqincə iylədi, sonra öz görkəmi ilə yazıq qonağı necə vahimələndirdiyinin fərqinə varmadan bir az aralıda yerə döşəndi.
 Ətrafı vəhşi yonca və qurumuş lehmə iyi bürümüşdü. Uzaqlarda işləyən samandöyən traktorun zəif uğultusu eşidilirdi.
 Qalxıb dizlərini çırpdı, bədəni əssə də, özünə gəlmişdi. Evin böyründəki taxta tualetə tərəf addımladı. Talvarın altından keçərkən su içmək üçün vedrəyə əyildi, suda yuxulu sifətinin əksini görəndə üz-gözünü ovusdurdu. Bibioğlunun toyxanada dediyi “zəlzələ olacaq” sözləri yadına düşdü, gülümsündü. Tövlənin tininə çatanda hənirti eşidib duruxdu. İlk eşitdiyi söz “Esmirə” oldu. Tövləyə yaxınlaşdı. İçəridən kiminsə “Ah Esmirə, uh Esmirə!” ehtiraslı pıçıltıları gəlirdi. Əvvəl aralanıb getmək istədi. Sonra nə fikirləşdisə dayandı, yenidən qulaq verdi. Ahu-zar davam edirdi: ”Səni yanasan Esmirə! Səni öləsən, qız!..” Maraq onu boğdu. Cəld dönüb tövlənin qapısından içəri girdi, əlindəki alışqanın işığını yandırdı. 
 Bibioğlu diksinərək qucağındakı ördəyi buraxdı. Ördək çırpınaraq uçdu, divarın küncünə qısılaraq dayandı. Qohum əlini qaldırıb işığın qabağını kəsmək üçün gözlərinin üstünə qoydu:
-Vay ana, gözlərim çıxdı, işığı rədd elə…
-Sağ ol bibioğlu! Sənin belə işlərin də varmış?!
 Bibioğlu başını yellədi, şalvarının zamokunu yuxarı dartıb, üst-başını çırpa-çırpa dedi: 
-Noolub əə, başı xeyirli, niyə yatmeersən?!
-Bu nə hərəkətdi, Niyaməddin? Heç gözləməzdim. Adam da heç ördəyə… qıyar?
 Bibioğlu bir müddət cinayət başında yaxalanmış canilər tək caşıb qaldı. Dərindən nəfəs alaraq gah küncə sıxılmış ördəyə, gah da dayısı oğluna baxdı. Sonra özünü ələ alıb sakit səslə dedi:
-Nə hərreyirəm ə, bizim döylü ha! Kəfayətgilin ördəyidi dana.
 Və əyilərək divardan asılmış dəryazın yanından ötüb keçdi. Çıxarkən qapını elə möhkəm çırpdı ki, dayıoğlu istər-istəməz diksinməli oldu.
 Dayıoğlu bir müddət işığı tuşlayıb ördəyə tamaşa etdi, sonra həyətə çıxdı. Açılmaqda olan səhərin təravətli havasını acgözlüklə ciyərlərinə çəkdi, gərnəşərək sinəsini döyəclədi. Alatoranlığın gün şüalarında cilvələnən sərinliyi onun şüurunu təmizləyirdi. Kəndə gəlməyinin məqsədini unudub, müqavimət göstərmədən kölgələr və fikirlərdən hörülmüş sükunət aləminə qərq oldu. Ürəyində ilk maşın düşən kimi rayon mərkəzinə getməyi və yaxın qohumlarından təkcə bibisinin yasadığı bu kəndə bir də qayıtmamağı qərarlaşdırdı. Onunçün yay yanğısı həmişəlik bu sarımtıl sübh çağıyla rənglənib- qaranlıq və bulanıq dərinlikdən şəffaflığa, aydınlığa, zövqün və dəhşətin tarıma çəkilmiş harmoniyasına doğru. Can-ciyər son mesajında yazır ki nəşə çəkmək fikrindən də birdəfəlik vaz keçib:
 “Səndə yalnız beş hiss orqanı vardır. Ehtimal etmək olar ki, birinci və ikinci əqidələrə əsasən əsrlər keçəcək, küllün vücudu başqa bir şəkildə cilvələnəcəkdir. Yəni, dəniz başqa cür dalğalanacaq və kainatda başqa cür dəyişiklik, böyük bir inqilab əmələ gələcəkdir, sənin əvəzində sonuncu başqa bir vücud meydana çıxacaqdır ki beş hiss orqanı əvəzinə on hiss orqanına malik olmuş olsun. Bəlkə də həmin on hiss orqanına malik olan vücud, səndən daha ziyadə bir şey görəcəkdir və biləcəkdir. Bəlkə o vücud yaradıcının nə olduğunu və ruhun nə kimi bir şey olduğunu anlayacaqdır? Lakin sən hal-hazırda bu beş hiss orqanında ruhun mahiyyətini və həqiqətini anlamağa qadir deyilsən. Necə ki şüanın nə olduğunu bilmirsən”. 

Комментариев нет:

Отправить комментарий